Əsas Səhifə > Redaktor seçimi > Polis paqonundakı ulduz işığı...

Polis paqonundakı ulduz işığı...


14-01-2022, 18:16

 
     İstefada olan polis polkovniki Rahib Qarayevin çapa hazırladığı “Qanlı hekayətlər” (cinayətin izi ilə) kitabını oxumazdan əvvəl müəllifin xarakterinə bələd olmaq, böyük sözə nə dərəcədə doğmalığını yaxından duymaq üçün qısa bir araşdırma apardım. 
     Rahib Qarayev əslən Laçın rayonundandır. Bu rayonun qədim tarixə və mədəniyyətə malik Kürdhacı kəndində doğulub. Uşaqlıq və yeniyetməlik illəri də bu kənddə keçib. Orta məktəbi isə atasının həkim-terapevt kimi çalışdığı Alxaslı kəndində bitirib. Doğulduğu Kürdhacı kəndi Qarabağ silsiləsinin cənub-qərb yamacında yerləşir. Kənd Çorman, Xaçınçaylı, Hacısamlı, Muncuqlu, Ərikli kəndlərinin ərazisi ilə yaxın olan bir qovşaqda yerləşir. Erməni faşizminin 30 il ərzində müdhiş bir viranəliyə çevirdiyi bu ulusumuz zamanında meşə və çay kənarında  - uca dağlar qoynunda salınmışdı. Yağı qəsdi ilə xarabalığa dönməsinə baxmayaraq Kürdhacı kəndinin zəngin coğrafi və mənəvi iqlimi onu yaddaşlarda daim təzə-tər saxlayır. Təsadüfi deyil ki, kənddən Azərbaycan tarixində ləyaqətli iz qoymuş bir çox tanınmış şəxsiyyət də çıxıb. Paşa bəy Sultanov, Xosrov bəy Sultanov, Sultan bəy Sultanov, Xıdır bəy Qaraçorlu, Xanmurad bəy Qaraçorlu, Kamal bəy Paşayev, Ələsgər Novruzov, Xəqani Axundov, Sabir Cabbarov kimi qəhrəmanlar, ictimai və dövlət xadimləri bu gün təkcə laçınlıların yox, bütün Azərbaycanın fərəh hissiylə yad etdiyi  şəxsiyyətlərdir. 
     Sıravi fəhləlikdən Daxili İşlər Nazirliyi sistemində tağım komandiri, inspektor, baş inspektor, Nazirliyin orqanı olan “Mübariz keşikdə” qəzetinin müxbiri, qəzetin informasiya bölməsinin rəisi, mərkəzi aparatda idarə rəisinin müavini və nəhayət, Şəxsi Şeyətlə İş İdarəsinin rəisi kimi yüksək vəzifələrdə çalışaraq polis polkovniki  rütbəsinə qədər yüksəlmiş Rahib Qarayevi də bu silsilənin davamçılarından – varislərindən biri hesab etmək olar. 
    Rahib Yunis oğlu Qarayev ixtisasca hüquqşünasdır. Keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Bakı Xüsusi Orta Milis Məktəbini və DİN-in Polis Akademiyasını bitirib. Polkovnik 37 illik xidməti dövründə bir çox mükafatlara, o cümlədən fəxri fərmanlara, DİN-in “Əla xidmətlərinə görə” döş nişanına, “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalının hər 3 dərəcəsinə, “Azərbaycan Polisinin 95 illiyi”, “Azərbaycan Polisinin 100 illiyi” yubiley medallarına layiq görülüb. 2007-ci ildə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub. Bu anda bizim üçün önəmli olan isə onun yaradıcı tərəfidir. Şirin, işlək bir qələmə sahib olmasını deyirəm. Az-az adam tanıyıram ki, daxili işlər orqanlarında, cinayətkarlıqla mübarizə kimi sərt bir “iqlim”də çalışaraq qəlbinin zərifliyini, kövrəkliyini, polis mundiri altında həm də bir şair ürəyinin varlığını, bir yaradıcı dünyanın saflığını sonadək qoruyub-saxlamış olsun. 
