Əsas Səhifə > Redaktor seçimi > Şair-publisist, küllü-Qarabağın sevimlisi Əli Mahmudun söz xalçasından butalar

Şair-publisist, küllü-Qarabağın sevimlisi Əli Mahmudun söz xalçasından butalar


22-05-2020, 23:36
                                                                             
                                                                           Vaqif  Bəhmənlinin  təqdimatında
           
 
Ömür fraqmentləri
 

Bağlı qapı açaram...
   
     Mən içərisinə nə az, nə çox, yetmiş sual yazılmış qeyd dəftərini (əslində, babat qalınlığı olan bloknotu) götürüb açmağı düşünəndə və Əli müəllimi "sovet jurnalistləri" demişkən, "sual yağışına tutmaq" istəyəndə bizi həyətə gətirən "Hyuindai" markalı qara maşın iyirmi dəqiqə olardı ki, çıxıb getmişdi. Yaxşı, bəs "Hyuindai" maşının mənim yaddaş dəftərimə nə dəxli? Məsələ burasındadır ki, mən məhz  babat qalınlığı olan o bloknotun arasını kəmali-ədəblə aralayıb, orada sıralanan 70 sualı bircə-bircə Əli müəllimə verməli və cavab almalı idim. İndi isə... bax həmin o dəftər bardaçokda qalmışdı, yəni bizi bağa gətirən qara "Hyuindai"nin bardaçokunda qalmışdı, o da bizi bağa düşürdəndən sonra dərhal çıxıb getmişdi...
Bir dəfə 60 yaşı ilə əlaqədar "XXI Gənclik dərgisi"nə yazı hazırlamaq üçün o zamanlar, elə indi də çox sevdiyim şair adaşımla, daha doğrusu, Vaqif Səmədoğluyla görüşərkən, o mənə belə demişdi: bilirsən, adaş, indi mənim elə yaşımdır ki, əlimdə qələm olmadan düşünməyə ixtiyarım yoxdur. Söz xoşuma gəlmişdi. Yadımdadı, Vaqif müəllim bu kəlmələri söyləyəndə zəndlə üzümə baxırdı, sanki bilmək istəyirdi görsün, qarşısında əyləşib ona suallar verməyə hazırlasan digər Vaqifin qələmsiz düşünmək şansı tükənib, yoxsa hələ qalır...
 Əlbəttə, Əli müəllimi o dərəcədə ətraflı tanıyıram ki, onunla saatlarca qələmsiz sinə söhbəti eləyə bilərəm. Yəni bədahətən nələrisə soruşa, bədahətən cavablar ala və bədahətən də dostumun dilindən çıxan hər bir kəlməni yaddaşımın bir küncündə saxlamağa gücüm yetər. Digər bir tərəfdən, çox şükür ki, indi, bizim zəmanəmizdə əl telefonlarının muncuq-muncuq xırda, qara gözlərindən  sərçə də yayına bilməz, bu başabəla cihazcıqlar səsi səs kimi, görüntünü surət kimi sinəsinə köçürür!..
   İntizamlı müxbir düşüncəsini başımdan çıxarmaqdan  ayrı bir yolum qalmırdı. Yanvarın ortası, bu çovğun-qiyamətdə ordan durub bura gəlmişik, "Hyuindai"  isə bizi geri aparmağa, aşağı-yuxarı, altı-yeddi saatdan sonra qayıdacaq.
Əli müəllim dəftərçənin "Hyuindai"də  getməsinə yüngülcə təəssüfləndi. Baş verən arzuolunmaz olaya görə, əlbəttə, Əli müəllim  bir az daha artıq təlaş keçirməsinə dəyərdi. Amma mən, ayrı illəri qoyuram bir qırağa, yalnız 1987-1993-cü illərdə əsl cəhənnəm həyatı yaşayan bu adamın səbrinin və müdrik susqunluğunun miqyasına da bələdəm...
Vaqif Səmədoğlu ilə söhbətim 1999-cu ildə olmuşdu, indi, bu gün bir qədər keçəcək və mən əmin olacağam ki,  nəinki qələmsiz, hətta bloknotsuz düşünmək şansım  21 ildən sonra da qalır!
