Əsas Səhifə > Redaktor seçimi > Qarabağ zəfərinin şahidi 83 yaşlı yazıçının sevinci...

Qarabağ zəfərinin şahidi 83 yaşlı yazıçının sevinci...


18-08-2021, 21:11
 
                          Rəfiqə Məmmədova bu gün loğman yaşındadır...
      Rəfiqə Allahverən qızı Məmmədova Azərbaycan uşaq ədəbiyyatının tanınmış simalarından biridir. 50 illik yaradıcılıq təcrübəsi olan yazıçı-şair ömrünün 90-cı pilləsinə doğru inamla yeriyir. Torpaqlarımızın işğaldan azad olunması ömrünün bu ixtiyar çağında ona təsvirəgəlməz bir fərəh, sevinc hissi yaşadıb. Düşünürəm ki, bu fərəh, bu sevinc onun ömrünü daha da uzadacaqdır. 
    Rəfiqə Məmmədova haqqında hər zaman xoş düşüncələrlə rastlaşırıq. Bu düşüncələrin birində deyilir: “Nəğməkar poeziyanın mahir rəssam lövhələrinə bənzər təsvirlərin, uşaq yaddaşına hopan şeirlərin, hekayələrin, mayası vətənpərvərlikdən yoğrulan povestlərin, körpə duyğularına şəkər qatan nağıl, novellaların müəllifidir Rəfiqə Məmmədova”.
    Bildirim ki, Rəfiqə xanım özünün bədii yaradıcılıq nümunələrilə təkcə uşaqların yox, həm də böyüklərin sevimlisidir. Onun indiyədək qələmə aldığı əsərləri ədəbiyyatımızın səhifələrini zənginləşdirməyə xidmət edib. Şeir və hekayələri, eləcə də digər bədii-sənət nümunələri həyat sevgisiylə yazılıb. Təbiətə heyranlıq, insanlığa hörmət, ehtiram duyğuları Rəfiqə xanımın kitablarının əsas işıq mənbəyidir. Onun əsərlərindəki ülvi duyğular, həyata və varlığa sevgi oxucularına hər zaman müsbət təsirilə fərqlənir. 
    1970-ci ildə yaradıcılığa başlayan Rəfiqə Məmmədovanın əsərləri Sovet dönəmindən bugünə qədər müxtəlif qəzet və jurnallarda öz sevimli oxucusunun könül qapısını döyüb. Onun Azərbaycan radiosunun arxivində hekayə və şeirlərinin səsyazıları qorunub-saxlanır. Yazıçının indiyədək bir çox kitabı çap olunub. “Dolu”, “İnam”, Uğurlu ov”, “Könül”, “Şəfəq müğənnisi”, “Qar işığı”, “Mənim Şahinim” və s. kitabları ədəbi dünyamızın rəngarəng səhifələri kimi oxunmaqla yanaşı, həm də yazıçının dəyərli irsi kimi ədəbi-bədii yaddaş nümunəsinə çevrilmədə. 
   Həyatının ahıl çağlarını yaşayan yazıçının bu gün də ədəbi mühitlə ünsiyyət bağları qırılmayıb. Ədəbi orqanlar, təşkilatlar onu daim yada salır, xatırlayır, təltif edərək yaradıcılığını hər zaman yüksək qiymətləndirirlər.

