Əsas Səhifə > Manşet / Müsahibə > Şair-publisist, küllü-Qarabağın sevimlisi Əli Mahmudun söz xalçasından butalar...

Şair-publisist, küllü-Qarabağın sevimlisi Əli Mahmudun söz xalçasından butalar...


7-06-2020, 22:54
  Əvvəli ötən sayımızda
http://qarabagaaparanyol.az/manset/247-sair-publisist-kullu-qarabagin-sevimlisi-eli-mahmudun-soz-xalcasindan-butalar.html

 
                                                            Vaqif Bəhmənlinin təqdimatında
     
     - Özünə həyat kredosu seçdiyin kimsə varmı?
     - Özümdən beş yaş böyük qardaşım Əliş müəllimi valideynlərimdən və Allahımdan sonra ən böyük, müqəddəs varlıq və ilk müəllimim bilmişəm.
Həyatım boyunca mənə bəs edəcək ibrət dərslərimi atam Əbülfətdən sonra, demək olar ki, ondan almışam. Əgər məni insaflı, ədalətli birisi kimi az-çox tanıyırlarsa, buna görə də Əlişə borcluyam.
Vətən sərhədlərini kiçildən, daraldan müqavilələrdən, Təbriz, Ərdəbil, Göyçə, Borçalı, Dəmirqapı Dərbənd müsibətlərindən haliyəmsə, Qarabağ faciələrində sinəmə çalın-çarpaz dağ çəkilibsə, Əliş bunların hamısı barədə həyəcan təbili çalırdı. Heyhat, bütün bu sayaq boyunduruqlardan boynumuzu azad edə bilməmişiksə, doğma yurd-yuvamıza qayıda bilmiriksə, daha hansı müəllimlərimi yada salım? Axı, sonrakı müəllimlərimdən Bəxtiyar Vahabzadə də, Xəlil Rza da dünyamızla nigaran vidalaşdılar.
     Mənə dərs deyən müəllimlərimin hamısını həyat kredomu müəyyənləşdirən şəxsiyyətlər kimi xatırlayıram. Xankəndindəki Nizami adına orta məktəbdə Eldar, Xavər, Cəmil, Sabir, Müşkulat kimi müəllimləri unutmaqmı olar?! Ali təhsil illərində isə Bəxtiyar Vahabzadə, Mir Cəlal, Qulu Xəlilov, Cəlal Allahverdiyev, Ağa Laçınlı kimi insanları xatırlamamaq mümkün deyil. Amma elmi kommunizm fənnini tədris edən Çimnaz müəllimi istəsəm belə, xoş məramla xatırlaya bilmirəm. Azərbaycan Dövlət Universitetində oxuduğum dövrdə bir çox qəzet və jurnallarda şeirlərim çap olunurdu. Özüm də "Şuşa" qəzetində məsul katib, redaktor müavini vəzifələrində çalışırdım. Di gəl ki, elmi kommunizm fənni və Çimnaz xanım universitet həyatıma son qoydu.
    - Səndə belə ağıryanalığın, təmkinin, üzügülərliyin, xeyirxahlığın, zəhmətkeşliyin... və nəhayət, müdrikliyin meydana çıxmasında uşaqlıq və yeniyetməlik bazasının rolu neçə faiz ola bilər? Bəlkə  bu keyfiyyətlərə yaşın sonrakı mərhələsində şüurlu surətdə nail olmusan?
    - Sadaladığımız bu keyfiyyətləri əxz eləməyi heç kim qarşısına məqsəd qoymur. Bütün bunlar mənsub olduğun nəslin ruhu, qanı ilə sənə ötürülür. Sonrakı dövrdə ailədə gördüklərimdən, məndən böyüklərin hansı insanlarla oturub-durmağından, səni əhatə edən, mənsub olduğun cəmiyyətin hansı amalları özünə həyat tərzi seçməsindən də çox şey asılıdır. Orta məktəbdə İsmayıl adlı tarix müəllimim vardı. İllər sonra qismət elə gətirdi ki, mən qəzetdə, o isə rayon Partiya Komitəsində çalışdı. Biz eyni binada, fərqli mərtəbələrdə otururduq. Dostluğumuz davam etsə də, aramızdakı yaş fərqi 25-dən də artıq idi. Bəzi məsələlərdə mübahisəmiz olurdu. Amma əksər vaxtlarda onun mənə güzəşti sayəsində eyni məxrəcə gəlirdik. Söhbətimizin birində mənə hansı səbəbdən güzəştə getdiyini soruşdum. Cavabı qısa oldu:
"Ağsaqqalın borcu bütün məsələlərdə özünün zərərinə hərəkət etməkdir". Belə düşüncə daşıyıcısı olan əsl insanların mühitində doğulub böyümək xoşbəxt alın yazısıdır.