Kondisioneri  işə salıram. Qazı yandırıb ağzınacan suyla doldurduğum çaydanı göyümtül od dilimləri oynaşan pilətənin üstünə qoyuram. Mətbəxin qarşısındakı, bizim əyləşib elə buradaca söhbətləşmək qərarına gəldiyimiz otaq xeyli iridi, yəqin istiləşməyi bir qədər çəkər, Əli müəllim qalın gödəkçəsinin düymələrini açsa da onu soyunmağa tələsmir:
- Otaq soyuqdu, - deyir,- qoy yaxşı isinsin, palto-papaq məsələsinə bir azdan baxarıq.
Üzbəüz əyləşirik. O, istiqanlılıq, mərhəmət yuvasına bənzər gözlərini üzümə zilləyib. Yəni, mən hazır, buyur, suallarını ver.
Əli Mahmud  həmən o şəxsdir ki,  hər dəfə onu görəndə (və məncə, istisnasız olaraq) xəyal məni 1975-ci ilə, yəni burada üzbəüz əyləşdiyimiz gündən 45 il əvvələ aparır. Həm də xəyal məni bir başqa yerə yox, məhz ora, Şuşaya aparır. Avqust ayının axırlarına...
O zamanlara ki, ocağımızın başına keçirtdiyimiz məkrli-maskalı düşmən "miatsum" deyə bağıra-bağıra küllü-Qarabağı qan gölünə döndərmək, məhz müsəlman-türk olduqlarına görə bütün Qərbi Azərbaycan boyunca  dədə-babalarımızın məskunlaşdığı torpaqları soydaşlarımıza olmazın işgəncə verərək boşaltdırıb xaraba qoymaq, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Şuşa, Ağdam, Füzuli və ümumən Dağlıq Qarabağ deyilən muxtar vilayətin torpaqlarını işğal altına almaq niyyətlərini hələ örtülü qazanda qaynadırdı. O zamanlara ki, hələ Azərbaycan Respublikasının ərazisinin 20 faizi zəbt edilməmişdi, tapdaq altına düşməmişdi. Qarabağ uğrunda döyüşlərdə, ümumiyyətlə, ölkəmizdə hökm sürən müharibə, işgəncəli qaçqınlıq-köçkünlük durumu ilə əlaqədar 1 milyon 250 min azərbaycanlı yurd-yuvasından didərgin düşməmişdi, 20 min soydaşımız qanlı müharibədə həyatını itirməmiş, 50 min insan əlil olmamış, 6 mindən çox azərbaycaclının qismətinə itkinlik, əsirlik, girovluq yazılmamışdı..
Onda bizim ağlımıza da gəlməzdi ki,  erməni cəlladlarının beynəlxalq havadarlara arxalanaraq törətdiyi cinayətlər, terrorizm nəticəsində Azərbaycanın Qarabağ regionunun varidatına 300 milyard dollar həcmində ziyan dəyəcək. Onda Şuşa, mənim unudulmaz şəhərim Şuşa dağlar başında şah qəsrində qərar tutan gözəl, qənirsiz bir pəri kimi bütün Azərbaycana əl eləyib:  gəlin, mənə yüksəlin, məni sahibsiz qoymayın deyirdi sanki...
İl o il, günlər o günlər idi. Bəlkə də Şuşa ötən yüzilliklərdə bənzərsiz bir şəhər qismində qüvvətlənərək yetişdiyi keçmiş, şərəfli məqama yenidən qovuşmanın astanasındaydı. 1970-1980-ci illərin birinci yarısında Şuşa yenə də ənənələri qorumaqda, Azərbaycanın dörd bir yanına yaradıcı ruh, estetik motivlər yayan mədəniyyət mərkəzlərindən biri missiyasını yerinə yetirməkdə idi!
Onsuz da hələ otaq soyuqdu, bəlkə elə xəyalımdakı avqusta, xatirimdəki o gözəl Şuşanın sərin istisinə bükülüm bir az... Romantika, nostalji hisslərin doyulmazlığı öz yerində, bizim indi edəcəyimiz söhbətin mükəmməlliyi naminə elə indi taym-aut götürüb, güman ki, Əli müəllimin hövsələsinin dözüm göstərəcəyi vaxt aralığında yaddaşımın həmin o dərinlkdəki nöqtəsinə dalmağa daxili bir qərar verirəm...
Əslində bu barədə nə vaxtsa, tələbə dostum, indi professor, elmlər doktoru Qulu Məhərrəmliyə həsr olunmuş "Səhərin adamı" oçerkində söz salmışdım. İndi isə o xatirata açıq-aşkar ehtiyac yaranıb və elə bu səbəbdən də bu müsahibəyə dolğunluq gətirəcəyini düşündüyüm bəzi məqamları qısaca olaraq bir daha yada salıram.
