Əsas Səhifə > Manşet > Şair-publisist, küllü-Qarabağın sevimlisi Əli Mahmudun söz xalçasından butalar...
Şair-publisist, küllü-Qarabağın sevimlisi Əli Mahmudun söz xalçasından butalar...22-05-2020, 23:41 |
Əvvəlini ötən sayımızda http://qarabagaaparanyol.az/redaktor-secimi/246-sair-publisist-kullu-qarabagin-sevimlisi-eli-mahmudun-soz-xalcasindan-butalar.html Vaqif Bəhmənlinin təqdimatında - Hə, qayıdaq ömrün sübh çağına, dağlara, - mən başımı tərpədib bu misraları səsləndirdiyinə görə, dostuma razılıq bildirir və onu söhbətin davamına istiqamətləndirirəm. - Qardaş, dağların öz qanunları var, uşaqlıq həyatım təbiətin özü kimi olub; açıq, qoruq-qaytaqsız, qapalılıqdan uzaq, qayalar kölgəsində, ağaclar sərinliyində, bulaqlar başında. Hayıf ki, sonrası bəd gəldi. Dünyada ən pis qismət pis qonşudur ki, Allah-Təala da onu bizim xalqımızın qənşərinə çıxardıb... - Meşəlidə doğulmusan də? - Yox, Meşəli nədi, Laçının Piçənis kəndində. Piçənis sözünü biçmək, biçənək mənası ilə bağlayırlar, tarixi-etnoqrafik yozumu da var. Deyilənə görə, biçənislilər türk xalqlarının bir etnos olaraq formalaşmasında iştirak edən, qədim dövrlərdə Volqaboyunda dövran sürmüş peçeniq tayfalarının bir qoludur. Piçənisdən doqquz kənd törəyib. Bunlar - Piçəns, Çöyürman, Ardışlı, Suvatlı, - indi bu adda inzibati ərazi yoxdur, suvatlılar isə var, yaşayırlar, - Nurəddin, Fərraş və Meşəli kəndləridi. Bu obaların hər biri Laçına aiddi. Bunların içində mənə görə ən əzizi və təəssüf ki, ən kədərlisi Meşəli kəndidi. Ora qədim alban abidələri ilə zəngidir; kilsələr, qəbirlər, kurqanlar... Orada Teymurləng adlı qaya var. Şuşadakı Cıdır düzü, Daşaltı dərəsi kimi sıldırım bir yerdi. Qayanın sinəsində, aralıdan baxanda, bir ev yeri görünürdü. Amma, gedib ora yetişmək, ələlxüsus, ev dediyim o mağaranın içinə girmək mümkünsüz idi. Kilsələrin erməniləşdirilməsini xatırlayıram. Əskəranın Bəddərəsindən keçəndən sonra üzü Qırxqıza tərəf bütün meşələr bizim obanın ixtiyarında idi. Ermənilər istəyirdilər Meşəlinin yerində su anbarı tiksinlər, yəni bu yolla kənd köçürülsün, izi-tozu da qalmasın. Camaat dirəniş göstərirdi. Sözün düzü, o zamanlar hətta əhalisinin əksəri ermənilərdən ibarət olan kəndlərdə belə bizim hökmümüz vardı. Onda xalqın müqavimət gücü indikindən qat-qat yuxarıydı. Əlbəttə, azərbaycanlılar öz mənəvi keyfiyyətlərinə uyğun olaraq səbəbsiz yerə heç vaxt erməni üzərinə getməyiblər. Əksinə, dostluq, kirvəlik, get-gəllər, çətin vaxtda insan adına nə varsa, heç fərq qoymadan onlara qarşı mərhəmətli olmaq, yardım göstərmək ənənəsi yaşayırdı. Hərdən düşünürəm ki, əgər ermənilər bəşər övladıdırlarsa, insanlıqda haqları varsa, elədiyimiz yaxşılıqları unutmamalıydılar. Təəssüf ki, bizim davranış bir tərəfdən millətimizin gücüdür, digər tərəfdən məğlubiyyətimizin səbəbi də, indi belə çıxır ki, elə bu olub; insaniyyət, ifrat mərhəmət, dinindən, dilindən asılı