Əsas Səhifə > Redaktor seçimi > Təzadlar zirvəsi Tivi və onun mühəndis oğlu Fətdah Səfərov
Təzadlar zirvəsi Tivi və onun mühəndis oğlu Fətdah Səfərov11-12-2019, 21:46 |
Dünyanı idarə edən insandı — insan ağlı, insan idrakı, insan zəkasıdı. Odur ki, insanlar nə qədər dürüst olursa, bizi əhatə edən aləm, bizi əhatə edən dünya da bir o qədər dürüst və gözəl olur. İnsanlar gözəl olursa, əxlaqları, mənəvi aləmləri saf olursa, onlardan danışmaq da bir o qədər asan və ürəkaçan olur. İnternet çox zəngin bir aləmdir. Orda kimi istəsən, hansı çeşiddə, hansı xasiyyətdə adam axtarsan, tapa bilirsən. Bəzən təsadüfi tanışlıqlar da olur. Və bu təsadüfə o qədər sevinirsən ki, bəlkə heç qələmin imkanları daxilində də bu sevinci, bu tapıntını vəsf edə bilməzsən. ...Onun bir neçə video çəkilişinə baxdım və bu çəkilişlər məni maqnit kimi özünə çəkdi. Hazırlayıb ərsəyə gətirdiyi videokadrlara bağlandım. Daha doğrusu, indi hər gün ona baxmasam, darıxıram. Kimdi bu adam? Sadə bir kənd adamı, kənd insanıdı. Amma oxumuş, ali təhsil almış birisidir. İxtisasca mühəndis-geoloqdur. Bakı Dövlət Universitetinin Geoloji coğrafiya fakültəsini bitirib. Maraq kəsb edən tərəfi odur ki, bu adam təkcə öz ixtisasının dili ilə danışmır, həm də həyatı əhatələyən bütün sahələrin dilini bilir və bu dildə danışmağı rahatlıqla bacarır. Səfərov Fətdah Rəcəb oğlu. 1972-ci ildə Ordubad rayonunun Tivi kəndində doğulub. Səhv etmirəmsə, müəyyən bir zaman çərçivəsində müəllim də işləyib. Çətin yolları qət edən, keçilməz dağ aşırımlarında büdrəməyən “Niva” avtomobili də onun sədaqətli köməkçisidir. Bu avtomobili mən onun çəkdiyi videolentlərdə görmüşəm. Əlçatmaz dağlara, şairanə aşırımlı qayalara tərəf dartınan yollarla çox vaxt bu avtomobil ilə dırmanır. F.Səfərov həm də təsərrüfat adamıdır. Bütün tivililər kimi, o da bağçılıq, əkinçilik, heyvandarlıq və arıçılıqla məşğul olur.Muxtar respublikanın dağlarından axan buz bulaqlar, saysız-hesabsız mineral çeşmələri özünə birləşdirən Tivi və Gilan çaylarının suyundan bol-bol faydalanan Ordubad rayonunun Tivi kəndini Youtube kanalında açdığı “Fatdah Safarov” kanalı ilə demək olar ki, bütün dünyaya tanıtdırıb. Onun videolarını canlı izləyənlərin milliyyəti, yaşadığı ərazi, coğrafiyası çoxçeşidlidir. Dünyanın, eləcə də bizə qonşu olan Rusiyanın bir çox şəhərlərindən adamlar Fətdah Səfərovu canlı olaraq izləyir. Izləyicilərinin sayı da kifayət qədərdir. Niyə bu adam və onun hazırladığı videolar bu qədər sevilir? Əsas səbəb Fətdah müəllimin dilinin sadəliyidir. Belə ki o, heç bir əllaməçiliyə yol vermir, heç bir mürəkkəb ifadə, xüsusi terminlərdən ibarət cümlələrdən istifadə etmir. Çox sadə və anlaşıqlı, necə deyərlər, el dilində danışır. Ərsəyə gətirdiyi görüntülərə hər kəsin başa düşəcəyi şəkildə izahlar verir və onun savadlı olmasına şübhə yeri qalmır. Savadı, elmi bilikləri birtərəfli də deyil, universal dünyagörüşə sahibdir. Təbiətdən danışanda təbiətlə bağlı bilikləri çox aydın görünür. Əsasən kənd həyatını çəkib göstərir. Doğma Tivinin mənzərələri onun videolarında hər kəsin yaddaşına bir şeir kimi köçür desəm, yenə