Əsas Səhifə > Redaktor seçimi > “Yoldaşlarından heç biri sağ qalmadı ki, son sözünün nə olduğunu bilək” Şəhid Qorxmaz Mirzəyevin SON GÜNÜ
“Yoldaşlarından heç biri sağ qalmadı ki, son sözünün nə olduğunu bilək” Şəhid Qorxmaz Mirzəyevin SON GÜNÜ20-11-2019, 14:46 |
Rubrikamızda Vətən uğrunda canlarından keçib şəhidlik zirvəsinə ucalan oğul və qızlarımızın ailəsi və yaxınlarıyla sonuncu zəngi, telefon danışığı, son görüşü haqqında danışılır. Rubrikanın növbəti təqdimatı Birinci Qarabağ müharibəsi şəhidi Qorxmaz Mirzəyevə həsr olunur. Bəllidir ki, Birinci Qarabağ müharibəsi zamanı insanların mobil telefondan aktiv istifadəsi yox idi. Həmin dövrlərdə əsgərlər ailələri ilə məktub vasitəsi ilə əlaqə saxlayıb, amma bəzən bu da mümkün olmayıb. Elə buna görə də Qorxmaz Mirzəyevin son günü, ailəsi ilə son xatirələrindən danışacağıq. Qorxmaz Mirzəyev 2 may 1974-cü ildə Goranboy rayonunun Xanqərvənd kəndində doğulub. Qorxmaz Mirzəyev orta məktəbi Mirzə Məmmədov adına Xanqərvənd kənd orta məktəbində başa vurub. 9 may 1994-cü ildə qəhrəmancasına şəhid düşüb. Qorxmaz Mirzəyevlə bağlı suallarımızı şəhidin anası Əfruzə Mirzəyeva cavablandırıb. Bala dərdi ağır olur, unudulmur deyirlər. Qorxmazın ölümündünən 25 il ötsə də, şəhidin anası oğlunun adını eşidən kimi, sanki bu andan çıxıb həmin dönəmlərə qayıtdı. Səsindəki titrəmədən anlamaq olurdu ki, qəlbindəki yanğı hələ də sönməyib... Şəhid anası Əfruzə Mirzəyeva: “Qorxmaz 1974-cü il təvəllüdlüdür. Çox tərbiyyəli, mehriban, valideynini düşününən uşaq idi. Dörd oğlum var idi, oğlanlarımın heç biri ona bənzəmir. O, bir ayrı uşaq idi. Qorxmaz evin üçüncü oğulu idi. Orta məktəbi Xanqərvənd kənd orta məktəbində yaxşı qiymətlərlə başa vurmuşdu. Məktəbi bitirdikdən sonra sənədlərini Gəncədəki Kənd Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) vermişdi, lakin daxil ola bilmədi. Həmin dönəmlərdə Bakıda Hacı Zeynalabdin Tağıyev adına “Ziya” hazırlıq kursu var idi, Qorxmazı ora göndərdik. Hazırlıqdan sonra Qorxmaz Türkiyədə ali məktəbə qəbul olundu. Həkim olacaqdı. Amma 1993-cü ildə Gəncədə hərbi qiyam baş verəndən sonra uşaqlar ortalıqda qaldı. Türkiyəyə oxumağa gedəcəkdi deyə, Qorxmaz xarici pasportunu və digər bütün sənədləri hazırladı. Lakin Surət Hüseynovun hazırladığı hərbi qiyamından sonra ölkədə aləm qarışdı, vətəndaş müharibəsi təhlükəsi, qarşıdurmalar baş verdi. Ona görə də Qorxmaz və bir neçə gənc Türkiyəyə oxumağa gedə bilmədi”. Əfruzə ana deyir ki, Qorxmazın ən böyük arzusu ürəyində qaldı. “Qorxmaz ali təhsil almağı çox istəyirdi. Bu, onun da, elə bizim də ən böyük arzumuz idi. Arzusu baş tutmadığı üçün 1993-cü ilin payız çağırışında oğlum əsgər getməli oldu. Qorxmazgilin dəstəsini əvvəl Füzuliyə apardılar. Hərbi xidmətinin üç ayını Füzulidə çəkdi. Sonra Goranboyun Tapqaraqoyunlu kəndinə aparıblar, həmin vaxt bizim bundan xəbərimiz olmayıb”. Anasının sözlərinə görə Qorxmaz hərbi xidməti dövründə