Əsas Səhifə > Müsahibə > “Baydenin bir gülləsi var idi, onu da atdı”

“Baydenin bir gülləsi var idi, onu da atdı”


6-05-2021, 13:24


Siyasi gündəm zəngindir. Baydenin “ soyqırımı” sözünü işlətməsindən sonra ABŞ dövlət katibi Blinkenin Azərbaycan Prezidentinə zəngi, Lavrovun Bakıya səfər planı, sadəcə adı olub özü olmayan KTMT ölkələri arasında yaranan gərginlik və s.

Regionda və ölkəmizdə baş verən siyasi hadisələrlə bağlı suallarımızı Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cavablandırır.

- Elxan bəy Baydenin ermənilərin könlünü xoş eləməsi hara qədər davam edə bilər?

- Baydenin bir gülləsi var idi, onu da atdı. O konqresmen olanda vədi vardı, yerinə yetirdi. Öz şəxsi maraqlarını Amerikanın milli maraqlarından üstün tutaraq ermənilərin xatirinə işlətdiyi soyqırımı ifadəsilə ABŞ-ın Azərbaycan və Türkiyə kimi etibarlı , siyasi tərəfdaşlarına qarşı çıxmış oldu. Amma indi ermənilər məyusdular. Çünki, amerikalı diplomatlar ard-arda fərqli açıqlamalar verərək Baydenin açıqlamasının indiki Türkiyəyə yox, o zamankı Osmanlı dövlətinə yönəldiyini bildirdilər. Düzdür Türkiyə Osmanlının davamçısıdır və bu ifadə də xoş deyil. Ümumilkdə, isə bu fikrin özünün heç bir hüquqi qüvvəsi yoxdur. Bayden açıqlamasından bir gün öncə Ərdoğana etdiyi zənglə vəziyyəti yumşaltmağa çalışmışdı və iyunda Ərdoğanla görüşü də planlaşdırılıb. Yəni Türkiyə ilə münasibətləri qorumağa maraqlıdır.

- Erməni lobbisi arzusuna çatıb ABŞ prezidentindən “ soyqırım” sözünü qopara bildi. Hədəfdə daha nələr var?

- Amerikadakı erməni lobbisinin 3 T adlı hədəfi var. I T tanınma, II T təzminat, III T torpaq iddiası. Birinci T -yə nail oldular. İlk dəfə erməni soyqırımını 1960-cı ildə Uruqvay parlamentində tanıtmışdılar və beləcə öz yollarına davam eldilər. Etiraf edək ki, güclüdürlər və onları dəstəkləyən böyük qüvvələr var. İndi ikinci hədəfləri Türkiyədən bunun üçün təzminat qoparmaqdır, daha sonra da torpaq iddialarına keçəcəklər.

- Binkenin İlham Əliyevə zənginin maraqlı tərəfi nə idi?

- Birinci cümləsi o idi ki, bu il də “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını bildirib. İlham Əliyevin dilindən Blinkenə izah edilib ki, Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, bölgəmizdə çox önəmli və müsbət rol oynayır, Türkiyə əleyhinə atılan istənilən addım Azərbaycan əleyhinə atılan addım kimi dəyərləndirilməlidir.

- Uzunmüddətli sükutdan sonra Lavrovun mayın 10-da Bakıya gəlməsi nə ilə əlaqədar ola bilər?

- Rusiyanın çox hiyləgər oyunu var. O regional layihələrin işləməsində maraqlı olsa da, Türkiyənin regionda güclənməsini istəmir. Ona görə amerikanın əliylə Türkiyəni sıxışdırmaq istəyir. Müharibə dönəmində bölgədə iki oyunçu var idi. Türkiyə və Rusiya. İndi ABŞ ortaya çıxmaq istəyir, Fransa çıxmaq istəyir. Fransa bundan öncə də aranı yetəri qədər qarışdırırdı. Lavrov mayın 5-6-da Ermənistana gedəcək, Rusiyaya qayıdıb sonra mayın 10-11-də Bakıda olacaq. Hiyləgər addımdır. O bilir ki mayın 8-də Şuşanın işğalı günüdür. Mayın 9-da sülhməramlılar Xankəndidə qələbə paradı keçirəcəklər. Ola bilsin ki, müəyyən təkliflərlə gələcək, amma müsbət bir təklif gözləmirəm. O mütləq bizə qarşı planlar hazırlamış olacaq. Ərdoğan bildirimişdi ki, Ramazan ayının ikinci yarısında Şuşaya gələcək. Ola bilsin ki, Lavrov Ərdoğanı qabaqlayıb hansısa başqatan təkliflərlə gəlmək istəyir. Lavrov ola bilsin ki, təkliflərlə gəlir, amma bizim suallarımızın sayı artır və hamısı da cavabsız buraxılır. “İskəndər”lə bağlı, Arutunyanın Moskvaya səfərilə bağlı, sülhməramlıların fəaliyyəti ilə bağlı qaranlıq məqamlar çoxdur və hamısı cavabsızdır. Vəziyyət elə hala gəlib ki, biz növbəti anti-terror əməliyyatına başlaya bilərik. Bunu Moskva da bilir. Rusiyanın Ermənistandakı hərbi bazasının genişləndirilməsi, Zəngəzurda ikinci bir hərbi baza yaradılması üzərində söhbətlər gedir. Rusiya Türkiyə, İran və Azərbaycana tərəfdaşım deyirsə, bu hərbi bazalar kimə qarşıdır? Ərdoğanın İlham Əliyevlə telefon danışığından sonra “birgə addımlar atacağıq” açıqlaması Kremli narahat etməmiş deyil. Lavrov Bakıya hansı təkliflə gəlirsə, gəlsin, Kremlin növbəti hiyləsinə aldanmaq olmaz.

- Bir neçə gün əvvəl Qırğızıstan və Tacikistan arasında sərhədində yaranmış gərginlik barədə eşitdik. Bu türk birliyinin yaranmasına qarşı atılan qabaqlayıcı təxribat ola bilərdimi? Həmçinin istənilən an istənilən respublikanın daxilində ərazi iddiaları ilə bağlı münaqişə yaradılmasının mümkünlüyünə dair xəbərdarlıq kimi görünə bilərmi?

- Əslində bu durum Rusiyanın imicinə zərbədir.Onun yaratmış olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatın iki üzvü arasında problem yaşanır və bu təşkilatın heç bir işə yaramadığını göz önünə qoyur.


İlhamə Rəsulova

 


Geri qayıt