Əsas Səhifə > Redaktor seçimi > Dağ çayı kimi çağlayan bir səs var...
Dağ çayı kimi çağlayan bir səs var...9-11-2022, 14:57 |
Hər bulağının ayrıca nəğməsi olan, dağları-dərələri, meşələri gözəllik timsalı kimi insanı heyrətə gətirən Kəlbəcər həm də musiqi beşiyi, sazlı-sözlü bir diyarımızdır. Şairi, yazıçısı, alimi, mədəniyyətimizə bəxş etdiyi bir çox incəsənət nümayəndələrilə zəngin bir mənəvi mühiti də var axı Kəlbəcərin. Onlardan biri də səsi Kəlbəcərin şəfalı bulaqları tək mərhəmanə, oxuduğu təsniflər, bəstəkar və xalq mahnıları ilə musiqi dünyamızı rövnəqləndirən gənc muğam ifaçısı Malik Köçəri oğlu Həsənovdur. İlk fədə səsini dinləyəndə onu həyatdan erkən, lakin muğam aləmində unudulmayan bir yaradıcılıq xəzinəsi qoyub getmiş Səxavət Məmmədova bənzətdim. Malikin ifasında həqiətən Səxavətin səs çalarlarının rəngini, ruhunu, avazını duydum.Heç şübhəsiz, onu Səxavət Məmmədov məktəbinin istedadlı davamçılarından hesab etmək olar. Xalq və bəstəkar mahnılarımızı zövqlə, dinləyici qəlbinə yol tapan bir hərarətlə oxuyan gənc xanəndə Kəlbəcərin Şurtan kəndində- babasının evində doğulub. Doğulduğu doğma Şurtan kəndindən silah gücünə çıxarılanda onun cəmi 8 yaşı vardı. Amma yaşının az, vücudunun körpə olmasına baxmayaraq qəlbinə yurdun ətrini hopduran çoxlu xatirələrlə ayrılmışdı ordan. Hələ bərkiməyən yaddaşında ilişib qalan neçə-neçə günlərin şirin nağılı, hekayəti var ki, onları daim sənətinə işıq, könlünə simsar bilib. Malik Həsənov orta təhsilini paytaxtdakı 128 saylı Kəlbəcər məktəbində alıb. Daha doğrusu arzusuna uyğun olaraq Azərbaycan Milli Konservatoriyasının tərkibində musiqi kollecində xanəndəlik sinfini bitirib. 2007-ci ildə Azərbaycan televiyasının keçirdiyi muğam müsabiqəsinin laureatı kimi qısa bir zamanda Respublikada çox sevilən bir muğam ifaçısı kimi tanınmağa başladı. İndi Azərbaycan televiziyasının solisti, gənc xanəndəni televiziya kanallarımızda yayımlanan müxtəlif səpkili proqramlarda tez-tez görürəm. Gözəl səhnə mədəniyyəti, davranışı, ucuz reklamlara, bazar xarakterli şoulara getmədən özünü muğam sənətinə layiq bir biçimdə təsdiqləməsi məni çox sevindirir. Çünki bu valehedici səsin arxasında həm də xalqın görmək istədiyi zəngin mənəviyyat dayanmasa, min illərlə yaşı olan bu qədim mədəni irsimizin özü də əriyib gözdən düşər. Malik Həsənov seçdiyi muğam sənətilə mənəvi dünyası arasında vəhdət yarada bilir. Ona görə də oxuduğu istənilən mahnısında, muğam şöbəsində təsirləndirməyi, düşündürməyi bacarır. O, oxuyanda özünə bir həyat hesabatı da verməyə bilmirsən. Həmişə də çox dəyərli, tamaşaçı qəlbinə açar olan sözlər seçib oxuyur; Əliağa Vahiddən, Seyid Əzimdən, Bəxtiyar Vahabzadədən, Ənvər Rzadan, Bəhmən Vətənoğludan və poeziyamızın çağdaş nümayəndələrindən oxuduğu qəzəl və musiqiyə yatımlı şeirlər mahiyyət və məzmununa görə xüsusi diqqət yaradır. Bizə 30 illik hicran yaşadan düşmən üzərində tarixi zəfərimizdən sonra doğulduğu Şurtan kəndini ziyarət etməyə getmişdi. Evlərinin yağı