Əsas Səhifə > Redaktor seçimi > 20 yanvardan bir gün əvvəl...

20 yanvardan bir gün əvvəl...


27-01-2021, 13:12
           19 yanvar 1990-cı ilin canlı şahidi kimi nələri gördüm. Bakıdan bizə xəbər gəldi ki, Sovet tankları Azərbaycan ərazisinə daxil olub. Qatara yüklənmiş tank qoşunu bizim şəhərdən keçib Bakı şəhərinə daxil olmalı idi. Nə vasitəylə olur-olsun, qatarın qarşısını almaq lazım idi. Əliyalın şəhər əhli Dəmir yolunun üzərinə yeriyib qatarı dayanmağa məcbur etdik. Bir az aralı Dəmir yolu relslərinin üzərinə çəni benzinlə dolu avtomobil çıxarmışdıq.Qatar bizi basıb keçsə, həmin avtomobilə dəyib alışacaqdı. Heç kəsin yerindən tərpənmədiyini görən dəstə komandiri irəlidəki tankın içərisindən çıxıb dəstəyə yaxınlaşdı və dedi: -Bİzə tapşırıq verilib, Bakıda fövqəladə vəziyyət elan edilməlidir. Orada erməni qırğını gedir. Biz onun qarşısını almalıyıq. Hamı bir ağızdan dilləndi: -Bunlar hamısı yalandı, erməni fitvasıdır, Bakıda tam sakitlikdir. Komandir heç nə deməyib pörtmüş halda tankın yanına qayıtdı. Görünür, ağalarına məlumat verildi. Bir az keçmiş o, yenidən geri döndü. 
-Sizin hökumət orqanları bizi qırğının qarşısını almağa dəvət ediblər. Bu, bizim vəzifə borcumuzdur. Xahiş edirəm, yoldan çəkilin. Heç kim yerindən tərpənmədi. Bu zaman komandir əsəbi halda silahını çıxarıb yaxınlığında dayanmış bir gəncin alnına dayadı və ucadan dedi, geri çəkilməsəniz, atəş açacam. Heç kimin yerindən tərpənmədiyini görən komandir gəncin alnına atəş açdı. Qətlə yetirilmiş gəncin yoldaşları oğlanın qoluna girərək onu ayaq üstə saxladılar və heç kim bir addım geriyə çəkilmədi. Bunu görən komandir əsəbiliklə deyinə-deyinə tankın yanına qayıtdı: -“Bu necə xalqdır ki, ölümdən də qorxmur”. 
   Şəhərin içərisində hərbi qarnizon yerləşirdi, Rus əsgər və zabitləri məzuniyyətə çıxarkən yerli əhali tərəfindən hər zaman hörmətlə qarşılanmışdı. Mən əsgəri xidmətə yenicə başlamış əsgər Vadimlə tanış olmuşdum. Asayiş yaratmaq məqsədilə qarnizonun əsgərləri də burada idi. Lakin onlar hadisəyə müdaxilə etmir, vəziyyətə kənardan nəzarət edirdilər. Vadim əlində avtomat silah tutmuş halda mənə yaxınlaşdı. Əlindəki avtomatı mənə uzadıb dedi:- “Al bunu, bu əclafı- komandiri vur!”
   Cavan oğlanın vurulmasına çox heyfisləndi. Arada bir az sakitlik yarandı. Vadimə dedim: “Sənlə dostluq edirəm, amma Rusiyanın harasından olduğunu soruşmamışam”.
   Vadim aramla danışmağa başladı: “Mən kiçik yaşlarımdan xidmətə gələnə kimi uşaq evində yaşamışam. Ata-anamı xatırlamıram. Ancaq bilirəm ki, Moskva şəhəri ətrafında yerləşən kənddə anadan olmuşam. Lakin tətil vaxtı həmin kəndi nə qədər axtardımsa, tapa bilmədim. Axırda bir xaraba qalmış kənd göstərdilər”.
    Vadim danışdıqca, məni heyrət bürüyürdü. Vadimə dedim, qulaq as mənə. Mən həmin kəndə yaxın hərbi hissədə qulluq etmişəm. Bir gün bizi ayağa qaldırdılar. Əsgər yoldaşlarımın çoxu azərbaycanlı idi. Silahlanıb maşınlara oturduq. Bax elə sənin anadan olduğun kəndə gəldik. Komandirin göstərişinə əsasən kəndi mühasirəyə aldıq. Elə bu zaman atəş əmri verildi. Əsgərlər tərəddüd içərisində idilər. Əli silahsız adamlara nəyə görə atəş açılmalı idi? Əsgərlər atəş açmaqdan imtina etdilər. Bizi belə görən komandir hamını bir yerə yığıb danladı. Əmrin yuxarıdan verildiyini xatırlatdı. Bizi yenidən əhaliyə atəş açmağa məcbur etməyə çalışdılar. Lakin heç kim əmrə tabe olmadı. Vəziyyəti belə görən komandir bizi maşınlara mindirib hərbi hissəyə qaytardı. Əmri yerinə yetirmək üçün əsasən Ruslardan təşkil olunmuş döyüşçülərdən istifadə edildiyini öyrəndik.  Həmin kəndin əhalisindən bir nəfər belə sağ çıxmayıb. Vadim, bəs sən harda olmusan ki, sağ qalmısan?
   Vadim gözləri dolmuş halda dərindən köks ötürüb dedi: - Hə, qardaş, o vaxt mən başqa kənddə yaşayan babamın yanına getmişdim. Bu hadisədən xəbərim olmayıb. Babam isə bu barədə mənə heç nə deməyib. O, rəhmətə gedəndən sonra məni uşaq evinə veriblər.
    İkinci dünya savaşında iştirak etmiş bir müharibə veteranının söhbəti yadıma düşdü. Müharibənin qızğın vaxtı biz Ukrayna ərazisində döyüşürdük. Orada Bender millətindən olan sakinlər Rus işğalı ilə barışmır və yeri gəldikcə Rus əsgərlərinə qarşı təxribat aparırdılar. Hətta onların kəndlərinə daxil olmuş Alman faşistlərini duz-çörəklə qarşılayırdılar. Komandanlıq bizi yığıb Hitlerçilərə məxsus geyim, silah və texnika verib yaxınlığımızda olan bir Bender kəndinin üzərinə göndərdilər. Əmr verildi ki, kəndin bütün sakinləri məhv edilməlidir. Tapşırıq yerinə yetirilən kimi bizi alaya gətirdilər və yenidən Sovet əsgəri geyimində hadisə yerinə qaytardılar ki, bunu Hitlerçilərin törətdiyini sübut edə bilsinlər. Deməli, bu ordu siyasi oyunlardan istifadə edərək öz sakinlərini belə qurban verməyə həmişə hazırdır. Öz-özümə fikirləşirdim. Mən Qırmızı Bolşevik Hökumətinin bu qədər faşist təbiətli olduğunu bilməmişəm. Belə bir dövlətin sakini olduğum üçün xəcalət çəkdim. 
    Söhbətimizin bu yerində komandir tankdan yerə endi. Birininci platformadakı tank enli dirəklərin köməyilə yerə endirildi. Sürətlə irəliləyib Dəmir yolu üzərində dayanmış benzinlə dolu avtomobili top atəşinə tutdu. Dəhşətli partlayışdan sonra avtomobil yanaraq yolun kənarına düşdü. 
     Artıq qatar Bakı şəhərinə tərəf azadlıq eşqiylə yaşayan əli silahsız adamları gülləboran etmək üçün hərəkətə gətirilmişdi. 

Vaqif Mirzəcanlı

Geri qayıt