Əsas Səhifə > Redaktor seçimi > ÇƏTİN YOLUN YOLÇUSU – ALİM VƏ PEDAQOQ ÖMRÜ
ÇƏTİN YOLUN YOLÇUSU – ALİM VƏ PEDAQOQ ÖMRÜ23-06-2020, 21:56 |
Vaqif müəllim, bu il sizin yubiley ilinizdir. 70 il öncə Azərbaycanın qərb torpağının xalqımızın mənivi sərvətinə bir payı, ərmağanısınız. ...Elm, bilik, dünyagörüşü payısınız. Əminəm ki, bilikdən, duyğudan və təsəvvürdən ibarət açarla istənilən könülü açmaq olar. Vaqif Səməd oğlu Həsənov Qərbi Azərbaycanın Göyçə mahalının Krasnoselo rayonunun Toxluca kəndində müəllim ailəsində anadan olub (1950-ci il avqustun 1-də). Toxluca kənd orta məktəbində təhsil alıb (1957-1967) və oranı qızıl medalla bitirib. Azərbaycan Dövlət Pedaqoji İnsitiutunda (indiki ADPU-da) Kimya fakültəsində təhsil alıb (1967-1971), ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra Lenin təqaüdçüsü olduğu üçün təhsil aldığı ali məktəbdə saxlanılıb. O, tələbəlik illərində yüksək qiymətlərlə oxumaqla yanaşı, fakültənin və universitetin ictimai həyatında fəal çalışıb, elmi işə böyük marağı olub. TEC-in xətti ilə keçirilən elmi konfranslarda elmi məruzə ilə çıxış edib,iki tezisi çap olunub (1971). Qədim Romada avqurlar – quş dili bilən kahinlər quşların uçuşuna əsasən müəyyən hadisələri əvvəlcədən xəbər verirdilər. ...Böyük insanların işidir keçmişə əsaslanıb gələcəyi görmək. ...Biz tamamilə hal-hazırın hakimiyik. Siz təkcə bu gün üçün yox, yarın, illər sonra üzünüzü ağardacaq, sizi yaddaşlarda yaşadacaq könül oxşayan saraylar tikirsiniz: tarixi həqiqətə, dünəni bu günə gətirirsiniz. Bu günü isə zamanın axarında yaşadacaq tarix yazırsınız. Bir sözlə indiyə gələcəkdən baxa bilirsiniz. Keçmişlərdən nə varsa, hamısı: işıqlısı və xeyirxahı da, acısı və şirini də həmişəlik özümüzlədir. Yaddaş insana xeyirxah əməllərinə görə mükafat, ya da səhvləri üçün əzablı cəza kimi verilmişdir. Siz isə təbiət etibarı ilə xalqa, VƏTƏNƏ və insanlığa xidmət etmək üçün bu dünyaya qonaq gəlmisiniz. Gələcəkdən geriyə boylanıb baxanda əminəm ki, yaddaşınız sizə heç vaxt əzab verməyəcək... Vaqif müəllim ADPU-nun Üzvi kimya və kimya texnologiyası kafedrasında laborant vəzifəsində fəaliyyətə başlayıb (1971). Bir il sonra Sovet Ordusu sıralarına hərbi xidmətə çağırılıb (1972-1973). Ordudan tərxis olunduqdan sonra çalışdığı Üzvi kimya və kimya texnologiyası kafedrasında üzvi kimya ixtisası üzrə aspiranturanın qiyabi şöbəsinə qəbul olunub (1973) və “Əvəzlialkanollar və arilizosianatlar əsasında karbamin turşusunun törəmələrinin sintezi və xassələri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsi alıb (1984). Üzvi kimya tədris laboratoriyasının (1976-1989), “Yeni bioloji aktiv birləşmələr” elmi-tədqiqat laboratoriyasının müdiri (1989-2011), kafedrada baş müəllim(1991-1993), dosent (1993), ADPU-nun Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri (1997), Elmi katibi, Tədris–metodiki şöbəsinin müdiri (1999-2004), Üzvi kimya və