hücumu ilə dağıdılmış uçuq divaralrı arasından yanıqlı ney kimi sızlayan bir səslə oxuyurdu. Bütün Azərbaycan Kəlbəcərin viran qalmış xarabalıqlarında fəqan edən o səsi təkcə eşitmədi, həm də gördü. Şair Ənvər Rzanın misraları da Malikin səsində yurdun bayquşlar məkanı olan müdhiş halının şahidinə dönmüşdü. Bu ağrılı görüntülər təkcə faciənin miqyasını bütünlüklə yaşamış insanlar üçün deyil, həm də indi haqq dünyasında olan şair ruhu üçün də çox kədərli bir mənzərə idi. Xanəndənin dilindən oxunan misralar özü də talanmış yurdun göz yaşları tək bu küskün və viran çöllərə axırdı. Dağlar elsiz, çöl tütəksiz, çəmən lal, Mən bu dərdi oxlamağa gəlmişəm. Yaza nə var, yaylaqların payızda, Vəfasını yoxlamağa gəlmişəm. Demək istəyirəm ki, Malik Həsənov yalnız məlahətli səsinin varlığına görə deyil, səhnədə yaşadığı daxili həyəcanları ilə ümumxalq kədərini muğamın incəliklərilə birgə dinləyiciyə ötürə bildiyinə görə sevilir. Oxunan hər mahnının, söylənən hər muğamın özünün ayrıca bir ideyası olur. Malik bu ideyadan kənara çıxmadan insana sözün ruhundakı enerjini kifayət qədər peşəkarlıqla çatdıra bilir. Klassik xanəndələrin repertuarından oxuduğu mahnı və təsniflər müxtəlif muğam şöbələrini ustalıqla oxuyur. Təbii ki özününü xüsusi yaradıcılıq elementləri də var. Bunlar da ifa etdiklərinə əlavə gözəllik qatır. “Azərbaycan maralı”, “Boz at”, “Qarabağ" (" Anadır arzulara hər zaman Qarabağ)” mahnılarının adlarını çəkmək olar. İstər sözləri Ənvər Rzanın, musiqisi Ələkbər Tağıyevin olan “Elə baxma”, yaxud Petro Qoretskinin sözlərinə yazılmış (Nəbi Xəzrinin təörcüməsində) “Ay çiçək", Cəfər Cababrlının əsərlərindən keçib gələn “Azad bir quşdum” mahnısı olsun, hər birini Malikin ifasında dinlədikcə adamın ruhu dincəlir. Xüsusilə, “Ay çiçəy”i oxuyanda mərhum sənətkar Səxavət Məmmədovu xatırlamaya bilmirsən. Təsadüfi deyil ki, xanəndə Səxavət Məmmədou özünün ən böyük müəllimi hesab edir. Qarabağ muğam məktəbinin görkəmli nümayəndəsi Səxavət Məmmədovu dinləməkdən doymadığını deyir. 8 yaşında yurdunu tərk etsə də, doğma torpağa qayıtmaq inamını bir an da olsa, özündən kənarlaşdırmayan Malik Həsənov Vətən sevgisilə yazılmış qəzəlləri alahı bir yanğıyla oxuyur. Görünür 30 illik həsrət, doğma ulusdan ayrı dşüməyin yaraları onun təbii səsinə əlavə bir çalar gətirib. Qəlbindəki Vətən yanğısını səsinə də daşıyıb. Bakılı qəzəlxan şair Hacı Mailin “Vətəndir” qəzəlinə ustad xanəndəmiz Yaqub Məmmədov öz möhürünü vurub. Amma haqq üçün Malik Həsənovun “Vətəndir ”i də gözəldir, ürəklərə yol tapa bilir. Arif olanın sevgili cananı Vətəndir, Həm namusu, həm qeyrəti, vicdanı Vətəndir... misraları bir də gənc xanəndənin ruhundan su içərək könüllərdə təkrar yuva salır. Eləcə də “Uca dağlar”, “Xarı bülbül”, Nə vaxta qaldı” mahnıları bir də Malikin ifasında dillərə düşür, gənc nəslin musiqi yaddaşını zənginləşdirir. “Xarı bülbülü”ü oxuyanda tarixi bir kədəri tutqun yaddaşımızda yenidən təzələyir. Vətən bağı al-əlvandır, yox içində Xarı