     Kitabını vərəqlədikcə, cəmiyyətin mənəvi sağlamlığını qoruyan bir yazıçı məsuliyyəti də duyuram. Mənə elə gəlir ki, polkovnikin iki ürəyi var. Biri ən çətin situasiyalarda asayişin keşiyində polis kimi dayanmağa köklənir, digəri isə daim söz, sənət eşqi ilə çırpınaraq onu hər kəsə doğma bir insana çevirir. “525-ci qəzet”də  Şəhanə Müşfiqin “Hanı o məktublar” yazısından təsirlənərək qələmə aldığı məqaləsini həyacansız oxuya bilməzsən. Məktub sadə bir məktub deyil. Müəllif artıq o məktubu Azərbaycan ədəbiyyatının bir səhifəsinə çevirib. Məktub bütün gələcək zamanların silə bilmədiyi bir dostluq körpüsü, sədaqət abidəsi kimi sözün qəlbinə köçüb. Yazı-pozuda heç səriştəsi olmayan əsgər yoldaşı Aydının sevgilisinə yaza bilmədiyi məktubları onun adından Qarayev yazır. 
    “ - Qarayev, kənddən məktub gəlib, - sevdiyim qızdan. Mən indi buna nə yazım?”
    Qarayev məktubu oxuyub görür ki, Nərgiz adlı bir qızdan gəlib. Sevgi məktubudur. 
    Və elə həmin andaca köməkləşib gecəylə Nərgizə cavab yazırlar. Və bu məktublaşma tezliklə müntəzəm xarakter almağa başlayır. 
     Və zaman gəlir ki, bu məktubların sonu xoşbəxt bir məcraya yönəlir. Əsgərlik müddəti bitir. Hər kəs ayrılıb öz yoluna, öz həyatına dönür. İllər sonra Qarayev Aydına məktub yazıb onu axtarsa da, Aydından cavab gəlmir. Daha bir müddət keçdikdən sonra Qarayev Aydını axtarmaq üçün Xaçmaza, ordan da onun yaşadığı Nərəcan kəndinə gedir. Soraqlaşıb tapdığı evdə qapını 20-22 yaşlarında ucaboy bir qız açır. 
      Sanki Qarayev bu yaraşıqlı kənd qızını hardasa görmüşdü. Az sonra məlum olur ki, bu, Nərgizdir  – bir zamanlar məktublaşdığı Nərgiz. 
       Qarayev qeyd edir ki, o vaxtdan 39 il keçib. Aydınla Nərgizin Dadaş, Laləzar, Vəfa və Aytel adlı dörd övladı var. 
     ...Düşünürəm ki, bu övladlardan birinin adının Vəfa olması da təsadüfən seçilməyib, iki dost arasındakı böyük sevginin, ülfətin bağı olaraq seçilib. 
      Ən başlıcası, xoşbəxt sonluqla bitən bu keçmiş xatirə bu gün də müəllifin qəlbinin ən uca yerində bütün təfsilatıyla yaşayır. Və bu yaşantını müəllif sonda belə ümumiləşdirir:
      - “Çörəklərini ömür boyu qabarlı əlləri ilə qazanan bu xoşbəxt cütlüyün ailə təməlinin qoyulmasında, daha doğrusu, Aydının aydınlığa çıxmasında deyəsən, bir zamanlar onunla bərabər sevgi məktubları yazmış bu sətirlərin müəllifinin də əziyyəti az olmayıb axı...”
      Göstərdiyi hər bir xeyirxahlıqdan mənəvi qida, zövq alan polkovnik Rahib Qarayevlə qısa bir müddətdir tanışıq. Amma elə ilk dəfədən bir əsgər, bir tələbə yoldaşı kimi davrandıq. O qədər səmimi, o qədər duyğusal gəldi ki mənə və mən ona elə əsgərlikdəki kimi, “Qarayev” deyə müraciət etdim. 
      Rahib Qarayev əlinə qələm götürsə də, götürməsə də, duyğuları gözündən boylanan, ürəyi ovcunun içində olan bir qanun adamıdır. Və bu qanun adamı olmaq təkcə bir polis işçisi, Daxili İşlər Nazirliyi sisteminin məsul işçisi olmaqla məhdudlaşmır. O, həm də yazılmamış qanunların, insan dünyasını əhatə edən mənəvi ekologiyanın keşikçisidir. Özü də yanılmayan, dürüst, dəqiq müşahidələri ilə seçilən bir keşikçi. Xarakterinin bütövlüyünə, ruhunun səma təmizliyinə güvənib yerdəki közərən ulduzlardan biri hesab edirəm onu. Ulduz işığı – bəli, insanlar da ulduz kimi əbədi işıq saça bilirlər.
