Əsas Səhifə > Redaktor seçimi > Diasporumuz Qarabağdakı erməni vəhşiliyini dünyaya necə çatdırır…
Diasporumuz Qarabağdakı erməni vəhşiliyini dünyaya necə çatdırır…25-03-2021, 01:20 |
İşğaldan azad edilən Azərbaycan torpaqlarında hər addımbaşı erməni vandalizminin qalıqlarına rast gəlmək mümkündür. Bu vəhşiliyin bütün dünyanın diqqətinə çatdırılmasının vacibliyini nəzərə alsaq, Azərbaycan diasporunun da qarşısında müəyyən vəzifələr durduğunu qeyd edə bilərik. Bəs diaspor rəhbərləri təmsil etdikləri ölkələrdə erməniləri törətdiyi vandalizmi insanlara necə çatdırırlar? Azərbaycan diasporunun ayrı-ayrı ölkələrdəki rəhbərləri fikirlərini bizimlə bölüşüblər. Azərbaycanın İsveçrədəki Koordinasiya Şurasının rəhbəri Qasım Nəsirovun sözlərinə görə, əzəli torpaqlarımız azad ediləndən sonra orada törədilən vəhşiliyi görmək adamı dəhşətə gətirir: “Torpaqlarımızda törədilən vandalizmi müxtəlif yollarla insanlara çatdırmağa çalışırıq. Qəzetlərə bilgi, radiolara müsahibə verir, flayerlər düzəldərək tanıdığımız, bildiyimiz təşkilatlara, qurumlara göndərir, məlumatları ictimailləşdirməyə çalışırıq. Keçirdiyimiz tədbirlərdə yerli əhali iştirak etdiyi zaman digər vacib bilgiləri onlara çatdırmağa çalışırıq. Əlimizdən gəldiyi qədər bu işləri davam etdirəcəyik. Torpaqlarımızda törədilmiş vəhşiliklər, insaniyyətdən uzaq olan hərəkətlər mütləq qınanmalıdır. Buna görə qonşu dövlət məsuliyyət daşıyır”. Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının sədri Günel Səfərova deyib ki, Diasporla İş Üzrə Dövlət Komitəsinin və özünün paylaşdığı şəkilləri, məlumatları maksimum şəkildə sosial şəbəkələrdə yaydığını bildirib: “Məşhur fotoqraf Reza Deqatinin paylaşımlarını və müsahibələrini Fransadakı diaspor nümayəndələri və burada fəaliyyət göstərən təşkilatlarımız maksimum dərəcədə sosial şəbəkələrdə yaymağa çalışırlar. Keçən ildən başlayaraq artıq bir il olacaq ki, karantin rejiminə görə tədbir keçirmək icazəmiz yoxdur. Ona görə də bizim gücümüz ancaq sosial şəbəkələrə və mediaya çatır. Bu sahədə də işlərimizi davam etdirəcəyik”. Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Maisə Ağamirzəyeva həm diaspor nümayəndəsi, həm də qarabağlı olaraq erməni vandalizmini hər zaman dilə gətirəcəyini qeyd edib: "Bakıda anadan olmağıma baxmayaraq, əslən Qarabağın Ağdam şəhərindənəm. Bizim hər ilimiz Ağdamda nənələrimizin, qohumlarımızın yanında keçib. Ağdamdakı evlərin vəziyyəti bir dəqiqə olsa belə, gözümün önündən getmir. Mən ən son 16 yaşımda Ağdamda olmuşam. O evlərdən əsər-əlamət qalmayıb. Bizim yurdumuzu-yuvamızı viran qoyublar. Çalışıram ki, olanları hər kəsə anlada bilim. Pandemiya səbəbindən tədbir keçirə bilmirik. Ancaq onlayn nəsə edə bilirik. Partiyalarla da görüşlərimiz olub. Birində mən özüm də iştirak etmişəm. Həmin görüşdə Kəlbəcərdən çıxmaq üçün ermənilərə verilən 10 günlük vaxtda oranı nə vəziyyətə qoyduqlarını müzakirə etdik. Hər şeyi söküb aparmışdılar. Bundan sonra da bu işləri davam etdirəcəyik”. Ukraynanın Dnepr vilayətində ilk diaspor təşkilatının qurucusu Eldar Tağıyev pandemiya şəraitinə görə insanları ancaq sosial şəbəkələr vasitəsilə bilgiləndirdiyini söyləyib: “Pandemiya şəraitinə görə kütləvi tədbirlər, konfranslar keçirmək mümkün deyil. Universitetlərdə dərslər keçirilmir. Dünyaya çıxış yolumuz təkcə sosial mediadır. Mən hər gün o sahədə 3-4 dənə post yazıram. Ömrü boyu erməni tarixi ilə məşğul olmuşam. Onlar haqqında məlumatlarım var. Hələlik ki, bu formada davam etdirik”. Nəzrin Vahid Geri qayıt |