Əsas Səhifə > Manşet > Prezident Şuşadan dünyaya hansı mesajlar verdi...

Prezident Şuşadan dünyaya hansı mesajlar verdi...


25-03-2021, 01:17
      Azərbaycan xalqı 30 ildən sonra Novruz bayramını böyük sevinc və qələbə hissi ilə qarşıladı. Prezident İlham Əliyev müqəddəs Novruz tonqalını Şuşada alovlandırdı və xalqımızı 30 ildir həsrətini çəkdiyimiz Cıdır düzündən təbrik etdi.

 Deputatlar prezidentin Şuşadan Azərbaycan xalqına müraciəti və dünyaya ünvanladığı önəmli mesajlar haqqında qəzetimizə danışıblar.

 
Tahir Rzayev bildirib ki, bütün Azərbaycan xalqının ən böyük arzusu işğaldan azad olunmuş torpaqların öz bəhrəsini verməsi idi:

 "Cənab prezident hər zaman deyirdi ki, biz üçrəngli bayrağımızı işğal altında olan torpaqlarda dalğalandıracağıq, artıq bu bir reallıqdır, həqiqətdir, bayrağımız doğma torpaqlarımızda dalğalanır. Prezident öz xanımı və qızı ilə sonuncu çərşənbəni Şuşada qeyd etdi, bayram tonqalı alovlandırıldı. Bu hadisə bütün türk dünyasında böyük bir sevinc doğurur. Prezidentimizin 30 ildən sonra Şuşada tonqal alovlandırması, Novruz bayramını qeyd etməsi bizim sevincimizi daha da artırır. Bütün dünyanın mədəniyyət mərkəzlərindən biri olan Şuşada müqəddəs bayramın keçirilməsi çox vacib idi, bu, dünyaya bir mesaj oldu, ədalət və sülh qalib gəldi. İlham Əliyev təbriki zamanı fəxr və qürurla dedi ki, “Biz Şuşadayıq, Şuşa Azərbaycandır” və həmin tonqalı orada yandırmaqla Azərbaycan xalqına gözaydınlığı verdi, bu təbrikdə qəhrəmanlıq ifadəsi var idi. Cənab Prezident bildirmək istəyirdi ki, biz bundan sonrakı qələbələrə hazırıq, Azərbaycan xalqı qalib xalqdır".

 
Məlahət İbrahimqızı düşünür ki, Prezidentin Şuşaya etdiyi səfərin ən əsas və böyük siyasi əhəmiyyətə malik olan hissələrindən biri onun çıxışında xalqımıza, bölgə əhalisinə və dünyaya səsləndirdiyi mesajlar idi:

 ““...Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi...”.
Bu sözləri deyən müzəffər Ali Baş Komandanımızın çıxışında erməni işğalçılarının bölgədəki cinayətlərinin qlobal sülhə, əməkdaşlığa, dayanıqlı inkişafa təhlükə yaratması, dünya mirasına və ətraf mühitə qarşı təcavüz olması mesajları da aydın qeyd edilir. Cənab İlham Əliyev çıxışı ilə Şuşanın nümunəsində bütövlükdə Qarabağda, eləcə də onun ekologiyasına, flora və faunasına qarşı törətdilən  vəhşilikləri bəşəriyyətin diqqətinə çatdırdı: 
“Bəli, Şuşa dağıntılara məruz qaldı, Şuşada tarixi abidələrimiz mənfur düşmən tərəfindən dağıdıldı. Ancaq Şuşa əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, Azərbaycanın milli ruhunu qorudu və bu gün Şuşada olarkən bir daha bunun canlı şahidi oluruq”,- Prezident bildirdi”.

Deputat onu da qeyd edib ki, Şuşanın əyilməzliyi və yenilməzliyini qeyd edərkən  Prezident Azərbaycan xalqını, Qəhrəman Ordumuzu nəzərdə tuturdu:

 “Əlbəttə, möhtərəm Prezidentimiz hədsiz dərəcədə təvazökar bir liderdir. Əslində bütün xalqımızı təmsil edən və onun adından danışmağa haqqı olan dövlət başçımız ötən bütün dövrlərdə qətiyyəti, cəsarəti və güclü diplomatiyası ilə əyilməzliyi və yenilməzliyi əməli fəaliyyətində dünyaya bəyan edib”.

 
Anar İskəndərlinin sözlərinə görə, Ali Baş Komandan Şuşaya növbəti səfəri  ilə bütün dünyaya çox önəmli, təmkinli bir mesaj verdi:

"Bütün dünya bilməlidir ki, Şuşa qədimdə də Azərbaycan torpağı idi, bundan sonra da Azərbaycan topağı olacaq. Şuşanın düşmən tapdağında olması çox böyük dərd idi. Artıq Şuşa azaddır və biz öz şərəf tariximizi bərpa etmişik. Dövlət başçımızın bayram axşamı xalqımıza müraciəti bir daha onu sübut etdi ki, Azərbaycan xalqı başladığı işi yarımçıq qoymur. Bu gün xaraba qalmış, dağıdılmış bir yurd var,  amma bu bizi ruhdan salmır, çünki dövlət başçısı söz verib, Qarabağın bərpası ilə bağlı bütün planlar hazırdır, bilirik ki, onların hər biri reallaşacaq. 
 Biz şərəfli tarixmizi bərpa etdiyimiz kimi, yurdumuzu da bərpa edəcəyik. Azərbaycan güclü, ədalətli dövlətdir, öz torpaqları üçün minlərlə şəhid verdi, amma indi həm birinci, həm də İkinci Qarabağ savaşında şəhid olanların ruhları şaddır, çünki onların qanı yerdə qalmadı. Qarabağ Azərbaycandır!”.

Aysel Aslan
Mehri Qurban
 

Geri qayıt