Biz Azərbaycan Dövlət Universiteti jurnalistika fakultəsinin üçüncü kursunun üç tələbəsi -  Vaqif Bəhmənli, Qulu Məhərrəmli və Çingiz Aslanov, 1975-ci ilin yayında gözəl şair, o zamankı ADU-nun kafedra müdiri Famil Mehdinin rəhbərliyi altında "Şuşa" qəzetinin redaksiyasına təcrübə keçməyə göndərilmişdik. Yay vaxtı redaksiyada çalışan böyük əksəriyətin məzuniyyətdə olması səbəbindən biz bu dağlar arasına göydəndüşmə bir təbərrük, bu balaca redaksiyaya, bu solğun rayon qəzetinə Allah-Təalanın  lütfü idik ki, gəlib çıxmışdıq bura; redaktor İsrafil Əbilov, redaktor müavini Qaffar müəllim, şöbə müdirləri  Ülfət Muxtarov, Elman Elsevər, Şuşa RPK-nin təlimatçısı Ziyəddin Məhərrəmov, makinaçı Tahirə xanım, mehmanxana müdiri Əhəd müəllim, metrampaj Cəlil və digərlərinin hədsiz qayğıkeşliyi aurasında, onlardan bir çoxunun  səhərlər ikram etdiyi çaya, pomidor-yumurta çığırtmasına, günortalar sarımsaq qatıqlı yarpaq dolmasına, düyü supuna, hərdən axşamlar kababa-filana qonaq ola-ola gəlib çıxmışdıq avqustun axırına.
Beş-on günə təcrübə müddəti bitəcəkdi və Çingiz Ağdama, mən Füzuliyə, Qulu Zəngilana yollanacaqdı; yenidən Bakıda dərslərə davam etmək üçün...
Həmin vaxt, əgər səhv eləmirəmsə, Elman Elsevər deyəsən lap sevinə-sevinə dedi ki, bu gün qəzetin məsul katibi, şair Əli Mahmud məzuniyyətdən qayıdıb işə çıxıb, günorta bir yerdə çörək yeyəcəyik. Babalı yaddaşımın boynuna, deyəsən, belə olmuşdu. Əli müəllimlə iki-üç dəfəlik təmaslarımızdan sonra, praktikant görəvimiz başa çatdı və biz dağlardan arana endik, Şuşadan, Əligildən ayrıldıq.
25 yaşlı o zamankı Əli müəllimin cazibəsi, onun məxmər kimi yumşaq təbiəti, xeyirxah xisləti heç zaman mənim qəlbimdəki Əli Mahmud adlı işığın nurunu bir zərrə qədər də azaltmağa imkan vermədi. İki-üç il sonra, 1978-ci ildə biz gənc şairlər sırasında Şüvəlan seminarında görüşdük. Əli Mahmudun qulpundan yapışdığı qəhvəyi rəngli, işıldaq, bir qədər də iri əl çantasının görüntüsü indi də gözümün önündədir.
İndi deyə bilərəm  ki, həmin illərdə onunla böyük dostluğumuz başlamışdı. Elə Elman Elsevər, Ələmdar Quluzadə, Ziyəddin Məhərrəmov, İlhami Cəfərsoyla da. Onlar rayondan mənim ünvanıma "Sovet kəndi" qəzetində çap olunmaq üçün məqalələr, oçerklər, şeirlər göndərirdilər. İmkan daxilində hazırlayıb, qəzetin tələbinə uyğun həcmə, formaya salıb çap edirdik. Onların yolu Bakıya düşəndə şəhəri birgə gəzib dolaşır, digər dostlara baş çəkir, ala-babat da vururduq...
Zaman keçəcək, mənim "Kommunist" qəzetində çalışdığım vaxtda, Qarabağın qan çanağına döndüyü ərəfədə Əli Mahmud və digərləri  "Topxananın harayı" məqələsini imzalayaraq ölkənin bir nömrəli qəzetinin üstünə göndərəcək, od püskürən sətrlər 500 min nüsxədən çox tirajı olan qəzetdə işıq üzü görəcək və ilk dəfə insanlar Bakıda meydanlara axışmağa başlayacaqdı, Əli Mahmud indi də davam edən ağır Qarabağ sınağından kişi kimi çıxacaqdı, öz simasını, insaniyətini, şair ürəyini, dağ etibarını qoruyub saxlayacaqdı. "Qarabağ", "Qarabağa aparan yol" qəzetlərinin yaradıcılarından və onları yaşadanlardan biri olacaqdı...