       Polkovnikin, daha doğrusu Qarayevin “Qanlı hekayətlər”ini oxumamışa qədər bir yazısını da oxumuşdum. Bu dəfə müəllif ürəyini param-parça edən Vətən həsrətini, yurd ayrılığının möhnətini yazıya köçürmüşdü. Çox maraqlı da bir dəst-xətt, bir üslub seçmişdi. Yuxuda bütün Qarabağı gəzib dolaşmış, Laçınlı günlərini yada salmışdı. O yerlərdə çox tanınan, həm də atasının yaxın dostu - köhnə taksi şoferi Nəcəf kişidən tutmuş ən yaxın adamlarına, doğma müəllimlərinə qədər xatirələri oyada bilmişdi. Kənd Sovetindəki Xəlil dayıyla görüşmüş, bitirdiyi orta məktəbin direktoru Şiraslan müəllimi yada salmış, Yaqub müəllimi, Saday müəllimi və kəndin neçə belə köhnə kişisini maraqlı bədii detallarla oxucu yaddaşına köçürə bilmişdi. Orta məktəbi bitirdiyi Alxaslıdan, Laçının qədim oylaqlarından hesab olunan “Lisaqor”dan, “Yeddiqat”dan, “Qala dərəsi”ndən, “Kahalar”dan, “Köhnə poçt”dan keçib təəssüf içində Bakıya dönmüşdü. Ona görə təəssüf içində ki... göz yaşları ilə yazdığı bu hekayət gerçək həyatda baş verməmişdi. Qarayev qüssəli, kədərin bütün çalarlarına boyanmış bir yuxu görmüşdü. Yuxuda Laçına getmişdi. Amma saatın çıqqıldayan səsi onu yuxudan oyadanda özü də təəccüb içində qalmışdı. Pəncərəsindən Bakının əzəmətli Alov qüllələrini görəndə anlamışdı ki, bütün gördükləri əfsanədir, reallıq deyil. İndi onun yanında nə ziyarət etdiyi yerlər, nə də xatırladığı köhnə adamlar vardı. Laçın yenə işğaldaydı. Adını sevə-sevə dilə gətirdiyi qədim Kürdhacısı da, Alxaslısı da... Hekayətin ən nikbin yeri də sonda idi. Qarayev bir müəllif olaraq torpaqlarımızın, yurd yerlərimizin işğalı ilə heç cürə barışmır. Yazısında da ruhunu məğlubiyyətə təslim etmir. Məhz elə ona görə də sonda qələbə ovqatlı düşüncələrini də məqalənin sonuna köçürür: 
-“...Amma az qalıb, lap az qalıb. İnşallah, yenilməz sərkərdəmiz İlham Əliyev xalqa bir müraciətində də Laçının işğaldan azad olunması müjdəsini çatdıracaq. Gedəcəyik o yerlərə - doğma, əziz yurd yerinə. Fəqət o zaman nə Nəcəf dayı olacaq, nə Bahadur dayı. Nə Kamilə xala olacaq, nə Şirin kişi, nə İxtiyar əmi, nə də Xəlil dayı. Daha Şiraslan müəllim, Yaqub müəllim, Saday müəllim də qarşılamayacaq məni…”
     Bəzən yazıçı fəhmi özünün  öncəgörücülüyü ilə də gələcəyə işıq salır. Az keçmədi ki, doğma torpaqlarımız işğaldan azad edildi... 
     Qayıdaq polkovnikin çapa hazırlanan “Qanlı hekayətlər” (cinayətin izi ilə) kitabının üzərinə. Kitab Azərbaycan Polisinin cinayətlərin açılmasındakı fəaliyyətini işıqlandıran sənədli məqalələr toplusudur. Kitabda 101 məqalə toplanıb. Hər bir məqalə ayrılıqda bir cinayət işinin açılmasından və cinayətkarların öz layiqli cəzasını almasından bəhs edir. Hətta bəzən cinayətlər zəncirvari olur. Polis bir cinayətin izinə düşəndə zəncirin ucunu ələ keçirərək həmin hadisəyə bağlı digər cinayətlərin də üstünü aça bilir. 
    Hüquq-mühafizə orqanlarının fəaliyyətindən bəhs edən bu kitabı oxuduqca istər-istəməz Azərbaycan Polisinin şərəfli keçmişi də yada düşür. 
