Əsas Səhifə > Redaktor seçimi > Şarl de Qollun “Koroğlu” sevgisi

Şarl de Qollun “Koroğlu” sevgisi


25-10-2018, 17:15
     İlk tamaşası Bakıda 1937-ci ilin 30 aprelində baş tutan Üzeyir Hacıbəylinin “Koroğlu” operasının o vaxtdan bu günümüzə kimi milyonlarla tamaşaçısı olmuşdur. Premyeradan 7 il sonra – bütün dünyanın faşizmlə mübarizə apardığı illərdə isə ona Fransanın gələcək prezidenti olacaq Şarl de Qoll baxmışdır. Özü də Azərbaycanda! Bugünkü söhbətimiz də elə həmin hadisənin bədiiləşdirildiyi rəngkarlıq tablosu barədədir.
Müəllifi çoxlarına bəlli olmayan “Şarl de Qoll və Üzeyir Hacıbəyli “Koroğlu” tamaşasında. Bakı, 1944-cü il” adlı rəngkarlıq əsəri haqqında söz açmaqda məqsədimiz həm də əsl dostluğun nələrə qadir olduğunu xatırlatmaqdır.
     Zamanında bu əsərin yaradılması təşəbbüsü ilə Ü.Hacıbəylinin Bakıdakı ev-muzeyinin direktoru Ramazan Xəlilov çıxış etmişdi. O, 1975-ci ildən fəaliyyət göstərən muzeyin ekspozisiyasını dahi bəstəkarın həyat və yaradıcılığının müxtəlif səhifələrinə işıq sala biləcək təsviri sənət əsərləri ilə zənginləşdirmək istəyində idi. Yeni əsərlərin yaradılması məqsədilə bir neçə rəssam və heykəltəraşla razılıq da əldə olunmuşdu. Onlardan biri də görkəmli ziyalılarımızın həyatı ilə bağlı maraqlı tablolar yaratmaqda zəngin təcrübəsi olan Ənvər Əliyev (1944-2003) idi.
Hazırda Üzeyir Hacıbəylinin ev-muzeyində nümayiş olunan bu tablonu rəssam 1991-1992-ci illərdə işləyib. Adından da göründüyü kimi, ölçü baxımdan elə də böyük olmayan tabloda azərbaycanlı rəssam fransalı qonağın dahi bəstəkarla birlikdə onun əsərini seyr etməsinə bədii görkəm vermişdir.
     Amma təkcə elə əsərin adının suallar doğurması danılmazdır. Söhbət doğrudanmı məşhur Şarl de Qolldan (1890-1970) gedir? Görəsən, İkinci Dünya müharibəsinin ağır vaxtlarında onun Bakıda nə işi vardı? Onu Azərbaycana bağlayan nə idi? Sayının artırıla biləcəyi bu sualların isə yalnız bir cavabı var: bəli, söhbət sonralar Fransanın prezidenti olmuş Şarl de Qoldan gedir və onun Azərbaycana gəlməsinin, Ü.Hacıbəyli ilə ünsiyyət qurmasının da səbəbkarı vardır. Məsələyə aydınlıq gətirmək üçün bir qədər geriyə - ötən əsrin qırxıncı illərinə qayıtmağa məcburuq...
Söhbətimizi səbəbkarla tanışlığa yönəltsək, öncə, Şəkinin Oxud kəndində yaşayan 21 yaşlı Əhmədiyə Cəbrayılovun 1941-ci ilin yayında cəbhəyə gedən könüllülərin sırasında olduğunu deməliyik. Bir müddət sonra Əhmədiyyə aviasiya məktəbində təhsil almaqla düşmənlə mübarizəyə qatılır. Bir çox uğurlu döyüşdən sonra 1942-ci ildə Kursk ətrafında təyyarəsi vurulur və o, əsir düşür. Müxtəlif həbs düşərgələrində dəfələrlə ölümlə göz-gözə qalan Əhmədiyyəni tale Fransaya gətirib çıxarır. 1943-cü ildə oradakı həbsxana komendantının qulluqçusunun köməyilə əsirlikdən xilas olur və Fransa Müqavimət Hərəkatına qoşulur. Qısa müddətdə müxtəlif əməliyyatlarda göstərdiyi igidliklər onu məşhurlaşdırır və almanlar hətta “Armed Mişel” kimi tanınan azərbaycanlı partizanın başına 10 min alman markası mükafat təyin edirlər.