Hər zaman olduğu kimi biz yenə də sadə şəkildə, iki qardaş olaraq görüşə bilərdik. Bəs yaxşı indi Əli ilə söhbətləşib onun dediklərini bir yazı halına gətirmək istəyi haradan qaynaqlanırdı, buna bir zərurət vardımı? Axı deyəsən o, Qarabağ mövzusunda lazım olduğundan da artıq yazıb?! Amma, bu dünyada səbəbsiz olan nə var ki? Səbəblər isə müxtəlifdir; bu təvazökar, gözəl şairin, qüdrətli, inadkar publisistin ötən il 70 yaşı tamama yetmişdi, düzü, mən bundan xəbər  tutmamışdım. Onun ətrafındakı mətbuat, qələm adamları da sanki susmuşdular.
Bir azdan Əli deyəndə ki, o vədələr yaş kağızında yanlışlıq olub, bir yaş böyük yazıblar, 70 yaşım da bu ilə düşür, əməlli-başlı sevinəcəkdim. Deməli, söhbətimiz yerinə düşürdü. Şəxsən məni bu söhbətə cəzb edən digər  səbəb isə, heç şübhəsiz, Əli müəllimin hər zaman sözün tam mənasında maraqlı həmsöhbət olması, onun danışığındakı şəhdi-şirə, kolorit, müdrik çalarlar idi.
Ən ümdə məsələ isə ondan ibarətdir ki, 1992-ci ilə qədər qədim-qayım Qarabağ torpağını qarış-qarış, ev-ev, kənd-kənd, şəhər-şəhər, dərə-dərə, dağ-dağ gəzib dolaşan dostum oraların "hər daş altında yatan tarixini" əzbər bilirdi və heç bir vəchlə unutmurdu.
İndi budur, yəqin oxucu da bu fikrə şərik çıxar ki, bütün bunları, onun çoxdan Qarabağ anlayışının bir parçasına çevrilmiş yetmiş illik həyat hekayətlərini təkrar-təkrar dinləyib kağıza köçürmək o yerlərin darda olduğu, oralı insanların pərən-pərən düşdüyü bir vaxtda ən azı, bir vətəndaş, bir qələm  borcudur. Onun danışıb-demək, mənim kağıza köçürmək borcum... Bəli, hələ ki, Qarabağ dağı-aranıynan qəsbkar tapdağı altındadır. Amma mənim içimdə möhkəm və sarsılmaz inam var ki, biz o torpaqları geri qaytaracağıq, yəni biz o yerlərə dönəcəyik! Başqa cür necə  ola bilər axı? Amma hansı ovqatla? Mənəvi sərvətimizin, Qarabağ insanına məxsus tanınma nişanlarının hansılarını qoruyub, hansılarını itirərək qayıdacağıq? Qarabağ yalnız torpaq, ərazi, məkan deyil axı, heç yalnız zaman da deyil, heç yalnız hava da deyil. Qarabağ anlayışını bütövləşdirən yeganə faktor varsa, o da insandır, Qarabağlı koloritidir, onun daşıyıcısı bir başqası deyil, QARABAĞLIDIR!
     Məsələ budur ki, yüz illər boyu böyük zamanı saniyəsinəcən biri-birinin yanında, qapı-qapıya, nəfəs-nəfəsə yaşayan bu insanlar, Qarabağdan didərgin düşənlər indi Azərbaycanın dörd bir tərəfinə səpələniblər, 10-20 qatlı binaların mərtəbə və mənzillərində, zirzəmilərində gözdən itiblər, sanki görünməz olublar. İndi onlar vahid bir mentallığa malik region mühitini itirə-itirə, kollektiv gücünü azalda-azalda yaşayırlar. Onlar, ən yaxşı halda toyda-yasda, təsadüfən küçədə görüşür, doluxsuna-doluxsuna heç bilmirlər nə desinlər, nədən danışsınlar, danışmağa söz tapmırlar. Bu, ağır bir imtahandır! Məhz belə bir mərhələdə yüz minlərin yaddaşını oyatmaq, daha doğrusu, oyaq saxlamaq naminə Əli Mahmud kimi zəngin mənəviyyatlı, imanını, inadını, təmiz adını qoruyub saxlamış insanları dindirib dinləmək, heç olması onların xəyalının qanadında əzabkeş soydaşlarımızı müqəddəs Qarabağ hicrətinə çıxarmaq olduqca gərəklidir.