    - Gənclik illərində, yeniyetməlik, uşaqlıq vaxtı valideynlərinə, ətrafına, içində mövcud olduğun mühitə hirs püskürdüyün vaxtlar olubmu? Guya sənin haqqını vermirlər, guya  bundan daha yaxşısına layiqsən...
    - Bilmirəm başqa ailələrdə necə olub, bizim ailəmizdə haqlı, söz sahibi, hamımızdan ağıllı atamızı və anamızı bilmişik. Mənim fikrimcə, bu, nə köhnə fikirlilikdi, nə də mütilik. Bəzi başqa ailələrdə dava-dalaş, gərəksiz mübahisələr, evdən küsüb getmələr - nəticədə hüquq-mühafizə orqanlarının ailə məsələlərinə müdaxiləsi... bəlkə bunlar az olur?
Bizim ailədə qorxduğumuz, çəkindiyimiz anamızın incik görkəmi, atamızın sərt baxışları və bir də kəndimizin ağsaqqallarının, ağbirçəklərinin, müəllimlərimizin, bizimlə bağlı valideynlərimizə çata biləcək giley-güzarı, ictimai qınaq məsələsi olub. Bu gün biz Qarabağ adlı müqəddəs torpağımızın böyük bir hissəsini - Ağdamı, Şuşanı, Kəlbəcəri, Füzulini, Cəbrayılı, Zəngilanı, Xocalını, Laçını, Xocavəndi və yüzlərlə şəhər, qəsəbə, kəndlərimizi tam, yxud qismən itirməklə bərabər, erməni faşistlərinin törətdiyi vəhşiliklər nəticəsində maddi-mənəvi dəyərlərimizə hələ uzun illər sağalda bilməyəcəyimiz zərbələr dəyib. Təsəvvürünüzə gətirin, təkcə mənim doğma kəndlərim - Piçənisimdən, Xocalımdan, Fərraşımdan, Meşəlimdən vəhşiliklə, silah gücünə didərgin salınan doğmalarımın, əzizlərimin hamısı eyni yerdəmi məskunlaşıblar? Elələri var ki, onların bu gün yaşadığı, məskunlaşdığı şəhər və kəndlərdə bir nəfər də olsun həmkəndlisi, qohum-əqrəbası yoxdu. Bu şəraitdə böyüyən cavanlar hansı qınaq hissindən, hansı el-oba məzəmmətindən çəkinər?!
     Çox şükürlər ki, indiyə kimi ellilərim tərəfindən hansısa bir baş töhmətinə rast gəlməmişəm. Amma hər zaman, hər yerdə beləmi olur? Əlbəttə, xoşagəlməz söz-söhbətlər də yox səviyyəsində deyil. Biz Qarabağımızı prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində, onun ali baş komandan kimi son döyüş əmri ilə qısa müddətdə yağı tapdağından azad edəcəyik. Ancaq görək o qarabağlı ağayanlığının, sözübütövlüyünün, gözütoxluğunun, əxlaqi dəyərlərimizin keşiyini əvvəlki kimi çəkə biləcəyikmi?
Axı indiki dövrdə bəzi kütləvi informasiya vasitələri xarici havadarlarının verdiyi tulapayı qrantların əvəzi kimi gənc nəslin tərbiyəsinə erməni xislətilə zərbə vururlar. Bu və ya buna bənzər məsələlərin açdığı yaraları sağaltmaq heç də asan olmayacaq.
Dədələrimizin yerində dedikləri misal var: "Utanmasan, oynamağa nə var ki?"... Ekranlarda sinələrini, yanlarını, yanbızlarını açıb tamaşçılara nümayiş etdirənlərə, bir tərəfdən də xalqa qeyrət-namus dərsləri keçmək eşqinə düşürlərə lap içimdə də olsa, həmişə nifrət bəsləmişən. Hələ tam korlanmayanları düz yola çağırmışam.
Meyarım budur; azərbaycanlı analardan övladlarına əxlaqi dəyərlər, qeyrət-namus kimi müqəddəs hisslər, ailə ənənələri, atalardan isə yurd-torpaq uğrunda sinələrini sipər etməyi bacaran oğullar böyütmək,  yaradıb qurduqları qalalar, qəsrlər, şəhərlər, kəndlər, kitabxanalar, dünyəvi mədəniyyət, ev-eşik qalar. Dədəmin dediyi kimi, erməni rəzillikdə, çörəyi dizinin üstdə olan, qadın və qızları dünyaya əxlaqsızlıq kimi qorxulu xəstəlik yayan və bu kimi qorxulu bəlaları Eçmiədzindəki saqqalı, sinəsi xaçlı keşişlərin təşkilatçısı olmalarından qürur duyan mənfur bir millət yoxdur. Nə qədər ki, qolumuzda qüvvət, dizimizdə təpər, qanımızda qeyrət var, o murdarlarla hesablaşmalıyıq.

