Əsas Səhifə > Redaktor seçimi > Polkovnikin kitabı...

Polkovnikin kitabı...


13-04-2022, 22:51
       
      Daxili İşlər Nazirliyində 37 il fasiləsiz xidmət etmiş polis-polkovniki Rahib Qarayev cəmiyyət hadisələrinə güzgü tutan yazıçı potensialı ilə də daim  diqqət yaradır. Bir neçə kitabın müəllifi olan polkovnik həm də Daxili işlər orqanlarının fəaliyyətindən bəhs edən yüzlərlə məqalənin müəllifidir. Kitabları, eləcə də dövrü mətbuatda çap olunan müxtəlif illərin, ayların məhsulu olan məqalələri müəllifin istedadla qələm çalmasının bəhrəsidir. Bu kitablar, məqalələr cəmiyyətə, ictimai düşüncəyə fayda verməklə yanaşı, həm də öz müəllifinə böyük sevgi gətirir; oxucu sevgisi, vətəndaş sevgisi...
     Rahib Qarayev bütün mənəvi ölçüləri ilə ucalığın adamıdır; doğulduğu Laçın məkanından tutmuş həyati, ictimai fəaliyyətinə, duyğu və düşüncələrinin saflığına, dövlət və xalqımızın mənafeyini hər zaman böyük fədakarlıqla qorumasına qədər...   


      
     Bu günlərdə polkovnik yenə oxucularının görüşünə maraq dolu bir kitabla gəlib. “Qanlı hekayətlər” (cinayətin izi ilə) mövzusuna görə nadir kitablardan hesab oluna bilər. Sənətşünas Təranə Əlizadənin redaktoru olduğu kitabın annotasiyasında da deyildiyi kimi, toplu Azərbaycan polisinin törədilmiş cinayətlərin açılmasındakı fəaliyyətini işıqlandıran hadisələr əsasında sənədli hekayətlər kimi yazılıb. Topludakı məqalələrin hər biri oxucuda az qala bir hekayə marağı oyadır. Müəllif hadisələrə həm də bədii yöndən müdaxilə edərək məqalələrin daha da oxunaqlı olmasına nail ola bilib. 
    Fariz Çobanoğlunun müəllifi olduğu “Ön söz”də  - “Polis paqonundakı ulduz işığı” yazısı da əsas həqiqətin özündən qaynaqlanır. Qeyd olunur ki, törədilmiş qanlı cinayətlər kitabda ürək ağrısı ilə oxunur. Odur ki, səhifələrin arasındakı sətirlərə hopmuş “ürək ağrısı”, “təəssüf” hissi son nəticədə tərbiyəvi yükü ilə də xarakterizə oluna bilər. “Kitabı oxuyan hər bir kəs, xüsusilə də yetişməkdə olan gənc nəsil bir daha anlayacaq ki, cinayətin və cinayətkarlığın sonu yoxdur. 
    Hekayətlərin hər birində zərərçəkmişin də, təqsirləndirilən şəxsin də, hadisələrin baş verdiyi bəzi qəsəbə və kəndlərin də adalrı etik norma daxilində şərti olaraq verilmiş, lakin bununla belə cinayətlərin “isti izlərlə” açılmasında və təqsirləndirilən şəxslərin operativ şəkildə tapılıb-tutulmasında   iştirak etmiş polis əməkdaşlarının adları və vəzifələri olduğu kimi - dəqiqliklə göstərilmişdir”.   
      “Qanlı hekayətlər” Rahib Qarayevin 3-cü kitabıdır. Polkovnikin Vətən sevdalı zəngin ömür təcrübəsi var. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib. 
       Bu o deməkdir ki, polkovniki hələ qarşıda sözün cəfasına müntəzir illər  gözləyir. İnanırıq ki, bu illər də hədər getməyəcək; onun qələmindən çıxan yeni kitablar ədəbiyyatımızın səhifələrini, mənəvi yaddaşımızı zənginləşdirəcək. Və kitablarının adları müxtəlif olsa da, bu kitablar indiki və gələcək yaddaşlarda “polkovnikin kitabı” kimi xatırlanacaq...
 
Fariz Çobanoğlu, 
prezident təqaüdçüsü
Geri qayıt