Əsas Səhifə > Redaktor seçimi > GÖYRÜŞ AĞACININ KÖLGƏSİNDƏyaxud Vahid Əlioğlunun poeziya işığında keçən bir gün

GÖYRÜŞ AĞACININ KÖLGƏSİNDƏyaxud Vahid Əlioğlunun poeziya işığında keçən bir gün


10-02-2023, 22:00
 

Nə qarıya,
Xalların nə qarıya.
İyidin vəfalı dostu,
Nə qocala, nə qarıya.
 
Üzəsən can,
Zülfündən üzəsən can.
Biləsn dost vəfalıdı,
Yolunda üzəsən can.
 
          Ağır məna yüklü bu xalq deyiminin təsiri altında düşüncələrə dalmışam... Dədəgünəş dağlarının qoynunda keçirdiyim bir günü unuda bilmirəm... 
Bu il baharın çiçək çiçəyi çağırdığı vaxtlarında bir dəstə toplaşıb dağların qoynuna, Çuxuryurda getməyi qərarlaşdırdıq. Orada bizi çağdaş poeziyamızın kamil nümayəndələrindən olan Vahid Əlioğlu öz malikanəsində qarşıladı. Xüsusi zövqlə tikilmiş geniş həyət bacası olan evin geniş həyət bacası, gülü-çiçəyi, bir sözlə təbiət burada insanı valeh edir, gözəlliklər qarşısında insanın ağlı başından çıxırdı. Göz işlədikcə hər tərəfdə görünən gözəlliklər elə bil Tanrının bu yerlərə göylərdən göndərilmiş bir ərmağanı idi.
         

         ...Bahar günəşinin insan qəlbini yerindən oynadan şəfəqləri altında həyətdə oturmuşduq..., ləzzətli samovar çayı söhbətimizin uzanıb getməsinə vəsilə olurdu. Mövzu hansı tərəfə yönəlsədə, yenə də Vahid Əlioğlunun poeziyası üzərinə gəlib çıxırdı. Nə idi biziVahid Əlioğlunun poeziyasına ahuənrüba kimi çəkib aparan. Hələ XVI əsrdə Servantes Don Kixotun dili ilə bu sirri belə izah edirdi: “Mənə elə gəlir ki, fitrətən şair olub sənəti köməyə çağıranlar, sənətə güvənərək şair olmaq istəyənlərdən daha yüksəkdilər”. Vahid Əlioğlunun yaradıcılığının məzmun baxımından dolğun, məntiqi fikirlərin ardıcılığı sübut edir ki, Allahdan verilmiş vergi və özünün zəhmət hesabına qazandığı bacarıq, istedad onda birləşmişdir.
         

         Çox mətləblərdən - ədəbiyyatdan, poeziyadan, ədəbi tənqdiddən, hətta bayatılardan, aşıq sənətindən də danışdıq... Danışdıq ki, müasir Azərbaycan poeziyasını bir bütöv kimi təsəvvürümüzə gətirməyə çalışsaq, bu bütövün aydın görünən zirvələrindən də biri, bizim yanımızdan görünən uzaqdakı başı qarlı Qafqaz nəhəngliyinə söykənən Dədəgünəş dağlarının qoynunda, göyrüş ağacinin gölgəsində oturub söhbət etdiyimiz Vahid Əlioğludur. 
         

         Palıd odunundan düşən al qırmızı közün üzərində çızıldayan kababın qoxusu, əsrin dördə biri qədər yaşı olan şərabın məstedici təsiri, Vahid Əlioğlunun şirin söhbətlərinə qarışıb sanki dostları bu gündən ayırıb, çox-çox uzaqlara aprmışdı. Elə bil burada təbiət bütün qüvvəsi – al-əlvan çiçəkləri, dağların qoynundan axıb gələn buz kimi bulaqları, zümrüd meşələri ilə ona daim həmdəm olan şair oğluyla əl-ələ verib qonaqlarını bu dünyadan alıb, könüllərin məst olduğu bir sehrli aləmə aparmaq istəyirdi.
         

        Bəzən gözəl sənət əsəri bizi valeh edəndə, biz onun barəsində bir fikir deyə bilməyəndə, bir sözlə gözəllik qarşısında ayıl-mail olub aciz qalanda deyirik ki, sank bu əsərə insan əli dəyməyib... Tanrının qüdrətindən yaranıb. Bu doğrudan da belədir. Gözəllik əslində bizə yox, təbiətə, İlahi Qüvvəyə aid olan bir şeydir. Necə deyərlər, min illik yaşı olan köklü-köməcli ağacın fiziki və mənəvi cəhətdən ucalıq sirri bir toxumda, nəhəng çayların müqəddəs təmizliyi, ilahi gözəlliyi ən sonda daşların arasından süzülüb çıxan bulağın gözündədir. Bu fikir, xəyalın qoynunda olduğumuz vaxtda dostlarımızdan kimsə biri “görün nə xoşbəxt bəndəyik ki, bu gün belə bir gözəlliyin qoynundayıq” – Ramiz Rövşən demişkən – burada “özünə qayıdır hər şey, özünə” – dedi.
         

         İnsan bu dünyaya qonaq gələndə dünyanı fəth etməyə çıxır... Sonra yaş artır, insan dünyanı dərindən tanıyır, kamilləşir və beləliklə, bayaqdan çox böyük görünən fəth olunası dünya yavaş-yavaş başlayır kiçilməyə. Böyük dünya əvvəl ölkəyə, sonra şəhərə, daha sonra kəndə, nəhayət dar qonşular əhatəsinə çevrilir. Ancaq bu dediklərim yazıb yaradan insanlara aid deyil, onlar tarixin qocaman kitabının səhfələrində daim yaşayacaqlar.
         

        Vahid Əlioğlu poeziyası ilə gənc nəsilə daim VƏTƏN sevgisi aşılayır, XALQ qarşısında, ədəbiyyatımız qarşısında böyük xidmətlər göstərir. İnanıram ki, onun yaradıcılığı VƏTƏNƏ, XALQA məhəbbətin bəhrəsidir.Səmimiyyətlə deyirəm ki, Vahid Əlioğlunun poeziyasını diqqətlə nəzərdən keçirəndə görünür ki, hər şeiri ilk misrasından son misrasına qədər VƏTƏN, İNSANLIQ sevgisindən ibarət olan sənət nümunəsidir. Müəllifin bu dəyərləndirməsinə yəqin ki, təkcə mən yox, eyni zamanda, onlarla, yüzlərlə poeziya sevərlər və mütəxəssislər də qoşular.

       Onun əsərlərində vətənimizin hər guşəsi - dağları, çayları, çəmənləri, bulaqları, yurdsevər insanları aydın görünür.

        Göyrüş ağacinin kölgəsindəki düşüncələr bir daha məni Vahid Əlioğlunun poeziyasını dərinliklərinə qaytardı. Atalar yaxş deyib “keçən günə gün çatmaz, calasanda günü günə”...
 
Hörmət və ehtiramla:
Əli ZALOV,
kimya elmləri doktoru, professor,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri
 

 

Geri qayıt