Əsas Səhifə > Redaktor seçimi > 1902-ci ildə kimya sahəsində Nobel mükafatçısı - EMİL GERMAN FİŞER (1852-1919)

1902-ci ildə kimya sahəsində Nobel mükafatçısı - EMİL GERMAN FİŞER (1852-1919)


17-03-2022, 22:09

      Tanınmış alman kimyaçı, Kimya üzrə No­bel mükafatının laueratı (1902) Emil German FişerAl­ma­ni­yanın Oysk­irxen şəhər­in­də tacir ailə­sində dün­ya­ya gəl­miş­dir (9 oktyabr 1852- ci ildə).
     Bonn gimnaziya­sı­nı fərqlənmə diplomu ilə bitirmiş və təbiət elm­ləri üzrə ali təhsil almaq üçün oradakı uni­ver­si­te­t­lərin birinə daxil olmaq istəmişdir. Məktəbi bitir­dik­dən sonra atası onun yararsızlığına əmin olana qədər Emili ailə biznesində işləməyə məcbur etmişdir. 
     Bonn universitetində dövrün məşhur alimləri - Fridrix Kekule, Avqust Kundt və Paul Qrotdan dərs almışdır. Müəllimi Kekulenin təsirilə kimyadan ayrılıb fizika sahəsinə keçsə də, Strasburq Universitetində təhsilini davam etdirərkən Fişer yenidən kimya ilə maraqlanmağa başlamış (1872), apardığı müxtəlif təcrübələr nəticəsində fenilhidrazini (ətirli hidrazinlər qrupuna aiddir) ixtira edərək məşhurlaşmışdır. 22 yaşında elmlər doktoru adına layiq görülmüş və Strasburq Univer­si­tetində müəllim kimi fəaliyyətə başlamışdır.
    Bir müddət burada çalışdıqdan sonra Münhen Univer­si­te­tinə təyinat almış, orada bir sıra tədqiqatlar aparmışdır. Üzvi boyaların quruluşunu öyrənən alim onları fenilhidrazinin kö­mə­yilə araşdırmışdır. Uzun müddət Münhendə çalışdıqdan son­ra Erlangen Universitetində kimya professoru vəzifəsinə keç­mişdir. Orada da elmi tədqiqatlarını davam etdirən Fişer ko­fein, teobromin, quanin və sidik turşusu kimi üzvi birləş­mə­lər üzərində elmi-tədqiqatlar aparmışdır. O, nuklein turşularının tərkibindəki quaninin rəngsiz kristal maddədən ibarət olduğunu ixtira etmiş və ona “purin” adını vermişdir. Bu sahədə tədqi­qat­larını davam etdirərək, purin qrupundan bir sıra üzvi birləş­mə­lə­rin sintezinə müvəffəq olmuşdur. O, yazırdı: “İnsan orqani­z­mi müdhiş laborotoriyadır. Burada ağlagəlməz sayda maddə­lə­rin sintezi baş verir. Zülallar, yağlar, karbohidratlar digər mad­dələri yaratmaq və onlara enerji vermək üçün parçalanırlar. Bəş­əriyyət bu proseslərin sirrini açmaq istəyir, lakin biz məq­səd­dən hələ də xeyli uzaq­dayıq. Bu sirləri açmaq üçün iki yol var, ya orqanizmin həyat fəaliyyəti nəticəsində əmələ gəlmiş maddələri tədqiq etmək, ya da hüceyrələrdə yaranan maddələri sintez etməyə çalışmaq”.
Vürtsburq Universitetində işləyən (1885)  Fişer burada da purinlə bağlı tədqiqatlarını davam etdirmiş, həmçinin şəkər molekullarında stereokimyəvi problemlərlə də məşğul olmuş­dur. 1874-cü ildə Yakob Vant Hoffun karbon atomlarının asim­metrik yerləşməsi barədə hazırladığı nəzəriyyəyə əsasl­an­an Fişer şəkər qrupu atomlarının bütün mümkün transformasiya üsullarını tapmışdır.
     O, laboratoriya şəraitində mannoza, fruktoza və qlü­ko­zanı sintez etməyə müvəffəq olmuşdu (1890). Alim tədqiqatlar zamanı üzvi turşuları beşxlorlu fosforla birləş­di­rər­kən yüksək reaksiya qabiliyyətlərinə malik yeni xloridləri aşkar etmişdir. Təcrübələr zamanı Fişer sidik turşusundan trixlopurini, onu ka­li­um və yodlu hidrogenlə birləşdirərkən isə ksantini almışdı. Ksantini metil turşusu ilə birləşdirən zaman o, rəngsiz, kris­ta­l­lik, acı dadı olan və təbiətdə qəhvə dənələrində, çay yarpa­q­larında mövcud olan kofeini əldə etmişdi. Sonrakı tədqiqatlar zamanı kimyəvi kofeinin təbii olanla eyniliyi aşkar edilmişdir.
