Əsas Səhifə > Redaktor seçimi > Oğul məzarından uzaq...
Oğul məzarından uzaq...30-01-2023, 21:43 |
Bir zamanlar bizim kənddə vağzal olmadığı üçün qatarla Böyük Mərcanlıya qədər gedirdik. Rayon mərkəzinə yolumuz düşəndə, avtobus həmin kəndin içindən keçirdi. O illərdə dağları, dərələri vəsf edəndə, yatsam, yuxuma da girməzdi ki, bir gün bu kəndin şəhidlərindən yazacam... Bu allı-güllü bağ-bağatların, səlqəli və zövqlə tikilmiş evlərin yerində doğma kəndim kimi xarabalığa çevrilən bir düzəngahlıq görəcəm. Qan ağlayacaq içim. Dayana bilməyəcəm, göz yaşlarımı saxlaya bilməyəcəm. Dərd ağır daş olub, üstümə çökəcək, qaldırıb, ata bilməyəcəm. Nə qədər çalışsam da, fikrim-xəyalım ancaq Qarabağda olacaq. Onun fikriylə yatıb, onun fikriylə də oyanacam... Bilməzdim ki, elə bir vaxt gələcək, başqa mövzular məni maraqlandırmayacaq. Şəhid düşmüş, qazi olmuş insanları, torpaqları, dağları, dərələri, çiçəkləri-gülləri düşünəcəm. Sən demə, dərd elə bir şeymiş ki, onu heç kimə vermək, azaltmaq olmurmuş. Sən demə, dərd insan ömrünün bir parçasıdı. Səninlə yatıb, səninlə durur. Sən demə, zaman keçdikcə insan öz dərdinə alışırmış... Sən demə, dərdin də şirin bir dadı varmış... İmanov Müslüm 1969-cu ilin setyabrında Böyük Mərcanlıda doğulub. Mən onların kəndinin içindən qatarla şəhərlərə yollananda, o balaca uşaqmış. Nə o məni tanıyıb, nə də mən onu. Nə o məni maraqlandırıb, nə də mən onu. Hərənin öz qayğısı, öz işi-gücü olub. Hərə öz planlarının arxasınca gedib. Öz xəyallarını, öz arzularını həyata keçirmək üçün addımlayıb... Amma, Müslüm və Müslüm kimi onlarla, yüzlərlə gənc maraqlandırır indi məni. Həyatları, cəbhədəki günlərı, şəhadət anları. İndi onların hər addımları, çəkdikləri hər əzab-əziyyət qəlbimi incidir, qəlbimi sızladır. Gənc, yeni-yeni həyatı başa düşməyə başlayan, yüz min arzular gəzdirən ürəyində, qəlbində bir sevgi böyüdən, sevgilisiçün göydən ulduzları endirməyə hazır olan igidlərin bir anda, bir gündə şəhid olması məni göz yaşına qərq edir. Özümü tuta bilmirəm... Orta məktəbdə oxuyanda hamı əlaçı, tərbiyəli bir uşaq kimi tanıyıb Müslümü. Ədəbiyyatı, incəsənəti çox sevib. Elə buna görə də məktəbdə təşkil olunan məktəb özfaliyyət dərnəklərinin ən fəal üzvü olub. Arzusu da aktyor olmaqmış.Orta məktəbi bitirəndən sonra sənədlərini incəsənət insitutuna versə də həmin il qəbul olunmayıb. Elə həmin il əsgər aparıblar... Xarkov şəhərində 1987-89- cu illərdə hərbi xidmətini başa vuran İmanov Müslüm yenidən sənədlərini ali məktəbə verir. Ikinci kursda oxuyanda birinci Qarabağ müharibəsi başlayır. Bütün Qarabağ camaatı öz doğma yurdlarından didərgin düşür. Bütün Qarabağlıların arzuları yarımıçıq qalır o gündən... İgidlər belədi. Dünyanın sahibi olsa da vətən torpağı birinci yerdə durur. Təhsil də, başqa nə varsa hamısı gözləyər deyə düşünürlər. Şənlərinə sığışdırmırlar vətən torpağının ayaq altda qalmasını. O da könüllü olaraq cəbhəyə gedir. Cəbrayılın, Xocavəndin bir neçə kəndlərinin azad edilməsində döyüşür. Əfəndilər, Balyand, Quşçular, Mülkədərə, Daşbaşı ətrafındakı döyüşlərdə igidliklər göstərir.Həmin günlərdə oğlu evə gəlməyəndə anası Suğra xala yemək hazırlayıb əsgərlərin yerləşdikləri Sarıcallı postuna gedirmiş. Uşaqlar ac qalmasın, deyirmiş. Düşünürmüş ki, bəlkə gəlib yemək apara bilmirlər, vaxtları yoxdu, bizim də köməyimiz bu olsun. Bir də deyirmiş ki, əslində, biz qadınlar da, gərək, silah götürək əlimizə. Cavanları tək buraxmayaq. İgid ananın igid oğlu dostlarına ürək-dirək verir, biz qalib gələcəyik deyir. İndi də olmasa, bir gün bu xalqın igid oğulları Qarabağımızı erməni varvarlarının əlindən alacaqlar. Çünkü o buna inanırdı, bilirdi ki, vətənini sevən oğullar nə zamansa bunu edəcəklər. Analar həssas olur axı. Nə olacağını hiss edirlər. Suğra xala oğlunun şəhid olacağını hiss edirmiş. Onlar belədirlər. Analarımız övladlarının nəyə qadir olduqlarını onları yetişdirdikləri zamandan anlayırlar. Suğra ana da Müslümün “ya öləcəyik, ya bu torpaqları o varvarların əlindən alacağıq” cümləsini dəfələrlə eşitmişdi. Amansız düşmən 1993-cü ilin avqustun 15-də Daşbaşı postuna gecayarısı, qəfil hücüm edir.O hücum zamanı 20 əsgərimiz şəhid olur. Onlardan biri də Müslüm İmanov idi... Müslüm Mərcanlı kəndində dəfn olunub. Suğra xalanın ürəyinə dağ basılıb qaçqınlıq başlayanda. Oğlunun məzarın bir daha ziyarət edə biməyib. Bakıda məskunlaşıb ailələri. Suğra xala oğlunun şəklini götürüb, hər cümə axşamı Şəhidlər Xiyabanına gedir, oğlunun təsəllisin, beləcə, orda uyuyan igidlərdən alırdı. Bu həsrət onu dincəlməyə qoymurdu. Ümüdlə yaşasa da torpaqlarımızın alınmasını görə bilmədi şəhid anası. Oğlunun məzarını ziyarət etməyə ömür vəfa etmədi...2018-ci ildə rəhmətə getdi. İki il sonra da 2020-ci ildə atası dünyasını dəyişdi Müslümün. Şuşanın alındığı gün... Öz doğma kəndində uyuyan şəhidlərinə qovuşdu onların ruhları. Allah məkanınızı cənnət eyləsin! Ulduz Qasım Geri qayıt |