Yazıçının insanlıq yükü…

Yanar qəlbin qələmi...
Nəriman Fərman İqtisad universitetini bitirib, uzun illər ixtisasına uyğun sahələrdə, məsul işlərdə çalışıb. Bunu ona görə bəri başdan deyirəm ki, adam iqtisadçı olmasına baxmayaraq maraqla oxunan bir yazıçı, qələmi ürək kimi döyünən bir müəllifdir. Və ən maraqlısı Nəriman biliyin ,savadın, elmi və ədəbi mütaliənin gücünə yazıçı olanlardan deyil, o ilk növbədə şəxsiyyət bütövlüyünün, içdən gələn bir saflığı çölündə də necə var elə daşımasının, indiki baş-ayaq dünyada çox nadir tapılan xarakterinin yazıçısıdır. Onu yazıçı edən qəlbinin saflığı, ürəyinin həssaslığı, hədsiz sadəliyi və hələ bir az da sadəlövhlüyüdür.Yazdıqlarıma necə baxarlar, nə qiymət verərlər, bəyənərlər, bəyənməzlər düşüncəsiylə yazmır. Məqsədi yazıçılıq deyil axı, bu müstəvidə heç bir iddiasi olmadan yazır. Ona qələm verən sözə çevrilmək eşqilə çırpınan duyğularının, cəmiyyətdə öz ruhunun bənzərini tapmaq istəyən düşüncələrinin içəridə qopardığı haray - həşir, mənəvi- ruhi simasının daxili təlatümləridir.Yazdıqları da gördüklərinin, şahidi olduqlarının təsviridir.
Ədəbi qəhrəmanları, sözlərin ardıcıllığında boy göstərən işıqlı, lakin bəzək-düzəksiz obrazları da sadə, el içindən çıxmış insanlar - dostları, qohumları, kəndçiləri, bir sözlə, əsasən həyat yollarında birgə addımlayaraq xasiyyətinə, rənginə, ruhuna bələd olduqlarıdır. Bəlkə ona görə onun sətirlərinin arasından boylanan obrazlar bu qədər sevimli və inandırıcı görünür.
Nəriman Şirin oğlu Həsənov Ağcabədi rayonunda çoxuşaqlı ailədə doğulub və valideynləri bu uşaqları hədsiz zəhmətləri sayəsində halal tikə ilə böyüdərək cəmiyyətə fayda vermək kimi müqəddəs bir missiya ilə yuvalarından uçurub və inanıblar ki onların mənəvi - ruhi qanadları çox möhkəmdir, büdrəməyəcək, yıxılmayacaq, hələ başqalarına da yol göstərəcək, örnək olacaqlar. Ailənin böyük övladlarından biri - yazdıqları ilə yaxşıları, yaxşılıqları nişan verən, var olmağın çox sağlam yollarını göstərməyi bacaran Nəriman kimi...
Nərimanın əslində pis olmağa, pisliklərə qapı açmağa heç haqqı da yoxdur, ən azından Azərbaycanın çox böyük maarifpərvər ziyalısı, lakin haqqı kifayət qədər bilinməyən, xalq qarşısındakı böyük və çoxşaxəli xidmətlərinə baxmayaraq bu gün də daşlanan Nəriman Nərimanovun adını daşıması çiyinlərinə bir ömürlük məsuliyyət yükü, ən çətin sınaqlarda belə özünün insan olmaq qismətinə güvənmək qədəri qoyub.Təkcə onun yeni çapdan çıxmış "Özümlə söhbət " kitabında yer almış "Arzum" hekayəsini oxumaq kifayətdir ki, onun ruhunda kök salmış Nərimanlıq, Nərimanovçuluq yolunu görəsən.
"Arzum" hekayəsini oxuyanda heç də ağlına gəlmir ki, oxuduqların bir gəncin, bir yeniyetmənin arzusu ola bilər, özünü gerçək hadisənin içərisində hiss edir, yalnız son sətirlərdə müəllifin gördüyü yuxusunu sənə nəql etdiyini anlayırsan. Kitab oxumaq istəməyən millətin övladlarını mütaliəyə cəlb etməyin yeganə yolunu pulla mükafatlandırmada görən yazıçı bir qədər pul toplayıb evində balaca bir kitabxana yaradır və zamanla imkan düşdükcə kitabxananı bir qədər də zənginləşdirir. Sonra kitab oxutdurmağa ondan ərklə pul istəyən balacalardan başlayır.