bir dəfə də olsun məzuniyyətə gələ bilməyib. “Bir dəfə əsgərlərə dizenteriyaya qarşı iynə vurulanda Qorxmaz bir günlük evə gəldi, iynəsini vurdurduq. İkinci oğluma dedim ki, bala hələlik Qorxmazın əvəzindən sən get yeri boş qalmasın. Qorxmazın silahını götürüb döyüş bölgəsinə yollandı. Orada komandir həmin oğluma deyib ki, “sən get, qardaşın gəlsin, onun kimi vuruşa bilməzsən”. Atası da Qorxmaza deyirdi ki, get qulluğunu başa vur. Balam da o gedən getdi və 1994-cü il may ayının 9-da şəhid oldu. Döyüş yoldaşlarından bir nəfər də sağ qalmadı ki, görək son sözü, istəyi nə olub”. Həmin dönəmlərdə telefondan aktiv istifadə yox idi, əsgərlər evlərinə ürək sözlərini ya məktub, ya da kimlərinsə vasitəsilə çatdırırdılar. Şəhidin anası: “Bizim Qorxmazın yanına getməyə imkanımız olmurdu, çünki o vaxtlar əfqanlar bizim əsgərlərə döyüş fəndlərini öyrədirdilər, ona görə də onlar görüşə icazə vermirdilər. Böyük oğlum zabit idi, Qorxmazı ara-sıra o gedib yoxlayırdı. Qorxmazgili Füzuliyə aparanda, o, evə avtobus sürücülərindən birininin vasitəilə xəbər göndərdi ki, artıq Füzulidədir”. Əfruzə Mirzəyeva məktəb vaxtı yoldaşlarının Qorxmaza yazdığı yazıları hələ də saxlayır. “Bəzən keçmiş vaxtları yad etmək üçün Qorxmazın xatirə dəftərini açıb oxuyuram. Məktəb yoldaşları Qorxmaza o qədər gözəl sözlər yazıblar, hər oxuyanda göz yaşımı saxlaya bilmirəm. Füzulidəki əsgər yoldaşları da bizə deyirdi ki, Qorxmaz çox igid, tərbiyəli və məsuliyyətli idi. Yoldaşları bir dəfə Qorxmaza deyib ki, gəl gedək burdan, o, isə “Siz gedirsiniz, gedin, mən qalıram, qardaşımın başını aşağı edə bilmərəm” deyib. Əfruzə ana oğlu şəhid olanda bunu hiss edibmiş. “Bir gecə döyüş bölgəsində qəfildən atışma başladı. Ürəyim qəfil titrədi, hiss etdim ki, nəsə baş verib. Ana ürəyi həssas olur axı. Sonra xəbər tutduq ki, Qorxmaz şəhid olub. Balamla birlikdə 9-10 nəfər də şəhid olmuşdu. Ayın 10-da bizə xəbər verdilər və rayon mərkəzinə yola düşdük. Allaha yalvarırdım ki, heç olmasa əli-qolu üstündə olsun. Yoldaşlarının hərəsinin qolu, ayağı bədənindən ayrılmışdı, amma Qorxmaz sadəcə başından yara almışdı. Qorxmaz indiyə qədər cəmi bir dəfə yuxuma girib. Şəhid olmağının təzə vaxtları idi, mən dayanmadan ağlayırdım. Bir gecə yuxuma girdi, gördüm ki, körpünün üstündə əlində silah dayanıb. Körpünün altından çay çox gur axırdı. Yuxumu belə yozdular ki, sən çox ağlayırsan deyə o, narahat olur, ona görə də yuxuna elə girib. Ondan sonra bir dəfə də yuxuma girmədi”. Şəhid anası deyir ki, Qorxmaz 10 rəqəmini çox sevirdi, ayın 10-da da torpağa tapşırlıdı... Qorxmazın dərdinə dözməyən atası Hüseyn Mirzəyev də dünyasını dəyişib. Çox çətinliklər çəkib Əfruzə xanım. Şəhid anası da hazırda xəstədir və gözləri demək olar ki, görmür. Deyir ki, 24 ildir Goranboy rayonunda ev növbəsinə dayanıblar, amma bu günə qədər heç bir səs-soraq olmayıb. Əfruzə xanım hazırda tək yaşayır... Nuranə Daxilqızı Geri qayıt |