Əsas Səhifə > Mədəniyyət > Mahir tarzən və pedaqoq

Mahir tarzən və pedaqoq


19-09-2018, 16:27
    O, Azərbaycan elminə və mədəniyyətinə mühüm töhfələr verən tanınmış bir nəslin nümayəndəsi kimi dünyaya gəlmişdi. Taleyinə bir müddət ana vətəndən uzaqlarda yaşamaq yazılmışdı. Uşaq olarkən kimin ağlına gələrdi ki, pərdələrində min bir sirr daşıyan ulu tarı bağrına basacaq, bu ecazkar aləti gənc nəsillərə sevdirəcək... Görkəmli tarzən, Əməkdar artist Məmmədxan Bakıxanov təkcə ifaçılıqla məşğul deyildi, eyni zamanda musiqi kollektivlərinin təşkilatçısı, bir sıra məşhur xanəndələrin mahir müşayiətçisi idi.
Məmmədxan Məmmədrza oğlu Bakıxanov 1890-cı ildə Bakıda anadan olub. O, yeddi yaşında ikən ailəsi İranın Rəşt şəhərinə köçür. Balaca Məmmədxan ilk təhsilini burada alır. Erkən çağlardan xalq musiqisinə böyük həvəs göstərir. Çünki atası tacir olmaqla yanaşı, həm də musiqi həvəskarı idi. Tar və saz alətlərində ifa etməyi bacarır, hərdən muğamlarımızı da zümzümə edirdi. Şəhərin musiqiçiləri onun evində tez-tez olardı...
Məmmədxan ilk musiqi təhsilini də Rəştdə alır. Çox keçmir ki, gözəl tar ifaçısı kimi tanınır. 1916-cı ildən başlayaraq el şənliklərində çıxış edir, musiqisevərlərin rəğbətini qazanır.
1920-ci ildə Məmmədxan Bakıxanov Bakıya qayıdır və həmin il “Şərq konservatoriyası”na daxil olur. Tanınmış tarzən Şirin Axundov və Məşədi Həsəndən tar ifaçılığının sirlərini öyrənir. Onun xalq musiqisinə yaxşı bələd olması və məharətlə tar çalması təhsil ocağı rəhbərliyinin də diqqətini çəkir. 1921-ci ilin martında konservatoriyanın inspektoru vəzifəsinə təyin olunur. 1923-cü ildə Əli Bayramov adına Qadınlar klubuna (“Əməkçi Türk Qadınları Mərkəzi Mədəniyyət Sarayı”) işə dəvət olunur. Burada 13 il tar müəllimi kimi fəaliyyət göstərir. Eyni zamanda onun yaxından iştirakı və rəhbərliyi ilə Azərbaycan qızlarından ibarət bir musiqi orkestri yaradılır.
1923-1936-cı illərdə M.Bakıxanovun “Qızlar ansamblı” Bakının mədəniyyət saraylarında, fəhlə klublarında və hərbi hissələrdə konsert proqramları ilə çıxış edir. Onun müəllimlik fəaliyyəti dövründə Əli Bayramov adına klub bir musiqi ocağı kimi respublikada daha çox tanınır. Burada gənc musiqiçi kadrların hazırlanması, Azərbaycan qadınlarına xalq mahnı və rəqslərinin öyrədilməsi işinə böyük önəm verilirdi. Bununla belə, tarzənin yüksək təşkilatçılıq işi onun ifaçılıq fəaliyyətinə kölgə salmayıb. Ona yeni-yeni uğurlar gətirib...
Araşdırmalarda M.Bakıxanovun Əli Bayramov adına klubun fəaliyyəti milli musiqi mədəniyyətimizin inkişafı baxımından çox faydalı hesab edilib.
1934-cü ilin iyun ayında Tiflisdə keçirilən Zaqafqaziya olimpiadasında M.Bakıxanovun rəhbərlik etdiyi “Şərq orkestri” də iştirak edir. Kollektiv olimpiadada böyük müvəffəqiyyətlə çıxış edərək birinci yeri tutur və Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin fəxri fərmanı ilə təltif olunur. Orkestr 1936-cı ilin mayında Moskvada təşkil olunan bədii özfəaliyyət kollektivlərinin konsert-tamaşasında çıxış etmək üçün dəvət alır. Tikinti işçilərinin mərkəzi klubunda çıxış edən orkestr bu dəfə də mükafata layiq görülür. Ölkəmizin mədəni quruculuq işlərində yaxından iştirak edən M.Bakıxanov Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Estrada şöbəsində işə dəvət olunub.
Usta tarzən öz ifaçılıq bacarığı ilə xanəndələr arasında xüsusi hörmət sahibi olub. Çünki onun klassik muğamlarımızın texnikasına dərin bələd olması, həmçinin mükəmməl solo ifası, müşayiət zamanı özünəməxsus dəst-xətt nümayiş etdirməsi həm xanəndələrin, həm də dinləyicilərin ruhunu oxşayıb.
M.Bakıxanov uzun müddət Cabbar Qaryağdıoğlu və Seyid Şuşinski kimi məşhur xanəndələri müşayiət edib. Böyük Vətən müharibəsi illərində (1941-1945) tez-tez ön cəbhədə olub, ifaları ilə əsgər və zabitlərin döyüş ruhunun yüksəldilməsi üçün səy göstərib. O dövrün bir çox mətbuat orqanlarında musiqiçinin ictimai fəaliyyətindən və ölməz sənətindən bəhs edən neçə-neçə yazı dərc olunub.
Sənətkarın Azərbaycan musiqisinin inkişafındakı xidmətləri layiqincə qiymətləndirilir. O, 1943-cü ildə Əməkdar artist adına layiq görülür. Həmçinin “Əmək igidliyinə görə”, “Qafqazın müdafiəsinə görə” medalları və bir sıra fəxri fərmanlarla təltif olunur.
Görkəmli tarzən Məmmədxan Bakıxanov 20 fevral 1957-ci ildə Bakıda vəfat edib.

İmza: Savalan FƏRƏCOV
Geri qayıt