Əsas Səhifə > Redaktor seçimi > ƏZİZ VƏ HÖRMƏTLİ XANIMLAR - AZƏRBAYCAN QADINLARI!
ƏZİZ VƏ HÖRMƏTLİ XANIMLAR - AZƏRBAYCAN QADINLARI!6-03-2022, 12:34 |
Azərbaycan qadını bütün dövrlərdə dövlətə öz sədaqəti və fədakarlığı ilə seçilmişdir. Tariximizin unudulmaz səhifələrindəki görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Qadınının taleyi demokratik cəmiyyətin intellektual potensialını həmişə düşündürmüşdür. Onun sevinci, kədəri, xoşbəxtliyi və yaxud bədbəxtliyi xalqın özünün mənəvi durumunu göstərir. Cəmiyyət yarandığı gündən bəri onun yolu faciələrdən keçmişdir. Bəşər nəsli müharibələrdən yaxa qurtara bilmir, müharibələrsə, qadınlar üçün zaman-zaman sağalmayan yara deməkdir. Müdriklərin bir sözü var: “Səngərdə atılan hər bir güllə əsgərə yox, ana ürəyinə dəyir”. Son otuz ildə Azərbaycan xalqı erməni faşizminin törətdiyi müharibənin ağrı-acılarını çəkməli oldu. Bu ağrıların isə əsas yolu Azərbaycan qadınının ürəyindən keçir. Xalqımızın başına gətirilən fəlakətlər zaman-zaman Azərbaycan qadınının mənəviyyatında çox dərin şırımlar açmasına baxmayaraq, dövlətimizin müstəqilliyi, ərazi bütövlüyünün bərpa olunması Azərbaycan qadınının mənəvi potensialının daha da çiçəklənməsinə şərait yaradır. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Hər ilin 8 martı Beynəlxalq Qadınlar günü kimi qeyd olunur. Bu bayram yarandığı gündə siyasi xarakter daşısada, bu gün Ana bayramı kimi, cəmiyyəti ayağa qaldıracaq yeganə qüvvə olan qadınların bayramı kimi daha çox anılır. İnanıram ki, müstəqil Azərbaycanın bu günkü yolu Azərbaycan qadınını qarşılaşdığı problemlərdən xilas edəcək. Azərbaycan qadınına xas olan xüsusiyyətlər – ailəsinə, atasına, qardaşına, doğmalarına bağlılıq dünyanın heç bir qadınında yoxdur. Bu bizim genofondun mənəviyyat baxımından nə qədər zəngin olduğunu göstərir. Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynamışdır. Uca peyğəmbərimiz də «Cənnət anaların ayaqları altındadır» deyib. Bununla da anaların ucalığını, müqəddəsliyinin ölçüsünü göstərir. Analarımız bizə hər şeyi öyrədir. O, bizə Allaha inanmağı, başqalarının əməyinə qiymət verməyi, məntiqi düşünməyi, cəsarətliliyi, dayanıqlılığı, paxıllıq etməməyi, gələcəyə ümidlə baxmağı, susmağı, ədaləti ... hər şeyi öyrədir. Nə biliriksə hər şeydə ANAya borcluyuq. Ana məhəbbəti kainat qədər sonsuz, həyat qədər şirindir. Dünyada ana qucağından isti bir yer, ana laylasından həzin bir musiqi yoxdur. Bu bayram münasibətilə SİZLƏRİ – Azərbaycan qadınını – bütün anaları, bacıları ürəkdən təbrik edirəm. Əli ZALOV, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının müdiri, kimya elmləri doktoru, Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi Geri qayıt |