- Ali təhsil illəri yadında necə qalıb? Deyəsən, qiyabi oxumusan?

- Ali məktəbin birini - indiki Bakı Dövlət Universitetinin Filologiya fakültəsini yarımçıq qoymuşam. Bayaq səbəbini dedim: Mənfur "Elmi kommunuzm"... Fənnin adına fikir ver ey, mən ölüm... Başıma o "müsibət" gələndən sonra N. Tusi adına Azərbaycan Pedaqoji İnstitututnun Azərbaycan dili və ədəbiyyatı fakültəsini  fərqlənmə diplomu ilə bitirmişəm. Burada da qismətimə yaxşı müəllimlər çıxıb. Filologiya elmləri doktorları Nazim Axundov, Xasay Cabbarov, Ənvər Əhməd, Raqub Kərimov və başqaları...
- Bəs ilk iş gününüzü necə xatırlayırsınız?
- Hərbi xidmətimi başa vurub Bakıya gəldiyim gün sırf təsadüf nəticəsində hələ orta məktəb illərindən yaxından tanıdığım Xəlil Rza Ulutürk və Söhrab Tahirlə görüşdüm.
Əsgərlik illərimdə "Azərbaycan gəncləri" qəzetində və digər mətbuat orqanlarında çap olunmuş şeirlərimi hər ikisi oxuyub bəyənmişdi. Xəlil Rza əl çantasından kağız-qələm çıxarıb nəsə yazdı və mənə verib dedi: "Əli bəy, sənin şeirlərində insan, təbiət məsələləri həmişə diqqətimi çəkib. Bakıda çox qalma, hamımızın dostu, ədəbiyyata, ziyalılığa böyük dəyər verən Qəşəm Aslanov Şuşa Rayon Partiya Komitəsinə birinci katib seçilib. Bu kağızı apar ver ona. Sənin əsgərlikdən göndərdiyin və onun redaktoru olduğu "Azərbaycan gəncləri" qəzetində çap etdiyi "El köçüb dağlardan" şeirini xüsusilə yadına sal.
Söhrab Tahir həmin şeiri oxumağı xahiş etdi. Hava soyuq olsa da, tərlədim və həmin şeiri oxudum:
El köçüb dağlardan, dağın sinəsi,
Elə bil çal-çarpaz dağlanıb yenə.
Elatı dağlara aparan yollar,
Novruz gününədək bağlanıb yenə.

Təzə güzdək qalxıb arxac yerində,
Əmlik hasarları sökülməyibdi.
Deyirəm, nə yaxşı qəribsəməkdən
Dağların qaməti bükülməyibdi.
 
Pələng qayası da pələngə dönüb,
Zirvənin dodağı cadar-cadardı.
Zirvə dözəmməzmiş bu tənhalığa,
Yaxşı ki, zirvənin qartalı vardı.
 
Yenə Səsli qaya səs verir mənə,
Yenə Eyvazlıda kəklik səsi var.
Sazımı çaldım ki, dağ darıxmasın,
Gördüm ki, yenə də təklik səsi var.
 
Yollar elə bil ki, həsrətli qalıb,
Dəli bir kəhərin ayaq səsinə.
Yollar oğulların yolunu gözlər,
Yollar nəsillərin yolunu gözlər.
Yollar göz dikibdi dağ zirvəsinə.

-Deməli, Xəlil Rzanın məktubunu da götürüb gəldin Şuşaya?

