Əsas Səhifə > Redaktor seçimi > Xırda həqiqətin böyük boyu

Xırda həqiqətin böyük boyu


10-02-2021, 14:50
 
… yaxud Bürhanın dostları kimdir? 
     Ən peşəkar uşaq yazarı belə uşaq dilində nə qədər ustalıqla danışsa da, danışmaqdan çox yamsılamağa bənzəyir. Bürhan isə kimisə yamsılamır. Uşaqlarla öz dilində danışır. Çünki bu, onun öz dilidi- 11 yaşın dili. 
     Onun bildiyi bircə dil var - səmimiyyət. Yaşı tək rəqəmlərlə hələ təzəcə vidalaşan Bürhanın dili məni təəccübləndirir. Bir istehsalçı düşünün, satdığı məhsula - məsələn südünə su, şirəsinə rəngləndirici qatmır. Bürhanın da dili eləcə təmiz, safdı, dilinə boya, pafos, bəzək qatılmayıb. Çünki o, hələ bunların heç birini bilmir, onun bildiyi bircə şey var indi - özü olmaq. 
     Qısa hekayələrinin toplandığı kiçik kitabını oxuduqca, elə bilirəm hamımıza yaxşı tanış olan aforizmləri öz dilində danışdırıb. Məsələn, uşaq aforizmi necə daha dəqiq anlaya bilər? Böyük yox, uşaq dilində. Bürhanın hər  hekayəsinin sonluğu sanki aforizmdir- yaşıdlarına mayak, yol yoldaşıdır. Hələ təzə-təzə anladığı həqiqət olduqca böyük boy göstərir Bürhanın kitabında. Bürhanın boyu nə qədərdi - bilmirəm, amma onun kiçik həqiqətinin boyu özündən uzundu. 
      Bürhanın kitabına topladığı dostlarını deyirəm. Məsələn... hər qış qartopu oynadığı yoldaşları bu il Zəhranı aralarında görməyəndə anlayırlar ki o, xəstədir. Onu qara gətirə bilməsələr də, qarı ona aparırlar. Nolsun ki, onların Zəhragilə apardığı pambıq idi, qartopu yox. Əsas dəyişməyən həqiqət, dostluqdu.  Bürhan “Zəhranın arzusu”da bizə dostluğun qar yox, həm də pambıq halından danışır. 
     “Gözəl göyərçin”də Bürhanın dostu Əhməd yaralı quşun yanından uşaq yox, böyük kimi keçir. Yaralı göyərçinə biganə qala bilməyən Əhməd onu evə gətirib yarasını sarıyır. Ona Əsmər adını qoyan Əhməd yaşıdlarına təkcə insanları yox, bütün canlıları insan kimi sevməyi öyrədir.
     Digər dostu Kənan isə pul axtarıb tapmayanda, ona verilən yanlış məsləhəti dinləyib oğurluq edir, varlanır. Lakin onun qazandıqları bir köpük ömrü qədər qısa olur. Ona görə də Kənan həbsxanada cəzasını çəkəndən sonra anlayır ki, halal yolla qazanılan zəhmətin dəyərli heç nəylə ölçülə bilməz, ən zəngin insan halal insandı.
    Bürhanın digər dostundan danışım sizə - Rövşəndən. Dostlarına, qonşularına o qədər yalan danışıb ki, bir gün xəstə bacısına kömək üçün qonum-qonşudan imdad diləsə də, kimsə ona inanıb yardım əlini uzatmır. Rövşən kor-peşiman evə qayıdıb bacısının öldüyünü görəndə anlayır ki, yalançının evi yananda kimsə inanmır. Ən böyük biclik düzlükdü.  
   Bürhanın kitabdan boyu görünən başqa bir dostu Alı isə meşədə gəzməyə gedərkən, yaralı tülkü görüb min bir zəhmətlə onu evə gətirir. Atası da onun bu hərəkətini alqışlayır: “Düz etmisən, oğlum, biz hamımız yaralı heyvanlara qayğı göstərməliyik”, - deyir. Ailə səhər tezdən toyuqların səsinə yuxudan oyanıb görür ki, tülkü onların toyuqlarını yeyib və qaçıb. Sən demə, tülkü heç yaralı da deyilmiş. O, bu dəfə də öz tülkü xislətindən yan keçə bilməyib – eynən düşmənlərimiz kimi. Alının hekayəsi belə bitir: “O, bir daha meşədən evə tülkü gətirmədi, hətta qarşısına həqiqətən yaralı tülkü çıxsa belə...” 
     Bürhan Alının hekayəsiylə yaşıdlarına mesaj göndərir ki, qurunun oduna yaş da yanır. Bəzən birimizin etdiyi pislik və pis əməl digərlərimizi də nüfuzdan salır və beləcə, pislərə görə yaxşılara da etibarımızı itiririk.    
     Bürhanın başqa bir dostu Səməd isə çoxumuz kimi yurdunu itirib. Lakin onu təkcə yurdsuz yox, həm də atasız qoyan müharibə Səmədi sındıra bilməyib. 11 yaşlı  Səməd qisas arzusuyla böyüyüb. Böyüyüb dostlarına ermənidən qisas və yurdunu alacağını dedikdə, dostları onu tək qoymayır – “Getdik, biz də səninləyik”,- deyir. Səməd özü kimi qoçaq, cəsur dostlarıyla birgə yurdunu düşməndən xilas edib onlara ən ağır cəzanı yaşadır - məğlubiyyəti.
   ...Sizə Bürhanın dostlarından danışdım, amma heç demədim ki, aramızda qalsın, dostları, dost obrazları elə onun özüdü. Hər yazıçı kimi Bürhan da hekayələrində öz prototipini yaradıb. Təsadüfən demirlər ki, adam adına çəkər. Bürhan da öz adın belə doğruldub - öz kiçik yaradıcılığıyla. Bürhan adının bir mənası da yaradıcı deməkdi. Ona bu adı seçən atası Ramiz Ələkbəroğlu öz dizayn yaradıcılığıyla mətbuat aynası olan qəzet səhifələrini, eləcə də bizim “Qarabağa aparan” yolumuzu necə rəngləndirib sahmana salırsa, Bürhan da görüb-götürdüklərini qələmə aldığı kiçik, amma ibrətamiz hekayələrilə taytuşlarının həyatını eləcə sahmana salmaq istəyir. 
    Kiçik ağlı, düşüncəsiylə yazmağı özünə “vəzifə” seçən Bürhanın ən böyük vəzifəsi isə hələ qarşıdadır. Təsadüfən demədim ki, Bürhanın dostları da elə onun özüdü. Məsələn, Səməd... Bürhan da böyüməyi gözləyir, amma daha qisas hissiylə yox, şəhid qardaşlarının qanı bahasına bütöv etdiyi Vətənə əsgər olmaq, Vətən keşiyində durub, ona əmanət olunanı qorumaq üçün...

Təranə Əlizadə 
Geri qayıt