         
    Rəfiqə xanım bugünlərdə yenə təltif olunub. Azərbaycan Yazıçılar Birliyi Rəfiqə xanımı Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə fəxri diplomla təltif edib. Bu barədə Azərbaycan Yazıçılar Birliyinin rəsmi internet səhifəsində də xəbər verilib. Sevimli yazıçıya, nəğməkar şairə ömrünün ixtiyar çağında da qayğıkeşliklə yanaşılması təkcə Rəfiqə xanımı yox, onun bütün oxucularını, elə bizi də sevindirir. 
     Ancaq daha bir əlamətdarlıq da ondan ibarətdir ki, yazıçının təltif olunması onun doğum günü ərəfəsinə təsadüf edir. 21 avqust  həyatının böyük bir hissəsini ədəbi-bədi yaradıcılığa həsr etmiş yazıçının doğulduğu gündür. Nə böyük xoşbəxtlikdir ki, 30 ilə yaxın ayrılıqdan sonra doğma diyarın azadlığı müjdəsini eşidəsən. Rəfiqə xanım nəsil-şəcərə etibarilə demək olar ki, bütün Qarabağı əhatə edir. Bir tərəfdən Cəbrayıla, bir tərəfdən Ağdama, Füzuliyə, Şuşaya bağlı... Onun Cəbrayıla olan sevgisinin rəngi də tamam başqadır. Cəbrayıl haqqında hər zaman fərqli duyğularla danışır. Cəbrayıl kəhrizinin üstündəki qocaman Xan Çinarı məhəbbət dolu bir nisgillə xatırlayır. Rəfiqə xanım bədii yaradıcılıqda, sənət üfüqlərində heç bir iddiası olmayan, heç bir təmənna güdməyən yazıçı olduğu kimi,   həm də ailəsinin şərəfini hər şeydən uca tutan fədakar bir anadır. Tale elə gətirib ki, Onunla ailə quran “Dövlət Üzümçülük Və Şərabçılıq” Komitəsində sədr müavini kimi məsul vəzifədə çalışmış Əmir kişinin sonsuz Azərbaycan sevgisi də daim bu ailənin başı üzərində dalğalanan bayrağına dönüb. Azərbaycanın ən qədim təhsil ocaqlarından biri- Azərbaycan Dövlət Pedaqoji Universitetilə üzbəüz binadakı mənzildən həyata iki dəyərli övlad pərvazlanıb. Rəfiqə ananın indi iki gözəl, istedadlı nəvəsi Ayanla Selin - bu nəvələrdən bəhs edən kitabları da var. Ailənin böyük oğlu Şakiri, kiçik qardaşı Azər kimi yaxından tanımasam da, onun da Azər qədər mehriban, cəmiyyətdə açıq baxışlı fikirləriylə seçilən biri olduğunu düşünürəm. Azərə gəldikdə isə, məmləkət sevgisiylə atasının, anasının Azər çağırdığı bu oğul bu gün xarici ölkələrdə Azərbaycançılıq ənənələrini öz bütöv xarakteri, davranışı, ətraf mühitlə qurduğu sağlam ünsiyyətilə təmsil edir. Bu, çox böyük bir məsələdir - Vətəni, yurdu, doğulduğun ocağı, oymağı daim özünlə daşımaq qədər ağır və məsuliyyətli... 
     Qayıdaq yazıçı, şair simasının arxasındakı şəxsiyyətə - Rəfiqə xanımın özünə... Sənətşünas Təranə xanım Əlizadə deyir: “...Bəli, Rəfiqə xanım balacalara qapalı yox, açıq qapıları nişan verir. Bəlkə də o qapıların açarını da verir, nə bilim, mən ki uşaq deyiləm. Amma çox istəyərdim ki, uşaq olum. Rəfiqə xanımın şeirlərinin əl-ələ verib yaratdığı bu böyük halqanın çənbərin ortasında bir anlıq mən də qaçmaq, dünynın başıma fırlanmağını istədim”.
     Bu fikirlər R.Məmmədovanın 80-ci baharına həsr olunmuş “Sözün Rəfiqəsi” monoqrafiyasına yazılmış ön sözdən bir parçadır. Həmin parça bizi yenidən yazıçının rəngarəng dünyasına qovuşdurur. Diqqət çəkən bir məqam da var. Təranə xanım qeyd edir ki, yazıçının sənət və iç dünyasında hamı hamıdan körpə, hamı hamıdan qoca, hamı hamıdan cavan, hamı hamıdan ucadır. Məncə, ön sözün müəllifi yazıçının dünyaya və həyata ədalətli baxışışını qiymətləndirmək istəyir - heç kəs heç kəsdən üstün deyil prinsipi. Ortada Şeyx Nizami demiş, bircə nə qalır? Elm məsələsi. 
Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
   Rəfiqə xanımın başı həmişə ucadır - istər gəlib çatdığı ömür, istərsə də sahib olduğu mənəviyyat zirvəsində. Rəfiqə xanım o qədər kövrək, o qədər həlim, dürüst və aydın bir insandır ki, ondan danışanda Mövlananın bir fikrini də xatırlamasam olmur.”İnsan kamilləşəndə nəfsani qidalardan əl çəkib loğmana dönər”.
    Rəfiqə Məmmədova bu gün loğman yaşındadır. Yaşadığı qəza, qədər – Vətən ayrılığı, Vətən həsrəti, həyatın bəxş etdiyi müxtəlif çeşidli izdirabları, həm də ömrün 83-cü baharında doğma Qarabağa qovuşan duyğularıyla.    

  ...Rəfiqə xanımı təbrik edir, ömrün yüzüncü baharına doğru bundan sonra da sağlıqla, inamla yeriməsini arzulayırıq. 
   Rəfiqə xanım əslən qarabağlıdır. Onun Qarabağ sevgisini, Qarabağ həsrətini, ayrılığını ifadə edən nə qədər şeiri, hekayəsi bizim “Qarabağa aparan yol” qəzetində də oxucuların görüşünə gəlib. 
    Deyir, gözünə hər zaman qüssə, kədər, ayrılıq qatdığım yazılarımı qəzetinizdə dərc etmisiniz. Arzum o idi ki, o həsrət, o qüssə zəfər şeirlərilə əvəzlənsin. Məni arzuma çatdıran Allahıma, prezidentimə, əsgərimə minnətdaram. Məni də başa düşün, 83 yaşımda Qarabağ zəfərinin şahidi olmağımdan keçirdiyim sevinc, fərəh hissini  ifadə etməkdə çətinlik çəkirəm. Tanrıdan möhnət istəyirəm ki, indən sonra Qarabağ sevincimi zəfər nəğmələrimlə ifadə edim...   


Fariz Çobanoğlu
Geri qayıt