Əsas Səhifə > Redaktor seçimi > AZƏRBAYCAN TARİXİNİN HEYDƏR ƏLİYEV MƏRHƏLƏSİ
AZƏRBAYCAN TARİXİNİN HEYDƏR ƏLİYEV MƏRHƏLƏSİ6-05-2022, 21:22 |
Hər xalqın dirçəlişi XXI əsrin qloball strukturuna hansı dərəcədə adaptasiya olunmasından asılıdır. Bu zaman milli məfkurənin mövcudluğu və dayanıqlılığı mühüm əhəmiyyət kəsb edir. Ümummilli lider Heydər Əliyevin vaxtilə söylədiyi "Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun yalnız və yalnız Azərbaycan Resspublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" deyimini bu gün də həyəcansız xatırlamaq mümkün deyil. Ulu öndərin bu həyat manifesti bizdə misilsiz qürur hissi doğurur.Məhz buna görə Heydər Əliyevin müstəqillik konsepsiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar fonunda xüsusi aktuallıqla səslənir. Ümummilli lider Heydər Əliyev özünün bütün fəaliyyəti boyu xalqımızın müstəqilliyə yetmək istəyini dərindən duymuş və müdafiə etmiş, bu amalı özünün kredosuna çevirmişdir. O, müxtəlif məzmunlu çıxışlarında, xalqla keçirdiyi görüşlərdə səsləndirdiyi ideyalarla müstəqillik konsepsiyasının nəzəri-praktiki əsaslarını yaratmışdır. Bu gün Heydər Əliyevin milli dövlətçilik ideyaları ilə həmin ideyaları həyata keçirən müdrik siyasətin obrazının dialektik vəhdətini görürük. Ulu öndər özünün müstəqillik konsepsiyasını işləyərkən konkret və real cəmiyyətin iqtisadi, siyasi, sosial və mənəvi-əxlaqi sahələrinin bütün kompleks problem və qayğıları ilə real Azərbaycan gerçəkliyindən çıxış edirdi. O, həmişə Azərbaycan xalqının müstəqilliyinin qorunmasını dünya hadisələri məcrasında həll etməyə çalışmışdır. Dünya proseslərindən kənarda qalmağın xalqın tarixi şüuruna vurduğu mənəvi ziyanı başa düşmək çətin deyil. Daxildə isə bu, xalqın etimad hissini öldürmək, dövlətçiliyinə olan inamını qırmaq deməkdir. Bu mənada Heydər Əliyevin əqidəsincə, milli müstəqillik millətin mədəniyyətini, iqtisadiyyatını, elmini, incəsənətini inkişaf etdirmək və bununla başqa dövlətlərdən asılılığı minimuma endirmək demək idi. Baxmayaraq ki, bütün dünya dövlətləri inteqrasiya şəraitində bir-birilərindən asılıdır. Heydər Əliyevin nəzərincə müstəqillik xalqın mənəviyyatını qorumaq deməkdir. Müstəqillik bir mənəvi hadisə kimi, daim hər bir vətəndaşın milli şüurunda möhkəm yer tutmalıdır. Ümummilli liderin müstəqillik konsepsiyasının strukturunda Vətən, dövlətçilik, suverenlik, vətənpərvərlik anlayışları önəmli yer tutur. Vətənimizin taleyi hər bir soydaşımızın taleyi olmalıdır, belə olmasa milli müstəqilliyi qorumaq, onu möhkəmləndirmək mexanizmi zəif olar. Müstəqilliyimizin taleyindən söhbət açarkən o qeyd edirdi: “Azərbaycan xalqının müstəqilliyi barədə dövlətçilikdən və suverenlikdən kənarda hər hansı söhbət predmet məzmunundan məhrumdur. Xalqın dünya birliyi tərəfindən tanınmış dövləti olmasa, onun öz müstəqilliyini müdafiə etməyin hüquqi imkanları da məhdud olur”. Heydər Əliyevin ideyalarında "Vətən" kateqoriyası mücərrəd anlayış olmayıb, övladlarının ölkəsinin nemətlərindən azad və bərabər bəhrələnən suverən Azərbaycan vətəndaşlarının məkanı kimi təqdim edilir. Hər bir xalqın yaşadığı torpaq onun beşiyidir, çünki vətən hissi özündə millətin mənəvi-əxlaqi dəyərlərini ehtiva edir. Bu gün insanlarımızın vətənpərvərlik hissi, onların öz doğma etnik beşiyinə ülvü məhəbbəti yeni dünyagörüşü sisteminin təməlini təşkil edir. Ümummilli lider həmişə deyirdi ki, biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik. Heydər Əliyevin liderliyi onun müstəqillik konsepsiyası ilə üzvi bağlıdır, çünki bütövlükdə hakimiyyəti idarə etmək konsepsiyası nə qədər yüksək nəzəri-praktik səviyyədə işlənsə də, bacarıqlı lider olmadan onu rasional həyata keçirmək mümkün deyildir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur ulu öndər Heydər Əliyevin zəkasının təcəssümü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürüdür. Heydər Əliyevin məktəbinin layiqli yetirməsi olan İlham Əliyevin böyük siyasətdə atdığı inamlı addımlar sayəsində Azərbaycanda təkcə sosial-iqtisadi sistemdə deyil, həm də siyasi və ictimai təsisatlarda əsaslı yeniləşmələr olmuş, səmərəli intensiv islahatlar aparılmışdır. İqtisadi, siyasi və sosial islahatların paralel şəkildə aparılması Azərbaycanı hərtərəfli inkişaf etdirir, sabitliyi möhkəmləndirir, ictimai-siyasi vəziyyətə müsbət təsir göstərir. Prezident İlham Əliyev yürütdüyü siyasətlə hər zaman Azərbaycan xalqının milli maraqlarını rəhbər tutub, bütün gücünü onun ərazi bütövlüyünün təmin olunmasına, xalqımızın təhlükəsizlik və rifah içində yaşamasına yönəldib. Dövlət başçısı hər addımda ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqli şəkildə davam etdirərək ata vəsiyyətini də yerinə yetirir.Bu illər ərzində yürüdülən siyasət, dövlət başçımızın “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” deyərək xalqa verilən dəyər, eynilə xalqın da ölkə başçısına olan sonsuz güvəni və inamı, ən əsası isə, dövlət başçımızın ətrafında bir yumruq kimi birləşməsi bizi böyük Zəfərə - Qarabağın 30 illik işğaldan azad olunmasına aparan yol oldu. Əli ZALOV, kimya elmləri doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının müdiri, Qabaqcıl təhsil işçisi Geri qayıt |