Əsas Səhifə > Redaktor seçimi > Başlıbel vəhşəti...
Başlıbel vəhşəti...17-04-2023, 23:21 |
Başlıbel kəndi igid övladlarının sayəsində mühasirədə qalan uşaq, qoca və qadınların həyatını xilas etmək naminə fədakarlıq göstərən insanların Vətən sevgisi, qəhrəmanlığı, son damla qanlarına qədər mübarizə aparmaları millətimizin əzmkarlıq ruhunun parlaq nümunəsdir. Ermənilər Başlıbel kəndini işğal edərkən hər zaman olduğu kimi xalqımıza qarşı bu dəfə də qəddarlıqlarından əl çəkməyiblər. Ermənilər iki ayağı olmayan kənd sakinini diri-diri yandırıblar. Başlıbel kəndinin 73 nəfər sakini mühasirədə qalmasına baxmayaraq, 113 gündən sonra cəmi 29 nəfər Daşkəsən ərazisinə keçə biliblər. Qalanları ermənilər tərəfindən ya qətlə yetirilib, ya da girov götürülüblər. Azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri zamanı ermənilərin törətdikləri digər vəhşiliklərinin də üstü açılıb. Belə ki, işğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndində 2022-ci ilin oktyabrın 4-də daha bir kütləvi məzarlıq aşkarlanıb. Aşkarlanan qalıqlardan görünür ki, həmin şəxslər ölməzdən əvvəl əlləri və ayaqları məftil və ya kəndirlə bir-birlərinə bağlanıb. 12 nəfərin bir yerdə kütləvi şəkildə qeyri-insani formada dəfni işgəncə, əzab barədə düşünməyə əsas verir. Onların hər birinin əlləri yuxarıdadır, sümüklərində zədələr və xəsarətlər var. Kəllə sümüklərinin qırıqları onlara küt alətlə də xəsarət yetirildiyini göstərir. Bütün bu dəhşətli olaylara baxmayaraq, işğalçı Ermənistan beynəlxalq miqyasda hələ də xalqımıza qarşı törətdiyi bu cinayyətlərinə görə cavab verməyib. Ancaq düşmənlərimiz yaxşı başa düşürlər ki, onların dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi müharibə cinayətlərinə görə məsuliyyətdən qaça bilməyəcəklər. Ermənistan 30 illik işğalı zamanı Qarabağın müxtəlif ərazilərində törətdikləri cinayətlərdən doymamış, Vətən müharibəsi dövründə də Gəncədə dinc əhaliyə qarşı raket hücumları təşkil etmişdilər. Azərbaycan dövləti bütün bu cinayət faktlarını qeydə alır, ciddi araşdırır, cinayətdə əlləri olanların cavab verməsini tələb edəcək. Məlumdur ki, Kəlbəcər xəyanət nəticəsində 1993-cü ildə işğal olunmuşdur. Müzəffər Ali Baş Komandan prezident cənab İlham Əliyevin rəhbərliyi ilə sərt iqlimə və mürəkkəb coğrafi relyefə malik olan Kəlbəcərimiz bir şəhid belə vermədən azad olundu. Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük haqq savaşımızda Azərbaycan Ordusu Ermənistan siahlı qüvvələrini məğlub etdi, işğala və bu cür zülmlərə son qoydu. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirdi. Əli Zalov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının müdiri, kimya elmləri doktoru, professor Geri qayıt |