Əsas Səhifə > Redaktor seçimi > Heydər Əliyevin müəllimə və müəllim əməyinə verdiyi ən yüksək dəyər...

Heydər Əliyevin müəllimə və müəllim əməyinə verdiyi ən yüksək dəyər...


7-05-2023, 12:09

             Həyatını  müəllimliyə həsr edən insanlar, həqiqətən                                    fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda                                                             qəhrəmanlıq göstərən insanlardır.
                                                                                                                                                                                       Heydər Əliyev

     Azərbaycan tarixinin Heydər Əliyev dövrü taleyüklü məqamları, dövlətçilik uğrunda gərgin mübarizə, xüsusilə ölkə təhsilinə diqqət və qayğısına görə böyük bir epoxadır desək, yanılmarıq. Ulu Öndər Heydər Əliyev təhsilin cəmiyyətin inkişafındakı rolundan danışarkən deyirdi: ”Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycan yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə inkişaf edə bilməzdi. Bunlar olmasaydı biz  indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır.”
 

   Azərbaycan  təhsilinin milli tariximizdə   yüksəlişi Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində davam edib. Sovet dövrü illərində Azərbaycan gənclərinin nəinki Azərbaycanda, həmçinin Azərbaycan hüdudlarından kənarda da təhsil almalarına şərait yaradıb. Ulu öndərin Azərbaycan təhsilinin inkişaf yolundakı böyük xidmətlərindən biri də 1970-1980-ci illərdə təşəbbüsü və qayğısı sayəsində Azərbaycandan kənarda, keçmiş SSRİ-nin ən məşhur ali məktəblərində Respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq Azərbaycanlı gəncin ali təhsil almasına, yüksək  ixtisaslı mütəxəssislər kimi hazırlanmasına imkan və şərait  yaratması idi. Heydər Əliyev 70-80-ci illərdə Azərbaycandan kənarda təhsil almış yüksək ixtisaslı mütəxəssisləri “Azərbaycanın yetirmələri, Azərbaycanın milli sərvəti” kimi yüksək qiymətləndirirdi. 

 “Təhsil millətin gələcəyidir”, - deyən Ulu Öndər Azərbaycana rəhbərliyinin ikinci dövründə (1993-2003) bu sahənin inkişafına xüsusi diqqət yetirirdi. Respublikanın çox ağır vəziyyətində rəhbərliyə qayıdan Heydər Əliyev bir çox problemləri həll etməklə yanaşı, təhsil sahəsində zamanın tələblərinə uyğun islahatlar həyata keçirməyə başladı. 1991-1993-cü illərdə təhsil müəssisələrinin pozulmuş fəaliyyəti normal vəziyyətə gətirildi, planlı islahatların əsası qoyuldu. Ümumtəhsil məktəblərinin sayı və şagird kontingenti əsaslı surətdə artdı. Əgər 1993-1994-cü tədris ilində respublikanın 4364 ümumtəhsil məktəbində 1 milyon 549 min şagird təhsil alıbsa, 2002-2003-cü tədris ilində 4561 ümumtəhsil məktəbində 1 milyon 600 min nəfərdən çox yeniyetmə təhsilini davam etdirirdi.

Bununla yanaşı, təhsil sisteminin maddi-texniki bazası yaxşılaşdırıldı, 200 yeni məktəb binası tikilərək istifadəyə verildi, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı rayon və şəhərlərdə 700-dən çox ümumtəhsil məktəbi təşkil edildi. İstedadlı uşaqların qabiliyyətini inkişaf etdirmək məqsədilə 30-a yaxın lisey və gimnaziya təşkil edilərək buraya 12 minə yaxın şagird cəlb olundu.

“Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir”, - deyən Ulu Öndər Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi üçün mühüm işlər gördü. 1998-ci il martın 30-da Prezidentin Sərəncamı ilə Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası yaradıldı, “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” hazırlandı və 1999-cu il iyunun 15-də təsdiq edildi. Proqramda təhsilin gələcək inkişaf strategiyası müəyyənləşdirilməklə, mərhələlər üzrə təhsil sisteminin strukturunda, idarə edilməsində, məzmununda, maddi-texniki bazasında, iqtisadiyyatında, kadr hazırlığı və təminatında əsaslı islahatların aparılması nəzərdə tutulurdu.

“Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 2000-ci il 13 iyun, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun, “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun tətbiq edilməsi barədə” 2003-cü il 2 yanvar tarixli fərmanlar təhsilimizin dünya standartları səviyyəsinə qaldırılmasında böyük rol oynayıb. Bununla yanaşı, Azərbaycan tarixinin, ədəbiyyatının, coğrafiyasının tədrisinə, mükəmməl dərsliklərin hazırlanmasına, Azərbaycan dilinin öyrədilməsinə, xüsusilə dövlət dili statusunda təbliğinə diqqət artırıldı. 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dilinin ana dili kimi təsbit edilməsi, o illərdə dördcildlik “Müasir Azərbaycan dili” dərsliyinə Dövlət Mükafatının verilməsi Heydər Əliyevin cəsarətinin, Azərbaycan dilinə qəlbən bağlılığının, sevgisinin əyani təzahürü idi.
“Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında” 2002-ci il 4 oktyabr tarixli, “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqramın (2003-2007-ci illər) təsdiq edilməsi haqqında” 2003-cü il 17 fevral tarixli sərəncamlar ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsinəmaddi-texniki bazasının möhkəmləndirilməsinə etibarlı zəmin yaradıb, mövcud problemlərin aradan qaldırılması yönümündə mühüm addımlar oldu.

“Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram”,-deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılmasının qayğısına qalırdı.
Ulu Öndər 1998-ci ildə Azərbaycan müəllimlərinin XI Qurultayında bu barədə danışaraq deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda, qəhrəmanlıq göstərən insanlardır. Müəllimlik peşəsi asan peşə deyil. Bəziləri hesab edirlər ki, hər adam müəllim ola bilər. Bəzən olur ki, müəllimliyə layiq olmayan adam da müəllimlik edir. Belə hallar bu gün də var, gələcəkdə də ola bilər. Ancaq Azərbaycan müəllimlərinin tam əksəriyyəti layiqli müəllimdir. Əgər bunlar belə olmasaydı, Azərbaycanın bugünkü elmi, iqtisadiyyatı, mədəniyyəti, yüksəlişi ola bilərdimi? Biz bunların hamısını məktəblərdən, universitetlərdən, müəllimlərdən, sizdən almışıq”.  Heydər Əliyevin apardığı məqsədyönlü siyasət  nəticəsində təhsilin inkişafı istiqamətdə irəliləyişlər başlamış, orta, orta-ixtisas və ali məktəblərdə struktur dəyişiklikləri baş vermiş, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ciddi quruculuq işləri aparılmışdı. Ulu Öndərin bu sahəyə diqqəti çıxışlarında da daim əks olunurdu.  Dövlət olaraq özümüzün təhsil sistemimizi istədiyimiz kimi qururuq. Bütün dünya ölkələrinin mütərəqqi təcrübələrindən istifadə edirik. Hesab edirəm ki, indiyə qədər yaranmış təməlin üzərində Azərbaycan təhsili, məktəbi bundan  sonra daha da təkminləşdirəcək”.
 
Bu il mayın 10-da Ulu Öndərin anadan olmasının 100 illiyi ilə ələqədar respublikanın hər yerində tədbirlər, konfranslar, sərgilər təşkil olunur. Digər təhsil müəssisələrində olduğu kimi bizim məktəbdə də ümummilli lider Heydər Əliyevin xatirəsi qeyd edilməkdədir. Ulu öndər H.Əliyevin 100 illik yubileyinə həsr edilmiş tədbirlər planına əsasən Məktəbimizin direktoru Sevil xanım Əliyevanın təşəbbüsü ilə siniflər üzrə  gəzintilər, ekskursiyalar və fənlər üzrə yarışmalar, açıq dərslər keçirilmişdi. Məktəb ərazisində və qəsəbədə iməclik keçirilərək həmişəyaşıl ağaclar əkilib, təmizlik işləri aparılıb. bilik yarışması keçirilib.




İsgəndərova Elnurə Fizuli qızı, 
Abşeron Xızı Regional Təhsil idarəsi Güzdək qəsəbə tam orta məktəbin tədris işləri üzrə direktor müavini

Geri qayıt