“...Belə bir şərt qoydum ki, kim bir hekayə oxusa, ona 10 manat verəcəyəm. Ancaq bu şərtlə ki, oxuduğu hekayəni mənə danışacaq. Bunun effekti görünməyə başladı. Oxucularımın sayı artdığından onlara 25 manata povest təklif etdim. Bu da öz bəhrəsini verdi. Artıq qohum-qardaşlar, hətta ətrafdakılar da kitab oxumaq üçün mənə müraciət edirdilər. Bəlkə də çoxu maddi ehtiyaclarını ödəmək üçün gəlirdi. Ancaq fərq etməz, təki oxuyub mənəviyyatlarını zənginləşdirsinlər. Özümə bir neçə köməkçi də götürmüşdüm. Onların bəzisi əvvəlcə 10 manata hekayə oxuyanlar idi. Həmin köməkçilər indi povest oxuyanları yoxlayırdılar. Sonra roman oxumaq arzusunda olanlar oldu. Romanlar da 20 manata yaxşı oxunurdu.
Sevincimin həddi-hüdudu yox idi. Düzdü, bu fikrə ağız büzənlər də olmuşdu. Bir nəfər mənə: - pulu niyə belə israf edirsən?- sualını verəndə ona belə demişdim:- bəs Hacı Zeynalabdın Tağıyev? Üzeyir bəy Hacıbəyov və başqa rəhmətliklər bu cür savab işlər görməyiblərmi? Bununla xalqımız qismən də olsa maariflənib. Neçə-neçə dünya şöhrətli ziyalımız, alimimiz yetişib. Yaxşısı budur ki, mənə rişxənd etmək əvəzinə sən də bu işə qoşul. Guya sənin ətrafında maddi və mənəvi cəhətdən kasıb yaxınların yoxdur? Sən də öz yaxınlarına qarşı bu cür addım atıb kitabları təbliğ edə bilərsən. Bu sözümdən sonra həmin adamın da elə bil alnına işıq gəldi, deyəsən düşüncəsi dəyişdi”...
Aran çöllərində kasıbkarlıqla dolanan halal bir ocağın övladı, hələ yeniyetməlik çağında millətin maddi və mənəvi rifahının çarəsini oxumaqda görən yazıçı Nəriman Fərman "Arzum" hekayəsindəki xəyallarını gerçəkləşdirmək çabaları ilə yaşayanda yaxşı bilirdi ki, Azərbaycanda ilk qiraətxana yaradan, proqram və dərsliklər tərtib edən, Azərbaycan dilinin qrammatikası haqqında ilk kitabını yazan, tərcümələr edən onun böyük adaşı həkim, yazıçı, ictimai xadim Nəriman Nərimanov idi... və bu sıradan olan Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə, M. Ə. Sabir kimi böyük xalq ziyalılarına bəslədiyi sevginin işığında yazıb-yaratması bütün qələm təcrübələrində açıq-aşkar duyulur və bu qələmin yanar qəlbdən qidalanmasına, yazıçının daşıdığı insanlıq yükünə ürəkdən bir inam hissi yaradır...
Nəriman Şirin oğlunu (Nəriman Fərman)- bu ədəbi imzanı qəzetimizdə bir publisistik yazısı dərc olunandan sonra tanıdım. Müəllif müharibədən sonra Vətən torpaqlarını ziyarətə getmiş, Qarabağın dağıdılmış, qəsb edilmiş, qəlbi param-parça olmuş faciə dolu mənzərəsini əks etdirən titrək, ən daşürəkli adamı belə silkələyən bir yazı yazmışdı, əslində yazmaq demək doğru olmaz, sanki ürəyinin qabığını soyan yaşantılarının şəklini çəkmişdi bizim "Qarabağa aparan yol" qəzetinin bir səhifəsinə. Məhz onda, Vətənin dağlanmış sinəsinin şəklini yazıçı qələmilə çəkdiyi həmin o yazıda Nərimanın böyük qəlbini, vətəndaşlıq ağrılarını, millətə, xalqa sevgisini və bir də qələminin mürəkkəb yerinə can yanğısı ilə çalışdığını gördüm..
Söhbətlərindən də hiss etdiyim qədəri yazmağa başlayanda çaşqınlıq və şübhələr içində, müxtəlif ideyalar, təəssüratlar, müşahidələr bataqlığında çabalayan, lakin artıq özünə sənət cığırı açmış yazıçının kitabından əvvəl daha bir hekayəsini "Yasəmən ağacı"nı da mətbuat səhifələrindən oxudum. Qısa və yığcam məzmuna söykənən hekayənin nüvəsində yenə də insan faktoru,insan taleyi dayanmışdı. İnancların, mifik düşüncənin gücünə olmuş olsa belə müəllif insanın ruhi ölümünün qarşısına sözün bədii siqlətilə sipər çəkmiş, yasəmən ağacının həyətdən çıxarılması ilə sağalacağına, ruhunun diriləcəyinə inandıra bilmiş və əsərini sevinc dolu sətirlərlə bitirərək bir ananı övlad yarası görməkdən xilas etmişdi...
