Əsas Səhifə > Redaktor seçimi > Martın 27-si Azərbaycanda “Elm günü”dür...
Martın 27-si Azərbaycanda “Elm günü”dür...27-03-2023, 14:17 |
100 illik tarixi və böyük ənənələri olan Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) bu gün ölkəmizdə müəllim hazırlığı prosesinin əsas hərəkətverici qüvvəsinə çevrilib. Fəaliyyətini milli dövlətçilik maraqları əsasında quran ADPU ölkəmizdə daha işıqlı sabahların yaradılmasına yeni güc və qüvvət verir. Hər il martın 27-si Azərbaycanda “Elm günü” kimi qeyd edilir. Bu tədbir elmlə məşğul olan hər kəsin, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramıdır. ADPU-nun keçdiyi çətin və şərəfli yol elmimizin inkişafının böyük bir tarixi mərhələsi olmaqla yanaşı, ölkəmizin tərəqqisində elmin, alim sözünün, ziyalı mövqeyinin geniş imkanlara malik olduğunu nümayiş etdirən elmi-ictimai hərəkatın mühüm bir göstəricisidir. Ali təhsilli pedaqoji kadr hazırlığı prosesində ADPU ölkəmizdə xüsusi yerə malikdir. Son illərdə ADPU beynəlxalq elmi əlaqələr sahəsində də xeyli uğurlar qazanılıb. Pedaqoji Universitetin professor-müəllim heyəti beynəlxalq elmi qurultay, konfrans və simpoziumlarda elm və texnikanın aktual problemlərinə dair məruzələrlə çıxış edirlər. ADPU -nun təşəbbüsü və təşkilatçılığı ilə vaxtaşırı beynəlxalq elmi müşavirə və konfranslar keçirilir. Beynəlxalq elmi əlaqələrin genişləndirilməsi sahəsində atılan ən mühüm addımlardan biri də xarici alimlərin iştirakı ilə birgə layihələrin həyata keçirilməsidir. Son illər dünyanın nüfuzlu elmi mərkəzləri ilə ADPU arasında beynəlxalq əməkdaşlıq xeyli genişlənibdir. . İndi ölkə səviyyəsində elmi fəaliyyətin koordinasiyasının səmərəliyini artırmaq və informasiya təminatı bazasının formalaşması məqsədilə elmi problemlərin və dissertasiya işlərinin reyestrləri yaradılıb. ADPU-da elmin populyarlaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Belə ki, universitetdə baş verən elmi yeniliklərə cəmiyyətin mütəmadi məlumatlandırılması üçün 6 adda dövri-elmi jurnal “Pedaqoji Universitetin Xəbərləri” jurnalları nəşr edilir. Həmçinin Azərbaycanda və xaricdə fəaliyyət göstərən ali təhsil müəssisələrində və elmi-tədqiqat institutlarında təhsil alan magistrantların fizika-riyaziyyat və texnika elmləri, təbiət elmləri, humanitar və ictimai elmlər, pedaqoji-psixoloji elmlər sahələrində aktual elmi tədqiqat işlərinin nəticələrini əks etdirən məqalələr isə “MAGİSTRANT” dövri-elmi jurnalında nəşr edilir. Bu gün ADPU -da fizika-riyaziyyat və texnika elmləri, kimya elmləri, Yer elmləri, biologiya və tibb elmləri, humanitar elmlər və ictimai elmlər üzrə fundamental tədqiqatlar aparılır. ADPU-da onlarla elmlər doktoru, professor, yüzlərlə fəlsəfə doktoru, dosent çalışır. Son dövrlərdə ADPU alimlərinin yüzlərlə kitabı, mindən çox məqaləsi çap olunub. Məqalələrin əksəriyyəti impakt faktorlu elmi jurnallarda dərc edilib. ADPU-nun əməkdaşları MDB ölkələri, ABŞ, Yaponiya, İsrail, İsveçrə, İngiltərə, Almaniya, Pakistan, Türkiyə, İran və başqa dövlətlərin aparıcı elm və təhsil müəssisələri ilə birgə proqram çərçivəsində tədqiqatlar aparır, kadr və informasiya mübadilələrində iştirak edirlər. Pedaqoji Universitet Azərbaycanda yüksəkixtisaslı elmi-pedaqoji kadrların hazırlanması sahəsində də nailiyyətlər qazanıb. Belə ki, pedaqoji elm sahəsi üzrə dissertasiya şurasında elmi dərəcələrə malik yüksəkixtisaslı mütəxəssislər hazırlanır. Respublikada yüksəkixtisaslı mütəxəssislərə və elmi kadrlara artan tələbatı ödəmək məqsədilə ADPU -da magistratura və doktorantura da fəaliyyət göstərir. Dövlətimizin ideoloji əsaslarını təşkil edən azərbaycançılıq məfkurəsi ADPU-da elmi fəaliyyətin də istiqamətlərini və hədəflərini müəyyənləşdirir. Azərbaycan elmi müstəqil dövlətçiliyin yaratdığı geniş imkanların işığında inkişaf edir və ölkəmizin müasir inkişafına töhfələr verir. Əli ZALOV kimya elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının müdiri, Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi Geri qayıt |