Elə görünməsin ki, biz ikilikdə Qarabağ mövzusunun aktuallığını qorumaq missiyasını üzərimizə götürmək niyyətindəyik. Əsla, əksinə, onu bilirik ki, bu bəlaya düçar olduğumuz 30 ildən artıq bir dövdə Qarabağ uğrunda çarpışan bir bədii söz, sənətkar ordumuz var. Qarabağ münaqişəsinin tarixi xronologiyasını bütövləşdirmək naminə  Azərbaycan milli jurnalistikası Çingiz Mustafayev, Salatın Əsgərova, Kazımağa Kərimov... kimi şəhidlər vermişdir. Eyni zamanda, bədii ədəbiyyatımızda Qarabağ mövzusu yazıçı-vətəndaş borcu kimi qavranılmış, Bəxtiyar Vahabzadə, Qabil, Nəriman Həsənzadə, Sabir Əhmədov, Fikrət Qoca, Anar, Elçin, Musa Yaqub, Xəlil Rza Ulutürklə yanaşı, sonrakı ədəbi nəslin nümayəndələri - Mövlud Süleymanlı, Seyran Səxavət, Çingiz Əlioğlu, Sabir Rüstəmxanlı, Hüseynbala Mirələmov, Eldar Baxış, Zəlimxan Yaqub, Mətləb Misir, Məmməd Oruc, Aqil Abbas, Ələmdar Quluzadə, Nemət Veysəlli, Vahid Əlifoğlu, Elçin Hüseynbəyli, Adil Cəmil, Ağacəfər Həsənli, Əjdər Ol, Əbülfət Mədətoğlu... və digərləri Qarabağ ağrısını, bu fəlakətdən çıxış yollarını canlandıran dəyərli nəsr, poeziya və publisistika əsərləri yaratmışlar...
     Nə yaxşı ki, əyləşdiyim kreslodan qalxıb gah kondisionerin otağı isidib-isitmədiyini yoxlayanda, gah da qazın üstündə bir neçə saniyədən sonra qaynara düşəcək ağ, emallı çaydanın qapağını əlimi yandıra-yandıra açıb-örtəndə Əli müəllim məni tələsdirmirdi və mən bu düşüncələri başımdan keçirirdim,  indi isə, aradan iki gün ötəndən sonra, daha Əli müəllimlə birlikdə deyiləm və təkcənə oturub o anlarda sürətlə fikrimdən keçənləri elə həmin sürətlə də kağıza köçürürəm! (Heç zaman qələmdən özgə sürətli yazı ləvazimatlarına - makinaya, kompüterə vərdiş edə bilmədim). Söhbət zamanı da qarşımda qalın dəftərçə, əlimdə qələm vardı, hər ehtimala qarşı "yeni jurnalistlər" sayaq telefonumun səs yazan düyməsini də basıb Əli müəllimin səsini rahat götürə bilən ən münasib nöqtəyə qoydum (öz aləmimdə) və dedim:
- Əli müəllim, əvvələn sən bizə xoş gəlmisən...
- Həmişə xoş gününüzə gələk, - Əli müəllimin pilə kimi yumuşaq və xışıltılı cavabına başımla razılığımı bildirir və sualıma davam edirəm.
-  Bu gün səninlə elə bir söhbət aparmaq istəyirəm ki, uzun da olsa, qısa da alınsa, oxuyub-bilənlər təsirlənsinlər, Qarabağda deyildiyi kimi, bizim də ürəyimizdən tikan çıxsın!
- Vaqif, səhv etmirəmsə, səninlə tanış olub çörək kəsdiyimiz, bir-birimizə qardaşlıq ediyimiz vaxtdan 45 il ötüb. 45 il iki igidin ömrüdü. Səninlə söhbət etmək həmişə xoşdu. Yoxsa, hər çağırışa görə, belə çovğunda 40 kilometr yolu basıb Mərdəkana gəlmək mənlik deyil.
- Peşmançılığa heç bir əsas yoxdu, qardaş, gördün ki, yoldan karlı bazarlıq elədik. Qoy bir az söhbətimiz irəliləsin, qəşəng stol açacağam... Rəhmətlik Şahin müəllim yadındadı, "Sovet kəndi" qəzetində bir yerdə işləmişik. Rəhmətlik Nəriman Zeynalovun müavini idi...