olmayaraq, hər bir insana inanıb, etibar eləmək, azğının üstündən vaxtında vurmamaq... Xatırlayıram, kəndimizin adamları kəndə işıq çəkdirmək üçün necə çətin mücadiləyə məruz qalırdılar. Hərdən eşidirəm, nədir, ey Meşəli? Taxta zavodunun ətrafında salınan xırda yaşayış məskəni. Əslində belə şaiyələr yaymaqla obamızın tarixi əhəmiyyətini azaltmaq istəyirdilər. Bayaq dedim, piçənislilərin gəlib yerşəşdiyi bu yurd - Meşəli, əslində lap ötədən Alban yadıgarıdır, indi bilmirəm, ermənilər orada nə hoqqa çıxardıblar, hansı izləri siliblər. Qardaş, heç olmasa indi beləcə söhbətləşirik, o yerlərin tarixdən qalan əvəzsiz yadigarlarını xatırlayırıq, yəqin hansı bir yaddaşın küncünəsə hopar, ilişib qalar... - Söhbətdən uzaqlaşmırıq ki, Əli müəllim? Axı mən səndən nə vaxt və harada doğulduğunu, bu barədə danışılanlardan yadında nə qaldığını soruşdum... - Elə mən də bundan danışıram. Mənim yurddan qıraqda həyatım ola bilməz, Allah son nəfəsimi də yurduma bağışlasın. O Meşəli, o Şuşa, o Laçın, o Qırxqız, o Kirs, o Xocalı, o Kəlbəcər, o Qubadlı... yoxdursa, o insan ki, doğulduğu torpağın üstündə yerimək ixtiyarından məhrum olunub, kimdi Əli Mahmud? Onun təvəllüdü kimə gərəkdi? Nə var ki, bizə, dit eləyib yumurtadan çıxan kimi dədəmiz, nənəmiz dünynın ən müqəddəs adını yapışdırır alnımıza. Amma mən bizim Meşəli kəndinin adını öz ölkəmizdə qeydiyyata aldırmaq, ünvanını qəbul etdirmək üçün rəhmətlik atam, el ağsaqqalı Əbülfət başda olmaqla, meşəlilərin 70-ci illərdə vilayətin erməni rəhbərləri ilə döyüşdüklərini xatıralayıram. Məhz 70-80-ci illərdən sonra anamın şəhid olduğu o tarixi kəndi xalqıma nişan vermək üçün dəridən-qabıqdan çıxırdım. Mənə görə təbiətin heç bir başqa məkanı ilə müqayisə olunmayan Meşəli həqiqətən də möcüzəydi, Allahın əliylə toxunmuş zümrüd bir xalça idi. Oraya kimləri aparmadım, Allah ruhlarını şad eləsin; Bəxtiyar Vahabzadə, Xudu Mahmudov, Süleyman Əlyarlı, Aydın Mahmudov, Zeynal Məmmədov... daha neçələrini dəvət etmişdim. Çox zaman Şuşaya gələn qonaqlarımı, əgər vaxt, redaksiya işi imkan verirdisə, aparırdım Meşəliyə, eyni zamanda, onların Laçın, Qubadlı, Kəlbəcər, Şuşa, Əskəran, Ağdərə, Xocavənd və Xocalıda mənə bəlli olan tarixi tikililəri, təbiət abidələrini görüb ziyarət eləmələrinə yardımçı olurdum. - Əgər yanılmıramsa, Meşəli Qırxqız dağlarının ətəyində, Qar-qar çayının bir qolunun sahilindəydi... - Doğrudur, Qırxqızla bağlı əfsanəni yəqin sən eşitmisən. Guya bir şahın hərəmxanasında yaşayan qırx qız zülm əlindən qurtulmaq üçün oradan qaçır. Duyuq düşən şah qızların dalınca qoşun salır. Qızlar görürlər ki, başqa əlac yoxdur, xilas ola bilməyəcəklər, o zaman əllərini göyə açıb yalvarırlar ki, Allah, bizi daşa döndər. Qızlar Qırxqız dağları şəklində daşa dönürlər. Amma, əslində Xudu Məmmədovun, Anar müəllimin, Süleyman Əlyarovun təqdimatına görə, bu söz qırx qız deyil, qırx oğuzdu. Həqiqətən də