- Elədi,  rəhmətlik Qəşəm Aslanovla ilk görüşümüz 1973-cü ilin mart ayının üçündə, səhər saat 10-da oldu. Xəlil Rzanın iki-üç cümləlik məktubunu oxudu və eynəyinin üstündən məni təkrar süzdü. Mən məktubdaki o iki cümləni daxilimdə yenidən təkrarladım. "Qəşəm, Əlini sən məndən daha yaxşı tanımısan. Bir neçə şeirini də "Azərbaycan gəncləri"ndə çap etmisən. İşsiz qalmasa yaxşıdı"
Qəşəm Aslanov daha heç nə soruşmadı, sağ tərəfindəki qrımızı telefonun dəstəyini qaldırdı və kiməsə, vaxtın varsa, bura düş, -dedi.
Selektordan hələ orta məktəb illərindən tanıdığım, "Şuşa" qəzetinin redaktoru, tanınmış jurnalist və dəyərli şeirlər müəllifi İsrafil Əbilovun səsi yüksəldi: "Eşidirəm, yoldaş Aslanov, bu dəqiqə"- deyə cavab verdi və yəqin ki, birinci katibin otağına tələsdi.
Qəşəm müəllim İsrafili sualla qarşıladı:
- Bu cavan oğlanı tanıyırsanmı?
İsrafil tərəddüd etmədən cavab verdi:
- Bəli, Qəşəm müəllim, Əli Şuşa 1 nömrəli orta məktəbi bitirib. Hələ 9-10-cu siniflərdə oxuyarkən şeirlərini və kiçik məqalələrini çap etmişik.
- Onda birlikdə redaksiyaya qalxın, ədəbi işçi vəzifəsinə əmrini ver və kollektivə təqdim et. Qoy, sabahdan bax belə hərbi geyimdə işə başlasın.
Bax belə, Vaqif müəllim, orta təhsillə Şuşanın ən gənc müxbiri oldum və iş günüm ömrümün ən qızğın, ən ciddi imtahanı kimi yaddaşıma əbədi yazıldı.
- Bir qədər geriyə dönək... Nə zaman hiss etdin ki, sən gerçəkli qələm adamısan?
   - Orta məktəbin 9-cu sinifində oxuyurdum. Məktəbimizdə güclü ədəbiyyat müəllimləri dərs deyirdi.
    Ədəbiyyat kabinetinin tərtibatı və burada keçirilən tədbirlərin təşkili bir növ mənə tapşırılmışdı.
İstedadlı şagirdlərdən Hamlet Cavadov, Zöhrə Cəfərova, Əyyub Şırlanlı, Allahverdi Babayev, Nizami Fətəliyev müxtəlif siniflərdə oxusalar da, vaxtaşırı bu kabinetə toplaşır, yeni şeirlərini oxuyur, özümüzəməxsus tərzdə müzakirə edirdik. Hər həftənin bazar günləri isə "Şuşa" qəzetinin redaktoru İsrafil Əbilovun rəhbərlik etdiyi "Qönçələr" ədəbi birliyində daha ciddi müzakirələrin şahidi olur, bəyənilən nümunələr "Şuşa"nın səhifələrində oxuculara təqdim edilirdi. Bu müzakirələrdə şəhərin tanınmış ədəbiyyat müəllimləri Mustafa Fətəliyev, Sabir Zeynalov (ləqəbi kəllə Sabir), Həbib Allahverdiyev, Bəylər Əliyev, Namiq Babayev və başqaları yaxından iştirak edir, gənclərə doğru yol göstərir, qədim diyarın ötən əsrlərdən başlamış ədəbi ənənələrinə hörmət və ehtiram göstərməyi, layiqli davamçılar olmağı tövsiyyə edirdilər.
Sonralar bu ədəbi birlik "Vaqif çeşməsi" adı və mənim rəhbərliyimlə fəaliyyətini davam etdirdi. Sonralar Vasif Quliyevin və mənim təşəbbüsümlə "Qönçələr" və "Vaqif çeşməsi" adlı iki almanax ardıcıl şəkildə işıq üzü gördü. Həmin almanaxlarda tanınmış şairlər - Xankəndindən, Şuşadan və ətraf kəndlərdən Arif Əliyevin, Ələmdar Quluzadənin, Allahyar Xocalının, mənim, Əyyub Şırlanlının, Hamlet Cavadovun, Aidə Əliyevanın, Qasım Qırxqızlının, Kərim Kərimlinin, İsa Əvəzoğlunun, Zöhrə Cəfərovanın, Nizami Şəminin, Allahverdi Babayevin və başqalarının xeyli şeiri işıq üzü gördü. Doğrudur, həmin dövrlərdə "Yazıçı", "Gənclik" nəşriyyatları daha çox Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan erməni ədiblərinə diqqətlə yanaşmaqla, onların kitablarını səxavətlə nəşr edirdilər. Həmin dövrdə bizim "Vaqif çeşməsi"nə Tofiq Bayram, Xəlil Rza, Söhrab Tahir, Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı, Məmməd Araz, Cabir Novruz, Nəriman Həsənzadə daha çox diqqət göstərdilər. Əzizim Vaqif müəllim, indi mənə sual verib soruşursan:  nə zaman hiss etdin ki, sən gerçəkli qələm adamısan?
   - Hər halda, ciddi sıçrayışlar üçün səbəblər həmişə olur...
