Əsas Səhifə > Redaktor seçimi / Müsahibə / Təəssürat / Mədəniyyət > Qarabağ xanəndələri
Qarabağ xanəndələri31-08-2018, 17:13 |
Muğam məbədinin Ehtiramı... yaxud Çin Səddinə yetən səs Nə qədər təkrar deyilsə də, bu ifadə nə gözümdən, nə də dilimdən düşür- “Yolçu yolda gərək”. Biz də yolumuza davam edirik. “Qarabağ xanəndələri” silsiləsindən budəfəki yazını tanınmış xanəndə, Muğam Müsabiqəsinin qalibi, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, Ehtiram Hüseynova həsr etmək istədim. Açığını desəm, Ehtiramın iştirak etdiyi Muğam Müsabiqəsi televiziya kanalımızda yayımlandıqca, ona həmişə xüsusi diqqətim olub. Və bu diqqət məndə heç də təsadüfi yaranmayıb. Respublikanın xalq artisti, Muğam Müsabiqələrində iştirak edən münsiflərdən biri Əlibaba Məmmədov buna səbəbkar olub. Muğamsevərlərin hər biri yaxşı bilir ki, Əlibaba Məmmədov güzəştə getməyən bir müəllim, ustaddır. Hətta ən xırda qüsuru da demədən üstündən keçməz. Müsabiqədə oxuyan hər bir gənc xanəndəyə iradını bildirsə də, növbə Ehtirama çatanda, əksər hallarda Əlibaba müəllimdən ancaq müsbət fikir, yaxşı rəy eşidilirdi. Ehtirama xüsusi hörməti açıq-aşkar hiss olunurdu. Həqiqət bundan ibarət idi ki, Ehtiram qüsursuz oxuyurdu. Elə can-cüssəsi kimi, oxuduğu mahnı və muğam parçaları da qollu-budaqlı görünürdü. O, səhnə davranışları, oxu tərzilə özünün xarici görünüşünü də nəzərə alıb sanki bir harmoniya yaratmağı bacarır. Və bu da tamaşaçıların zövqünü oxşayırdı. Ehtiram Hüseynov qısa müddətdə muğam dünyamızda çox zəngin səhifələr yarada bildi. Söz yox, muğamın özü də dolu, zəngin bir aləmdir. Amma o doluluğun, o zənginliyin içərisində yeni iz salmaq, yeni naxışlar vurmaq, klassiklərimiz demiş, musiqi dünyamızda, xüsusilə muğam aləmində tazə bir novbahar yaratmaq heç də kimsəyə asan gəlməməlidir. Gənc də olsa, Ehtiram bu qədim məktəbin, Muğam dəbistanının çox hörmətli müdavimlərindən biri ola bildi. Hələ uşaqlıqdan, erkən yaşlarından özünə ideal seçdiyi çox dəyərli xanəndələrimiz — Xan əminin, Yaqub Məmmədovun ruhları onun keçdiyi muğam yollarına işıq saldı. İşıq demişkən, onu da söyləmək könlümdən keçir ki, Ehtiram Muğamın işığını təkcə səsi, avazıyla tamaşaçıya ötürmür, həm də içində, ruhunda şölələnən muğam çırağının nurunu, zərrələrini efir boyu, gəzdiyi diyarlar, ölkələr boyu çevrəsində olan insanların qəlbinə çiləyə bilir. Məncə, bu, insanın bir şəxsiyyət olaraq həyatında yetişdiyi səadət dolu anlardan biri, bəlkə də ən ucası, ən faydalısıdır. Ehtiram müsahibələrinin birində çox yaxşı qeyd edir ki, muğam təkcə ifa tərzi, oxumaq sənəti deyil, muğam həm də xalqa, millətə məxsus əzəmətli bir dəyər, tərbiyə, əxlaq, vətəndaşlıq məktəbidir. Bu məktəbi gərək elə oxuyasan ki, muğamda irs qoymuş böyük xanəndələrin, musiqiçilərin, bəstəkarların, lap elə həssas zövqə malik musiqisevərlərin də yanında vüqarla dayana biləsən. Yuxarıda qeyd etdiyim kimi, Ehtiram muğam aləmində, demək, həm də Azərbaycan mədəniyyətində qiymətli səhifələr açıb. Ancaq bu dəyərli səhifələrin, onun yaratdığı bu rəngarəng mənəvi fəsillərin hansından başlayacağım bir qədər çətin gəlir mənə. Amma onu da bilirəm ki, Ehtiramın ən böyük ustadı, ən böyük müəllimi nə Arif Babayev, nə Canəli Əkbərov, nə özünə ideal bildiyi Xan Şuşinski, nə də Yaqub Məmmədovdur, onun ən böyük ustadı