Əsas Səhifə > Redaktor seçimi > İlham, atam Sarvan və mən...

İlham, atam Sarvan və mən...


13-10-2021, 20:42
    Cəsurluq məktəbinə, qəlbində Vətən qalası tikməyə gəlmiş bu yaraşıqlı oğlanın yanında durdum ki, işığı mənə də düşə. .. Bir ocaqdan , bir soydanıq , bircə evimiz ayrıdır, amma yurd, məmləkət adlı yuva da eyni... Deyir, dayı, gözlə papağımı da başıma qoyum, papaqsız şəkil olmaz.
     Seymur Ağayev bu il arzuladığı ünvana yetişib. Orta məktəbin 9-cu sinfindən Cümşüd Naxçıvanski Adına Hərbi Litseyin 1-ci kursunda oxuyur. Hərbi dildə desək, indi ona kursant Seymur Ağayev də demək olar. 
    Seymurgilin ailəsi yığcam bir ailədir. İsmi dövlət başçısına sevgidən yaranmış İlham adlı böyük qardaşı savadlı mütəxəssis olmaq üçün ali məktəbə hazırlaşır. Gələcəkdə o da cəmiyyətimizə, Vətənimizə faydalı bir gənc kimi Azərbaycan gəncliyinin sıralarına qoşulacaq. Seymurun atası Sarvan zəhmətkeş bir ailə başçısıdır. Ailəsinin bütün çətinliklərini qarşılamaq üçün yorulmadan işləyir. Hərdən çətinliklərdən gileylənəndə onu inandırmağa çalışırdım ki, darıxma, vaxt gələcək övladların böyüyəcək, cəmiyyətimizə fayda verməklə yanaşı, sənə də arxa-dayaq olacaqlar. Bu günlərdə onun simasındakı xoş, inam dolu təbəssümü də gördüm. Oğlu Seymur hərbi məktəb şagirdi olmuşdu. Onu hərbi geyimdə görmək atasına həddən artıq qürur gətirmişdi. Seymurun anası Könül xanım isə əlləri şəfqətlə dolu bir tibb işçisidir. Əvvəllər olduğu kimi, pandemiya dövründə də onlarla, yüzlərlə xəstənin həyata dönməsinə vəsilə olub. 
     Seymurun Azərbaycan hərb tarixinin təcrübə və ənənələri üzərində qurulmuş Cümşüd Naxçıvanski adına hərbi litseyə qəbul olması anasını da çox sevindirib. Sevinci mənimlə bölüşərkən Seymurla bir yerdə şəkil də çəkdirdik. Seymur uşaqlıqdan inadkar və prinsipal idi. Yaxşı şahmat oynamağı var. Uduzmağı da heç sevmir. Mənimlə şahmat oynayarkən hərdən uduzurdu da, amma bu vaxt evlərində bir hay-küy, mərəkə qopurdu ki... Uşaq ayaqlarını evin döşəməsinə döyüb uduzmasıyla barışa bilməməsinin üsyanına qalxırdı. Deyim ki, şahmatla yanaşı, o, dəqiq və humanitar elmləri yaşına görə yaxşı mənimsəyib. Keçmişimizin, dünənimizin, elə bu gün isti-isti yazılan tariximizin səhifələrini də hər zaman sevgiylə oxuyur. Orasını da deyim ki, Seymurun ata və ana tərəfindən  44 günlük müharibədə və müharibə dönəmində hərbi xidmətlərini nümunəvi şəkildə başa vurub qayıdan nə qədər gənc qohumu var. Hansı ki, həmin gənclərin hər biri ya ayrı-ayrı bölük komandirləri tərəfindən, ya da birbaşa dövlət başçısının sərəncamıyla mükafatlandırılıblar. 
   Bir sözlə, Seymur həm də davamçıdır. Yurda, Vətənə, bayrağımıza sevgi dolu ailə ənənələrinin davamçısı olaraq hələ bərkiməyib. Uşaq kövrəkliyi hələ üstündədir. O, bərkiyəcək, möhkəmlənəcək, hərbin dərin sirlərinə bələd olub yüzlərlə Vətən oğlu kimi düşmən sipərinə dönəcək. 
   ...Artıq Seymur Qarabağa böyük qayıdışımızı həm bir uşaq, həm də bir hərbçi sevinci, vüqarıyla gözləyir. Deyir ki, Qarabağa qayıdan böyük köç karvanının önündə biz də olacağıq – İlham, atam Sarvan və mən. 

Fariz Çobanoğlu
 

Geri qayıt