        Bildiyimiz kimi, Daxili İşlər Nazirliyi və onun əsas özəyi olan polis orqanları 1918-1920-ci illərdən başlayaraq müstəqilliyə yenicə qədəm qoymuş dövlətimizin milli maraqlarının müdafiəsində dayanır. Cümhuriyyətin süqutundan sonra da - yəni Azərbaycan Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində də Respublikamızda daxili işlər orqanları uğurla inkişaf edib, ictimai asayişin və insan hüquqlarının qorunması və bərpasında yüksək nəticələrə nail olaraq zəngin təcrübə qazanıb…
    …1988-ci ildə Ermənistanın Azərbaycana hərbi təcavüzünü rəşadətlə dəf edən öncə milis orqanları idi. Sonrakı illərdə bu qüvvə Daxili Qoşun hissələri oldu. Birinci Qarabağ savaşında düşmənə qarşı döyüşən Azərbaycan Polisinin sıralarından nə qədər pəhləvan cüssəli oğullar şəhid oldu. Bu döyüşlərdə 1000-dən çox polis əməkdaşı və hərbi qulluqçu şəhadətə yetişdi. Polis sıralarından olan xeyli canlı qüvvə isə yaralandı. Göstərilmiş şücaət və qəhrəmanlıqlara görə yenə də polis sıralarından 67 nəfər Milli Qəhrəman adına, 1200-ə yaxın polis isə xüsusi orden və medallara layiq görüldü. 
       Azərbaycanın daxili işlər orqanlarının əməkdaşları öz vətənpərvərliklərini İkinci Qarabağ savaşında – şanlı Vətən müharibəsində də göstərdilər. Eləcə də ictimai asayişin qorunmasında, təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qaşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində daim peşəkarlıq nümayiş etdirən Daxili İşlər Nazirliyinin bütün bölmələri, həmçinin Daxili Qoşunların hərbi qulluqçuları Birinci Qarabağ savaşında olduğu kimi, İkinci Vətən müharibəsində də fədakarlıq və qəhrəmanlıq göstərmiş, Azərbaycanımızın hər qarış torpağını canlarından uca tutmuşlar.  44 günlük müharibədə Daxili Qoşunların xüsusi bölmələri düşmənə sarsıdıcı zərbələr endirir, onların yüzlərlə canlı qüvvəsini döyüş meydanında böyrü üstə qoyurdu.
      Demək istədiyim odur ki, Azərbaycan Polisi zəngin təcrübə yolu keçib. Qarşımızdakı “Qanlı hekayətlər”də bu təcrübənin işığı kifayət qədər aydın sezilir. Kitabdakı hekayətlərin hər birində baş vermiş cinayət son dərəcə operativ şəkildə araşdırılaraq üstü isti izlərlə açılır. Hadisə təhqiq olunaraq cinayətkarlar peşəkar polislər tərəfindən yaxalanır, məhkəmə-istintaq orqanlarına təhvil verilir. Kitabın üstün cəhətlərindən biri də odur ki, hekayətlərin hər biri quru, rəsmiyyətçilik dilindən uzaqdır. Təqdim olunan  hadisələrin gözünə qatılmış bədiilik kitabı daha oxunaqlı edib. Bir vaxtlar   Daxili İşlər Naziliyinin orqanı olan “Mübariz keşikdə” qəzetində “Rahib Qarayev” imzası ilə dərc olunan məqalələr indi kitab halında qarşımızdadır. 
     Əlbəttə, baş vermiş cinayət hadisələri sadəcə rəsmi xronika kimi təqdim olunsaydı, məncə, bu kitabın oxucusu da çox ola bilməzdi. “Qanlı hekayətlər”dəki 101 məqalənin hər biri təbiətin, bəzi hallarda da insan həyatının, psixologiyasının rəngarəng təsvirləri ilə başlayır. Məsələn, “Dağlara qar düşəndə” məqaləsindən söz aça bilərəm. Yeri gəlmişkən, söhbət törədilmiş cinayətlərin açılmasından getməsinə baxmayaraq, məqalələrin adları da poetik seçilmişdir. Lakin bu poetiklik oxucunu heç də yaxşı bir mənzərəyə aparıb çıxarmır. Axı söhbət cinayətdən gedir. Hadisənin bədii cümlələrlə qurulmuş dialoq şəklində başlaması isə burda bir yazıçı “priyomu” kimi diqqət çəkir. 