doğulduğu əfsanəvi Laçın torpağı, Laçın təbiətidi. Niyə belə deyirəm? Çünki adama elə gəlirdi ki, Laçının qıjov axan çayları, daşlardan, qayalardan zümzümə ilə süzülən çeşmələri, bulaqları o yerlərdə, o çəmənlərdə oxuyan, dil-dil ötən nəğməli quşları belə, muğam üstündə köklənib. Belə olmasaydı, Laçın Məhəbbət Kaızmovu yetirə bilməzdi. Ürəyi, qəlbi həsrətdən şan-şan olmuş Məhəbbət Kazımov Laçının, laçınlıların rəmzi idi. Və bu gün Ehtiram Hüseynov da Laçın, doğma Vətən, bütöv Azərbaycan məhəbbətilə elə Məhəbbət Kazımov qədər şövqlə, yanğıyla oxuyur. Ehtiram “Sarı gəlin”in ən ən yaxşı ifaçılarından biridir. Təbii ki bu, mahnını—insanı yaşanmış illərinə, artıq çox-çox geridə qalmış xatirələrinə qovuşduran “Sarı gəlin” mahnısının möhürünü vuran müğənnilərimiz, xanəndələrimiz çox olub. Amma cəsarətlə demək lazımdır ki, Ehtiram Hüseynov da bu qədim türk nəğməsini özünəmxəsus tərzdə dinləyici qəlbinə axaraqdan, yol taparaqdan oxuyur. Su gələr axar gedər, Durnalar qatar gedər, Bu dünya bir pəncərədir, Hər gələn baxar gedər. Hiss edirsinizmi, necə qəm-qüssəyə bələnmiş, insanın—əgər daş ürəyi varsa belə, onu belə, yonmaq qüdrətində olan misralar, deyimlərdir. Və bu msiraları hər kəs oxuya bilməz. Yanğılı ürək, kövrək qəlb istəyir “Sarı gəlin”. Ehtiram Hüseynov oxuduğu hər bir mahnını, hər bir muğam parçasını iştirak etdiyi hər hansı auditoriyaya çatdırmaq məharətinə malikdir. Sözün həqiqi mənasında o, artıq bir xanəndə kimi yetişib. El şənliklərində, müxtəlif tədbirlərdə, ədəbi-bədii gecələrdə, böyük konsert salonlarında Ehtiramın səsi ən böyük izdihamın belə diqqətini özünə toparlaya bilir. Bunun üçün muğamın nəzəriyyəsini bilmək hələ azdır. Bunun üçün ifaçının içi yüklü, dolu olmalıdır. Şübhəsiz ki xanəndənin özünün mənəviyyatı zəngin təəssüratla, düşüncələrlə dolu olmasa, o öz sənətində axsayacaq. Həssas tamaşaçı da xanəndənin bu “axsama”sını dərhal duyur və onu hədəfə çevirir. Ehtiram Laçının Hacısamlı kəndində doğulub. Və çox təəssüf ki onun da taleyinə qaçqınlıq, didərginlik əzabı, möhnəti yazılıb. Doğulduğu kəndi tərk etməyə məcbur qalan 12 yaşlı Ehtiram təhsilini Bakı şəhərində davam etdirməyə müvəffəq olur. Ondan bu barədə soruşanda belə deyir: “Əslimiz Laçının Daşlı kəndindəndir. Babamın işi ilə əlaqədar Hacısamlıya köçmüşük. 1986-cı ildə həmin kənddə I sinfə getmişəm. 1992-ci ildə bəlli səbəblərdən Bakıda məskunlaşaraq orta təhsilimi Binəqədi rayonundakı 284 nömrəli orta məktəbdə davam etdirmişəm. Sonra Xan Şuşinski adına muğam məktəbini, Asəf Zeynallı adına Musiqi Texnikumunu (indi kollec adlanır) bitirdim. Xalq artisti Canəli Əkbərovdan 4 il dərs aldım. Milli Konservatoriyanın magistr pilləsinidə isəm xalq artisti Arif Babayevdən dərs aldım. Uşaqlıqdan Yaqub Məmmədov, Arif Babayev kimi xanəndələrin lent yazılarını, radio və televiziya çıxışlarını dinləmişəm... İlk musiqi təhsilimi Ağdam muğam məktəbində almışam. Sonra isə “Bənövşə” uşaq xorunda, Asəf Zeynallı adına Musiqi Kollecində musiqi təhsilimi davam etdirmişəm. O vaxtlar televiziyada “Sübh şəfəqləri”, “7-17” uşaq müsabiqələri gedirdi. Babam məni “Sülh şəfəqləri” müsabiqəsinə apardı, 12 yaşım vardı. Rəhmətlik Əfsər Cavanşirov “Bənövşə” uşaq xorunun həm yaradıcısı, həm də rejissoru idi. Hansı musiqi məktəbindən gəldiyimi, müəllimimin kim olduğunu