   - Açığını deyim ki, həmişə irəliyə baxmağı xoşlasam da, geriyə boylanmağı da unutmuram. 1968-ci il mənim üçün çox    unudulmazdır. Bilirsiniz ki, Şuşanın yay ayları çox qələbəlik olurdu. Yazıçı və şairlərimiz, tanınmış müğənni və aktyorlarımız, elm, bilik adamlarımız Şuşanın əziz qonaqları kimi qarşılanırdılar. Xan Şuşuniskinin, böyük bəstəkar Süleyman Ələsgərovun Şuşanın axar-baxarlı yerlərində ikimərtəbəli evləri vardı. SSRİ xalq artisti Mehdi Məmmədov, maestro Niyazi "Şuşa sanatoriyası"nda rahatlıq tapırdılar. Dünyaca məşhurlardan Xudu Məmmədovun, xalq şairləri Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın, xalq rəssamı, tanınmış xalçaçı Lətif Kərimovun, ziyalılıq nümunəsi ağdamlı Zeynal Məmmədovun, musiqişünas Firudin Şuşinskinin çay süfrəsi ətrafındakı söhbətlərinin iştirakçısı olmaq xoşbəxtliyi heç də hamıya qismət deyildi. Bu məclislərdə Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni rəhbərlərinin Azərbaycanın şöhrət, qeyrət tacına, musiqi beşiyinə yönəlik tülkü bicliyi ilə yeritdikləri siyasət ziyalılarımızı bərk  narahat edirdi.
    Yeganə təsəlli Ulu Öndər Heydər Əliyevin təşəbbüsüylə Şuşa şəhərində kurort kompleksinin inkişaf etdirilməsi haqqında Azərbaycan KP MK-nin və Respublika Nazirlər Sovetinin qəbul etdiyi qərarın icrasının tezləşdirilməsinə bəslənilən ümidlər idi...
Deyəsən, mətləbdən xeyli uzaqlaşdım. İcazənizlə yenə uzaq 1968-ci ilə qayıdaq. Şuşanın toylu-büsatlı, qonaq-qaralı günləri yeni başlamışdı. Şəhərin 400 nəfərlik mədəniyyət evində Məmməd İbrahim (Məmməd Araz) və Cabir Novruzla görüş keçiriləcəyi xəbəri məktəbimizdə xüsusi bir sevinclə qarşılandı. Tənəffüsdə sinif rəhbərimiz məni müəllimlər otağına çağırdı. Direktorumuz Mərdan Əliyev, coğrafiya müəllimimiz Fazil Zeynalov, dil-ədəbiyyat müəllimlərimiz Əbülfət Tağıyev və Gülarə Məmmədova, tarix müəllimimiz İsmayıl İsmayılov, riyaziyyat müəllimimiz Vəli Əliyev də burada idi. Bayaq söyləmişdim, riyaziyyat fənninə ciddi yanaşmasam da, Vəli müəllim məni hər zaman müdafiə edir, "bu uşağın şeirləri qəzetlərdə çap olunur, sizdən xahiş edirəm, gəlin ona mane olmayaq, yolundan döndərməyək" - deyirdi.
Doğrudur, müəllimin şagirdi barədə, özü də məktəbin əksər müəllimlərinin yanında belə tərzdə danışması, yəqin ki, heç də hamıya xoş gəlməzdi. Lakin tarix müəllimimiz İsmayıl müəllim üzünü direktor Mərdan Əliyevə tutaraq dedi: Gəlin, vaxtı qabaqlamayaq, bugünkü görüşdə Əliyə də söz veriləcək. Ona icazə versəniz, orada oxuyacağı şeiri bir də nəzərdən keçirsin, yaxşı-yaxşı əzbərləsin.
Mərdan müəllimin son sözü belə oldu:
    - Get hazırlaş, inanıram ki, məktəbimizin adına xoş sözlər dedirdəcəksən...
Əgər yaddaşım aldatmırsa, poeziya gecəsini "Şuşa" qəzetinin redaktoru İsrafil Əbilov aparırdı. O, Şuşa ədəbi mühitindən, hər iki şairin zəngin yaradıcılığından ətraflı söhbət açaraq ilk sözü Məmməd Araza verdi. Şair özünəməxsus ləngərli yerişilə tribunaya yaxınlaşdı. Şuşalılara olan hörmət və ehtiramdan yaranan səmimiyyət işığı simasına yayıldı və Şuşanın ilahi təbiətinə, müdrik insanlarına həsr etdiyi bir neçə şeirini oxudu. Zaldakılar onu ayaq üstə alqışladı və beləliklə, tribunadan kənarlaşmasına imkan vermədilər. Ondan daha bir neçə şeir oxumasını xahiş etdilər.
Şeir-sənət xridarı olan şuşalılar Cabir Novruza da eyni hörmət və ehtiram göstərərək alqışladılar, Şuşa, Qarabağa həsr etdiyi şeirləri diqqətlə dinlədilər.
İsrafil müəllim üzünü Bakıdan gəlmiş qonaqlara tutaraq, icazə versəniz, indi də sözü bizim gənc şairimizə, Şuşa şəhər 1 nömrəli orta məktəbin 9-cu sinif şagirdi Əli Mahmudova verərdim. Məmməd Araz və Cabir Novruz diqqətlə zala baxdılar. Mən görkəmli şairlərin sınağından çıxa, məktəbimizin direktoru Mərdan müəllimin tapşırığını yerinə yetirə biləcəyim, ya bilməyəcəyim barədə fikirləşə-fikirləşə inamsız addımlarla tribunaya qalxdım.
-Əli müəllim, əgər yadında qalıbsa, ustadlarımız qarşısında söylədiyin  o şeiri  indi burda ikilikdə demək  istərdinmi, yoxsa Mərdəkanın havası qızmaq bilmir, bəlkə təsiri oldu...
- Çətin ki, havanı qızdıra, amma, söylə deyirsən, söyləyim.