kənddən aralıda, meşələrin dərinliyində iri sinə daşları ilə fərqlənən 40 qəbir var. Bunlar oğuz sərkərdələrinin qəbirləridir. Deyilənə görə, öz zamanında Makedoniyalı İskəndər məhz bu yerlərdən keçib getməliymiş, bunun üçün elçi göndərib yerli əhalidən keçid üçün icazə istəyir. Elin başçısı elçidən soruşur ki, qoşun burdan ötəndə bizim qəbirlərimizə toxunmayacaqsa, qoy keçib getsin. Bu icazəni verən başçı sədd, sərhəd tanımayan türk oğlu türk, bizim babalarımız olub. - Meşəlidə nə qədər əhali yaşayırdı? - Mən Piçənisdən Meşəliyə 5-6 yaşlarımda gəlmişəm, əlbəttə, o vaxtlar kənddə nə qədər adam yaşadığını söyləsəm, yalan olar, balaca uşaq idim, ağlım nə kəsirdi ki?! Meşəli qətliamı törədiləndə, bu dəqiqdi, orada 60 ev, 400 sakin vardı. - Kənddə erməni yaşayırdı? - Yox, Meşəlidə heç zaman erməni yaşamayıb. Buradakı kilsələrin heç birinin heç vaxt ermənilərlə bağlılığı olmayıb, dediyim kimi, bunlar alban dövlətinə məxsus abidələrdir. Meşəli - Ağdərə, Laçın və Kəlbəcərin sanki qovuşaq nöqtəsi idi, amma inzibati ərazi kimi Əskərana tabe edilmişdi. Ən yaxın erməni kəndləri Bəddərə (indi Badara eləyiblər), Qayabaşı, Daşbulaq (yarısı türk, yarısı erməni), Sarıgoyüş (sarıkeşiş) idi. Meşəlidən keçən Firəng yolu Fərraş kəndinə gedirdi. Orada nadir qırmızı palıd bitirdi. Həmən o qırmızı palıdı kəsib uyğun qaydada doğrayır, o Firəng yolu ilə Yevlağa daşıyır, oradan kukuşka adlandırılan nəqliyyat vasitəsilə Fransaya aparırmışlar. Fransızlar qırmızı palıddan şərab, konyak boçkaları düzəldirmişlər. Meşəli erməni rəhbərlərinə, elə erməni əhaliyə də göz dağı idi .Bayaq söylədim, yüz min hektarlıq örüş, meşəlik bizim kəndin, bizim camaatın dədə-baba mülküydü. İnsanların yaylaq, qışlaq həyatı bu yerlərlə bağlı idi. Kəndimizin külli-Qarabağda sayılıb-seçilən kişiləri bir daha yaddaşımda sıralananda yəqin edirəm ki, biz yalnız torpaq itirməmişik, el-obamızın mədəniyyətini, incəsənətini, tarixini, tarixi birliyini, yurd sevgisini itirmişik... Yadıma Şuşanın Şırlan obasıyla bağlı bir əhvalat düşür. Bir dəfə Soltan bəy qardaşı, Qarabağın general-qubernatoru Xosrov bəyə pay göndərmək üçün piçənisli Aşıq Abbası çağırıb ona bir məktub verir, 10 erkəyi də pay kimi qatır aşığın qabağına. Aşıq gəlib çatır Şırlana, görür Uzunyal deyilən yerdə adamlar ot çalırlar. Yaxınlaşıb salamlaşır, soruşurlar, aşıq, xeyirdimi yola çıxmaqda?! Deyir hə, xeyirdi, Xosrov bəylə görüşə gedirəm, Soltan bəyin amanatı var, onu çatdıracağam qubernatora. Aşıq görür ki, biçinçilərin yeməyə bir şeyi yoxdu, deyir bu erkəklərdən birini kəsin yeyək. Elə də eləyirlər. Erkəyi kəsib aşırırlar. Aşıq Abbas yerdə qalan 9 erkəyi qabağına qatıb gedir çıxır Şuşaya. Xosrov bəyin məqamına gəlib məktubu, qoyunları təhvil verir. Sən demə, məktubda Soltan bəy 10 erkək göndərdiyini də yazıbmış. Abbas iki ayağını bir başmağa dirəyib gətirdiyi bəxşişin 10 erkəkdən ibarət olduğunu israr eləyir. Xosrov bəy 10 xidmətçisini çağırıb göstəriş verir ki, hərə bir erkək tutsun. 