Əsas Səhifə > Redaktor seçimi > ... KİMYA və BİOLOGİYA FAKÜLTƏSİ
... KİMYA və BİOLOGİYA FAKÜLTƏSİ16-07-2021, 22:09 |
ADPU-100 Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) təşkilindən 100 il keçir. Ümummillil Lider Heydər Əliyev ölkədə pedaqoji kadr hazırlığının, təhsilin inkişafında ADPU-nun əhəmiyyətinə xüsusi qiymət vermişdi: “Azərbaycan Dövlət Pedaqoji İnstitutu böyük şanlı yol keçmişdir... Onun kollektivi Azərbaycanda ümumtəhsil məktəbinin inkişafında böyük xidmət göstərmiş, institut xalq maarifi üçün yüksək ixtisaslı kadr ocağına çevrilmişdir.” Azərbaycan XKS-nin sədri N.Nərimanovun imzaladığı dekret əsasında (26.VIII.1921) 6 nəfər tələbə ilə fəaliyyətə başlayan ali pedaqoji təhsil ocağı yeni təşkil olunmuş I və II dərəcəli məktəbləri yüksək ixtisaslı müəllim kadırı ilə təmin etmək məqsədilə yaradılmışdır. Bu illər ərzində ADPU böyük inkişaf yolu keçmiş, zəngin ənənələrə malik şöhrətli elm və tədris ocağına çevrilmişdir. Müxtəlif elm sahələrinin inkişafında xüsusi xidmətlərinə, pedaqoji kadr hazırlığındakı nailiyyətlərinə görə sayılıb seçilən bu elm ocağının ölkəmizdəki digər ali məltəblər arasında xüsusi yeri vardır. Ali Pedaqoji İnstitutu (APİ) yaradılarkən təşkil edilən üç şöbədən biri təbiyat-coğrafiya idi. Bir neçə ildən sonra (1926) APİ Bakı Dövlət Universitetinin tərkibinə verildikdən sonra təbiyyat-coğrafiya şöbəsidə fəliyyətini dayandırmışdı. Bakı Dövlət Universitetinin fakültələrinin bazası əsasında Azərbaycan Dövlət Pedaqoji İnstitutu yenidən təşkil ediləndə (1930) onun fakültələrindən biri təbiyyat-kimya idi. Təbiyyat-kimya fakültəsi 40 ilə yaxın fəliyyət göstərdikdən sonra iki fakültəyə (1968) – kimya və biologiya fakültələrinə bölündü. Kimya fakültəsinə professorlar R.Y.Əliyev (1968-1971), R.Ə.Əbdürrəhimova (1971-1976), T.Ə.Ağdamski (1976-1981), biologiya fakültəsinə isə R.Z.Qafarova (1968-1981) rəhbərlik etmişlər. Bir müddət müstəqil fəaliyyət göstərikdən sonra bu iki fakültə əsasında yenidən kimya-biologiya fakültəsi yaradıldı (1981). Kimya-biologiya fakültəsində dekan vəzifəsində əməkdar elm xadimi, prof. R.Z.Qafarova (1981-1997) və prof. Ə.N.Qurbanov (1997-2002) çalışmışlar. Yenidən kimya-biologiya fakültəsi ayrılaraq (2002) – kimya və biologiya fakültələrinə bölünmüşdür. Kimya fakültəsinin dekanı prof. Ə.N.Qurbanov (2002-2006), dos. V.S.Həsənov (2006-2016), biologiya fakültəsində isə dos. V.S.Həsənov (2002) və dos. Ə.M.Məhərrəmov (2002-2011) və professor Y.K.Əhmədov(2011-2016) olmuşlar. Ötəz fəliyyəti dövründə fakültədə kimya, biologiya- əlavə kimya, kimya və biologiya, kimya və pedaqogika, biologiya, biologiya-gigiyena ixtisasları üzrə kadr hazırlanmışdır. Dövrün tələblərindən irəli gələn zərurətə uyğun olaraq hər iki fakültə yenidən birləşdirilərək kimya və biologiya fakültəsi yaradılmışdır (2016). Kimya-biologiya fakültəsinin dekanı hazırda dos. E.C.Mehbalıyevadır (2017). Fakültənin nəzdində 4 kafedra fəaliyyət göstərir: Fiziologiya, Biologiya və onun tədrisi texnologiyası, Analitik və üzvi kimya, Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedraları. Fakültənin aparıcı kafedralarından biri Analitik və üzvi kimya kafedrasıdır. Ümumi kimya kafedrasının bazası əsasında Üzvi Kimya və kimya texnologiyası kafedrası (1966) və Analitik və fiziki kimya kafedrası təşkil edilmişdir (1969). Üzvi kimya və kimya texnologiyası kafedrasına dos.