                       - Başına dönüm, qohum, mənə iki yüz min manat borc pul lazımdır.    Günü elə bu gün qaytaracağam.
- Elə bu gün necə qaytaracaqsan?
- Çox asan. Tövlədə bir yaxşı keçim var, kəsib ətini satacağam.
- Bir halda ki, ət satacaqsan, elə indi sat, pulunu da yığ. Daha məndən pul istəməyə nə ehtiyac?
- Bilirsən, keçini kəsməyinə kəsəcəyəm, amma bir iş var ki, bura kənd yeridir, camaatda nəğd pul olmayacaq. Odur ki, pulu toplamaq bir az çəkəcək.
- A kişi, bəlkə keçin heç, ümumiyyətlə, yoxdur?
- Nə danışırsan, keçi tövlədədir. Buyurub baxa bilərsən.
   Bu kiçik dialoqdan sonra qohumlar tövləyə tərəf addımladılar. Yanvarın 7-si idi. Səhər yenicə açılmışdı. 
     Adama elə gəlir ki, doğmalıq, can bir qəlbdə olan iki dostun bu qısa dialoqundan sonra nəsə yaxşı, xeyirə yönəli bir iş olacaq. Amma düşündüyümüz kimi olmur. Sən demə, əvvəlcədən qurulmuş plan qanla yoğrulur. İnsan həyatının qəsdinə, qatilinə çevrilir. Necə çevrilir? Gəlin onu birlikdə izləyək: 
    ...Yaşlı insanların dediyinə görə, həmin gün Yardımlıya yağan güclü qara son 25-30 ildə təsadüf edilməyib. Yollar bağlanmış, dərələrdəki körpülər keçilməz olmuşdu. Rayon mərkəzində bir ins-cins gözə dəymirdi. Hamı evindəydi. Ara-sıra Polis Şöbəsinin inzibati binasına tərəf gedib-gələn əməkdaşlar gözə dəyirdi, vəssalam. 
     Gün beləcə gəlib keçdi. Hava artıq qaralmışdı. Saat 18.30 radələrində rayon mərkəzindən 40 kilometr aralıda yerləşən Şıxhüseynli kəndindən RPŞ-nin Növbətçi hissəsinə telefon məlumatı daxil oldu. Bildirildi ki, kənd sakini, Alar poçtamtının rəisi Zamanxan Şirməmmədov təqaüdçülərə pul paylamaq adı ilə səhər evdən çıxmış, yolda itkin düşmüşdür. 
     Növbətçi zabit məlumatı RPŞ-nin rəisi, polis polkovniki Adil Həsənova çatdıran kimi rəis dedi:
   - Əməliyyat qrupu yanıma gəlsin!
Sonra da daxili telefonun düyməsini basıb əməliyyat işləri üzrə rəis müavini, polis kapitanı Sahib Səmədovu, bir də ki, bu yerlərə yaxşı bələd olan Cinayət-axtarış bölməsinin rəisi, polis mayoru Əlövsət Mirzəyevi yanına çağırdı. Qısa məsləhətləşmədən sonra dedi:
    - Məsələ burasındadır ki, poçtamt rəisində dövlətin xeyli pulu var. Onu tamah məqsədilə öldürə də bilərlər. Odur ki, hava şəraitindən, qar bağlamış yolların, dərələrin təhlükəsindən asılı olmayaraq, kəndə getməliyik, özü də vaxt itirmədən, elə bu saat. Maşınları hazırlayın!
    Saat 19.00-da artıq yuxarıda adları çəkilən Sahib Səmədovun, Əlövsət Mirzəyevin, həmçinin CAB-ın əməliyyat müvəkkili Seyran Davudlunun, Mütəşəkkil cinayətkarlıqla mübarizə qrupunun baş əməliyyat müvəkkili Sabir Tağıyevin, İctimai təhlükəsizlik bölməsinin rəisi Vidadi Əhədovun və sahə inspektoru Dilavər Rüstəmxanlının daxil olduqları əməliyyat qrupu A.Həsənovun rəhbərliyi altında Şıxhüseynli kəndinə yola düşdü.