- Niyə yadımda deyil, Qarabağı birlikdə çox gəzib dolaşmışıq, dönə-dönə ailəlikcə Şuşada qonağım olub. Şahin müəllimin qardaşı Abbas dayı İkinci Dünya müharibəsi zamanı itkin düşmüşdü. Sonra məlum oldu ki, Amerikada yaşayır. Cahid Quliyev, Oqtay Quliyev Şahin müəllimin qardaşlarıdı, hər ikisi görkəmli alimdi - biri filosofdu, biri musiqi nəzəriyyəçisi, gözəl tar ifaçısı. Evləri Ağdamdaydı, ağdamlı kimi tanınırdılar, mən bilən, əsilləri Malbəylidəndi...
- Pis deyil yaddaşın, maşallah, hə, qardaş, o Şahin müəllim kefi yaxşı olanda özünəməxsus şəkildə Qarabağ lətifələrini söylər və özü də dediyi lətifəyə şaqqanaq çəkib gülərdi. Belə bir yumor söylədi. İki şuşalı şəhəri gəzib dolaşandan sonra günorta yeməyi vaxtı üz qoyurlar evlərinə tərəf. Elə ki, bunlar evi ən yaxında olan şuşalının darvazasına çatır, həmin şuşalı zarafatla ikinci şuşalının sinəsindən geri itələyə-itələyə deyir: - Ə, bilirəm ey, sən bizə getməzsən, yox ey, vallah, sən bizə getməzsən... - deyə-deyə bu şuşalı o biri şuşalını qapısının ağzından xeyli aralayır.
Əli müəllim xısın-xısın gülür, dərhal da dillənir:
- Yumor şuşalının həyat tərzidir. Yüz faiz bunu bir başqa yerin adamı deyil, şuşalı şuşalı  haqqında düzüb-qoşub. Hətta, məzmun onların xeyrinə olmasa belə, şuşalı qarşısındakı həmsöhbətin kefini xoş eləmək üçün, yaxşı bir əhvalatı eşitmək xətrinə, əstafurullah, canından keçər...
- Bir yana baxanda, - dillənirəm - mənim də Şuşaya qatışacağım var.
- O nə təhər olur? - Əli müəllim soruşur.
- Deyim nə təhər olur.  Şuşa şəhərinin banisi kimdi?
- Rəhmətlik Pənahəli xan...
- Pənahəli xan hansı nəsildəndi? Bəhmənli elinin Sarıcalı nəslindən. Səhv etmirəm ki?
- Yox, düppədüz. Mirzə Adıgözəl bəy "Qarabağnamə"sində belə də yazıb, Yusif Vəzir "Od içində" romanında, daha bir çox yazarlar, alimlər buna istinad eləyiblər...
Mən daha bir xatırlatma verib, tezliklə müsahibəmizin əsas suallarına keçmək barədə düşünürəm...
- Qarabağ xanları özlərinin ilkin dədə-baba yurdlarına, yəni Qarabağın Arazqırağı ərazilərinə və insanlarına hər zaman böyük ehtiramla yanaşıblar. Oralarda suvarma ehtiyacını ödəmək üçün Natəvanın hər addımına qızıl pul xərcləyib çəkdirdiyi Xanqızı arxının tirələri hələ də bizim Böyük Bəhmənli ilə Bala Bəhmənli kəndlərinin arasında qalmaqdadır.
- Qarabağ xanlarının, eləcə də Xanqızı Natəvanın aran Qarabağda təsərrüfat işləri aparmağına dair məlumatım var. Amma o arxın sizin tərəflərdə hələ də qalmağını indi eşitdim...
- Əli müəllim, deməyim odur ki, mən Qarabağın hər bir güşəsində, o cümlədən, Şuşada qonaqpərvərliyin ən yüksək səviyyəsinin şahidiyəm.
- Əlbəttə, elədir. Amma, xırda bir nüansı da qeyd etməyi özümə borc bilirəm. Şuşanı gətir gözünün önünə, yeri gələndə mən yaddaş kimi, daha doğrusu, yaddaşımızda heyrət doğuran məqamlar kimi, Şuşanın tarixi dünənlərindən misallar çəkəcəyəm. Əsası 1750-ci illərdə qoyulan Şuşa çox tezliklə Azərbaycanın ən gur şəhərlərindən birinə çevrilmişdi. Oranın havası cənnət havasıydı. Yay vaxtları tarixən Şuaşaya gəlib qonaq olanların sayı yerli əhalinin sayından dəfələrlə çox olurdu. Bu faktdır. Bu qədər insanın 4 - 5 ay boyunca, ərzağı əsasən arandan gətirilən balaca bir şəhərdə yerləşməsi, yeyib-içməsi, yatması, digər xidmətlərdən istifadəsi heç də asan başa gəlmirdi. Hamı Şuşaya dincəlməyə gəlir, axı, şuşalı da dincəlməlidir. Bu halda, yalnız bir davranış məsələni yoluna qoya bilər: fədakarlıq! Şuşalılar bu fədakarlığı əsasən bacarırdılar. Şuşada da iş yerləri az idi, böyük aqrar təsərrüfatlar yaratmağa, təbii ki, dağ şəraiti elə də saxavət göstərmirdi.
