Əsas Səhifə > Redaktor seçimi > Nəsillərə örnək qəhrəmanlıq nümunəsi

Nəsillərə örnək qəhrəmanlıq nümunəsi


13-02-2023, 22:06


 
Yerin ən müqəddəs, yerin ən əziz,
Hünərdə qoymusan silinməz bir iz,
Salam olsun sənə şəhid Mübariz,
Növbəsin gözləyən mübarizlərdən...  

Xətai rayonu, Ələkbər Əliyev adına 204 nömrəli tam orta məktəbdə şəhid Mübariz İbrahimovun doğum günü münasibətilə tədbir keçirildi. Tədbir Dövlət himninin səslənməsi  ilə başladı.
 

Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  
Tədbirin təşkilatçısı, məktəbin informatika müəllimi, 5”ç” sinfin rəhbəri Qiyafət Fərruxova iştirakçıları salamlayaraq  Azərbaycan xalqının böyük oğlu Mübariz İbrahimovun şərəfinə hazırlanmış ədəbi bədii tədbiri açıq elan edərək bildirdi ki, "Gənclərə örnək" rubrikasının bu dəfəki qəhrəmanı böyükdən kiçiyə hamımızın tanıdığı, sevdiyi Mübariz İbrahimovdur. Qiyafət xanım qeyd etdi ki, 1988-ci il, fevral ayının 7-də doğulan Mübariz Qarabağ müharibəsi ilə həmyaşıd idi. Qəhrəmanlıq ənənələri ruhunda böyüyən Mübariz orta təhsilini şəhid Malik Piriyev adına Əliabad kənd orta məktəbində alıb. 2006-cı ilin yazında həqiqi hərbi xidmətə çağırılan gənc Mübariz Daxili Qoşunların “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı bölüyündə atıcı əsgər olub, həqiqi hərbi xidmətini çavuş rütbəsində başa vurub. 2009-cu ildə yenidən, bu dəfə gizir kimi orduda xidmətə başlayıb. Çox keçmədən öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birinə xidmətə göndərilib. “Mən yolumu seçmişəm. Düşməndən ürəyimcə qisas almasam, elə bilərəm ki, Allahım da, valideynlərim də məni bağışlamaz. Vətənin azadlığı üçün qurban lazımdırsa, biri mən...” – deyib. Bu sətirlər isə Mübarizin evə yazdığı son məktubundandır:

“Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim... Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”. Elə ən böyük amalı uğrunda da canından çox sevdiyi vətəninə fəda etdi özünü - Şəhidlik zirvəsinə ucaltdı. O Mübariz İbrahimov ki, tək canıyla onlarla erməni əsgər və zabitini məhv etdi.                                        

