Əsas Səhifə > Mədəniyyət > Arxeoloji irsimizin tanınmış tədqiqatçısı...

Arxeoloji irsimizin tanınmış tədqiqatçısı...


30-06-2021, 15:47

   Azərbaycanın Mil düzünün arxeoloji mirasının öyrənilməsində görkəmli alim, professor Qara Əhmədovun böyük xidmətləri olub. Onun araşdırmaları həm də beynəlxalq aləmdə qəbul edilib, dünya arxeologiyasına xidmət kimi dəyərləndirilib.
Qara Məmməd oğlu Əhmədov 1928-ci ildə tarixi abidələrlə zəngin olan indiki Qəbələ rayonunun Çarxana kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə qəbul olunur. Tələbəlik illərindən elmi axtarışlara maraq göstərir. Fakültənin Tələbə elmi cəmiyyətinə sədrlik edir. Onun tələbə ikən qədim Qafqaz Albaniyasının Yaloylutəpə mədəniyyətinə aid məqaləsi mətbuatda dərc olunur.
Ali təhsilini 1949-cu ildə uğurla başa vuran Qara Əhmədov universitetin aspiranturasına daxil olur, arxeologiya elmi sahəsində sistemli tədqiqatlara başlayır. Həmin illərdə o, arxeologiya elmi üzrə mühazirələr də oxuyur.
    Məlum olduğu kimi, 1941-1945-ci illər müharibəsindən sonra Azərbaycanda Kür çayı üzərində su elektrik stansiyasının tikintisi layihələndirilir. Su altında qalacaq əraziləri öyrənmək məqsədilə Mingəçevirdə genişmiqyaslı arxeoloji qazıntılara başlanır. Qazıntılar keçmiş SSRİ və Azərbaycan SSR Elmlər akademiyalarının birgə ekspedisiyası tərəfindən həyata keçirilir. Qara Əhmədov da bu ekspedisiyanın tərkibində tədqiqatlarda fəal iştirak edir. Mingəçevir qazıntıları zamanı Azərbaycanda ilk dəfə olaraq Eneolit, Tunc və Dəmir dövrlərinə aid yaşayış yerləri və qəbir abidələri, eləcə də, Qafqaz Albaniyasına aid Antik və Orta əsrləri əhatə edən arxeoloji tapıntılar, ümumilikdə 20 mindən artıq nadir maddi mədəniyyət nümunəsi aşkar edilir. Mingəçevir qazıntıları elm yolunda irəliləyən gənc tədqiqatçı Qara Əhmədov üçün həqiqi təcrübə məktəbi olur.
Alim sonra Mil düzündə başlanan genişmiqyaslı axtarışlara dəvət edilir. Mil düzündə yerləşən və Örənqala adı ilə tanınan qədim şəhər yerində tədqiqat işləri həyata keçirilir. Geniş arxeoloji qazıntılarla sənətkarlıq məhəlləsini açmaq, möhtəşəm müdafiə divarlarını üzə çıxarmaq və onun baş qapılarını aşkar etmək  Qara Əhmədova müyəssər olur. 1958-ci ildə keçmiş SSRİ Elmlər Akademiyası Arxeologiya İnstitutunun Leninqrad (indiki Sankt-Peterburq) bölməsinin ixtisaslaşdırılmış elmi şurasında Örənqala qazıntılarının materialları əsasında “Azərbaycanın IX-XIII əsrlər şirsiz məişət keramikası” mövzusunda namizədlik (fəlsəfə doktoru) dissertasiyası müdafiə edir.
    Arxeoloq, tarix elmləri doktoru Tarix Dostiyev araşdırmasında yazır ki, Qara Əhmədov Azərbaycan arxeologiya elmini ümumittifaq və beynəlxalq konfranslarda layiqincə təmsil edib. Onun Bakı, Moskva, Sankt-Peterburq, Kiyev, Tbilisi, Səmərqənd, Almata və digər şəhərlərdə keçirilən elmi məclislərdə yüksək səviyyəli məruzələri böyük maraqla qarşılanırdı. O, Rusiya, Ukrayna, Gürcüstan, Orta Asiyanın arxeoloqları ilə sıx elmi əlaqələr saxlayırdı. Azərbaycan hüdudlarından kənarda da onun tədqiqatları yüksək qiymətləndirilir,   Orta əsrlər arxeologiyasının nüfuzlu tədqiqatçısı kimi qəbul edilirdi.
Geniş erudisiyaya malik, dərin təhlil və ümumiləşdirmələr aparmağı bacaran Qara Əhmədov “Azərbaycan tarixi”nin bircildlik və çoxcildlik nəşrlərində Orta əsrlərin maddi mədəniyyəti bölmələrinin, Rusiya EA Arxeologiya İnstitutunun hazırladığı 20 cildlik “Arxeologiya” nəşrinin “Krım, Şimal-Şərqi Qara dəniz boyu və Zaqafqaziya Orta əsrlər dövründə (IV-XIII əsrlər)” cildinin “Azərbaycan IX-XIII əsrlərdə” adlı fəslini yüksək peşəkarlıqla yazıb. Altıcildlik “Azərbaycan arxeologiyası” nəşrinin Azərbaycanın Orta əsrlər arxeologiyasına həsr olunan VI cildinin yazılmasında da onun mühüm xidmətləri olub.
Qara Əhmədov Örənqala ilə yanaşı, Mil düzünün qalın torpaq qatları altında qalan Tunc dövrünə aid yaşayış məskənlərini də aşkara çıxarır. 1972-ci ildə “Beyləqan Orta əsr şəhəri” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. O, ölkəmizdə arxeologiya sahəsində ilk elmlər doktorluğu dissertasiyası müdafiə edən alim hesab olunur. Onun bu araşdırması ilə Azərbaycanın Orta əsr şəhərlərindən birinin – Beyləqan şəhərinin dolğun və mötəbər tarixi yazılır. Bununla da adı bir neçə dəfə dəyişdirilən qədim şəhərin həqiqi keçmişi bəlli olur.
    Qara Əhmədov 2002-ci ildə AMEA-nın müxbir üzvü seçilib. Azərbaycanda Orta əsr şəhər mədəniyyətinin öyrənilməsində mühüm xidmətləri olan alim hələ AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu yaradılmamışdan əvvəl Tarix İnstitutunun nəzdindəki Arxeologiya və etnoqrafiya sektorunun elmi şurasına 20 il rəhbərlik edib. Bugünkü arxeoloq və etnoqraflar həm də Qara Əhmədovun irsi üzərində yetişiblər.
    Tədqiqatları bu gün də tarixçi və arxeoloqların stolüstü kitabları olan görkəmli alim, professor Qara Əhmədov 2003-cü ildə vəfat edib. Hazırda Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində alimin irsinin əks olunduğu daimi guşə sərgilənir.

Savalan FƏRƏCOV
 
 

Geri qayıt