Əlbəttə daha sonra Nərimanın yaradıcılığı ilə ətraflı tanış olmaq istəyilə ilk qələm təcrübələri toplanmış "Mələklərin fəryadı" və bugünlərdə cəmiyyətin ixtiyarına verilmiş "Özümlə söhbət" kitablarını da həvəslə oxudum.Ayrıca qeyd edim ki, müəllifin publisistik yazıları da nəsr nümunələri qədər bədii və hekayə janrına çox yaxındır, istənilən halda yazıçılıq istedadı öz sözünü deyir.
Ən başlıcası Nəriman səmimi insandır və bu səmimiyyəti zədələmədən bədiyyata çevirə bilir, əslində öz içini çölə çevirməklə əsər yaradır, kitab yazır. Ən maraqlısı hələ bu da deyil, ona elə gəlir ki yaza bilmir və o, yazıçı deyil. Özünün yazıçı taleyinə etinasızlıq sezilsə də fəqət içindəki insana, insanlıq qüdrətinə hədsiz inamı hər mənada sənət və şəxsiyyət müstəvisində sərgiləyə bilmək hər şeyi həll edir, bunun bir adı da elə istedad deyilmi?!...
N.Fərmanın hekayələri ilə publisistikasını birləşdirən bir körpü var, bu körpüdə dayanıb onun yaradıcı aləmini seyr edəndə bu mənzərənin adı və mahiyyəti də bütün aydınlığı ilə sənə bəlli olur; söhbət insan mənzərəsi, insanlıq mənzərəsindən gedir, mənəviyyatın hakim olduğu dəyərlərdən, insana əbədiyyət qazandıran ölməz duyğulardan və bir də bu duyğuları zədələyən, şikəst edən naqisliklərdən...
Dəyərli şair Adil Cəmilin yazıçı haqqında dedikləri də mənim bu yazımın ruhunu tamamlayan mənzərənin bir parçasıtək doğmalıqla oxuna bilər:
"Hekayələrini dövri mətbuatda ara-sıra oxuduğum Nəriman Fərman öz yaradıcılığını əsasən humanizm ritminə kökləyib. Yazıçının "Qonaq otağı", "Vicdanla üz-üzə", "İrsi kövrəklik", "İtmiş çamadan", "Qəmər arvad", "Qulaqlı papaq", "Ürək adamı", "Tənhalığın utanc yeri" kimi hekayələrində bəzən həsrətində olduğumuz, bizə yuxu kimi gələn insanlığın şahidi oluruq. Və öz-özünə düşünürsən ki, mümkün olanları niyə mümkün etməyəsən? Nədir qarşımızı kəsən? Loğvalıqmı, xudpəsəndlikmi, laqeydlikmi, yoxsa içimizdəki eqo?! "
Nərimanı da hələ yazmaqdan öncə düşündürən bu suallara cavab tapmaq istəyidir və əslində bu istək məqsədə çevriləndə qələm dönüb olur yazıçı qələmi, Nəriman istəsə də bu taledən uzaqlaşa bilməz. Öz həyat hekayəsini danışdıqca, bu hekayənin tükənməz olduğunu da yəqin artıq çoxdan anlayıb.
Və bir də Nərimanın hekayələrinin hər birinin məntiqi sonluğunda yazıçının söyləmədiyi, amma oxucunun düşüncəsində formalaşdıra biləcəyi bir aforizm, bir hikmət dayanır ki, bu da əsərin ideyasını yığcam bir fikirlə ümumiləşdirməyə imkan verir.
Belə hekayələrindən biri də "Tənhalığın utanc yeri" dir. Hekayənin adı uğurlu seçilməsə də özü həyatidir, həyat haqqında danışmaq istəyən yazıçının bəlkə də ən təsirli əsəri hesab oluna bilər və bu hekayə həm də bir hekayətdir. Əsərin qəhrəmanı uzun ömür yaşamış Gülsüm nənəni varlığından yox edən tay-tuşlarının ölməsi, özünün isə hələ də yaşamasıdır. Dünyadan köçmüş tay-tuşlarından sonra yaşamaq ixtiyar yaşlı qadına ar gəlir və o bu səbəbdən utanmaq hissini gizlətmir, dost, doğma bildiyi adamlara gileylənərək dərdini söyləyir...