            Berlin Universitetinin Kimya İnstitutunun direktoru tə­yin edilən alim ömrünün sonunadək bu vəzifəni yerinə yetir­mişdir (1892). Burada çalışarkən fermentlərlə də məşğul olmuş və onların yalnız özlərinə uyğun gələn maddələrlə reaksiyaya girdiyini aşkar etmişdir. Zülalların tədqiqatı zamanı, onların tərkibindəki aminturşuları tapmış, daha sonra peptidləri (amin­tur­şuların kombinasiyalarını) sintez etmiş, hidroliz (kimyəvi əla­qənin pozulduğu və suyun birləşdiyi kimyəvi reaksiya) za­ma­nı aminturşuların sayına və tiplərinə əsaslanaraq zülalların qırxdan artıq növünü sinifləndirmişdir.
     Emil German Fişer “saxarin və purin qrupu maddələ­ri­nin sintezi sahəsində əldə etdiyi uğura görə” Nobel Komitəsi tərəfindən Nobel Kimya Mükafatına layiq görülmüşdür (1902). O, təltifetmə mərasimində gördüyü iş haqqında demişdir: “Təbiətin sirlərini qoruyan pərdə tədricən qalxmaqdadır. Lakin bu fikri hələlik yalnız karbohidratlara aid etmək olar. Əldə edilmiş bütün uğurlara baxmayaraq üzvi kimya elmi daha çətin maddələri - zülalları tam öyrənməyənə­dək həyatın sirri ortadan qalxmayacaqdır”. 
    Emil Fişer Rokfeller fondunun yardımı ilə Fiziki Kimya və Elektrokimya (1911), üç il sonra isə Kömürün Araşdırılması İnstitutlarını yaratmışdır. Lakin Birinci dünya müharibəsi zamanı kimyəvi maddələr çatışmadığına görə laboratoriya işini 
dayandırmışdır.
    Fişer çox məhsuldar alim olmuşdur. Belə ki, onun gör­dü­yü işləri indi də kimya elmində çox böyük əhəmiyyət kəsb edir: aldehidlər və ketonlar üçün keyfiyyətli reagent kimi is­ti­fa­də etdiyi fenilhidrazinin sintezi, sonra isə monosa­xarid­lərin iden­tifikasiyası (1875); purin birləşmələrinin strukturunun öy­rə­nilməsi, sonradan bir çox vacib maddələrin (kofein, teo­bro­min və s.) sintezinə səbəb oldu(1882); karbohidratların geniş miq­yaslı tədqiqi, tərkibinin və strukturunun müəyyən edilməsi, nomenklaturanın inkişafı (1884); üzüm və meyvə şəkərinin sintezi (1890); kimyəvi birləşmələrin sintezi üçün fermentlərin istifadəsi(1894); zülalların kimyası sahəsində tədqiqatlar (1899); amin turşularının analizi üçün efir metodunun inkişafı, valin, prolin və hidroksiprolin amin turşularının kəşfi (1901); zü­lal strukturunun peptid nəzəriyyəsini təklif etdi (1902); dietilbarbiturik turşunun sintezi (veronal, barbital) (1903 ); polipeptidlərin sintezi (1907 ) və 19 amin turşusundan ibarət po­lipeptidi sintez etməklə (Abderqaldenlə birlikdə) təbii pep­tonların polipeptidlərlə oxşarlığını sübut etmişdir (1916).
    Onun yetirmələri arasında     Otto Dils, Adolf Vindaus, Frits Preql kimi gələcək Nobelçilər olmuşdur.
    Emil Fişer London Kral Cəmiyyətinin Devi medalı, Prus­siyanın “Xidmətlərinə görə” və Maksimillian ordenləri, Oslo, Mançester, Brüssel və Kembric universitetlərinin fəxri dok­toru adına layiq görülmüşdür. Prussiya Elmlər Akade­mi­ya­sı­nın üzvü və Almaniya Kimya Cəmiyyətinin prezidenti olmuş­dur. Bundan başqa o, London Kral Cəmiyyətinin, Göttingen Elmlər Akademiyasının, İsveç Kral Elmlər Akademiyasıının, Amerika İncəsənət və Elmlər Akademiyasının, Dei Linçei Akademiyasının, Rusiya Elmlər Akademiyasının, Prussiya Elmlər Akademiyasının, Bavariya Elmlər Akademiyasının, ABŞ Milli Elmlər Akademiyasının üzvü olmuşdur.
     Emil Fişer 66 yaşında Almaniyada Berlin şəhərində vəfat etmişdir (15 iyul 1919-cu ildə). 
 
Əli ZALOV,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri,
kimya elmləri doktoru, 
Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi
 

Geri qayıt