Əsas Səhifə > Redaktor seçimi > Son nəfəsinədək düşmənə qarşı mərdliklə döyüşən xüsusi təyinatlı...

Son nəfəsinədək düşmənə qarşı mərdliklə döyüşən xüsusi təyinatlı...


4-06-2021, 22:38
Şəhidlərimiz 
      Azərbaycanın 30 ilə yaxın müasir müstəqillik dövrünün 28 ili respublikamızın ərazisinin bir hissəsinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal altında qalması ilə keçib. Bir milyona yaxın soydaşımız həmin illəri doğma yurd həsrəti ilə yaşayıb. Minlərlə məcburi köçkün vətəndaşımız, soyqırım qurbanları və şəhidlərin doğmalarının bir qismi düşməndən qisas alındığı, onun məğlub edildiyi günləri görmədən dünyadan köçüb. Qarabağlı olaraq Qarabağsız böyüyən yeni nəsil yetişib. Bir sıra mədəni və təbii sərvətlərimiz işğal dövründə həmişəlik olaraq itirilib. Şübhəsiz ki, dövlətimiz və xalqımız üçün belə bir ağır gerçəklik qəbuledilməz idi. Torpaqlarımızın işğalına sülh yolu ilə son qoyulacağına bu uzun illər ərzində heç kəsdə inam qalmamışdı. Məhz Vətən müharibəsinin başlaması və tarixi zəfərimizlə başa çatması dövlətimizin həyatında şərəfli bir səhifənin bünövrəsini qoydu. 2020-ci ilin 10 noyabr tarixində qalib dövlətə çevrildik.
     Azərbaycanı layiq olduğu, haqq etdiyi qalib dövlətə çevirən igid oğulların fədakarlığı unudulmazdır. Onların hər birinin döyüş yolundan iftixarla danışılır, şəhidlərin xatirəsinə və qazilərə ümumxalq ehtiramının şahidi oluruq. Şəhidlər bizə örnək olan qeyrət məktəbini miras qoyublar.
    Vətən müharibəsində ərazi bütövlüyümüzün bərpası naminə həyatını qurban verən Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının xüsusi təyinatlıları siyahısında gizir Tağızadə Cahid Vahid oğlunun da adı var. O, 12 fevral 1988-ci ildə Bərdə rayonunun Mirzalıbəyli kəndində anadan olub. Vahid Tağızadə və Reyhan Tağızadənin 3 oğlundan biri, ailənin ilk övladı olan Cahid valideynləri tərəfindən el-oba qədrini bilən, xeyirxah, ailəcanlı, zəhmətkeş, dürüst, ləyaqətli gənc kimi yetişdirilib. Mirzalıbəyli kəndindəki Əsman İsmayılov adına tam orta məktəbi bitirib. Müsbət şəxsi keyfiyyətlərinə görə həmkəndlilərinin hörmətini qazanıb. Cahid yeniyetməlik yaşlarından idmana maraq göstərib, fitnes, ağırlıqqaldırma ilə məşğul olub. Hələ orta məktəbdə oxuduğu illərdə Cahiddə hərbçi peşəsinə rəğbət yaranıb. Bu rəğbəti barədə ailə üzvləri və yoldaşları ilə söhbətlərində danışıb. Hərbi xidmət haqqında mətbuatda, televiziyada verilən informasiyalara xüsusi diqqət yetirib. Onun uşaqlıq, yeniyetməlik, gənclik illəri Birinci Qarabağ müharibəsi və atəşkəs dövrünə təsadüf edib. Yaşadığı Bərdə rayonu ön cəbhəyə yaxın olduğundan, Birinci Qarabağ müharibəsi zamanı buraya xeyli sayda məcburi köçkün pənah gətirib. Döyüş zonasına göndərilən hərbi texnika və canlı qüvvədən ibarət karvanlar buradan dəfələrlə keçib. Həmçinin, rayondan yüzlərlə gənc o vaxt torpaqlarımızın müdafiəsinə yollanıb. Bununla yanaşı, o dövrdə rayonun tibb müəssisələrinə yaralılar gətirilib, habelə neçə-neçə şəhidin tabutu müxtəlif ünvanlara aparılıb. Tağızadə ailəsinin yaddaşında bütün bunlar izsiz qalmayıb.
    2006-cı ilin iyul ayında Cahid müddətli həqiqi hərbi xidmətə çağırılıb. Daxili Qoşunların sıralarında hərbi xidmət borcunu vicdanla yerinə yetirib. 2008-ci ilin yanvar ayında qoşunların Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsindən ehtiyata buraxılıb. Cahid bir neçə ay sonra yenidən Daxili Qoşunların sıralarına qayıdıb. 2008-ci ilin iyun ayının 25-dən etibarən qoşunların Bərdə rayonundakı “N” saylı hərbi hissəsinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunub. Burada minaatan batareyasının minaatan taqımında minaatan komandiri vəzifəsinə təyin edilib. Hərbi xidmətdə əzmkarlığı və çalışqanlığı ilə komandanlığın etimadını doğruldub. O, bu hərbi hissədə motoatıcı bölükdə zenit-raket heyətinin rəisi, xüsusi təyinatlı dəstənin həmlə qrupunda yarımqrup komandiri vəzifələrinə irəli çəkilib. Müvafiq kursu müvəffəqiyyətlə başa vuraraq “gizir” hərbi rütbəsinədək yüksəlib. 2012-ci ilin dekabr ayından xidmətini davam etdirmək üçün qoşunların Zaqatala rayonunda yerləşən “N” saylı hərbi hissəsinə keçirilib. Hərbi hissədə xüsusi təyinatlı dəstənin həmlə qrupunda yarımqrup komandiri, habelə atəş təminatı qrupunda minaatan yarımqrup komandiri, eləcə də atəş təminatı qrupunda dəzgahlı qumbaraatan yarımqrupunun komandiri kimi ona etibar olunan vəzifələrdə öz təşkilatçılığı, icraçılığı, tabeliyindəki şəxsi heyətlə işləmək bacarığı, qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmağı ilə fərqlənib.