də yanılmaram. Çünki mən özüm də o videolara baxdıqca zövq alıram. Poeziyadan, şeirdən aldığım zövqü elə bil bir də təkrarlayıram. Tivinin kənd həyatı adama çox maraqlı gəlir. Hər gün Fətdahın bir və ya bir neçə videosunu izlədikcə nəinki Naxçıvan Muxtar Respublikasının bir parçası olan Tivi kəndi, bütövlükdə, bu qədim bölgə haqqında son dərəcə bədii dillə yazılmış romandan parçalar oxuyurmuş kimi olursan. Kənddə qoyun və naxır növbəsi necə keçir, necə başa gəlir, ot biçimi, tutaq ki, bal mövsümündə bal şanlardan necə yığılır, necə süzülür, bağ-bostan necə əkilib-becərilir? Sadəcə odun doğramaq üsulları, odunu öz çeşidi, növlərilə yığmaq, nisbətən irilərini bir tərəfə, şax-şəvəllisini bir tərəfə, təndirdə, ocaqda yandırmalı olan çır-çırpısını da başqa bir tərəfə dəstələmək, bütün bunların hamısı Fətdahın hazırladığı videolarda ən incə detallarına kimi göstərilərək izləyicilərə təqdim olunur. Atlara həsr etdiyi videolarda Azərbaycan atlarının rəngarəngliyindən, atların xasiyyət və keyfiyyətlərindən az qala bir at bilicisi kimi bəhs edir... Bölgədə Novruz bayramı ərəfəsindəki cıdır yarışlarını təqdim etməklə o, bu yerlərin qədim və maraq kəsb edən adət-ənənələrini gündəmə gətirir. Dəyərlər üzərində xüsusi dayanır. Fətdah müəllimin hazırladığı videolar böyük həvəsin, yurda, torpağa sevginin bəhrəsidir. Və onun özünün vətəndaşlıq mövqeyi, vətənpərvər ruhu bu videoların hər kadrına, hər sujetinə hopub. İnsan özünü sevdirməyi bacarır. Çünki gördüyü işə ürəyini, qəlbini qoyur. Bir kəndi bir şair, bir yazıçı, bir rəssam, bir həkim, bir müəllim, həm də bir mühəndis... tanıda bilər. Dediyimiz kimi, Fətdah Səfərov ixtisasca mühəndis-geoloqdur və mən inanıram ki, yüzlərlə adam Ordubad rayonunun dağlar guşəsində yerəşmiş Tivi kəndini Fətdah Səfərova görə tanıyır. Onun mühəndis müşahidəsi və dəqiqliyi hesabına başa gələn video çəkilişləri bölgəni bütün təffərrüatı ilə seyirçilərə tanıtdıra bilir. Düzünü desəm, bu kəndi Fətdah müəllimdən qabaq şair Sərvər Məsuma görə tanımışam. Bilirdim ki, ədəbiyyatımızın fədakar təmsilçilərindən biri olan Sərvər Məsum Tividəndir. Amma, açığı, onun vasitəsilə Tivini bu qədər yaxından, bu qədər doğmalıqla tanıya bilməmişdim. Görünür, şeirin, poeziyanın gücü ilə videoçəiklişin, obyekti işıqlandıran texniki vasitələrin gücü tamam fərqli imiş. Hadisələri, təbii mənzərələri canlı-canlı, isti-isti göz önünə gətirmək insanı özünə daha çox bağlaya bilir. Çünki burda həm ağıl, həm göz yaddaşı eyni vaxtda, birlikdə çalışır. Mövzunu işləyərkən yazımın qəhrəmanını telefonda Sərvər Məsumdan soruşanda o, ürəkdolusu danışdı, hələ mənim bilmədiyim bir xəbəri də dedi. Sən demə, Fətdah Səfərov bizim mətbuatdan tanıdığımız Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli ilə əmioğludur, olsun! Ancaq bu dünyada hər kəs öz adı ilə çağırılır, öz kölgəsinə görə seçilir. Mən və başqa çoxsaylı izləyicilər də F.Səfərovu öz qabiliyyəti, istedad və bacarığına, Vətənə verdiyi faydanın miqyasına görə tanıyırıq... Bu yazının müəllifi kimi, mən də sadə bir kənd adamıyam. Özüm də dağlarda- daşlarda böyümüş bir tərəkəmə