Əsas Səhifə > Redaktor seçimi > Ağ xalatın işığına vurğunam axı...

Ağ xalatın işığına vurğunam axı...


8-07-2020, 22:34
      Belə bir söz var, gördüyün işi vicdanla görsən, səhv etsən də peşman olmazsan. İşinə, peşəsinə, sənətinə vicdanla yanaşan hər kəsin əməyinə dəyər vermək fürsətini də gərək öhdəsinə düşən kimsə əldən buraxmasın...
Gecə saat 2 radələrində 10 aylıq körpə nəvəm Hüseyn yuxudan oyanıb qəfildən çığırmağa, ağlamağa başladı. Həmişə gülən-oynayan, dəcəlliyindən qalmayan körpəni nə anası, nə nənəsi, nə də mən kiridə bildim. Uşağın harasındasa dözülməz sancısı var idi. Ancaq biz hardan bilək ki, onu incidən nədir? Odur ki, 103 çağrı mərkəzinə zəng etdik. Xanım operator dəstəyi qaldırıb: “buyurun, eşidirəm”- dedi.
— Axşamınız xeyir, xanım.
— Nəvəm qəflətən yuxudan durub dayanmadan ağlayıb qışqırır, kiridə bilmirik.
— Uşaq nədən ağlasın? Adətən iki səbəbdən ağlayar. Bir köpdən, bir də qulaq ağrısından. Darıxmayın, bu dəqiqə yardıma gələrlər.
   ...Heç 10 dəqiqə keçməmiş qapımız həyəcanla döyüldü. Ağ xalatlı həkim və yanındakı tibb bacısı içəri keçəndə özüm də məəttəl qaldım. Uşaq susdu və həmişəki tanış təbəssümü onun çöhrəsinə yenidən qondu. Bakı Şəhəri və Təxirəsalınmaz Təcili Tibbi Yardım stansiyasının 15 saylı bölməsinin həkimi İbrahimova Arzu və kiçik tibb işçisi Ələkbərova Elmira körpəyə ilk tibbi yardım göstərdilər. Uşaq rahatlandı və öz şən dünyasına qayıtdı.    

     ...Az sonra həkimləri yola saldıq. Gecənin bir aləmi bir də zəng gəldi. Bu, doktor Arzu xanım idi. Uşağın əhvalını soruşurdu. Ancaq hər şey artıq geridə qalmışdı. Ağrı ötmüşdü. Balaca Hüseyn anasının qucağında mışıl-mışıl yatırdı.
     Bu hadisə məni duyğulandırdı. Təcili Tibbi Yardım Məntəqəsinin çevikliyini, həkimlərin fədakarlığını və Təci Tibbi Yardım maşınının sürücüsünün zəhmətini beş-üç kəlmə ilə qiymətləndirmək istədim. Bu hadisə Azərbaycan səhiyyəsinə sevgi aşılayan, ehtiram gətirən yüzlərlə, minlərlə hadisədən biridir. Onu da demək istəyirəm ki, müəllimlər, həkimlər və polislər həyatımızın ən mühüm tərkib hissələridir. Onlara qarşı hər zaman sevgi, hörmət mövqeyində durasan gərək. Çünki bu müqəddəs peşə sahiblərinin hər biri cəmiyyətimizin necə deyərlər, mənəvi və fiziki sağlamlığının cangüdənləridir. Əlbəttə, gərək onlar da bu məsuliyyəti daim öz üzərlərində hiss etsinlər. Xalqın onlara olan ümidinə, məhəbbətinə ləkə düşməyə şərait yaratmasınlar. Bir daha 15 saylı Təcili Tibbi Yardım Bölməsinin rəhbərliyinə və hər bir həkiminə, tibb bacısına, xüsusilə körpəyə sevgi dolu davranışını müşahidə etdiyim doktor Arzu xanıma təşəkkürümü bildirirəm. Əynindəki ağ xalatları həmişə işıqlı olsun. Mən ağ xalatın işığına vurğunam axı...

Fariz Çobanoğlu
Geri qayıt