9 nəfərin hərəsi bir erkəkdən yapışanda, təbii ki, xidmətçilərdən birinin əli boşda qalır. Xosrov bəy Aşıq Abbasa: - Gördün, aşıq, burada on erkək olsaydı, adamlardan birinin əli boş qalmazdı. Aşıq Abbas vəziyyətdən belə çıxır: - Ay Xosrov bəy, bivec oğlunun boyunu yerə soxum, fərasəti olsaydı, o da birini tutardı. Sonra aşıq erkəyin birini biçinçilərə bağışladığını danışır. Aşıq səhər Şuşadan Piçənisə yola düşəndə Xosrov bəy düz danışdığına görə ona bir at, bir çuxa, bir dəst də bahalı paltar bağışlayır. Halbuki, on erkək bir ata dəyərdi, ya dəyməzdi... - Əli müəllim, mən sualları ömür yolunun xronoloji ardıcıllığına görə sıralamışam. Amma bir halda ki, söz düşüb, istərdim Meşəlinin sonrakı illərindəki təlaşlı günlərindən də danışasınız. - Ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəlinə qədər nəinki Meşəlidə, ümumən Qarabağda baş verənlər haqda, gördüklərim barədə danışmaq mənə həmişə ağır gəlir. Biz, bizdən əvvəlki nəsillər, hansı ki, onlar narahatlıqlarını Azərbaycanın dövlət nümayəndələrinin qarşısında dönə-dönə dilə gətirir, ağır nəticələrin ola biləcəyini irəlicədən xəbər verirdilər: 30 il bundan öncə baş verənlər ölkə başbilənlərini qəflət yuxusundan ayıltmadı. Həmin günlərdə rus qoşunu gəlib dayandı Meşəli ilə Bəddərənin arasında. 1991-ci il dekbarın 23-dən 24-nə keçən gecə Meşəliyə hücum başladı. O zaman DQMV-da bütün məsələlər Polyaniçkonun nəzarəti altında idi. Həmin gecə Meşəlidə 29 kənd sakini qətlə yetirildi. Bir neçə ailə evinin içində tamam yanıb kül oldu. Anam da həmin gecə güllələndi. Hadisədən iki gün qabaq Meşəliyə gəlmişdim. Kənddə bir kimsənin əlində silah olmadığını öyrənmişdim. Şuşaya döndüm, faciə baş verəcəyini səlahiyyətlilərin hamısına çatdırdım. Dedilər ki, sən təxribatla məşğul olursan. Kəndi müdafiə etmək üçün oraya 90 nəfər göndərilib. Bir günün içində iki dəfə kəndə gedib-qayıtdım. Özümlə Meşəlidən şahidlər gətirdim ki, oradakı vəziyyəti danışsınlar, bəlkə bizə bir kömək göstərən tapıla. Yollarda qaldığım həmin axşamların birində Kərkicahan işğal olundu. Prokuror Atakişi müəllim ratsiya vasitəsilə mənə çatdırdı ki, Meşəlidə də vəziyyət ağırdı, imkanın varsa get. Mənim silahım yox idi. Silah istəsəm də, vermədilər. 1991-ci ilin dekabrın 24-də yenidən, əliyalın Meşəliyə yollandım. Meşəlinin qənşərində gördüm ki, kənd yanır, qarşılaşdığım “Qaz-66” markalı maşın meyitlə dolu idi. Düz 29 ildir, içimdən dəhşətli bir ağrı hər gün keçir. Fikirləşirəm ki, insanın fəlakət qarşısında aciz qaldığı andan ağır dərd yoxdur... Eşitdin də nə deyirəm... Qardaş, tarixi xəyanətlər öz yerində, əslində sonuncu fəlakətlərin epizodlar üzrə lənətəgəlmiş "layihəsi" 1987-1988-ci illərdən qoyulmuşdu. Mən gərginliyin partlayış həddinə çatdığını bütün varlığımla duyurdum. Qarabağda, Şuşanın özündə vəziyyət olduqca