bülbül, Nədən hər yerin əlvandır, köksün altı sarı, bülbül. Istər-istəməz Qarabağ xanı İbrahim xanın qızı Ağabəyim ağanın qürbətdəki acı taleyi yada düşür... Xanəndənin ifasında belə uğurlar az deyil ki, çoxdur... Malik Həsənov mənim sevdiyim xanəndədir. Səsini eşitdimsə, sonadək dinləməliyəm. Az-çox ziyalı auditoriyası qazanmış televiziya proqramlarındakı ““Övqat”, “Ozan məclisi”, “Ustad dərsi” və.s) çıxışlarından çox məmnunam. Yadımdadır ki, belə çıxışlarının birində yamanca kövrəltmişdi məni. Səhv etmirəmsə, “Ozan məclisi” verilişi idi. Şair Məhyəddin Məhərrəm oğlunun sözlərinə oxuduğu “Mahur” muğamı ilə yaramı qanatmış, illərdir həsrətində olduğum dağlarla ülfətimi xatırlatmışdı mənə. Bilirəm ki, dağlar məndən inciyib, Dağlar ilə barışmağa gəlmişəm. Allah bilir mən günahkar deyiləm, Dərdim ilə danışmağa gəlmişəm. Malik Həsənovu mənə sevdirən ictimai kədərə çevrilmiş dərdlərimizi ifasına, səsinə, sənətinə yetərincə köçürə bilmək bacarığıdır. Gənc xanəndəni Qarabağ Muğam məktəbinin istedadlı üzlərindən biri hesab edir, onun həyata səsləyən, ürəklərdə sevgi ocağı çatan sənətini Azərbaycan musiqisinə bəxş etdiyi dəyərli töhfə sanıram. Gəncliyin odlu ürəyini səhnədə təcəssüm etdirən xanəndə cavanlığın əbədi mövzusu məhəbbətlə oxuduğu misraların yaddaşıma birər-birər köçdüyünün də fərqindəyəm. İnsan ölməyincə məhbbət ölməz, Ürək sevməyirsə, demək sağ deyil. Bir könül həmdəmin yoxdursa sənin, Sevgisiz yaşamaq yaşamaq deyil. “Seygah”, “Şur”, “Çahargan”, “Mirzə Hüseyn seygahı, “Mahur” Malikin daha çox sevdiyi, oxuduğu muğamlardır. Və bu muğamların hər birində xanəndə tamaşaçı alqışı qazana bilir. Malik Həsənov incə zövqlə oxunan duetlərilə də dinləyici heyranlığı yaradır. Kəmalə Nəbiyeva, Nişanə Baxışova, Günay İmamverdiyeva və başqaları ilə də ortaq duetləri onun səhnədəki çıxışlarına rəngarənglik qatır, həvəslə dinlənən bir musiqi çələnginə dönür. Tarixin unudulmaz nəğmələri geri dönüb Malikin səsində tumurcuqlayır, özünün çiçək dövrünü yenidən yaşayır. İstedadlı , muğam güzərgəhlərində ürəklə yeriyən sənətçinin bir xoşbəxtliyi də səhnədə "muğam və saz" - musiqimizin bu qoşa qanadını uğurla təqdim etməsidir. Səsini muğam pərdələri arasından sızdırıb asanlıqla sazın ruhuna doğru qanadlanması ; "Mahur" dan məşhur aşıq havası "qəhrəmani" yə keçid etməsini yada salmaq olar... .... Deyəsən bir az uzun danışdım, ancaq məni sevgi danışdırdı; insana yeganə uğurlu təsir vasitəsi hesab etdiyim böyük sənətə sevgi... Malik bir çoxları kimi sənətə əyləncə kimi baxmır. O, Kəlbəcərin nəğməli bulaqlarına bənzər, dağların ruhu kimi çağlayan səsi ilə xalqın tarixi taleyilə səsləşən bir mənəvi yaddaş xəritəsi cızır. Unudulmaz sənətkar Səxavət Məmmədovun yarımçıq qalmış yolunu davam etdirir. Dağların ruhunu daşıyan Malik Həsənovun sehirli səsinin açdığı mənəvi yollar onu yurda qovuşdurduğu kimi, Azərbaycan muğam tarixində də ədəbiləşdirəcəyinə böyük inam duyğusilə bu yazımı da bitirmək istədim. Fariz Çobanoğlu Geri qayıt |