Əsas Səhifə > Redaktor seçimi > 1903-cü ildə kimya sahəsində Nobel mükafatçısı - SVANTE AVQUST ARRENİUS(1859-1927)
1903-cü ildə kimya sahəsində Nobel mükafatçısı - SVANTE AVQUST ARRENİUS(1859-1927)18-03-2022, 21:42 |
Elektrolitik dissosiasiya nəzəriyyəsinin banisi, məhlulda elektrik cərəyanının hərəkətini izah etmiş İsveç alimi Svante Avqust Arrenius Vikdə anadan olmuşdur (1859). Məktəb yaşına çatmamış Svante Arrenius hesabı artıq bildiyindən, fermer atasının tərtib etdiyi hesabatlardakı rəqəmləri böyük həvəslə toplayırdı. Onun səkkiz yaşı tamam olduqda valideynləri onu şəhər kafedral məktəbinə göndərirlər. O, yaxşı oxuyurdu, lakin biologiya, fızika və riyaziyyata marağı daha böyük idi.Məktəbi bitirdikdən sonra o, Upsal Universitetinə daxil olur və burada fizika, kimya və riyaziyyatı öyrənməkdə davam edir və təhsilni başa vurduqdan sonra ona təbiət elmləri üzrə bakalavr dərəcəsi verilir. Arrenius məhlulların elektrik keçiriciliyinə xüsusi diqqət etməyə başlamışdır və müşahidələri əsasında böyük kimyaçı belə bir ehtimal irəli sürür ki, bəzi maddələrin molekulları mayedə həll olduqda dissosiasiya olunur, başqa sözlə, parçalanır. Arrenius onları ion adlandırmışdır. O, həmçinin müəyyən etmişdir ki, bütöv molekulun elektroneytral olmasına baxmayaraq, onun hissəcikləri müsbət və ya mənfi yük daşıyır. Məhz, bunların sayəsində məhlulların elektrik keçiriciliyi təmin olunur. Elektrik cərəyanı öz növbəsində aktiv tərkib hissələri əks yüklənmiş elektroda istiqamətləndirir. Məsələn, müəyyən edilmişdir ki, natrium xlorid kristalı suda həll olunduqda müsbət yüklənmiş natrium və mənfi yüklənmiş xlor ionlarına parçalanır.Arreniusun təklif etdiyi hipotez onun doktorluq dissertasiyasının əsasını təşkil eedirdi. Arrenius İsveç Kral Elmlər Akademiyasının təqaüdünə layiq görülür ki, bu da onun xaricə getməsinə imkan yaradır (1886). Xaricdə müəyyən müddət təhsil aldıqdan sonra İsveçə qayıdan Arrenius Stokholm Universitetində fizika üzrə mühazirələr oxumağa başlayır və professor vəzifəsini tutur (1895). İki il sonra həmin universitetin rektoru təyin olunmuşdur (1897). XIX əsrin 90-cı illəri ərzində Arrenius özünün elektrolitik dissosiasiya nəzəriyyəsini işləyib hazırlayır və osmotik təzyiq üzrə tədqiqatlarını davam etdirir. Arrenius tədricən belə nəticəyə gəlir ki, sonuncu tədqiqatlar, həmçinin elektrolitik dissosiasiyanın məxsusiliyi ilə bağlıdır. Gələcəyin Nobel mükafatçısı Vant-Hoff formulunun doğruluğunu təsdiq etməklə yanaşı, həmçinin israr edirdi ki, osmotik təzyiq məhlulda olan ionların sayından asılıdır. Əslində, Arrenius elmdə bununla elektrokimya adlanan yeni istiqamətin əsasını qoymuşdur. Svante Avqust Arrenius “kimya elminin inkişafında özünün elektrolitik dissosiasiya nəzəriyyəsinin xüsusi roluna görə” Nobel mükafatına layiq görüldü (1903). Mükafatın təqdimolunma mərasimində İsveç Kral Elmlər Akademiyasının katibi X.R.Tyepnebld qeyd etmişdi: “Arreniusun ionlar nəzəriyyəsi elektrokimyanın keyfiyyət əsasını qoymuşdur, ona riyazi yanaşmanı tətbiq etməyə imkan vermişdir. Eyni zamanda Arrenius Vant-Hoff tərəfindən başlanan tədqiqatlar proqramını başa çatdırmaqla kifayətlənmədi, həm də keyfiyyət göstəricilərindən kəmiyyət göstəricilərinə keçdi”. Arrenius fizikanın bir çox sahələrində də tədqiqatlar aparmış və onun bir sıra işləri təkamül astrofizikasına həsr olunmuşdur. O, hesab edirdi ki, Günəş sistemi ulduzlararası toqquşmalar nəticəsində yaranmışdır. Arrenius immunokimya sahəsində tədqiqatlara başladı, canlı orqanizmlərdə kimyəvi reaksiyaları öyrəndi (1902). Elektrolitik dissosiasiya nəzəriyyəsinin banisi – Svante Avqust Arrenius 68 yaşında Stokholmda vəfat etmişdir (1927-ci il, oktyabrın 2-də). Əli ZALOV, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının müdiri, kimya elmləri doktoru, Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi Geri qayıt |