ziddiyyətli hal almışdı. Mərkəzdən göndərilmiş rus canişinlərinin, Sovet ordusu əsgər və zabitlərinin Qarabağda törətdikləri xəyanətləri ifşa etdiyim üçün Dağlıq Qarabağ Muxtar Vilayətinin prokuroru mənim həbsimə qərar vermişdi. O vaxt vilayətin prokuror müavini Mübariz müəllim və Şuşa Rayon Milis Şöbəsinin rəisi Ələmdar Tağıyev bu barədə məni xəbərdar etmişdilər. Tapşırmışdılar ki, bir neçə gün son dərəcə ehtiyatlı olum. Qarlı-çovğunlu bir günü idi. Rəhmətlik Ələmdar Tağıyev telefonda mənə bildirdi ki, çalış, Namiq Babayevə də çatdır. Bu axşam hər ikiniz şəhərdən çıxmalısınız. Mən, fövqəladə vəziyyət rayonunun sözü keçən bir polkovniki, qardaşın Əliş müəllim və kürəkəniniz Oktay Rəhimov, sizi Şırlan kəndinə yola salmağa çalışacağıq. Ələmdar Milis Şöbəsinin UAZ-ını özü sürdü, onun yanında fövqəladə vəziyyət rayonunun polkovniki, arxadakı iki yerdə isə tanınmış füzulişünas, Şuşanın sayılıb-seçilən ziyalısı Namiq Babayevlə mən əyləşdim. Uzundərə deyilən yeri keçəndən sonra Ələmdar Tağıyevlə polkovnik geri qayıtmaq üçün maşını saxladılar. Ələmdar məni kənara çəkib tapşırdı ki, lazım gələndə, qayıtmağınızın vaxtını Əliş müəllimə deyəcəm. Və həmin gün sizi Laçın Rayon Partiya Komitəsinin qarşısında həmin bu polkovniklə gözləyəcəyik. Həmin axşam Şuşa rayonunun ən ucqar yaşayış məntəqəsi olan Şırlan kəndinə gecə saat 22 radələrində çatdıq. Atamla, məndən böyük qardaşlarımla bir evli kimi olan Böyükkişi əmi və oğlanları bizi son dərəcə mehribanlıqla qarşıladılar. Həmin axşam Böyükkişi əmi elə bir abu-hava yaratdı ki, gecədən xeyli keçənədək quzu buğlaması, hinduşka kababı yedik və dodağımızı tut arağı ilə yaşladıq. Sonda Böyükkişi əmi zarafatından da qalmadı: Əliş müəllim, bilirsiniz ki, mən Şırlan Kənd Soveti İcraiyyə Komitəsinin sədriyəm. Bax, məndən Əlinin və Namiqin yerini soruşan olsa, mütləq düzünü deyəcəm. Deyəcəm ki, onları öz əlimlə Laçın rayonunun Fərraş kəndinə, kənddəki orta məktəbin direktoru, Oktay müəllimin qardaşı, Əliş müəllimin qaynı Əzim müəllimin evinə göndərmişəm. Böyükkişi müəllimin zarafatyana dediklərinə hamımız güldük. Və sonra Namiqlə mən bir, Əliş müəllimlə Oktay müəllim isə digər otaqda rahatlıq tapdılar. Axşamdan yağan qar kəsmiş, Sarıbaba, Qırxqız dağlarının üstünü tutmuş bulud harasa çəkilib getmişdi. Səhər-səhər Şırlanın şan balı, nəhrə yağı ilə, xamralı çörəyinin dadını çıxarıb yola düşdük. Böyükkişi əminin böyük oğlu Allahverən tövlədən yəhərli, yüyənli üç atı qapıya çəkdi. Atların ən dincini Namiq müəllimə verdilər. Yenə də zarafatından qalmayan Böyükkişi əmi dilləndi: - Namiq müəllim, sən şəhər adamısan, atını hamıdan arxada sürərsən. Beləcə, hamı ilə xudahafizləşib, atlarımıza “dəh” dedik. Sarıbabanı Qırxqız dağlarına birləşdirən, bəlkə də ayıran Uzunyala çatanda atlardan düşdük. Enişə doğru atları yedəklədik. Günortaya yaxın əmim Behbud kişinin və xeyli digər qohumlarımızın yaşadığı