     Onlar kəndə çatanda saatın əqrəbləri 22.00-ı göstərirdi. Hər yer zülmət içindəydi. Sakinlər də yəqin ki, yatmışdılar. Rəis üzünü qrupun üzvlərinə tutub, - Hə, qoçaqlar, yollar sizi qorxutmadı ki? – deyəndə Sahib Səmədov cavab verdi:
   - Qubada buralardan da sərt yerlər var. Oğul ona deyərəm ki, ilin-günün bu vaxtında Xınalığa gedib çıxa.
    Bu kiçik dialoq əməliyyatçıları bir az cana gətirdi. Bir qədər də piyada gedib itkin düşənin həyət qapısından içəri keçdilər. Ailə yatmamışdı. Polisləri görəndə təəccübləndilər. İnana bilmirdilər ki, belə bir vaxtda onlar kəndə gəlib çıxa biliblər.
    Həmin gecə müəyyən edildi ki, həqiqətən də səhər tezdən evdən çıxan poçtamt rəisi müavinət pulu paylamaq məqsədilə Alar kəndinə gedəcəyini deyib. Amma onun Alara getdiyini görən olmuşdumu? Bu sual ətrafında işləyərkən bəlli oldu ki, onu görsə-görsə, bircə Həmid görə bilər. Çünki itkin düşmüş hesab edilən poçtamt rəisinin yaxın qohumu olan Həmid Həmidov səhər borc pula gəlib. Sonra da evdən birlikdə çıxıblar. 
    Gecə ikən Həmidin də qapısını döydülər. Nə üçün gəldiklərini dedilər. Əməliyyat qrupunun üzvlərindən iki nəfəri kənddə qalmaq şərtilə qalanları Həmidi götürüb rayon mərkəzinə qayıdanda artıq saat 02.00 idi. Gözləmək olardı ki, rəis onlara dincəlmək üçün bir az vaxt verəcək. Amma belə olmadı. O, yenə də Sahib Səmədovla Əlövsət Mirzəyevi yanına çağırıb dedi:
   - Həmidlə ətraflı söhbət etmişəm. Və bu söhbəti indi də davam etdirirəm. Siz isə vaxt itirmədən qayıdın kəndə, Həmidin oğlanlarını – Elşənlə Salmanı da buraya gətirin. Çalışın, camaat yuxudan oyanmamış kəndə çatasınız. Heç kim duyuq düşməsin.
    Rəis müavini S.Səmədovla CAB-ın rəisi Ə.Mirzəyev ikinci dəfə kəndə gələndə həqiqətən də hələ səhər açılmamışdı.   Onlar  Həmidin oğlanlarını da götürüb qayıtdılar RPŞ-yə. 
    Artıq yanvarın 8-i idi. Dincəlməyə isə azacıq da olsa vaxt yox idi. Ona görə ki, qəribə məqamlar üzə çıxmışdı. İndi hər an, hər saniyə böyük əhəmiyyət kəsb edirdi. Müəyyən edilmişdi ki, itkin düşmüş hesab edilən Zamanxan Şirməmmədovdan əvvəl Alar poçtamtının rəisi vəzifəsində onun qohumu Həmid Həmidov işləyib. O, son günlər tamah məqsədilə özündən 20 yaş balaca olan Z.Şirməmmədovu öldürmək fikrinə düşüb. Bunun üçün yaxşıca plan da hazırlayıb. Artıq yuxarıda deyildiyi kimi, keçisini göstərmək üçün Zamanxanı tövləyə aparıb...
   Günortaya yaxın müəyyən edildi ki, plana uyğun olaraq, əvvəlcədən əllərində balta-bıçaq tövlədə gizlənmiş Həmidin oğlanları - Elşən və Salman, qardaşı Zöhrab və qaynı Mərkəz içəri girən Zamanxanı xüsusi amansızlıqla qətlə yetirmiş, sonra isə bədənini üç hissəyə bölmüşlər. Bundan sonra Həmid həmin hissələri torbaya yığıb ata yükləyərək kənddən xeyli aralıda – qonşu Lerik rayonunun Bülüdü kəndi yaxınlığında meşəyə atmışdır. Özü isə həmin kənddən üç kisə un alaraq kəndə qayıtmışdır. 
  Əməliyyat qrupu yenidən kəndə yollandı. Həmidin tövləsinə baxış zamanı burada gizlədilmiş müavinət pulunun bir hissəsi tapılıb götürüldü. Həmid meyidin yerini də göstərdi. Cinayətdə təqsirli bilinən digər iştirakçılar – Zöhrab və Mərkəz də həbs olunaraq RPŞ-yə gətirildilər. 
