Əsas Səhifə > Redaktor seçimi > UCA DAĞLAR ŞÖHRƏT TAPMIŞ BAŞINDAKI QARLA YAXUD DADAŞ ƏLƏSGƏROVA MƏKTUB...

UCA DAĞLAR ŞÖHRƏT TAPMIŞ BAŞINDAKI QARLA YAXUD DADAŞ ƏLƏSGƏROVA MƏKTUB...


18-05-2023, 21:49


Bu gün Azərbaycan Dövlət Pedaqoıi Universitetinin Tarix və coğrafiya fakültəsinindosenti, pedaqogika üzrə fəlsəfə doktoru Dadaş Ələsgərovun ad günü – yubiley ilidir.

Hörmətli Dadaş müəllim – mənim əziz dostum, bu yazını yazmaq haqqını qazanmaq üçün düz otuz il sizinliə birlikdə qocaman Azərbaycan Dövlət Pedaqoji Universitetinə ayaq döymüşəm. Ömrümün gənclik çağından bura sizinlə çiyin-çiyinə dayanıb, xalqımızin, vətənimizin xoşbəxtliyi naminə necə ürəkdən çalışmağınızın şahidi olmuşam. Siz xalqımıza faydalı olacaq fəliyyətinizi heç vaxt sabaha saxlamadınız.

Bu dünyanın ölməz və tükənməz sərvəti sözdür. Söz vasitəsilə insanlar ölməz abidələr yaradırlar. Söz olmasaydı bu DÜNYAnın harmoniyası çoxdan pozulardı. Söz körpüdür... söz məbəddir. İnsanları bir-birinə bağlayan məbəd... 

Əzizim Dadaş müəllim, sizə bir ərmağan göndərmək istəyirəm. Söz ərməğanı... istəkdən, məhəbbətdən yoğrulmuş, ad-sanınıza layiq. Sizin timsalınızda 80 yaşın təntənəsini görmək məni çox sevindirdi. Bütün ömrü, həyatı, aldığı nəfəs belə sözlə, hikmətlə yoğrulan Dadaş Ələsgərov əsl müdriklik HƏQİQƏTİDİR. Milli Azərbaycankişisinin bütün gözəllik və incəliklərini özündə əks etdirən Dadaş müəllim mənim üçün torpaq kimi səxavətli, günəş kimi odlu, hərarətli, səma kimi aydın və işıqlıdır...
Dünyaya göz açdığınız Beyləqan rayonun Aşıqlı kəndi, oxuduğunuz Beyləqan şəhəri 1saylı orta məktəbi, coğrafiya fakültəsini fərqlənmə diplomu ilə bitirdiyiniz Azərbaycan Dövlət Pedoqoji İnstitutusizin timsalınlzda yeni ünvan, ad-san, şan-şöhrət qazandı. Siz az qala 50 il bundan qabaq Moskvada SSR-i Pedoqoji Elmlər Akademiyasının əyani aspiranturasını bitirib və SSR-i PEA-da “Ölkəşünaslıq kurslarında kartoqrafik bilik və bacarıqların formalaşdırılmasının metodikası” mövzusunda dissertasiya müdafiə edərək coğrafiyanın tədrisi metodikası üzrə fəlsəfə doktoru elmi adı almısınız.
İllərin müşahidəsindən bu qənaətə gəlmişəm ki, siz bütün əməlləri, düşüncələri, duyğuları ilə insanı və insanlığı sevməyi özünüzə həyat yolu, həyat amalı seçibsiniz. 

Düşünürəm ömrümüz gedir... Səhərə inanmaq güc və səbr istəyir. Hər şeyin əvvəli və sonu var. Biz də bu əvvəllə sonun arasındayıq. Hərəmiz bir nöqtədə... İllərdir biz eyin ali məktəbdə birlkdə fəaliyyət göstəririk. Bu ötən vaxt, keçən zaman sanballı müddətdir, tanıdığın adama ürəyin istəyən qiyməti verə bilmək üçün... 
Ötən illər nələri dəyişmədi...  Dünya nizamı, adətlər, ənənənələr... çox dəyərlər başqalaşdı... Ancaq bizim bir-birimizə dostluğumuz, mehribanlığımız, ülfətimiz ötüb keçən illərlə soyumadı, azalmadı, əksinə dahada möhkəm, isti oldu.