Fərraş kəndinə çatdıq. Bazar günü olduğundan Əzim müəllimlə də həyətində görüşdük və Namiq müəllimlə mənim ay yarımlıq qaçaqlıq həyatımız başladı... Mən bunları Əlinin uzun illərdən bəri mətbuatda dönə-dönə yazdığı haraylı-hıçqırıqlı yazılardan bilirdim, amma yenə bu dəfə də onun korun-korun yanan dərdinin tüstüsü gözümü acıtdı, dostumla birgə mən də özümü gücsüz hiss etdim. Söhbəti dəyişmək lazım idi, bəlkə də yox... - Əli müəllim, - dedim,- çaydan qaynadı, dəm də hazırdı, bəlkə adama bir fincan çay içək? Sakitcə: - Olar, - dedi. Yenidən Əli müəllimlə üzbəüz əyləşdim. Jurnal stolunun üstünə qoyduğum iki fincan buğlanan çaydan birini götürüb ağzım yanmasın deyə xırda qurtum alıb qələmi əlimdə fırlatdım, dəftərçəmin vərəqini sığallayıb yastıladım. Telefonumun səsyazanı bayaqdan çalışmaqdaydı... - Olarmı, bir az da atan haqqında danışasan, Əbülfət kişi barədə deyirəm... - Ataların ruhuna qurban olaq, - Əli müəllim də əlini çay fincanının qulpuna uzadır, - bir dəfə atamdan soruşdum, yetkin yaşdaydım, ata,- dedim, - səncə bizim bir düşmənimiz-zadımız var? Eşit atamın cavabını, dedi ki, atadan övlada mal qalar, mülk qalar, ad qalar, ar, namus qalar. Mənim düşmənim xalqımın düşmənidir, o da ermənidir. Atam bu dünyadan köçüb gedəndə 64 nəvə-nəticəsi vardı, ətrafını da saya salsaq, indi az qala o vaxtın Meşəli əhalisi qədərik. - Təvəllüdü neçəydi Əbülfət kişinin? - Biz bilinəni 1916-cı ildə anadan olub, onunçün belə deyirəm ki, qabaqlar təvəllüdü təqribi yazırdılar axı. Burdan-bura heç mənimkini doğru yazmayıblar. Amma, ölüm tarixi dəqiqdir. 1998-ci ildə rəhmətə getdi. - Onun dediklərindən, nəsihətlərindən nələr qalıb yadında... - Ataların dediklərini yalnız söz şəklində almaq, söz şəklində anlamaq, söz şəklində yaddaşda canlandırmaq cüzi bir hissədir. Onlar öz enerjilərini bizə daha çox mehri, məhəbbəti, qəzəbi, adi bir baxışı ilə ötürürlər. Ataların varlığı bizim qanımızda dövr edir, damarlarımızda döyünür. Məncə, bu, cəmiyyət məsələsi deyil, təbiətin hökmüdür. Amma onun dedikləri də zaman-zaman yaddaşıma hərarət, işıq, hava, su verir. Deyirdi ki, biri-biri ilə ifrat zarafat edənlərin dostluğu uzun sürməz. Biri-biri ilə güləşəndən, biri-biri ilə şərt kəsəndən dost olmaz. İki dost arasında 3 alma var, o almadan ikisi dostunun, biri səninkidi, bunu qəbul etməsən, dostluq qalası uçacaq. Elə belə də deyirdi. Sonra nə deyirdi atam? Deyirdi ki, bir ailə içində hamı başbilən, müdrik ola bilməz. Müdriklik nəsildə birinə verilir. Gərək o bir adam üzərinə düşən yükün məsuliyyətini dərk edib onu çəkə. Atam deyirdi ki, valideyinin övladdan umacağı yoxdu, deyənlər yanılır. Övlad qoldan tutandı, atanı ananı son mənzilə çiynində aparandı, bundan böyük umacaq olar? - Orta məktəb illərini unutmamısan ki? - Bu sualı bayaqdan gözləyirdim. 