    Digər tərəfdən, mən ötən əsrin 20-ci illərindən sonranı, yəni 1992-ci ilə qədər olan 70 illik bir dövrü nəzərdə tuturam, bu başı bəlalı şəhər erməni rəhbərlərinin xain təzyiqi altında sıxılırdı.
Məhz bu imkansızlıq, indi düşünürəm, ola bilər ki, hansısa bir qonaqda incik bir təəssürat da buraxıb, təkrar edirəm ki, bu yalnız və yalnız əhalinin maddi durumundan qaynaqlana bilərdi.      Ayağı yorğana görə uzatmaq nə o yorğanın altında yatana, nə də qıraqdan bu halı müşayət edənə xoşdur.  Tutalım, hər cürə imkan var, yemək bol, yatmaq yeri gen... 4-5 ay ara vermədən gələn qonaqları qarşılayıb, öz həyat tərzini qonağa uyğunlaşdırıb yaşamaq da o qədər  asan məsələ deyil, axı bu, hər şeydən öncə fiziki və ovqat yorğunluğu törədir. Gələn qonaq bilmir, heç onun vecinə də deyil ki,  ev yiyəsi on gündən bəri qulluğunda durduğu ayrı bir qonağı, nə az, nə çox, cəmi 2 saat bundan öncə arana, yaxud Qubadlı, Laçın tərəflərə yola salıb...
    Bir yol mənim də başıma belə bir qəribə əhvalat gəlib. "Laçın" qəzetinin redaktoru var idi, Hüseyn müəllim, bərk dost idik. Laçın şəhəri səfalı, əsrarəngiz, Şuşanın sivil həyatına baxanda, daha doğal olsa da xidmət şəraitinin zənginliyinə, sanatoriya, otel, böyük bazar, mədəniyyət tədbirləri və s. səbəblərə görə, digər qonşu rayonların sakinləri kimi, laçınlılar da çox vədə yemək-içməyə, gəzib-dolaşmağa Şuşaya gedirdilər.  Hər dəfə də ayrılanda dil tökürdü ki, qardaş, bir yol da sən Laçına gəl, qonağım ol. Çox təklifdən sonra, bir yay günü yollandım Laçına. Hüseyn müəllimin evini tapıb darvazanı döydüm. Gördüm alaqapı açıqdı, lap həyətin içinə keçdim. Səsə bir qadın artırmaya çıxdı. Salam verdim, soruşdum ki, Hüseyn müəllimin evi buradı.
Qadın hirslə söylədi:
- Tutaq ki, buradı... - Sidqim sıyrılsa da, özümü toplayıb, bayaqkından xeyli aşağı səslə, bir az da günahkarcasına:
- Hüseyn müəllim evdədi? - soruşdum.
Qadını od aldı.
- Ay qardaş,- dedi, - bilmirəm kimsən, nəçisən, Hüseyn müəllimin evi buradı, amma Hüseyn müəllim evdə yoxdu, yoxdu... yoxdu ey, yoxdu!..
Çox peşman olub:
- Neynək, - dedim, -  yoxdu, yoxdu də...
Və necə ki, dinməzcə gəlmişdim, elə dinməzcə də qapıdan çıxmağa tələsdim. Maşına əyləşdiyim anda gördüm budu, Hüseyn müəllim özünü yetirib. Mənə çatan  kimi, Əli, deyib üstümə şığıdı, qucaqlaşma, görüş, öpüş. Baxdım ki, qardaşımın üz-gözündən əməlli-başlı  yuxu tökülür. Dedim ə, bu nə məsələdi?
Hüseyn:
- Soruşma, qardaş,- dedi, - budu, on gündü qonağın üçü gedir, üçü gəlir, ev üzü görmürəm, o bulaq sənin, bu bulaq mənim, heç bir saat olmaz qayıtdığım. Ayaq üstdə zor-güc dayanırdım. Yerimə girib evdə tapşırmışdım ki, bir az yatıb dincələcəyəm, kim soruşsa, deyin evdə yoxam. Bu macalda da sən gəlmisən...