   Qarlı qış gecəsində çəkilən əziyyət hədər getmədi”.
  ... Oxucuya təqdim olunan məqalənin hər birində forma və üslub eyniyyəti var. Buna yaradıcı insanın öz üslubuna sadiqliyi də demək olar. Məzmun isə törədilmiş cinayətlərin müxfəlifliyinə görə fərqlənir. Bu cinayətlərin içərisində 5 manata görə ata qatili olanı, bir qızıl üzüyə, bir boyunbağıya görə dost, doğma, qohum bilmədən onun evini yaran, başqa birinin malını, qoyununu oğurlayan, qısqanclıq zəminində qanlı hadisə törədən, içkili halda mübahisə edib adi bir anlaşılmazlıq ucbatından bir-birinin qəlbinə bıçaq sancan, qadağan olunmuş malların ticarətilə məşğul olan... Bir sözlə, insanlıqdan uzaq düşmüş hər cür cinayətə rast gəlmək olur. Oxucuya qalan, oxucunun mülkünə çevrilən isə bu cinayətlərdən sağlam nəticə çıxarmaq, aldanmamaq, aldatmamaq, bu cinayətkarlarla mübarizədə fədakarlıq göstərən polislərimizlə fəxr etməkdir. Hətta məqalələrin içərisində eləsi var ki, cinayət zamanı ağır yaralanmış zərərçəkənə yardım etməkdən qalmayan polis onun xilas olması üçün qanı da özü verir. Bu sayaq davranışlar kitabla tanış olan hər kəsdə dövlətinə, hökumətinə, polis orqanına hədsiz güvənc hissi yaradır. 101 məqalənin hər birində cinayətkarların soyadları da   şəxsiyyət vəsiqələrində olduğu kimi təqdim olunur. İstisna hallarda zərərçəkmişin adı etik norma daxilində şərti olaraq qeyd edilir. Hadisənin açılması və cinayətkarların tapılmasında iştirak etmiş polis əməliyyatçılarının da adları və vəzifələri dəqiqliklə yazılır ki, bunun da xüsusi önəmi var. Nəticə olaraq, cinayətkar öz cəzasına çatır, asayiş keşikçisi olan polis də insan hüquqlarının qorunmasında göstərdiyi xidmətə görə bir daha dəyərləndirilir.
  Düşündüm ki, məqalələrin hər birindən ayrılıqda söhbət açmaq həm yer, həm də zaman aparır. Dəryanın suyunu müəyyənləşdirmək üçün dəryadan bir damla götürmək də kifayətdir ki, suyunun dadını biləsən. Demək istəyirəm ki, yuxarıda nümunə kimi verdiyimiz məqalə də dəryadan bir damla timsalıdır.   
 Yuxarıda qeyd etmişdik, - bir də demək istəyirəm ki, məqalələrin adları olduqca uğurlu seçilib. Adlar törədilmiş cinayətlərin mahiyyət və məzmununu əks etdirməklə yanaşı, həm də cinayətkar dünyaya bir ironiya, sarsıdıcı bir sarkazm kimi səslənir. “Oyunçu aparsın?!”, “Mən ona “can” dedim”, “Su sənəyi suda sındı”, “Dəvə oynayanda qar yağar, yaxud bizimkilərin ingiliscə soyğunçuluğu”, “12-nin yarısında Filarmoniyanın qarşısında”, “Belə də “aristokrat” olar?”, “Adam öldürüb restorana getdilər”, “Arığın qoruqda nə işi var ki...”, “Dağlara qar düşəndə”, “Oğru “özümüzünkü”ymüş”, “Bir cənub şəhərində”, “Yarım birbaş gedən oldu”, “Falçı, falımıza bir də bax”, “Moruqluqda - 10 il əvvəlki yerdə”, “Telefon ya söndürülüb, ya da əhatə dairəsindədir...” “”Podpolkovnik”in Masallı sərgüzəştləri”... kimi məqalələr oxucu qəlbində təlaş yaradır, daxili həyəcana, ürəyin titrəyişinə çevrilir. 
    Kitab kriminal aləmin acınacaqlı qeyri-adiliklərini oxucuya çatdırır. Müəlllifin verdiyi sətiraltı mesajlar da təsir dairəsindən yayınmır. İstər seçdiyi başlıqlarda, istərsə də hadisələrin yazıya çevrilməsində istifadə etdiyi ifadələrdə bir təəssüf hissi, törədilən cinayətə ürək ağrısı var; onsuz da qısa olan insan ömrünə susamış  bu qədər cani, bu qədər qatil hardan doğulur, hardan peyda olur axı?!...