1969-cu il idi. Şuşa şəhər 1 saylı orta məktəbin 10-cu sinifində oxuyurdum. Söhbətimizin hansısa məqamında riyaziyyat fənnindən yüksək qiymət almadığımı demişdim. Bu, ömrüm boyu hörmət və ehtiram bəslədiyim, əslən Ağsudan olan Rüstəm müəllimi ciddi narahat edirdi. Mənə şeir yazmaqla bir yana çıxa bilməyəcəyimi deyir, bir nəticə hasil olmayanda buraxılış imtahanında mənə zərrə qədər kömək etməyəcəyini xatırladırdı. Oğlu Adillə yaxın münasibətimizi bilsə də, güzəştə getməyəcəyini kəsdirmişdim. Nəhayət, buraxılış imtahanlarının vaxtı mənim arzulamadığım sürətlə gəlib çatdı. Riyaziyyat fənnindən imtahana girmişdik. Sinifimizdə Vaqif adlı, Xomeyni ləqəbli şagirdlə dostluq etdiyimiz üçün bütün ümidlərimi ona bağlamış, bədəbəd ayağında bir-iki sualın cavabını ondan köçürəcəyimə axrayın düşmüşdüm. Dərs ilinin əvvəlindən Xomeyni ilə eyni partada oturmağımız da belə bir fikrə düşməyimə məndə əsas yaratmışdı. Biz adətimiz üzrə, eyni partada yanaşı oturmuşduq. Rüstəm Zeynalov içəri girən kimi gözü bizim partaya sataşdı və Xomeyniyə xəbərdarlıq etdi: - Əliyə kömək etsən, yaxud səndən köçürməsinə imkan versən, yaxşı qiymət əvəzinə qulağının dibini görərsən. Beləcə, Rüstəm müəllim küncünə ştamp vurulmuş dama-dama dəftər vərəqlərini şagirdlərə payladı. Ümidimi Şuşada çox məşhur riyaziyyat müəllimi Vəli Əliyevə bağlasam da, o, gəlib çıxmaq bilmirdi. Suallara göz gəzdirdim. Üç sualın biri misal həlli, digəri fizikadan, başqa biri isə həndəsən idi. Bədbəxtlikdən bu üç sualın üçü də mənə qaranlıq dünyanı xatırlatdı. Rüstəm müəllim hamını unudub nəzərini məndən kəsmirdi. Hərdən də şagirləri tələsdirir, beş-on dəqiqəyə imtahan vərəqələrini yığışdıracağını söyləyirdi. Nədənsə, gözüm həndəsədən olan sualı yedi və ağ vərəqi boş qaytarmamaq qərarına gəldim, ora bu sətirləri yazdım: Düşdü yenə üçbucağın söhbəti, Katetlərin hipetonuza nisbəti, Kim götürər belə ağır töhməti? Hamı verib bir ağızdan səs-səsə, Salıb məni bax bu günə həndəsə. Rüstəm müəllim mənə yaxınlaşmamış onun tənələrini eşitməmək üçün imtahan otağından çıxmaq istəsəm də, bacarmadım. Yaşının çox olmasına baxmayaraq, üstümə qırğı kimi şığıyıb, imtahan listini cəldliklə götürüb otaqdan çıxdı. Beş dəqiqə keçməmiş məktəbin direktoru Mərdan Əliyev də daxil olmaqla, müəllimlər otağında olanların hamısı imtahan otağına girdi. Xəcalətdən pörtmüş və tərləmişdim. Rüstəm müəllim eynəyini taxsa da əsəbdən əlləri əsdi və bir bəndlik şeiri oxuya bilmədi. Ədəbiyyat müəllimimiz Əbülfət Tağıyev sanki hamıya acıq verirmiş kimi, şeiri yüksək tonla oxudu. Rayon Xalq Maarif Şöbəsinin imtahana təhkim olunmuş nümayəndəsindən tutmuş məktəbin direktoruna qədər hamı qəhqəhə ilə güldü. Deyəsən, Rüstəm müəllimin özü də gülməyini gizlətməyə çalışmadı... Şuşada hamının hörmət və ehtiramını qazanmış direktorumuz Mərdan Əliyev müəllimlərin elliyini otağına dəvət etdi. Az keçməmiş riyaziyyat müəllimimiz Vəli Əliyev əlində qət təzə imtahan vərəqini mənə göstərib qonşu otağa çağırdı... Geri qayıt |