Fransa partizanları arasında artıq duyulası nüfuz sahibi olan Əhmədiyyə Cəbrayılov 1944-cü ilin 22 avqustunda azad olunmuş Parisdə Fransa Müqavimət Hərəkatının rəhbəri general Şarl de Qolla görüşür və bu tanışlıq onların dostluğuna çevrilir. Həmin vaxtlarda Əhmədiyyənin Şarl de Qollun iştirak etdiyi bütün tədbirlərə qatılması da onların münasibətinin hər ikisi üçün böyük önəm kəsb etməsindən xəbər verir. Zamanında Əhmədiyyə Cəbrayılov mətbuata açıqlamasında bu tanışlığı belə nəql etmişdi: “Mən bəstəboy, arıq bir oğlan idim. Partizanlara qoşulandan sonra aylarla onlar məni sınadılar. Saysız-hesabsız əməliyyat tapşırıqlarına gedərək partizanların rəğbətini qazanmağa nail oldum. Həmişə başıma fransız kepkası qoyardım ki, sadə fransızlardan seçilməyim. Bir gün elə oldu ki, Şarl de Qolla əməliyyata gedəsi oldum. De Qoll hansısa bir ərəfədə qabağa keçərkən ona dedim ki, sən keç arxaya və özüm qabağa getdim. De Qoll dedi ki, niyə belə edirsən? Cavab verdim ki, əgər səni vursalar, bütün Fransa partizanları, müqavimət hərəkatı başsız qalacaq, əgər məni vurası olsalar, heç bir qorxusu yoxdur”.
Bu açıqlamaya onu əlavə edək ki, de Qoll Əhmədiyyənin bu sədaqətindən, cəsarətindən vəcdə gəlir və onların birgə əməliyyatları həmin gün uğurla başa çatır. Onların əsl dostluqlarının təməli də elə o gün qoyulur. Sonralar saysız-hesabsız döyüş tapşırıqlarını yerinə yetirən Əhmədiyyə 1945-ci ilin mayında birinci fransız ordusunun tərkibində döyüşlərə qatılır. Müharibədən sonra Fransada qalan partizan burada ailə həyatı qursa və iki övlad atası olsa da, Dijonda adına dövlət avtomobil zavodu fəaliyyət göstərsə və de Qoll bundan əlavə ona mükafat və var-dövlət təklif etsə də, o, vətənə - Şəkiyə qayıtmaq qərarına gəlir. Heç kim, hətta Şarl de Qoll da onu bu fikrindən daşındıra bilmir. Ayrılıq məqamının yetişdiyinin qaçılmaz olduğunu görən general dostunun şərəfinə vida mərasimi təşkil edir və buradakı çıxışında “Müqavimət hərəkatında iştirak edən qafqazlılar faşizmə qarşı döyüşlərdə həqiqi qəhrəmanlıq göstərmişlər” sözlərini deyir...
Nəhayət, 1946-cı ilin 25 noyabrında “Armed Mişel” ləqəbli Əhmədiyyə Cəbrayılov SSRİ-yə qayıdır. Burada onu “vətən xaini” kimi qəbul edirlər və mükafatlarının bir hissəsini də əlindən alırlar. Tezliklə sovet həyat tərzinə alışan Fransa qəhrəmanı Gəncə Kənd Təsərrüfatı İnstitutunda yarımçıq qalmış təhsilini tamamlayandan sonra ömrünün sonuna qədər Şəkidə aqronom vəzifəsində çalışmışdır...
Oxuduqlarınızdan sonra yazının əvvəlində adını çəkdiyimiz tabloya və Şarl de Qollun SSRİ-yə gəlişi ilə bağlı hadisələrə qayıtmağa ehtiyac duyuruq. Fransa Müvəqqəti hökumətinin rəhbəri Şarl de Qoll birinci dəfə Bakıya 1944-cü ilin 27 noyabrında gəlib. İran ərazisindən keçməklə Moskvaya İ.V.Stalinlə görüşə gedən general bir həftə Bakıda – Qız qalasının yaxınlığındakı məşhur “Hacınskinin evi”ndə qalıb. O, şəhərlə tanış olandan sonra respublika rəhbərinə “Koroğlu” operasına baxmaq istədiyini bildirir. Bundan sonra M.C.Bağırov Ü.Hacıbəylini yanına çağırıb, ona fransalı generalın arzusunu çatdırır. Bu zaman Üzeyir bəy operanın hansı dildə səsləndiriləcəyini soruşur. M.C.Bağırov isə “Bura Azərbaycandır və təbii ki opera da Azərbaycan dilində səsləndiriləcək” deyir. Və məşhur “Koroğlu” operasını de Qoll, Stalindən fərqli olaraq, Azərbaycan dilində dinləyir.
     Fransalı qonağın Bakıda keçirdiyi günlərdən söz açan tədqiqatçılar onun “Koroğlu” operasına baxış zamanı operanın müəllifi Üzeyir bəylə tanış olduğunu bildirirlər. Elə rəssam Ənvər Əliyevin çəkdiyi tabloda da həmin məqam öz əksini tapıb. Dahi bəstəkar operasının məzmununu de Qolla izah etmək istərkən o, “Koroğlu” dastanı ilə tanış olduğunu bildirir. Rəssam bu tarixi görüşün təbiiliyinə nail olmaq üçün generalla bəstəkarı lojada təsvir etmiş və səhnənin də bir hissəsini kompozisiyaya daxil etməklə hadisənin məkan konkretliyini əyaniləşdirmiş olmuşdur. Rəng təzadları ilə məkandakı işıqlandırmanın özünəməxsusluğunu qabardan rəssam, bununla da teatrla bağlı görüntünün reallığına nail olmuşdur...