Ə.S.Rzayev (1966-1972), prof. İ.İ..Hüseynov (1972-1979), prof.R.Q.Ələkbərov (1979-2004), dos.V.S.Həsənov (2004-2011), dos. R.К.Məmmədova (2011-2017) rəhbərlik etmişlər. Analitik və fiziki kimya kafedrasına isə prof. A.Ə. Verdizadə (1969-1973), baş müəllim M.Mehdiyev (1973-1976) və prof. N.A. Verdizadə (1976-2017) rəhbərlik etmişdir. 2017-ci ildə adları çəkilən kafedralar birləşdirilərək Analitik və üzvi kimya kafedrası yaradılmış və ona kimya elmlər dokturu Ə. Z. Zalov rəhbərlik edir. Kafedrada Analitik kimya, Analitik - fiziki kolloid kimya, Fiziki - kimyəvi analiz metodları, Kompleks birləşmələrin fotometrik tədqiqi, Üzvi reagentlərin analitik kimyada tətbiqi, Fiziki-kolloid kimya, Aşqarlar kimyası, Biokimya və molekulyar biologiya, Dərman maddələrinin kimyası, Həyat fəaliyyətinin kimyəvi əsasları, Kimya texnologiyası, Müasir təlim texnologiyaları (kimya üzrə), Neft kimyası və karbohidrogenlərin termokatalitik çevrilmələri, Neft kimyası, Üzvi kimya, Üzvi sintez, Yüksək molekullu birləşmələr kimyası fənləri yüksək ixtisaslı mütəxəssislər tərəfindən azərbaycan və rus dillərində tədris olunur. Kafedrada 3 professor, 12 dosent, 5 kimya üzrə fəlsəfə doktoru, baş müəllim, 5 müəllim və 14 nəfər tədris köməkçi heyəti çalışır. Analitik və üzvi kimya kafedrasında 3 problem: analitik kimyanın müasir problemləri, kataliz və üzvi sintez üzrə elmi-tədqiqat işləri aparılır. Kafedranın nəzdində miqdari analiz, vəsfi analiz, kolloid kimya, fiziki kimya, kimya texnologiyası, fiziki-kimyəvi analiz, üzvi kimya, yüksək molekullu birləşmələr, aşqarlar kimyası, neft kimyası, həyat fəaliyyətinin kimyəvi əsasları, biokimya laboratoriyaları fəaliyyət göstərir. Kafedranın əməkdaşlarından T.Ə.Ağdamski Azərbaycan Respublikası Prezident Yanında fəaliyyət göstərən Ali Attestasiya Komissiyası “Kimya üzrə” Ekspert Şurasının” üzvü (2006-2017), prof. Ə.Z.Zalov və N.A.Verdizadə Bakı Dövlət Universitetinin Müdafiə Şurasının üzvləridir. Kafedranın bir neçə əməkdaşı işlədikləri dövrdə əmək fəaliyyətinə görə əməkdar müəllim adı (N.A.Verdizadə (2006), T.Ə.Ağdamski (2011), müxtəlif medallarla (V.S.Həsənov “Tərəqqi medalı”, 2011), fəxri adlarla və mükafatlarla təltif olunmuşlar. Hal-hazırda kafedranın kimya üzrə fəlsəfə doktoru proqramı üzrə 2 doktorantı (G.Ə.Hüseynova, Z.Q.Əsgərova) və kimya üzrə elmlər doktoru proqramı üzrə 1 doktorantı (Ə.Ə.Mahmudova) var. Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasının ilk adı Ümumi kimya olmuşdur (1930). Ümumi kimya kafedrasına prof. A.Ə.Verdizadə (1960 – 1964), prof. Ə.Əbdürəhimov (1964 – 1969), prof. R.Y.Əliyev (1970 – 1983), dos. Ə.N.Xəlilov (1984 – 1989), prof. İ.O.Nəsibov (1989 – 2000), prof. Ə.N.Qurbanov ( 2000 –2017) və dos.R.M.Ağayeva (2017) rəhbərlik etmişlər. Kafedra ali təhsilin bakalavriat və magistratura pilləsində “qeyri – üzvi kimya” və “kimyanın tədrisi metodikası” üzrə əsas aparıcı ixtisas kafedrasıdır. Bu kafedra yüksək ixtisaslı professor – müəllim heyəti tərəfindən azərbaycan, rus dillərində bakalavr və magistr pilləsi üzrə 40-dan çox müxtəlif fənlərin – bakalavr pilləsi üzrə: Ümumi kimya, Qeyri-üzvi kimya, Kompleks birləşmələr kimyası, Fiziki tədqiqat üsulları, Kimyanın tədrisi