   Bu da kitabın oxucudan soruşduğudur...
   Kitabı dedektiv ədəbiyyat kimi dəyərləndirmək fikrim yoxdur. Ancaq dedektiv ədəbiyyat üçün çox ciddi və dəyərli mənbə hesab edirəm. Adətən, dedektiv janr müəllifləri bir romanı, bir povesti ərsəyə gətirmək üçün hüquq-mühafizə orqanlarının arxivində xeyli vaxt itirməli olurlar. “Qanlı hekayətlər”də isə hadisələr sənədli şəkildə bir yerə cəm olunub. Bu mənada “Qanlı hekayətlər”i  həm də ədəbiyyatımızda dedektiv janrın inkişafına yeni bir töhfə hesab etmək olar. Təqdim olunan məqalələrin hər biri bir dedektiv  əsər üçün bütövlükdə xammaldır. 
     Kitab həm də tərbiyəvi yükü ilə xarakterizə oluna bilər. Kitabı oxuyan gənc nəsil anlayacaq ki, cinayətin və cinayətkarlığın sonu yoxdur. Kitabın müəllifi polkovnikin də 101 məqalədən birində dediyi kimi, - su sənəyi suda sınır. 
    Kitabda müstəqilliyimizi qorumaq, daha da möhkəmləndirmək yollarında polislərimizin göstərdiyi fədakarlıqlar hər bir oxucuya, hər bir gəncə - istər gələcəkdə polis sıralarında dayanmaq istəyənlərə, istərsə də ictimai həyatın hər hansı bir sahəsində dövlətimizə, dövlətçiliyimizə xidmət edənlərə nümunə ola bilər. 
   Bu gün ölkəmizdə hökm sürən ictimai-siyasi sabitliyə görə dövlətimizin uğurlu siyasətilə yanaşı, polislərimizə də minnətdarıq. Elə bu minnətdarlıq duyğuları ilə də kitabın həm kütləvi oxucular üçün, həm də dərs vəsaiti kimi yararlı bir qaynaq olduğunu bildirmək istəyirik. “Qanlı hekayətlər” xüsüsən, DİN-in Polis Akademiyası, polis məktəbləri, hərbi litseylər, polis sıralarında çalışan gənc əməlliyyatçılar, istintaq orqanları və məhkəmə sistemləri üçün faydalı, ədəbi təşkilatların da maraqla qarşılayacağı bir mənbə olacaq. Ədəbi mühitdə isə dedektiv janr müəllifləri və dedektiv janr ssenaristləri üçün “göydəndüşmə” sayıla bilər...
  ... Kitab haqqında qeydlərimi bitirsəm də, hiss edirəm ki, ürəyimin dərinliyində demədiyim nəsə qalıb. Hə, polkovnikin bundan əvvəl yazdığı bir kitab da var - “Ötən ilin son gecəsi”. Məncə, yaşının qızıl dövrünü yaşayan polkovnikin mənəvi kimliyi “Qanlı hekayətlər”də yox, məhz unudulmaz dostu haqqındakı düşüncələrini yazarkən bütün əlvanlığı ilə üzə çıxıb. Müəllif bu qüssə dolu kitabı qəfil dünyasını dəyişmiş cəfakeş həmkarı - polis polkovniki Şükür Mehdiyevin əziz xatirəsinə həsr edib. Dövlətimizin və millətimizin keşiyində canını fəda etməyə hər zaman hazır olan dostunun xatirəsini əbədiləşdirən müəllifin özünün də zamanın çətin sınaqlarından üzüağ çıxan bir dostluq körpüsü olduğu görünür. 
  “Ötən ilin son gecəsi” böyük mənəviyyatın hər şeydən ucada dayandığını söyləyir. Bu kitab vasitəsilə oxucu dünyasında hər iki dostun obrazı sönməyən bir ulduza çevrilir. Ulduzlar təkcə göydə olmur axı, yerin özündə də ulduz işığı var. Polis paqonundakı ulduz işığı... Bu ulduz öz gücünü ürəkdən alanda daha parlaq işıq saçır...   

Fariz Çobanoğlu,
Prezident təqaüdçüsü
 

Geri qayıt