Sonda ömür dediyimiz acılı-şirinli həyat hekayətinin hikmətini oxucu özü tapmış olur, yəni insan yaddaşını, xatirələrini paylaşmaq istədiyi dostlarını, tay- tuşlarını itirəndə özünü də ölmüş bilir və ya ölmək istəyir, daha yaşamaqdan zövq ala bilmir ...
Nərimanın yaradıcılığında diqqətimdən qaçmayan bir məqamı da yada salmaq istəyirəm, təbii ki bütün başqa yazıçılar kimi onun da mənfi çalarlarla xatırladığı tiplər var. Maraqlıdır, müəllif xasiyyətləri, hərəkət və davranışları ilə razılaşmadığı obrazların da ruhunu dərindən incitməyi, onları sərt tikanlı ifadələrlə yaralamağı düşünmür, onlar haqqında danışanda tənqid həddini aşmadan, yumorun həssas və zərif dilindən istifadə edərək insan mənəviyyatının fərqli cizgilərini önə çəkməyə çalışır və bu sayaq sənət, ürək ,qəlb incəlikləri qələminə olan sevgini bir az da artırmış olur.
Bir yazıçı, həm də bir vətəndaş kimi kimi Nərimanı düşündürən problemlərdən ayrı- ayrılıqda bəhs etməsəm də, deyim ki, əriməkdə olan insani münasibətlər, toy və yaslarımızda, bütövlükdə milli adət-ənənələrimizdəki tarixi dəyərlərin günü- gündən sozalması, ekran- efir mədəniyyətimizin cılızlaşması, kitaba, elmə, biliyə, mütaliəyə sevginin azalması onu ciddi narahat edən məsələlərdəndir və o istər publisistik yazılarında, istərsə də hekayələrində mənəvi ekoloji balansın pozulmasından təəssüf hissilə danışır, təbii ki, yazıçı qələmində səbəblər və çıxış yolları da araşdırılır...
Bütün söylədiklərimə söykənib demək istəyirəm, Nəriman təkcə yazmır, həm də təzəcə dünya işığı görmüş kitabının adında deyildiyi kimi, özü ilə, daxili aləmilə söhbətləşir, dərdləşir.
Yeri gəlmişkən " Özümlə söhbət" kitabında oxucu kütləsinə eyniadlı bir yazı da təqdim olunur. Hekayə təsiri bağışlayan məqalə müəllifin mənəvi xüsusiyyətlərini, münasibətlərdəki mövqeyini aydınlatmaqla paralel, dünyanın, insanın, ictimai həyatı formalaşdıran müxtəlif cəmiyyətlərin qeyri- sağlam məcraya yönəlmiş taleyindən əndişələndiyini də ifadə edir.
Pozulmuş nizamı bərpa etməyə gücü çatmayan yazıçı öz -özü ilə danışmaqla iç səsini də səfərbər edib bədii sözün təsir imkanlarını qüvvətləndirməyə çalışır.
Bəs xəyalən danışdıqları insanlara nə deyir:
..."ərkim çatanlara təklif-tövsiyələrim də olur, tənbeh - iradlarım da. Ancaq təhqirə yol vermirəm, bu, mənim təbiətimə ziddir. Kiməsə lağ edənlərin, zəifin üstünə gedənlərin, əqli kəmlərə rişxənd edənlərin qarşısını kəsməyə çalışıram - sözlə, izahatla, fiziki və mənəvi təsirlə. Gücüm çatan da olur, çatmayan da. Aciz qaldığım vaxtlar da olur. Bax, onda öz-özümə danışıram"...
Yazıçı hiss etdiklərini, duyduqlarını, təəssüf və təbəssüm dolu anlarını kağıza köçürərkən həyatının yaddaşına da sənət donu biçərək bizimlə danışmış, bizimlə paylaşmış olur.
Sənətin əzablı yollarında varlığın alt və üst qatını birləşdirməyə çalışdıqca qələm özü də düşünməyə başlayır və sən tək olmursan. Odur ki, "sən yazmağa başla, qələm özü düşünəcək" deyimi yazıçının ən güvənli istinad yeri olsun gərək.
Nəriman onsuz da zəhmət və istedadı birləşdirmək gücündə olan qələmdaşlarımızdan biridir və heç şübhə etmirəm ki, o tezliklə cəmiyyətin maraq dairəsində olan yeni əsərlərilə ədəbi gündəmə gələcək .
Əziz dostumuza sağlam ömür, yaradıcılığın iztirab və həzz dolu yollarında uğurlar diləyirəm.
Fariz Çobanoğlu, prezident təqaüdçüsü

Facebook-da paylaş