metodikası, Qeyri-üzvi sintez, Qeyri-üzvi kimyanın nəzəri əsasları; Magistratura pilləsi üzrə: Qeyri – üzvi kimyanın müasir problemləri, Kimyanın tarixi və metodologiyası, Qeyri – üzvi kimyanın nəzəri əsasları, Fiziki-kimyəvi analiz, Yarımkeçiricilər kimyası, Bərk cisimlər kimyası, Qeyri-üzvi təbii birləşmələr, Qeyri – üzvi materialşünaslıq, Ətraf mühitin kimyası, Azərbaycanın mineral resursları, Keçid elementlər kimyası, Nadir torpaq elementlərinin kimyası, Radiokiomya və geokimyanın əsasları, Kimyanın tədrisi metodikasının müasir problemləri, Kimyanın tədrisi metodikası, Müasir pedaqoqji texnologiyalar, Kimya təliminin kurikulumu, Kimyanın tədrisi metodikası üzrə nəzəri və eksperiment tədqiqatların texnologiyası, Kimyanın tədrisi metodikasının tarixi və metodologiyası, Kimyanın tədrisində ekoloji tərbiyə, Kimyanın tədrisində fundamental anlayışlar, İstedadlı şagirdlərlə işin təşkili, Məktəb kimya kursunun elmi əsasları, Məktəb kimya eksperimentinin müasir sistemi, Kimya tədrisində interaktiv metodlar tədrisini həyata keçirir. Kafedranın nəzdində Ümumi kimya, Qeyri-üzvi kimya, Kompleks birləşmələr kimyası, Kimyanın tədrisi metodikası və Qeyri-üzvi sintez laboratoriyalar fəaliyyət göstərir: Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasında 3 problem: koordinasion birləşmələr kimyası, yarımkeçirici materialşünaslıq və təlim-tərbiyə işlərinin təkmilləşdirilməsi üzrə elmi-tədqiqat işləri aparılır. Biologiya və onun tədrisi texnologiyası kafedrası Zoologiya, Botanika və Biologiyanın tədrisi metodikası kafedralarının əsasında yaradılmışdır (2017). Kafedraya dos. A.Ə.Yusubova rəhbərlik edir. Kafedrada ali təhsilin bakalaviriat və magistir pilləsində “Biologiyanın tədrisi və metodologiyası” istiqaməti üzrə mütəxəssis hazırlanır. Burada müasir təhsil sisteminə uyğun olaraq kadrların hazırlanamasında 37 fənnin tədrisi həyata keçirilir. Kafedrada 48 əməkdaş – 3 professor, 17 dosent, 18 baş müəllim və müəllim, 10 tədris köməkçi heyət fəaliyyət göstərir. ADPU-da İnsan və heyvan fiziologiyası kafedrasının yaşı 90 ildən çoxdur ( 1930). Həmin kafedranın müdiri vəzifəsində prof. A.A. Əmirov (1930), prof. S.R.Ocaqverdizadə (1930-1935), akademik A.İ. Qarayev (1935-1941), dos. Tələt Qayıbov (1951-1967), prof. R.İ. Səfərov (1967-1993), prof. Ə.N. Fərəcov (1994-2017) rəhbərlik etmişdir. İnsan və heyvan fiziologiyası kafedrası Tibbi biliklər kafedrası ilə birləşdikdən sonra (2017) Fiziologiya kafedrası adı ilə fəaliyyət göstərmişdir. Fiziologiya kafedrasının müdiri dos. N.M.Mehdizadə (2017-2021) olmuşdur. Kafedrada bakalavr pilləsi üzrə Histologiya, İnsan anatomiyası, Fərdi inkişafın biologiyası, İnsan və heyvan fiziologiyası, Biofizika, Mərkəzi sinir sistemi və sinir sisteminin fiziologiyası, İmmunologiya və enzimologiyanın əsasları, Yaş fiziologiyası fənlərinin tədrisini həyata keçirir. Fakültənin əməkdaşları tərəfindən tədris olunan fənlər üzrə çoxlu sayda dərslik, dərs vəsaiti, metodik vəsait və fənn proqramları çap edilmişdir. Azərbaycan respublikasının prezidenti İlham Əliyev Azərbaycan təhsili üçün ölkənin davamlı inkişaf strategiyasını ən öncül istiqamətlərindən biri hesab edərək demişdir: “Azərbaycanın gələcək inkişafı məhz təhsillə bağlıdır. Bilikli, savadlı uşaqlar, gənclər gələcəkdə Azərbaycanı idarə