Əsas Səhifə > Redaktor seçimi > Prezident İlham Əliyev Xocalı rayon təhsil işçisinə "Əməkdar müəllim" fəxri adı verdi
Prezident İlham Əliyev Xocalı rayon təhsil işçisinə "Əməkdar müəllim" fəxri adı verdi22-10-2019, 14:45 |
Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə Prezident İlham Əliyev bir qrup təhsil işçisinə “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb. “Əməkdar müəllim” fəxri adı verilənlər sırasında Xocalı rayonunun təhsil işçisi Alışov Alış Musa oğlu da var. Alış Alışov 1950-ci ilin oktyabr ayının 15-də Laçın rayonun Fərraş kəndində dünyaya göz açmışdır. Üç yaşında olarkən valideynləri Xocalı rayon Meşəli kəndinə köçmüşdür. Vətənpərvər təhsil işçisi 1988-1992-ci illlərdə Meşəli kəndinin erməni terrorçularından müdafiə olunması üçün kənd özünümüdafiə batalyonunun təşklində, dinc əhalinin qorunmasında fəallıq göstərmişdir. Alış müəllim baş leytenant rütbəsi ilə özünümüdafiə batalyonu komandirinin müavini vəzifəsində döyüşmüş və yaralanmışdır. Müharibə veteranı, II qrup Qarabağ əlilidir. 30 ildir ki, Alış Alışov Xocalı rayon Meşəli kənd tam orta məktəbinə rəhbərlik edir. 39 illik pedaqoji stajı var. Sadəliyi, yüksək idarəçilik qabiliyyəti ilə seçilən Alış müəllim rəhbərlik etdiyi məktəbin uğur qazanması üçün məsuliyyətlə çalışır. Məktəb direktorunun səmərəli fəaliyyəti yüksək qiymətləndirilmiş və ölkə Prezidenti İlham Əliyevin 30 sentyabr 2014-cü il tarixli Sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüşdür. Rəhbərlik etdiyi məktəbin uğurlarına görə Xocalı rayon Təhsil şöbəsi tərəfindən Fəxri Fərmanlarla təltif edilmişdir. Bu nailiyyət Xocalı rayon təhsilinə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğının təzahürüdür. Xocalı rayon təhsil işçiləri Cənab Prezidentin müvafiq Sərəncamını sevinclə qarşılayırlar. Qalib Bəyməmmədoğlu Geri qayıt |