Əsas Səhifə > Manşet / Redaktor seçimi > Əli Mahmud: Tarixi şəhərin yeni növrağı hələ irəlidədir...

Əli Mahmud: Tarixi şəhərin yeni növrağı hələ irəlidədir...


17-05-2021, 16:50

    

       Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhəri hələ ötən əsrin 70-80-ci illərindən böyük qayğı ilə əhatə olunmuşdu. Xalqımızın ümummilli lideri Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrdə Azərbaycan KP MK və Nazirlər Sovetinin "Şuşa şəhərində kurort kompleksini daha da inkişaf etdirmək tədbirləri haqqında" birgə qərarı var idi. Həmin qərarda Şuşadan olan görkəmli şəxsiyyətlərin ev-muzeylərinin, xalça muzeyinin yaradılması, Molla Pənah Vaqifin məqbərəsinin tikintisi, abadlıq işləri üçün ayrılan vəsaitin hər il əhəmiyyətli dərəcədə artırılması, Şuşa Dram Teatrının yaradılması, Qarabağ İpək Kombinatının və Bakı Radio Zavodunun filiallarının açılması, turist bazasının və yeni məktəblərin tikintisi nəzərdə tutulurdu. Həmin qərardan sonra Şuşanın qorunması, bərpa və inkişafı sahəsində bir sıra vacib tədbirlər görüldü, bərpa idarəsi yaradıldı. Cıdır düzündə Molla Pənah Vaqifin qəbri üzərində ağ mərmərdən möhtəşəm məqbərə ucaldıldı. Kurort şəhərinə mineral su xətti çəkildi. Müalicə, sağlamlıq, maarif-mədəniyyət ocaqlarının tikintisi sürətləndirildi. Cıdır düzü, Topxana kanat yolunun layihəsinin hazırlanması gündəmə gəldi.