Yeri gəmişkən burda bir məsələni xatırlamaq istəyirəm... Keçən il, magistraturada oxuyan zaman tələbəm olmuş qızınız Əsmər xanım fiziki kimya ixtisası üzrə Bakı Dövlət Universitetində mən də üzvü olduğum Müdafiə Şurasında, müasir kimyaçılar arasında elminə, dünyagörüşünə və məntiqi təfəkkürünə görə xüsusi yeri olan professor Cəbrayıl Mirzainin rəhbərliyi ilə fəlsəfə doktoru dissertasiyası müdafiə edirdi. Xatırlayıram, müdafiənin lap sonunda gəldiniz. Məni Müdafiə Şurasının üzvüləri arasında görəndə gözlərinizdə parlayan sevinclə gülümsəyərək: “Sən burdaydın, ta mən niyə gəlirdim”, - dediniz. Gözlərinizdən aydın oxunurdu ki, siz təkcə övladınızın elmi uğurlarına deyil, həm də mənim, illərin dostunun nailiyyətlərinə də çox sevinirsiniz. 
Yəni hər bulaq köksündən süzülüb gəldiyi dağın, torpağın xislətini özündə yaşadır. Hər bir kəsin də sözü-söhbəti, yazısı-pozusu və hər şeyi onun təbiətidir. Hələ əsrlər bundan əvvəl Yunus Əmrə “Çölünə o sızar, içində nə var isə”, -deyib. ...Böyük ustadın məntiqinə söykənsək deməli, hər kəsin çölünə içindəki sızır.

Yaş artır, təcrübə, bilik çoxalır, həyat bizi çox çətinliklərə urcah edir, məngənəsində sıxır, çox dərslər verir.  Bir sözlə yaşa dolduqca, təcrübə artıqca, ömrün enişli-yoxuşlu yollarını keçdikcə həyatı başqa biçimdə duyursan... Sualları cavablandırmağa çalışırsan. Düşünürsən... Görəsən zamanın imtahanından necə çıxmışam...

İllər ömrümüzdən getdikcə zaman bizim daxili və xarici aləmimizə öz sığalını çəkir... Ancaq yaradıcılıq şövqü, yazıb-yaratmaq ilhamı on illər öncə necə çağlayırdısa, eləcədə aşıb daşır...
Hörmətli Dadaş müəllim, bu illər ərzində yazdığınız onlarla elmi məqalə, ali məktəb tələbələri üçün dərs vəsaiti və proqram, orta məktəb şagirdləri üçün dərslik, müəllimlər üçün metodik vəsait sizin əmək sevərliyinizin meyarıdır. Siz müxtəlif illərdə çalışdığınız fakültədə dekan müavini, kafedra müdiri kimi vəzifələrdə olduğunuz zaman həm iş yoldaşlarınızın, həm də tələbələrin sevimlisi olmusunuz. Sizin daim ətrafınız tərəfindən sevilməyinizə səbəb geniş dünyagörüşünüz və dərin təfəkkürünüzdür. Zəngin mənəviyyatınız, genetik köklərə bağlı olan yüksək əxlaqi dəyərinizlə müşayət olunan insani  keyfiyyətləriniz daim sizin ucalmağınıza gətirib çıxarıb.
Elə müasirlərimiz var ki, şəxsiyyətinin təmizliyi, daxili-mənəvi bütövlüyü, orjinal, təbiətindən irəli gələn şəffaf düşüncə tərzi adamı məftun edir. 
Əziz Dadaş müəllim, belə müsirlərimizdən də biri sizsiniz. İnsanın daxili aləmində bir-biri ilə vuruşan ağıl və nəfis, xeyr və şər adlı əks qütb var. Sizin mənəvi aləminizin zəngin olmasının əsas səbəbi daxili aləminizdə ağılın nəfisə, xeyrin şərə qalib gəlməsilə bağlıdır. Siz insanlara daim yaxşı olmağa çalışmısınız.
Elə buradaca Azərbaycan Dövlət Pedaqoıi Universitetinin ustad pedaqoqu, baş müəllimi Əlibala Zaloğlunun sizin haqqınızda olan düşüncələrini bölüşmək istəyirəm.
Əlibala Zaloğlu yazır: “Özümə böyük dost, həyat yolumda örnək hesab etdiyim, dəyərli insan, ziyalılıq meyarı dosent Dadaş Ələsgərovun  80 illik yubileyinə!
 
SAHİLƏ SIĞMAYAN HƏLƏ KÜR KİŞİ!
 
Əllisində çaşanlara bir örnək,
Sözü bütöv, əxlaqı tam nər kişi.
Hər addımı yol azana bir kömək,
Orduları yenə bilən SƏR kişi.
 
Hər sözü, kəlməsi incəsənətdir,
Yerişi-duruşu bar - bərəkətdir.
Yumora bələnmiş sözü sərvətdir,
Məzmunu dərində, sözü dürr kişi.
 
Asta-asta təmkinində halallıq.
Heyrəti hikkəsi üzdə bir anlıq.
Bir kimsəyə heç etməyib yamanlıq,
Təpədən dırnağa işıq, nur kişi.
 