kimya texnologiyası kafedrasının müdiri (2004-2011), Kimya fakültəsinin dekanı (2006-2016), fakültə Elmi Şurasının sədri, universitet Elmi Şurasının və Təhsil Nazirliyinin Elm İdarəsi yanında Elmi-Metodik Şuranın üzvü olub. Təhsil Nazirliyinin kurikulum proqramı üzrə Dərslikləri Qiymətləndirmə Şurasının (kimya fənni üzrə) üzvü olub (2013-2016). Təhsil nazirinin əmri ilə Gəncə Dövlət Universitetində Kimya ixtisası üzrə Yekun Buraxılış Dövlət Attestasiyası Komissiyasının sədri olub (2005). Müxtəlif illərdə Təhsil nazirinin əmri ilə Bakı Dövlət Universitetində və Qərbi Kaspi Universitetində Attestasiya və Akkreditasiya Komissiyasının işində üzv kimi fəal iştirak edib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ( indiki DİM) ADPU üzrə Sənəd Qəbulu Komissiyasının məsul katibi (2007-2009), Sənəd Qəbulu Komissiyasının məsul katibinin müavini olub (2010-2013). Onun rəhbərliyi ilə 23 magistr (2000-2016) və bir nəfər kimya üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə edib (2016). 5 nəfərin üzvi kimya ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işinin rəsmi opponenti olub. Türkiyə Respublikasının Hacettepe Universitetində keçirilmiş “ Müəllim hazırlama siyasəti və problemləri” mövzusunda II beynəlxalq simpoziumda (2010) iştirak edib. Vaqif Həsənov 350 elmi-metodik əsərin, o cümlədən 141 məqalənin (xaricdə 47, respublikada 94), 84 tezisin (xaricdə 4, respublikada 80), 1 dərsliyin, 9 dərs vəsaitinin, 25 metodik vəsaitin, 61 fənn proqramının (bəziləri təkrar nəşr olunub),19 İxtira üçün alınmış Müəlliflik Şəhadətnaməsinin və 5 Azərbaycan Patentinin müəlliflərindən biridir.Onun həmmüəllif olduğu dərs vəsaitləri – “Üzvi sintez praktikumu” (1989),“Bioloji kimyadan təcrübə məşğələləri” (1990),“Həyat fəaliyyətinin kimyəvi əsaslarından praktikum” (2008),“Üzvi kimyadan yoxlama variantları və onlara dair metodik göstəriş” (2008), “Üzvi kimya praktikumu” (2010), “Üzvi sintez praktikumu” (2011),“Üzvi kimya praktikumu” (2012),“ “Dərman maddələrinin kimyası” (2015), metodik vəsaitlər – “Yüksək molekullu birləşmələr kimyasından testlər” (2009),“Üzvi kimyadan yoxlama testləri” (2009) “Bioloji kimyadan yoxlama variantları” (2010), Kimya həvəskarları üçün” (2013),“Üzvi kimya terminləri” (2013), “Karbohidratlar kimyası” (2016),“Neft kimyası-1001 testdə” (2017). “Neft kimyası-1001 testdə” (yenidən işlənmiş, 2019), metodik tövsiyə – “Kimya olimpiadalarının təşkili və keçirilməsi” (2019), dərslik – “Yüksək molekullu birləşmələr kimyası” (2016) ali məktəb tələbələrinin sevərək oxuduğu kitablardandır. Universitetin Tədris-metodiki şöbəsinin müdiri və fakültə dekanı işlədiyi vaxtlarda həmişə təhsilin dövlət standartlarının və tədris planlarının hazırlanması komissiyalarının işində fəal iştirak edib. Kimya fakültəsinin dekanı işlədiyi illərdə onun tərəfindən iki ixtisas üzrə təhsilin dövlət standartları (2006,2009 və 2014), tədris