    2013-cü ilin iyul-oktyabr aylarında Cahid Türkiyə Cümhuriyyətinə ezam edilərək, Eyirdir-İspartada yerləşən Türkiyə Silahlı Qüvvələrinin Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığının Dağ komando kursunu keçib. Xüsusi təyinatlı kimi belə bir kursu bitirməsi peşəkar hazırlığının inkişaf etdirilməsi və qiymətli təcrübə toplaması baxımından onun fəaliyyətində xüsusi rol oynayıb.
    Vətən müharibəsinədək hərbi xidməti dövründə gizir C.Tağızadə III dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə mükafatlandırılıb, şəxsi işində ona tətbiq olunan müxtəlif növ həvəsləndirmələr də qeyd edilib.
2020-ci ilin avqust ayında Cahid Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində təşkil olunan xüsusi təyinatlı bölmələrin taktiki təlimlərində iştirak edərək, döyüş hazırlığı baxımından öz məharəti ilə seçilib.
    Vətənin müdafiəsinə, torpaqlarımızın işğalına son qoyulmasına hazır olmaq əqidəsi ilə xidmət edən Cahid və silahdaşları üçün ən şərəfli və çətin sınaq anı nəhayət yetişdi. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi xüsusi təyinatlılarımızın yüksək döyüş qabiliyyətinə malik olduqlarını göstərdi. Daxili Qoşunların Zaqatala rayonundakı “N” saylı hərbi hissəsindən ön cəbhəyə göndərilən gizir C.Tağızadə müharibənin ilk günündən döyüşə atılıb, erməni işğalçılarına qarşı cəsurluqla vuruşub. Onun döyüş yolu Murovdağ yüksəkliyi, Füzuli və Cəbrayıl rayonlarının ərazilərindən keçib.
    Cahidlə birgə döyüşmüş gizir Sakit Fərzəliyev, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Malik Niftəliyev və baş əsgər Fərrux Alagözovla söhbət zamanı onun vətənpərvər, iradəli və qətiyyətli olduğunu söylədilər. Qorxmadan düşmən postlarının üzərinə həmlələr etdiyini, sərrast atışları ilə onun bir sıra atəş nöqtələrini susdurduğunu, canlı qüvvə və texnikasına tutarlı zərbələr vurduğunu bildirdilər. Döyüşçüləri ruhlandıraraq, o, “biz elə vuruşmalıyıq ki, işğalçıların tapdağında bir qarış torpağımız qalmasın” deyib. Murovdağ yüksəkliyi uğrunda mürəkkəb relyef, bəzən əlverişsiz hava şəraiti səbəbindən döyüş tapşırıqlarının yerinə yetirilməsinin bütün çətinliklərinə baxmayaraq, Cahidin olduğu qrup və digər qruplar da mətinlik nümunəsi nümayiş etdiriblər.
    Gizir S.Fərzəliyev və baş çavuş M.Niftəliyevin sözlərinə görə, Murovdağ döyüşlərindən birində Cahid düşmən mərmisinin partlayış dalğası nəticəsində kəllə-beyin travması alsa da, təxliyyə edilməsinə razılaşmayıb, göstərilən tibbi yardımdan sonra döyüşçülərin yanına qayıdıb.
Füzuli-Cəbrayıl zonasında da ağır döyüşlər gedib. Bu bölgədə də hərbi qulluqçularımızın qarşısına qoyulan döyüş tapşırıqları erməni işğalçılarının müdafiə xəttinin yarılması, onların mövqelərinin ələ keçirilməsi, canlı qüvvə, texnika və silah-sursatlarının məhv edilməsi olub. Təcavüzkarın illərlə qurduğu və möhkəmləndirdiyi mövqeləri darmadağın etməyi bacaran döyüşçülərimiz müxtəlif çaplı silahlardan şiddətli atəşə məruz qalıblar. Baş əsgər F.Alagözov məlumat verdi ki, göstərilən istiqamətdə Cahidlə birgə döyüş yolu davam edib. 2020-ci ilin oktyabr ayının ilk günlərində bizim qüvvələrin Füzuli və Cəbrayıl rayonlarının düşmənin nəzarətindəki ərazilərinə istiqamətlənən hücum əməliyyatları səngiməyib. Həmin döyüşlərdən birində düşmən minaatanından atılan mərminin yaxınlığında partlaması nəticəsində gizir C.Tağızadə ağır yaralanaraq şəhid olub.
    Daxili Qoşunların Zaqataladakı “N” saylı hərbi hissəsi komandirinin 13.10.2020-ci il tarixli müvafiq əmrindən çıxarışda, habelə Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən 08.10.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədə, eləcə də digər sənədlərdə gizir C.Tağızadənin 03.10.2020-ci ildə Füzuli rayonu ərazisində hərbi əməliyyat zamanı partlayış səbəbindən həlak olduğu barədə qeydlər öz əksini tapıb.  
Şəhid hərbi qulluqçumuz doğma kəndinin qəbiristanlığında dəfn olunub. Mirzalıbəyli kəndindən 4 nəfər Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb. Cahidin müharibədə döyüşərək yaralanan qohumları var.
    
     Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli, 29.12.2020-ci il tarixli müvafiq sərəncamları ilə gizir C.Tağızadə ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. 
Mərhumun Nərmin və Nihad adlı 2 övladı yadigar qalıb. Nərmin məktəbdə 2-ci sinifdə oxuyur, Nihad isə məktəbəqədər hazırlıq kursuna gedir. Onlar vətənpərvər ruhda böyüyəcək, torpaqlarımızı uzun illər işğal altında saxlayan, şəhər və rayonlarımızı, o cümlədən, Bərdəni müxtəlif növ raketlərdən atəşə tutaraq dağıntılara məruz qoyan, dinc sakinləri qətlə yetirən azğın düşmənə qarşı son nəfəsinədək mərdliklə vuruşmuş atalarını, onun kimi igidləri daim qürurla anacaqlar.
    Şəhidin atası V.Tağızadə söylədi ki, Cahid döyüş bölgəsindən vaxt tapıb mobil telefonla evə zəng edəndə “narahat olmayın, hər şey yaxşı olacaq, biz irəliləyirik” deyib. Valideyn üçün övlad itkisi sözlə təsvir edilə bilməyəcək ağrı-acıdır. Ancaq şəhid atası olmaq mənəvi ucalıqdır. “Vətən sağ olsun!”- deyən belə valideynlərə ehtiramımız sonsuzdur.
 
Allah şəhidlərimizə rəhmət eləsin!
 
Yalçın Abbasov
DİN-in Daxili Qoşunlarının
veteranı, tədqiqatçı-jurnalist
 
 
 
 
 
 
 
Geri qayıt