         Həmin dövrdə Şuşada “Poeziya evi” yaratmaq rayonda çıxan “Şuşa” qəzetinin redaktor müavini, şair-publisist Əli Mahmuda tapşırılıb. O, bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbət edərkən deyib: “Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışına hazırlıq görüldüyü bir vaxtda Mamayı məscidində “Poeziya evi” yaratmaq tapşırığı verilmişdi. Şuşa Abidələri Bərpa İdarəsinin rəisi İlham Fətəliyevin köməyi ilə qısa müddətdə məscid bərpa edildi, onun içərisi üçün avadanlıq, xalı-xalça alındı. Şərq Musiqi Alətləri fabrikində düzəldilmiş və milli naxışlarla bəzədilmiş əşyalar “Poeziya evi”nə xüsusi gözəllik verir, tarixilik baxımından muzeyi xatırladırdı.
Nəhayət, şuşalıların böyük arzu və istəklə gözlədikləri gün gəldi. Dağlar qoynunda qərar tutmuş Şuşaya xalqımızın ümummilli lideri Heydər Əliyevin gəlişi şəhər əhalisi və qonaqlar tərəfindən böyük sevgi ilə qarşılandı. Axşamdan yağan gücü qar yol-rizi bağlamışdı. Küçələrdən qar təmizlənsə də, əsən külək yenidən yolları ağ örpəyə bürümüşdü. Ulu öndər Heydər Əliyevin əyləşdiyi maşın “Bazar başı” meydanına qalxan yolda qarın çoxluğundan hərəkət edə bilmədi. Lakin yerli sakinlər onun əyləşdiyi maşını bir anın içində qarlı yoldan çıxararaq Mədəniyyət evinin qarşısına gətirdilər. Eyni vəziyyət Cıdır düzünə qalxan yolda da təkrar olundu.
Çovğun güclənir, qar kəsmək bilmirdi. Şuşalılar isə təbiətin bu şıltaqlığına məhəl qoymadan uşaqdan-böyüyə Cıdır düzünə axışırdı. Dahi şəxsiyyətlə birlikdə respublikanın tanınmış ziyalıları- şair və yazıçıları, ədəbiyyat və incəsənət xadimləri də şəhərə təşrif gətirmişdi.
Cıdır düzündə Molla Pənah Vaqifin uyuduğu məzarın üstündə 25 metr hündürlükdə, ağ mərmərdən ucaldılmış məqbərə öz əzəməti ilə hamını heyran qoymuşdu. Ulu öndərin ailə üzvləri ilə Şuşaya gəlişi şuşalıların qəlbində böyük sevinc və sevgi hissi oyatmışdı. Havanın sərtliyinə baxmayaraq, ağsaqqallar, ağbirçəklər, ziyalılar, məktəblilər, hətta azyaşlılar da məqbərənin önünə toplamışdı. Tədbirdə iştirak etmək üçün Ağdam, Laçın, Kəlbəcər, Ağcabədi, Tərtər, Bərdə, Füzuli və Qubadlıdan da çoxlu qonaqlar gəlmişdi.
       Aramsız yağan qar, Şuşaya o qədər də xas olmayan güclü külək sanki onlara təsir etmirdi. Hamı səbirsizliklə məqbərənin üstündəki qardan seçilməyən ipək örtüyün açılmasına şahidlik etmək istəyirdi. Nəhayət, həmin an gəlib çatdı. Ulu öndər qırmızı lenti kəsdi, toplaşanların gur alqış sədaları ətrafa yayıldı. Şuşanın daha bir əzəmət zirvəsi mərasimə toplaşanların qəlbini fəxarət hissi ilə doldurdu.
Abidənin təntənəli açılış mərasimində ümummilli liderin və Azərbaycan ədəbiyyatının görkəmli simaları olan İsmayıl Şıxlı, Mirzə İbrahimov, Süleyman Rüstəm, Xəlil Rza, Söhrab Tahir, Nəbi Xəzri, Məmməd Araz, Anar, Bəxtiyar Vahabzadə, Cabir Novruz, Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı kimi tanınmış şair və yazıçıları ilə eyni tribunadan çıxış edəcəyimi əvvəlcədən bildiyimə görə həyəcanımı gizlədə bilmirdim. Lakin tədbir iştirakçıları qarşısındakı çıxışım, oxuduğum şeir hər zaman hörmət və qayğı gördüyüm Şuşa camaatı və toplaşanlar tərəfindən rəğbətlə qarşılandığına görə çox məmnun oldum.
     Həmin gün dahi şəxsiyyətin “Poeziya evi”nin açılışında iştirakı Şuşa, ümumən Qarabağ ədəbi mühitinə böyük diqqət və qayğının təzahürü idi. Yazıçı və şairlərin bir qrupu Heydər Əliyevlə birlikdə “Poeziya evi”nə daxil oldular. Onlara qədim Şuşanın ədəbi mühiti, rəhbərlik etdiyim “Vaqif çeşməsi”, “Qönçələr” ədəbi birlikləri və qədim Mamayı məscidində yeni fəaliyyətə başlayan “Poeziya evi” ilə əlaqədar arzu və istəklərimiz, planlarımız barədə məlumat verdim. Şuşada “Vaqif poeziya günləri” keçirilməsi barədə verdiyim təklifi Ulu öndərin xoşuna gəldi və üzünü yazıçılara tutub dedi: “İsmayıl, Mirzə, Bəxtiyar, Anar, eşitdinizmi bu cavan oğlanın təklifini? Yayda Cıdır düzündə, açıq havada “Vaqif poeziya bayramı” keçirərik, söz verirəm, mən özüm də həmin bayramda iştirak edəcəyəm”.
      Heydər Əliyevin mənim təklifimə dərhal və müsbət reaksiya verməsi dəvətsiz gəlib həmin tədbirdə iştirak edən daşnak xislətli erməni şairi Qurqen Qabrielyanı əməlli-başlı sarsıtmışdı. O, çətinliklə özünü toparlayıb: “Yoldaş Əliyev, Stepanakertdə də (Xankəndində) Ovanes Tumanyanın poeziya bayramını keçirsək, yaxşı olar”, - dedi. Heydər Əliyev əlini yelləyərək, qətiyyətlə və sərt şəkildə cavab verdi: “Söhbət “Vaqif poeziya günləri”ndən gedir”, - dedi. Qurqen Qabrielyan peysərinə qədər qızardı və bir daha danışmadı.
      Onu deyim ki, Cıdır düzündə “Vaqif poeziya günləri” keçirilməsi barədə təklifi Heydər Əliyevin razılıqla qarşılaması və elə oradaca Yazıçılar Birliyinin rəhbərliyinə bu barədə tapşırıq verməsi 1982-ci ilin yayından başlayaraq, hər il Şuşada həmin tədbirin keçirilməsi ənənə halını aldı. Lakin Heydər Əliyevin Moskvada Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə dəvət olunması onun Şuşa ilə əlaqədar bir çox planlarını yarımçıq qoydu...”
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müqəddəs Qarabağ torpağının işğalçılardan azad edilərək bu torpağın əbədi və əzəli sahiblərinə qaytarılması Şuşa ilə bağlı arzuların yenidən çiçəklənməsinə səbəb olub. Şair-publisist deyib: “Ötən il 44 gün davam edən Vətən müharibəsində xalqımızın əldə etdiyi möhtəşəm Zəfər dünya hərb tarixində yeni səhifə açan misilsiz qələbə olmaqla yanaşı, həm də ata vəsiyyətinə əməl olunması, ata arzusunun həyata keçirilməsi nümunəsidir. Bu, eyni zamanda, vədə sədaqətin, sözü bütövlüyün, qətiyyətin, mətinliyin, xalqına, dövlətinə, millətinə sonsuz sevginin ifadəsidir. Bu il yanvarın 14-də və ondan sonra Prezident İlham Əliyevin ailə üzvləri ilə birgə Şuşaya səfərləri, orada başlanılan böyük abadlıq və quruculuq işləri çox böyük mətləblərdən xəbər verir. Onun böyük qürur hissi ilə söylədiyi bu sözlər qəlbimizi iftixar hissi ilə doldurdu: “Burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq! Biz Şuşanı və dağıdılmış bütün başqa şəhər və kəndlərimizi bərpa edəcəyik. Dağıdılmış bütün abidələrimizi bərpa edəcəyik”.
       Şuşanın Azərbaycanın mədəniyyət mərkəzi elan edilməsi, burada aparılan bərpa, tikinti, abadlıq və quruculuq işləri tarixi şəhərin yeni növrağından soraq verir. “Xarı bülbül” festivalının, “Vaqif poeziya günləri”nin keçirilməsi üçün atılan addımlar da həmin növrağın ilk əlamətləridir.





Geri qayıt