Dedim:
- Qağa, indi nağayrım, çıxıb gedim Şuşaya?
Hüseyn dedi:
- Yekə kişisən ə, getmək nədi? Evin içində üç gün də oturub-dursaq, bizə güldən ağır söz deməzlər. Bunları haldan-təbdən çıxardan odur ki, qıraqdan qonaq gələndə bir tikə yağlı əppəyə dönüb qalxıram ceyran belinə, ilim-ilim itirəm günlərnən... Hə, Vaqif, bu da sənə olmuş lətifə, indi buyur, keç əsas mətləbə, soruş, nə soruşacaqsan...
- Əli müəllim, bütün  insanların həyatı eyni gündən başlayır, doğum günündən. Nə zaman, harda dünyaya təşrif buyurdun. Doğulduğun  günü təsvir edə bilərsənmi? Məncə, valideynlərin, səndən yaşlı yaxın-simsarların dediklərinə söykənib şəxsən mənə də gərəkli olan o günü bu günümüzə çəkib gətirə bilərsən...
- Rəhmətlik anam Sürəyya xanım (duruxub, doluxsunur)...
Onu düşdüyü darlıqdan qoparıb ürəkləndirmək istəyirəm:
- Yaxşı olacaq ey, qardaş, söhbətimizin əsas hissəsinə ana kəlməsiynən başladın. Bu elə ana xeyir-duası deməkdi.
- Bunu sən bilirsən, anam, 73 yaşında ahıl bir qadın Meşəlidə ermənilərin törətdiyi qırğında şəhid oldu... O zaman, 1992-ci ilin dekabr  ayında mən Şuşada, atam, anam və qardaşım kənddə - Meşəlidə idi... Bu təfsilata sonra  bir də qayıdarıq. Hə, anam mənə uşaqlığımdan söhbət açanda deyirdi ki, sən doğulmuşdun, heç qırx günün tamam olmamışdı. Hana asmaq istəyən hansısa bir qonşu məni səsləyib, deyirdi ki, ay Sürəyya, o Əli ayağı düşərli uşaqdı, onu bük-bürü yorğançaya, çıxart bizim qarşımıza, ərişin-arğacın, ipin, kirgidin, qayçısın hazırlamışıq, hana asacağıq...  Sonralar da kəndə kimsə bir iş başlayanda məni həmin o işin üstünə çağırtdırırdılar ki, ayağın yüngüldü.
Anamın dediyinə görə, sübh çağı, hələ günəş üfüqdən boylanmamış, havaya nəfəs dəyməyən bir vaxtda doğulmuşam. 1949-cu ildə...
- Hansı ayda?
- May ayının 1-də...
- Booy, mayovkada, dünya xalqlarının həmrəylik günündə, onun üçün səni hamı belə çox istəyir ey...
- Allah da sizi istəsin ... Hərdən elə bilirəm ki, insan həyatından ötüb keçən zamanın, vaxtın ən unudulmaz hissələri bizim ruhumuzun şəklindədir. Heç unuda bilmirəm uzaq keçmişdə qalan o müqəddəs çağları. Yadıma düşür, anamın təndir çörəyinin ətri kəndi bürüyərdi. Qeybət bilməz, hamıya xeyirxahlıq edər, xüsusilə qız övladı olan gəlinlərə, qız köçürən analara yardım əlini uzadardı. Ən çox qorxduğu müharibə xəbərini eşitmək idi. Qonşu kəndlərdə, qohum-əqrəbada qadınlar xalça, palaz, vərni, fərş, fərməc, yun jaket, xurcun, naxışlı corab,  nə bilim daha nələr... toxuyanda ondan məsləhət alar, anam isə evimzidəki xalça-xalıların çeşidinə baxmaq üçün gələnlərə məsləhətini əsirgəməzdi. Beş qardaş, üç bacının evlərini öz əllərilə toxuduğu xalı-xalçalarla bəzəmişdi.
Qayınanalara, qız analarına yeganə tövsiyəsi gəlinlərə öz qızları, kürəkənlərə oğul gözüylə baxmaları idi. Söz gəzdirənləri, böhtan danışanları gözünün düşməni sayardı. Bacıma müraciətlə yazdığım bir şeirimdə deyirəm ki:

Anam müqəddəsdi, anam ol, bacım,
Saçına dən düşsün, alnına qırış.
Sən ana qeyrətli, ana namuslu,
Anamın ömrünə qaynayıb-qarış. 

Geri qayıt