 Mübariz İbrahimovun adını daşıyan 5ç sinfinin şagirdləri əllərində qərənfillərlə  hazırladıqları kompazisiyanı tədbir iştirakçılarına  təqdim etdilər.  Nuray Məmmədli çıxış edərək bildirdi ki, Mübariz   yaşasaydı, 35 yaşı olacaqdı.   Bütün gənclər kimi onun da arzuları vardı. Amma digərlərindən fərqli olaraq yuva qurmaq, övlad sahibi olmaq deyil, işğal altında olan torpaqlarımıza bayraq sancmaq idi onun ən böyük arzusu.   Rza  davam edərək bildirdi ki, uşaqlıqdan zəhmətkeş, fədakar olması ilə yaşıdlarından seçilib. Üç uşağın sonbeşiyi olan Mübariz Biləsuvar rayonu Əliabad kəndində zəhmət və halallığı özünə həyat yolu seçmiş  bir ailədə dünyaya göz açıb. Uşaq vaxtı valideynləri onu və digər qardaşlarını nənəsinin yanında qoyub tarlaya, sahəyə işləməyə gedərdilər. Anası uşaqlara möhkəm-möhkəm tapşırarmış ki, sakit dursunlar, nənələrini incitməsinlər.  Heç vaxt özünə söz dedizdirməyi xoşlamayan Mübariz özünü elə apararmış ki, kimsə onun üstünə nə qışqırsın, nə də "güldən ağır" söz desin. Bir də balacalıqdan kiminsə onunla hökmlə danışmasını qəbul etməzmiş. Amma xoşluqla deyilən bir sözü də iki etməzmiş. Sadiq bildirdi ki,  məhz bu xasiyyətinə görə valideynləri onunla həmişə xoş davranardı. Bir az böyüyəndən sonra isə Mübariz də digər qardaşlarına qoşulub qoyun-quzu otarmağa gedər, həyət-baca işlərində valideynlərinə əl tutar, ot biçərdi. Nuray Kərimli isə qeyd etdi ki,  birinci sinfə elə öz kəndlərindəki şəhid M.Piriyev adına orta məktəbdə gedib. Altıncı sinfə qədər dərslərini yaxşı oxusa da, sonradan oxumağa marağı azalıb.   Olduqca  utancaq olan Mübariz məktəbdə həm də öz tərbiyəsi, əxlaqı ilə seçilirmiş. Raul əlavə etdi ki, özünə qapalı, qaraqabaq olan qəhrəmanımız heç kimlə deyib-gülməzmiş. Əsas marağı dini kitablar oxumaq olub. Bundan başqa, döyüş filmlərini, Van Dammın, Silvester Stallonenin filmlərini xoşlayıb. Həm də sevdiyi filmlərin qəhrəmanlarına bənzəməyə çalışıb. İnci qeyd etdi ki, Mübariz böyüyüb, həyatı dərk edəndən sonra telekanallarda Xocalı faciəsi, qız-gəlinlərimizin erməni əsirliyində olması ilə bağlı verilişlərə baxarkən özünə yer tapmaz, yumruğu düyünlənərmiş. Uşaqlıqdan idmanla məşğul olan qəhrəmanımızın dərslərində zəifləyəndən sonra idmana marağı daha da artıb. Onur söhbəti davam etdirərək bildirdi ki, 2005-ci ildə orta məktəbi bitirib hərbi xidmətə yollanır. Bakıdakı "N" saylı hərbi hissədə vətənə qulluq edir. Ermənilərlə sərhəd ərazilərə deyil, Bakıya düşməsi onu açmır. Buna görə atasına zəng edib, onu Bakıya hansısa yolla saldırdıqlarını öyrənsə, onları bağışlamayacağını bildirib. Xidmət etdiyi bir il altı ay ərzində çavuş rütbəsinə qədər yüksəlir. Qumru əlavə etdi ki, hərbi xidmətdəykən Mübariz iki dəfə məzuniyyətə gəlir. Biri qanuni məzuniyyəti olur, digər məzuniyyət isə xidmətdə fərqləndiyinə görə verilir. Hərbi xidmətini başa vurduqdan sonra evlərinə qayıdan qəhrəmanımız keçmiş komandirinin vasitəçiliyi ilə yenidən Bakıya dönür. Bu dəfə banklardan birində mühafizəçi işləmək istəyir.  Məhsim isə onun həyatının digər məqamlara nəzər saldı. Bir ilə yaxın mühafizəçi kimi çalışan Mübariz sonra öz ərizəsi ilə işdən çıxaraq evə qayıdır. Ata-anasına gizir olmaq istədiyini bildirir. Valideynlərinin rzasını ala bilmədiyindən fikrindən dönür.   Ərizə yazıb çıxdığı işinə yenidən qayıtmağı özünə ar bilən qəhrəmanımız bir müddət tikintidə fəhlə, idman zallarının birində məşqçi kimi çalışır. Sonra  digər şagirdlərdən  Mədinə, Səbinə, Məsuməxanım, Asif, Adnan, Rəsul, Zeynəb, Kamran, Zeynəbxanım, Yusif, Ayan, Məhsim, Şahnaz, Fərid, Əsnad, Ə. Fidan, Ş. Fidan, Asif, Kamran, Əli  M. İbrahimov haqda xatirələrdən soz   açdılar. Şagirdlər əllərindəki qərənfilləri M.İbrahimovun həyat və yaradıcılığından bəhs edən guşənin qarşısına qoydular.     
  
