Əsas Səhifə > Redaktor seçimi > Min yaşlı qocanın istəyi
Min yaşlı qocanın istəyi6-03-2019, 13:43 |
Hər dəfə bu yolu gedəndə o taya baxmayacağına söz versə də, mümkün olmurdu. Yenə get-gedə ürəyinin döyüntüləri artır, nəfəsi kəsilirdi. İndi halı tələbə vaxtı imtahan biletini çəkmək üçün müəllim stoluna yaxınlaşanda keçirdiyi hislərdən daha dözülməz idi. Əslində, həmişə imtahanlara yaxşı hazırlaşırdı. Yalnız biletdən kənar, “tələ” suallardan ehtiyat edirdi. Bir də o suallardan qorxurdu ki, onların cavabını hansısa mənbədən oxumaq olmur. Onu yaşamalı, əməllə yerinə yetirməlisən... 26 il öncə damörtüyü, tavanı sökülən, qapı-pəncərəsi olmayan “ev”lər, illər ərzində dibinə arx bağlanmayan təkəmseyrək ağaclar göründü... Baxışları qeyri-ixtiyari o taya tikildi. Aha! Dəfələrlə gördüyü mənzərədə artıq bir dəyişiklik edilib. Doğma ocaqdan yad tüstü qalxır! Bərələn gözlərinə duman çökdüyündən xarabalıqda qırmızı şiferli, yeni təmir olunan evləri axıracan saya bilmədi; bir, iki, üç... - Oğul, sən də ordansan? Bir saat olar ki, ancaq sağ tərəfə baxırsan. Boynun ağrımır? Arxasındakı oturacaqda əyləşən qadının sualına gözünü o taydan çəkmədən cavab verdi: - Hə, oralıyam. Ancaq boynum yox, ruhum ağrıyır... - Can bala. Füzulidənsən? - Yox. - Cəbrayıldan? - Yox. - Onda Zəngilandan? - Bu saydıqlarınızın hamısındanam, hər yerdənəm! - Oğul, yaman zarafatcılsan ha... - İki yüz il, bəlkə də lap əvvəlki “zarafat”lar ağrı olub girib bədənimə... - Allah köməyin olsun, bala! - Olmur!... Haradasa 80 kilometr məsafə qət etmişdilər. Ancaq baxışlarını o taydan ayıra bilmirdi. O tay da gözünü qırpmadan ona baxırdı. Heç biri danışmırdı. Elə bil küsülüydülər. Yaxud da güclü bir qüvvə sadəcə baxışmalarına icazə vermişdi. Yox, küsülülər, qan düşmənləri adətən Novruz bayramında barışır, hərdən bir-birinin evinə qonaq da gedirlər. Aradan 26 bayram keçmişdi. Barışmaq üçün bir-birinin qapısını döyməmişdilər. Yurd yerinin, torpağın bu qədər həssas, qəlbiqırıq, aman uman olacağını ağlına gətirməzdi. Bu zaman bizi o tay-bu taylı eləyən çaya baxa-baxa Araz şairinin sözlərini pıçıldadı: Bu torpaq, pilə torpaq, Dilini bilə torpaq! Torpağa kül tökməsən - Dönəcək külə torpaq. Holavar, dədə malım, Dilləndir, qədəm alım. Qada-bala yüklüsən, Torpağım, qadan alım... Düşündü ki, indi istəsə də, baxışlarını ayıra bilmədiyi, sahibini gözləyə-gözləyə ümidi üzülən torpaqların nəinki qadasını ala, bir qarışına belə ayağını basa bilməz. Atasından eşitmişdi ki, sovetlər zamanında Araz boyunca qatarla Bakıdan Naxçıvana, İrəvana gedib-gələnləri bu an onun avtobusla şütüdüyü səmtə sarı çox boylandıqlarına görə sorğu-suala tutur, nəzarətə götürürdülər. İndi isə çərxi-fələk tərsinə dönmüşdü. Arazdan şimala həsrətlə baxırdı... Uzaqdan bu gün-sabah min yaşını qeyd etməyə hazırlaşan Xudafərin körpüsü göründü. Ürəyi sanki başında döyünürdü. Elə bilirdi ki, küsülü torpaqlar kimi Xudafərin də ağzına “durula bilməyən” çayın suyundan alıb səsini çıxarmayacaq. Amma düşündüyü olmadı. Deyəsən, o küsməmişdi. Min ilə yaxındır varlığını qoruduğu sütunlar üzərində qəzəbli görkəm alıb danışmağa başladı: - Qəlbindən keçənləri bilirəm. Bir addımlığımdakı, adımı daşıyan kənd (əvvəlki adı Xudayarlı) mənfur ermənilər tərəfindən dağıdılandan sonra bir-iki il güc-bəla ilə gözlədim. İlk vaxtlar elə ümidli idim ki. Əsrlərlə yükünü çəkdiklərimin qısa zamanda gəlib mənə hayan olacağını düşünürdüm. İllər ötdükcə ümidlərimin şöləsi azalırdı. Yavaş-yavaş küsməyə başladım. İnciməkdə haqlıyam, ya yox?! Deyəsən, heç məni dinləmirsən axı! O isə bütün bu olanlardan özünü suçlu hesab edir, xəcalətdən gözünə gün düşmürdü. Əgər Xudafərin 15 aşırımı ilə başından basaraq torpağa gömsəydi, yenə danışmağa sözü yox idi. Birtəhər özünü topladı, güclə eşidiləcək səslə yalnız bunları deyə bildi: - Haqlısan! Dinləyirəm! - Bilirsən, ən çox nə vaxt bərk narahat oluram. Yazdan bir ay ötəndə yanımdakı xaraba evlərin divarları səs-səsə verəndə... Hərdən həyətlərdəki ağaclar da onlara qoşulur. Bu vahiməli səsdən sütunlarım az qalır ki, sınsın. Hər yaz bu nisgil təkrarlanır, odsuz ocaqlar hər il yazın gəlişi ilə ümidlənir, sahiblərinin qayıdacağına inanır, onlardan səs-soraq çıxmayınca ah-nalə ərşə qalxır. Nə edim, min yaşım var, çox kövrək olmuşam. Artıq bu ah-naləyə dözə bilmirəm. Mən də onlar kimi doğma hənirə, nəfəsə möhtacam... Səndən bir xahiş eləsəm, yerinə yetirərsən? Gözləri aprel buludu kimi dolub, dodaqları səyriyirdi. Sadəcə, başını tərpətməklə razılığını bildirdi. - Dərdimi, nisgilimi getdiyin yerlərdə hər kəsə söylə. Bir də istəyirsən, şəklimi çək, camaata göstərərsən... Çox çətin xahiş eşidəcəyini, boynuna babal qoyulacağını düşünürdü. Amma bu istək təlaşını azaltdı. Onsuz da ağlı kəsəndən qəlbinin istəyilə bu tapşırığı yerinə yetirir, bu yükü çiyinlərində, ruhunda, ömründə çəkirdi. Qarşıdan yenə yaz gəlirdi... Fariz YUNİSLİ Geri qayıt |