planları hazırlanıb. Vaqif Həsənov “XXI əsrin tanınmış alimi” Beynəlxalq diplomu ilə (2004), Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə (2006), Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Fəxri Fərmanı ilə (2012), təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalına (2012) layiq görülüb, Yeni Azərbaycan Partiyasının “Veteranı” vəsiqəsi ilə təltif olunub (2013). Avqustun 1-də Kimya və biologiya fakültəsinin Analitik və üzvi kimya kafedrasının dosenti,xalqımızın mənəvi inkişafında və maariflənməsində xüsusi rolu olan həqiqi vətənpərvər ziyalılarımızdan biri Vaqif Həsənovun 70 yaşı tamam olur. Ömrünüzün neçə illəri qaldı geridə... Fəqət bu illərdən çoxlu elmi-pedaqoji yazılarınız, sizin necə məsuliyyətlə çalışmağınız haqqında xəbər verir. İctimai həyatda fəal mövqeyiniz... öz təvazökarlığınız, ədəb ərkanınınızla hörmət və nüfuz sahibi oldunuz... Hörmətli, Vaqif müəllim! ...Siz yaşınızın kamillik, müdrük çağını yaşayırsınız. Sizin ömür karvanınızın yükü hamının könlünü oxşayan xeyirxah əməllərinizdir. Sadəlik, düzgünlük və əxlaqi saflıq sizin həyat fəlsəfənizin məhək daşıdır. ...Vətənimizin, xalqımızın, müəllim kadrlarının hazırlanmasını və inkişafını təmin edən elmi yazılar, kitablar yazırsınız... Bir növ adət-ənənələrin qoruyucusu, yaşınızdan irəli gələn səlahiyyətin verdiyi məsləhətçi kimi çıxış edirsiniz. Siz cəmiyyətə xidmət etmək üçün üzərinizə götürdüyünüz həyat yükünün məsuliyyətini şərəf və ləyaqətlə daşıyırsınız. Böyüyən gənc nəsli gələcəyə aparan yolda bir dan ulduzuna bənzədirəm sizi. Bir dəfə sizə bir müraciətimdə demişdim: Sizin fəlsəfənizdə VƏTƏN sevgisi məktəbi ayrı-ayrı hissələrdən - tayfa, kənd, rayon kimi cılız parçalardan təşkil olunmayıb. Sizin üçün bu sevda bir amaldır, özü də böyük, əzəmətli və daim tərənnümə layiq... Sizdən ötəri VƏTƏNin hər guşəsi doğmadır, əzizidir... Mən ölkəmizdə böyük müsbət dəyişikliklərin getməsi sahəsində cənab prezidentimizin çağırışlarına layiqincə cavab verə bilən, öz öhdəsinə düşən vəzifəni bu çağırışların tələbilə həyata keçirən, ömrün müdrik dövrünü yaşayan Vaqif müəllimi 70 illik yubileyi və elmi-pedaqoji fəaliyyətinin 50 illiyi münasibətilə kafedranın əməkdaşları adından ürəkdən təbrik edir,ona xalqımızın tərəqqisi yolunda böyük uğurlar, sağlam, uzun ömür arzu edirəm. Əziz dostum, bir ömürdə siz insanlıq nümunəsi oldunuz, VƏTƏNƏ sevgi məktəbi yaratdınız. ...Açdığınız insanlıq yolu ilə sizi sevənlər inamla, sizinlə fəxr edərək və qürur duyaraq gedə bilərlər...Ən böyük zərurət insanları sevməkdir. Bu yazını böyük sevgi və ləzət hissi ilə yazdım. Baxmayaraq ki, dünyanı cənginə almış, yer kürəsini məhvərindən çıxarmağa hazır olan bəla - koronovirus insanlara azad nəfəs almağı haram edib... Əziz qardaşım, 70 yaşın mübarək... Əli Zalov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının müdiri, Kimya elmləri doktoru Geri qayıt |