   9”d “sinfinin şagirdi Fərid Fərruxlu isə tarda “Bayatı- şiraz” muğamını ifa etdi. Sonda Dəniz M. İbrahimova həsr olunmuş şeiri  səsləndirdi. Məktəbin şagirdləri Tofiq, Qurban, Aysu, Q.Aysu, Polad, Rza, Süleyman, Ələkbər, Amin, Aygül, Zahid, Həbib, Nicat, Fərid isə döyüş yolu  səhnəciyini iştirakçılara təqdim etdilər. Rəsul “Zəfər marşını”,  Aysu “Azərbaycan” , mahnısını ifa etdilər. 5 “ç” sinfinin  hazırladıqları təqdimat da ekranda  göstərildi. İşğal altında qalan torpaqlarımızın sonradan Ali Baş Komandanın rəhbərliyi altında müzəffər  ordumuzun qəhrəmanlığı sayəsində  işğaldan azad olunmasından bəhs edən  videoçarx da iştirakçılar tərəfindən alqışlarla qarşılandı. Tədbirin sonunda məktəbin direktoru Rəfael Mehdiyev çıxış edərək ürək sözlərini dedi: ”Əziz şagirdlər, tədbir iştirakçıları, ilk milli qəhrəmanımız Mübariz İbrahimovu möhtəşəm şəkildə canlandırdınız. Siz M.İbrahimovun həyat və düyüş yolu  haqqında çox geniş, əhatəli çixişlar etdiniz. Beşinci siniflər Mübarizin Vətən sevgisindən bəhs etdilər. Siz yeniyetmələr, bu qəhrəman haqda çox   eşitmisiniz. Onun kim olduğunu, düşmənə necə qan uddurduğunu, çoxsaylı düşmən ordusunu məhv etdiyini bilirsiniz. O, təkbaşına apardığı  döyüşlərdə düşmənin gözünün odunu alıb. O dövrdən başlayaraq bizdə artıq minlərlə Mübariz İbrahimovlar yetişməyə başladı. Şagirdlərimiz bilsinlər ki, həmin örnəkdən nümunə götürən  minlərlə mərd , vətənpərvər  gənclərimiz düşmənə qələbə çaldılar, torpaqlarımızı erməni faşistlərindən azad etdilər. Bu gün igid qazimiz, canlı şahidimiz Fuad Qəhrəmanov da bu tədbirdə iştirak edir. Fuad 44 günlük müharibədə iştirak edərək qəhrəmanlıqlar göstərib. Biz onların qarşısında baş əyirik. Tədbirin təşkilatçıları Qiyafət xanım Fərruxovaya və Nigar xanım Quliyevaya belə yüksək səviyyədə tədbir hazırladıqlarına  görə təşəkkür edirik. Fərqlənən şagirdlərin fəxri diplomlarla təltıf edilməsindən sonra söz   Qazi Fuad Qəhrəmanlıya verildi. -Əziz uşaqlar, çıxışlarınızı heyranlıqla dinlədik, qeyd elədiniz ki, böyüyəndə şəhidlərimizin  qisasını alacaqsınız. Əziz gənc dostlarım, qardaşlarım, nə qədər ki, siz- biz, xalqımız   varıq  öz qisasımızı alırıq və alacayıq. Biz öz möhtəşəm gücümüzü, dəmir yumruğumuzu düşmənə göstərdik, sağ olun. Yaşasın Azərbaycan, Qarababağ Azərbaycandır!
 
Fərid Fərruxlu,
Xətai Rayon 204 nömrəli 
tam orta məktəbin əlaçı şagirdi

Geri qayıt