Xalı düşüb yadıma, 
Anam toxuyan xalı.
Çəmən kimi bəzəkli, 
Ətir qoxuyan xalı.
 
Gülüm, öz əllərinlə, 
Mənə bir xalı toxu.
Əriclərin üstündə
Göyçə mahalı toxu,
Qazax mahalı toxu.
 
Çeşnisini deyərəm:
Qılınc, qalxan, tar, qaval,
"Cəngi", "Yallı", oyunu,
Bir də qayada qartal,
 
Arğacları keç, toxu,
Rənglərini seç, toxu.
Elə toxu ki, onun
Hər ilməsi qərinə,
Dönəsi əsr olsun.
Elə etmə çeşnidə
Keçmişdən kəsir olsun.
 
Xalı düşüb yadıma,
Anam toxuyan xalı.
Çəmən kimi bəzəkli, 
Ətir qoxuyan xalı.
 
Anam düşüb yadıma,
Gözümə getməz yuxu.
Ay anamın gəlini,
Mənə bir xalı toxu,
Mənə bir xalı toxu.
 
     Şeiri bitirən kimi Məmməd müəllim ayağa durub mənə yaxınlaşdı və qolumdan tutub yanındakı boş stulda oturtdu. Heç kimin eşidilyə bilməyəcəyi bir səslə: "Qaç evinizə, bax elə bu "Xalı düşüb yadıma" şeirini köçür bir vərəqə, şəklinlə birgə gətir ver mənə",- dedi.
Məmməd müəllim nə biləydi ki,
mənim Şuşada qalacaq yerim 1 nömrəli məktəbin yataqxana adıyla Malıbəyli, Quşçular, Xəlfəli, Xocalı, Meşəli, Kosolar kəndlərindən gəlmiş 9-10-cu sinfi şagirdləri üçün ayırdığı ikimərtəbəli evin birinci mərtəbəsindəki otaqlardı.
Mətləbdən uzaq düşməyək. Məmməd müəllimin tapşırığını vaxtında yerinə yetirə bildim. Həmin gündən sonra nigarançılığım uzun çəkmədi, şeirimi və şəklimi "Ulduz" jurnalının 8-ci sayında görəndə sevincimin həddi-hüdudu olmadı. Bax, həmin gün anladım ki, gedəcəyim yol şeir yolu, poeziya yoludur. Ona qədər "Şuşa" qəzetində məsul katib işləyən, şuşalıların şair kimi müraciət etdiyi İsa Şuşalının sifarişi ilə yazdıqlarım çap olunurdu.

Geri qayıt