oğluyam. Fətdah müəllimin videolarında əsasən tərəkəmə həyatının, yəni çöllüyün, çöl həyatının özəllikləri öz əksini tapır. O, təkcə doğulduğu Tivi kəndini deyil, ümumiyyətlə, Muxtar Respublikanın, xüsusilə Ordubad rayonunun gəzdiyi hər guşəsini görüntüyə gətirmək, təsvirə çevirmək fürsətini əldən vermir. Tivi və onun ətraf kəndləri, məsələn, Biləv, Parağa, Nəsirvaz, Xurs, Dizə, Ələhi, Gilan... və digər coğrafi ərazilər müəllifin kadrlarında Azərbaycanın əsrarəngiz guşələri kimi göz oxşayır. Bəzən görürsən ki, Fətdah müəllim vəhşi təbiətin izlərini də həssaslıqla görüntüyə gətirir. Dağ keçilərini, dağ qoyunlarını, kəllərini muxtar respublikaya xas kəskin kontinental iqlimdə yaşamağa uyğunlaşmış digər vəhşiləri hürkütmədən, onları duyuq salmadan elə çəkir ki... Çox mahir, çox ustaca. Hər işin sənətkarı olmaq bütün hallarda baş ucalığıdır. Hətta deyirlər ki, oğru olanda da, gərək peşəkar bir oğru olasan. Məsələnin bu tərəfi ilə razılaşa bilməsəm də, Fətdah müəllimin öz işində sənətkarlıq nümayiş etdirməsilə tamamilə razıyam. Onun doğulduğu bir tərəfində oyanış, hərarət, bir tərəfində qar, soyuq, dəniz səviyyəsindən 3000 m yüksəklikdə yerləşən təzadlar zirvəsi Tivi kəndi kiçik Qafqazın Zəngəzur silsiləsinin ətəyində yerləşir. Rayon mərkəzindən 60 kilometr, Ordubad — Bist şosesinin kənarında... Kiçik Qafqaz sıra dağlarının ən uca zirvəsi məşhur Gəmiqaya — Qapıcıq dağı, abidəsi də bu kəndin şimal-şərqindədir. Ordubad rayonu, Tivi kəndi, eləcə də rayonun digər kəndləri ən qədim yaşayış məskənlərindən hesab olunur və bu rayonun, həm də elə Tivi kəndinin coğrafiyası tarixi memarlıq abidələriylə zəngindir.Oykonim özü də kənddəki mineral bulaqların adıyla bağlıdır. “Tivi” sulu yer, sulu məkan anlamına gəlir. O da ayrıca bir həqiqətdir ki, möcüzəli təbiəti, sirli aləmi, təbii gözəlliyi, bol məhsullu meyvə bağları, şəfalı dərman bitkiləri, ucsuz-bucaqsız əkin sahələri, zəhmətkeş insanları, istedadlı ziyalıları, igid oğulları, hərb tariximizin sərkərdələri ilə düşmənin gözünə iti xəncər kimi batıb bu diyar. XX əsrin əvvəllərində ordubadlılar, eləcə də tivililər Türkiyədən Kazım Qarabəkir Paşanın ordusu gələnə qədər erməni terrorundan müsibət çəkiblər... Fətdah Səfərov qədim yurd yerlərimizin abidələrini, bu yerlərin təbiətini, coğrafiyasını videolentlərin yaddaşına köçürərkən məqamı gəldikcə tarixi qaynaqlara da istinad edir, keçmişimizin qanlı və şanlı səhifələrini də yaddaşımızda təzələyir, bu olayları bir daha tarixləşdirir, yenidən tarixə çevirir, onlar haqqında bilgiləri gənc nəslin yaddaşında bir daha möhkəmləndirir. Bir də təkrar edirəm, o, gördüyü işləri sevərəkdən həyata keçirir, məqsədi də cəmiyyətimizdə, cəmiyyətin üzvü olan hər birimizdə vətəndaşlıq qayəsini, yurd sevgisini artırmaqdan, möhkəmlətməkdən ibarətdir. Hərdən öz-özümə fikirləşirəm ki, kaş bizim itirilmiş torpaqlarımız, işğal olunmuş yurd yerlərimizin tarixi, coğrafiyası, mədəniyyət və məişəti barədə də belə verilişlər, reportajlar hazırlayan bir neçə fədakarımız olsa, çox yaxşı olardı. (Əvvədi 4-cü səhifədə) Təəssüflər olsun ki, bu işi bilən mütəxəssislərimiz