Çinardı, palıddı öz kökü üstə,
Yorulsa oturar öz yükü üstə.
Əyməz bir kimsənin haqqın yan üstə,
Zəifə zəifdir, zora zor kişi.
 
Şəninə bağlansın bir nağıl dastan,
Soykökü çıxmadı Zərdüşt yolundan.
Dadaş Hacı Ələsgərin soyundan,
Qoy tanrı üstündə olsun yar kişi.
 
Səksəni yaşayıb mövla, pir kimi
Elmin meydanında aslan, şir kimi
El sözün yaşadıb doğma sirr kimi
Sahilə sığmayan hələ kür kişi.
 
Sağında gənclikdir, solunda pirlik,
Dost - tanış yolunda göstərib ərlik.
Zaloğlu dostuna ömür yüz illik,
Bir arzu, bir istək, naxış, zər kişi”.
 
Böyük səmiyyətlə yazılmış bu şeirin hər bəndində ki, sonunucu misralarda  “Orduları yenə bilən SƏR kişi, Məzmunu dərində, sözü dürr kişi, Təpədən dırnağa işıq, nur kişi, Zəifə zəifdir, zora zor kişi, Qoy tanrı üstündə olsun yar kişi, Sahilə sığmayan hələ kür kişi, Bir arzu, bir istək, naxış, zər kişi” toplanmış ağır məna yükü sizi tanıyanların sizə verdiyi  ədalətli dəyərdir. El gözü tərəzidir deyiblər. Əlibala Zaloğlunun özü də dediyi kimi böyük dostu, həyat yolunda özünə örnək hesab etdiyi, dəyərli insan, ziyalılıq meyarı olan Dadaş Ələsgərovun layiq olduğu dəyər: SƏR, DÜRR, NUR, ZOR,YAR, KÜR VƏ ZƏR KİŞİ.  
Əlibala Zaloğlu demiş, BÖYÜK DOST, illərdir sizi tanıyıram. Siz əməllərinizlə, daxili aləminizin zənginliyi ilə xalqınıza, torpağınıza bağlı insansınsınız.  Siz müəyyən mənada həm də Vətənin sədaqətli əsgərisiniz. İllərlə ona sədaqətlə qulluq edən əsgər. Öz torpağına bağlı olmayan oğul Vətən üçün əsgər ola bilməz. Sizin Vətənə, doğulub boya-başa çatdığınız torpağa münasibətiniz çox dəyərli mənəvi sərvət kimi heç vaxt dəyərini itirməyəcək. Bu sərvətin mayasında Azərbaycana boyük sevgi, məhəbbət, hikmət var. 
 İnsan DÜNYANI dərk edəndən onu əhatə edən aləm haqqında, özünün o dünyadakı yeri haqqında düşünür. Alim, ustad pedaqoq, ağsaqqal kimi onu tanıyanlar arasında xüsusi yeri olan Dadaş müəllimbütün əməlləri ilə şəxsiyyəti üst-üstə düşən insanlardan biridir.
Əzizim Dadaş müəllim, yaxşı bilirsiniz ki, həyat hər kəsin özü yazdığı kitabdır. Elə yazmalısan ki, sonra bəzi səhifələri pozmaq istəməyəsən. Siz ömür kitabınızın səhifələrini çox ləyaqətlə, şərəflə və vicdanla yazmısınız. Bunu sizi yaxşı tanıyanlardan –Azərbaycanın hər tərəfinə GÜNƏŞİN yer üzünə səxavətlə səpdiyi şüalar kimi səpələnən tələbələrinizdən dəfələrlə eşitmişəm.  Necə deyərlər, uca dağlar şöhrət tapmiş başındakı qarla...
Sizin çalışdığınız Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 yaşı tamam oldu.  Bu möhtəşəm elm, təhsil məbədi sizin müxtəlif yaş dövürlərinizin – odlu-alovlu gənclik illərinizin, heç vaxt həmsöhbətinin sözünü kəsməyən, on kəlmədən birinə ağır otur batman gəllə cavab verən kamillik dövrünüzün şahidi olub. Bu yüz illik tarixin şəninə deyilən xoş sözlər Sizin kimi qiymətli ustad pedaqoqların xidmətinin meyarıdı. 
Mənalı ömrünün kamil dövrünü yaşayan  Dadaş Ələsgərov geniş fəlsəfi dünyagörüşünə, milli və bəşəri özünüdərkə, nadir ağsaqqallıq məziyyətlərinə görə böyük ŞƏXSİYYƏTDİR. O, ömrünün və yaradıcılığının bu müdrik çağında da yazıb-yaradır. 
Böyük dost, Sizə uzun ömür, cansağlığı, yaradıcılıq uğurları arzulayıram.
 
Əli ZALOV,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri,
kimya elmləri doktoru, professor
Geri qayıt