Səmimi keçən görüşdə qonaq tamaşadan məmnun olduğunu söyləyir. Həmçinin de Qoll ötən əsrin əvvəllərində Fransa mətbuatında tariximizin, ədəbiyyatımızın, mədəniyyətimizin təbliği ilə bağlı danılmaz fəaliyyət göstərən Ceyhun bəy Hacıbəyli barədə Üzeyir bəylə danışır. Onun sayəsində 1925-ci ildə bəstəkarın “Arşın mal alan” operettasının fransız dilinə çevrilərək Parisdə tamaşaya qoyulması barədə də bilgili olduğunu qeyd edir. Daha sonra onlar birgə foto çəkdirirlər.
De Qoll Bakı ilə yaxından tanışlıqdan sonra xüsusi qatarla Moskvaya yola düşmüşdür. Onun Bakı barədə maraqları o qədər çox olur ki, yenidən bura gəlmək barədə Stalinə müraciət edir və növbəti gəlişində yenə də “Hacınskinin evi”ndə yaşayır. Burada qısa müddət qalandan sonra isə Türkiyəyə gedir. Şarl de Qoll sonuncu dəfə 1958-ci il iyunun 10-da Fransa neftçilərinin nümayəndə heyəti ilə Azərbaycana səfər edib...
Şarl de Qoll - Əhmədiyyə Cəbrayılov münasibətlərinin ən maraqlı səhifəsi isə 1966-cı ildə yaşanıb. Həmin ildə Moskvaya rəsmi səfərə hazırlaşan Fransa prezidenti aeroportda onu qarşılayanların sırasında SSRİ vətəndaşı olan və Azərbaycanda yaşayan Armed Mişelin də olmasını istədiyini bildirib. Moskvada və Bakıda “Armed Mişel”in kimliyindən xəbərsiz olduqlarından onu tapmaq elə də asan olmur. Nəhayət, gərgin axtarışlardan sonra onu Şəkinin Oxud kəndində tapıb, Moskvaya dostunu qarşılamağa göndərirlər. Şarl de Qoll Moskvada SSRİ rəhbərlərinin iştirakı ilə keçən məclislərin birində azərbaycanlıların şərəfinə badə qaldırır. Sağlıq söyləyərkən qeyd edir ki, partizanlıq etdikləri vaxt Əhmədiyyə ilə barmaqlarını çərtərək qədim əyyamların adət-ənənəsinə uyğun qanlarını birləşdirib qan qardaşı olublar. Əhd-peyman bağlayıblar ki, heç bir zaman bir-birini unutmayacaqlar. General son cümləsində, sovet rəhbərlərini riqqətə gətirəcək bir söz də deyir: “Mən bu Azərbaycan oğluna görə SSRİ ilə Fransanın yaxınlaşmasına qərar verdim”.
Əlavə edək ki, bütün bu baş verənlər Əhmədiyyə Cəbrayılovun həyatında duyulası dəyişikliklərin baş verməsini şərtləndirir. 1968-ci ildə “vətən xaini” adı onun üstündən götürülür və bəraət verilir. 1970-ci ildə Kənd Təsərrüfatı İnstitutunda təhsilini başa vurduqdan sonra Şəki rayonu Nərimanov adına kolxozda baş aqronom işləyir. 1971-ci ildə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunur.
Ona 1972, 1975, 1982-ci illərdə döyüşlərdə iştirak etdiyi yerləri gəzməyə icazə verilir. O, Montoban, Rodez, Tuluza, Albi şəhərlərinə gedir, həmçinin Paris, Bordo, Strasburq, Lion, Dijon və Marseldə olur, keçmiş döyüş yoldaşları ilə görüşür. 1975-ci ildəki səfəri zamanı o, Fransa Senatında senator Jak Düklo tərəfindən qəbul edilir və ona bu görüşdən xatirə medalı təqdim edilir.
1976-cı ildə isə müharibədəki iştirakına görə o, “Oktyabr İnqilabı” ordeni ilə təltif olunur. 1977-ci ildə Tarn və Qaronda Fransa partizan hərəkatında birgə iştirak etdiyi Rene Şambar SSRİ-yə gəlir və Əhmədiyyə Cəbrayılovla görüşür.
1986-cı ildə Əhmədiyyə Cəbrayılov Fransanın “Müharibə xaçı”, “Hərbi şücaət xaçı”, “Fransa Müqavimət Hərəkatı” və “İgidliyə görə” medallarına layiq görülür. 1990-cı ildə Şarl de Qollun 100 illiyinə həsr olunmuş mərasimlərdə iştirak etmək üçün Parisə dəvət edilir. 1994-cü il  yanvarın 6-da “Front National”ın nümayəndəsi Rene Rassel Əhmədiyyə Cəbrayılova Fransa Müqavimət Hərəkatında iştirakını təsdiqləyən sənədi təqdim edir. Elə həmin ildə məşhur partizan dünyasını dəyişmişdir...
                                                                                                                                                    İmza: Ziyadxan ƏLİYEV

Geri qayıt