olsa da, çox vaxt gözə dəymirlər. Əksinə, hələ tariximizə xor baxan, eposlarımızın qəhrəmanlarının ruhuna balta çalanlar da olur. Məsələn, Dədə Qorqud qəhrəmanlarını “Flaqman” ət məhsullarının araya qoyub tarixi xan Qazanı məişət əşyası qazanla eyniləşdirib gözdən salmaq istədiyi kimi... Fətdah Səfərov işinin öhdəsindən gəlir. Bircə arzum var ki, o, Naxçıvan Muxtar Respublikasını əhatə edən coğrafiyadan misilsiz bir sevgiylə danışdığı kimi, hərdən Qarabağımızdan, yağı əlilylə talan olmuş yurd yerlərimizdən də bəhs etsin. Hiss edirəm, duyuram ki, o, Azərbaycanın hər qarışını doğma Tivisi qədər sevir. Yeri gələndə də bunu vurğulayır, öz düşüncələrinin gözünə qatıb bizlərə deməyi də unutmur. Onun qəlbindən həm də Naxçıvanın o taya həsrətlə baxan, bir üzü Savalan, bir üzü Qarabağ olan “Cənub dağları”nın mehi əsir ... Çünki çəkilişlərində muxtar respublikanın sərhədlərini qapsayan uca dağlardan Dağlıq Qarabağ ərazilərinin göründüyü xüsusi bir kədərlə dilə gətirilir. Bir sözlə onun bizə təqdim etdiyi videoların hər biri Vətən haqqında yaddaşımıza köçən bir salnamədir . Şeirli, bayatılı, nəğməli, tarlı, kamanlı... Vətən tariximiz Fətdah Səfərovun videolarında gündə neçə kərə canlanaraq, yaddaşımızın guşələrində təzələnərək yenidən özümüzə qayıdır. İnanıram ki, 1400-ə yaxın əhalisi, əlverişli coğrafi məkanı olan, elmimizin müxtəlif sahələrinə töhfələr vermiş Tivi kəndində Fətdah Səfərovu hər kəs sevir, çünki Tivi kəndi dünyaya Fətdah Sfərovun videolarından baxır. Təbiət aşiqi, təbiət vurğunu olan bu qəhrəmanımız həm də ləyaqətli bir ailə başçısıdır. Üç övlad atasıdır. Böyük oğlu Fuad bəy Bakı Ali Neft məktəbinin Kimya mühəndisliyi ixtisası üzrə 5-ci kurs, qızı Selcan xanım Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin II kurs tələbəsidir. Kiçik oğlu Ayhan isə məktəblidir, özü də atasının çəkdiyi videolentlərin əsas obrazlarından biri kimi yadda qalır . ...Fətdah Səfərovun bizə təqdim etdiyi videolentlər barədə çox danışmaq olardı. Hələ orası yadımdan çıxıb ki, bu videoverilişlər təkcə bir yurdu, bir bölgəni tanıtmır, həm də cəmiyyətimizi, xalqımızı bütövləşdirir, dövlət və hökumətimizin milli birliyini ifadə edir. Görünən odur ki, muxtar respublikanın əhalisi, videokadrlara düşən tivili və ordubadlılar yaşayışlarından, həyat səviyyələrindən, dolanışıq imkanlarından olduqca razıdır. Zəhmət çəkməyə, işləməyə heç kəs mane olmur. İşləyir və bol-bol da bəhrəsini görürük deyirlər... Sosial problemlər ən ucqar dağ kəndlərində belə həll olunmaqdadır. Dağ kəndlərinə çəkilən asfalt yollar, işıq, su kəmərləri, zirvələrdən bizi qoruyan əsgərlərimiz... Əhalinin zəhmətkeş təbəqəsinə, fermerlərə, işgüzarlığa ayrılan diqqət və qayğı... bunların hamısı da öz yerində. Fikrilərimizi elə burda yekunlaşdıraq. Əsas odur ki, belə bir vətənpərvər, yurdun həm qayğısını, həm nazını, həm ağrısını çəkən bir vətəndaşımızla ötəri də osla tanış olduq. Gəlin, hamımız yaxşı olmağa çalışaq. İşimizin, sənətimizin sahibi olmağı bacaraq.Təzadlar zirvəsi Tivini və onun mühəndis oğlu Fətdah Səfərovu da unutmayaq... Fariz Çobanoğlu Geri qayıt |