edəcəklər.” Möhtərəm prezidentimiz İlham Əliyev bu fikirləri ölkəmizdə pedaqoji kadrların hazırlığını, strategiyasını və konsepsiyasını müəyyən etmişdir. İlk tədqiqat işlərini hələ tələbəlik illərində kafedralarda aparmış bir çox məzunlar ali məktəbi bitirdikdən sonra öz elmi fəaliyyətlərini davam etdirərək, elmdə böyük cığırlar açmış, dünya şöhrəti qazanmış və özlərinin elmi məktəblərini yaratmışlar. Onlardan Azərbaysan Respublikası EA-nın akademikləri Yusif Məmmədəliyevin, Bahadur Zeynalovun, müxbir üzvləri Heydər Əfəndiyevin, Şamxal Məmmədovun, Məmməd Mövsümzadənin, Cümşüd Zülfüqarlının, kimya elmləri doktorları və professorlardan Yusif Musabəyovun, İsgəndər Bağbanlının, Şıxbala Əliyevin, Püstəxanım Rzazadənin Ağarəfi Ağayevin, Zəlimxan Qarayevin, Allahverdi Verdizadənin və onlarla başqalarının adlarını iftixarla çəkmək olar. Fakültənin məzunları mərhum professorlar Ş.Ə.Məmmədov, A.İ.Qarayev, Z.M.Şahtaxtinskaya, M.M.Mövsümzadə Ə.Ə.Əbdürrəhimov, A.Ə.Verdizadə, R.Z.Qafarova,R.Ə.Əbdürrəhimova, İ.O.Nəsibov, R.Y.Əliyev və onlarla başqaları uzun müddət bu ali məktəbdə səmərəli fəaliyyət göstərmiş, gənc nəslin təlim -tərbiyəsində ömürlərini şam kimi əritmişlər. Əməkdaşlarımızın elmi-tədqiqat işlərinin nətcələri dünyanın ən nüfuzlu elmi nəşrlərində çap edilir. Onların elmi yaradıcılıq nümunələrinin işıq üzü görməsində AAK-nın nüfuzlu jurnallar siyahısına daxil edilmiş ADPU-nun yeddi adda çap olunan “Xəbərləri”nində mühim rolu vardır. Hazırda ADPU-da maddi-texniki bazanın möhkəmləndirilməsi, təhsilin məzmununun təkmilləşdirilməsi və mənəvi-psixoloji mühitin sağlamlaşdırılması istiqamətində ciddi islahatlar aparılır. Artiq ADPU-nun bir əsrlik yubileyi tamam olur. Bu məqsədlə rektor, professor Cəfər Cəfərovun təşəbbüsü ilə universitetin tarixinin dərindən araşdırılmış və yeni kitablar yazılmışdır. Universitetin İbtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmovun ilk mənbələr və zəngin arxiv sənədləri əsasında ərsəyə gətirdiyi “Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları” (2019) kitabı bu qəbildəndir. Universitetin bir əsrlik tarixi ayrı-ayrı vaxtlarda Pedaqoji Universitetə rəhbərlik etmiş 31 rektorun həyatı, ictimai-siyasi, elmi-pedaqoji fəaliyyəti və idarəetmə səriştəsi fonunda təhlil və tədqiq olunmuşdur. Bu illər ərzində ADPU böyük və şərəfli inkişaf yolu keçərək zəngin ənənələrə malik nüfuzlu elm və təhsil müəssisəsi kimi tanınmışdır. ADPU respublikamızda yüksəkixtisaslı pedaqoji və elmi-pedaqoji kadr hazırlığında əvəzsiz xidmətlər göstərmişdir. Hazırda ADPU ölkəmizdə müəllim hazırlığının mərkəzi hesab edilir və rektor Cəfər Cəfərovun rəhbərliyi altında universitet öz şərəfli və müqəddəs missiyasını uğurla yerine yetirir. Bu gün ADPU-nun kollektivi möhtərəm prezidentimiz İlham Əliyevin “Təhsil sahəsində ən önəmli məsələ maddi-texniki bazanın yaradılması ilə yanaşı, həm də təhsilin keyfiyyətidir” fikirinə uyğun olaraq elmdə və təhsildə daha böyük uğur qazanmaq üçün gərgin yaradıcılıq axtarışlarını inamla davam etdirirlər. İnanıram ki, universitetimizin yaşının üzərinə bir əsrdə gəldikdən sonra, gələcək nəsillər dönüb bu günə qürurla baxacaqlar. Əli ZALOV, Azərbaycan Dövlət Pedaqoji Univrsitetinin Analitik və üzvi kimya kafedrasının müdiri, kimya elmləri doktoru
Geri qayıt |