soruşdu. Babam dedi ki, Allahın verdiyi səsdir, öz havasına oxuyur. Müəllim yanına getmir. Məktəb tədbirlərində də oxutdururlar. Əfsər müəllim məni “Bənövşə” uşaq xoruna götürdü və bildirdi ki, müsabiqə üçün hələ hazır deyil, hazırlaşmalıdır. Beləliklə, ilk addımlarımı orada atmağa başladım. Uşaq mahnılarından ibarət kompozisiyaların lent yazıları Azərbaycan Dövlət Televiziyasının fondunda indi də durur. Uşaq mahnılarının arasında kiçik muğam yerləri olanda, Əfsər müəllim deyərdi ki, Ehtiram oxusun”. “Xanəndəyə musiqi təhsili nə dərəcədə vacibdir” sualına da yaddaqalan bir cavab verir: “Məktəbsiz muğam təməlsiz bir binaya bənzəyir — nə vaxtsa uçub, dağıla bilər”. Mənə elə gəlir ki, o, bu sözü özünə, muğam sənətində tutduğu mötəbər mövqeyinə güvənərək deyir. Arif Babayev kimi ustad bir xanəndədən dərs alıb. Ustadına hədsiz sevgisinin təzahürü olan maraqlı bir epizod da danışır. Deyir, balaca uşaq idim, Arif Babayev bizim qonşu Şəlvədərəsinə Azərbaycanın məşhur filosofu Salman Salahovun oğlunun toyuna gəlmişdi. Atamgil məni də özləriylə birgə həmin toya aparmışdılar. Yağışlı-çiskinli payız günlərindən biriydi. Mağarın ortasında soba qoyulmuşdu. Sobaya iri palıd, vələs yarmaçaları atırdılar. Bayır soyuq olsa da, mağarın içərisi od kimi idi. Masanın o biri üzündə xanəndələr, bəri üzündə də biz oturmuşduq. Gecə saat 10-11-də yanan sobanın istisindən xumarlanıb Arif Babayevin oxuduğu masanın altında bir küncə qısılıb yatmışam. Arif müəllim stolun altında yatmağımı görən kimi səslənir: a bala, bu kimin uşağıdı, yaddan çıxıb qalar—götürüb aparın. O vaxt ağlıma gəlməzdi ki, ayağının altında yatdığım Arif Babayev gələcəkdə mənim ustadım, müəllimim olacaq. Elə bilirəm ki, bu, ibrətamiz bir hekayətdir. Ustadını, müəllimini uca və şərəfli tutmağın bir nümunəsidir. Əbəs yerə deməyiblər ki, müəllimini uca tutan mənzil kəsər. dünyanı dolanar. Və bu gün Ehtiram Hüseynov dünyanı dolanmaqdadır. Səsinin, avazının sədası uzaq Çin səddinə qədər gedib çıxıb. Amerika, Fransa, İsveç, Norveç, Hollandiya, Braziliya, Kanada, Rusiya, Türkiyə, qədim türklərin yaşayış məskəni Macarıstan, İran, doğma Azərbaycan şəhəri Təbriz, Tehran və onlarla belə ölkə və şəhərlərdə Ehtiram Hüseynovu bəşəriyyətin maddi-mənəvi irs siyahısına düşmüş muğam sənətinin ifaçısı kimi tanıyırlar. Azərbaycanı, xalqımızı, millətimizi sehirli muğam guşələriylə tanıdan Ehtiram sənəti, bu sənətə sədaqətilə artıq milli ruhun,, milli yaddaşımızın bir parçasına çevrilməkdədir. O, qəlbində həm də ağrı-acı daşıyan bir sənətkardı. Tanınmış şair, ictimai xadim Sona Vəliyevanın “Arazbarı” poemasından hazırlanmış kompozisiyada Ehtiram Hüseynov da oxuyur. Xalq şairi Sabir Rüstəmxanlının ssenarisini yazdığı “Arazbarı” kompozisiyasında Vətən tarixinin salnaməsi səhifələnir. Parçalanmış Vətənin obrazı göz önünə gəlir. Böyük Azərbaycan xəritəsindən qoparılmış, ayrı düşmüş Şuşa, Dərbənd, Təbriz, Göyçə harayı Arazbarı notlarıyla qəlblərə hakim kəsilir. Sinəmizdə, hicran, həsrət dolu şırımlar açan tikanlı məftillər “Arazbarı simləri”nə toxunur. Və toxunduqca neçə qərib yurddaşımızın ürəyinin telləri titrəyir, gözündən ələm yaşı süzülür. Və bu səhnədə Ehtiram Hüseynov da peşəkarlıqla sənət nümayiş etdirir. Yəni uzun sözün qısası, Ehtiram həm də “Arazbarı”yla yaddaşıma yazılır. Muğam şöbələrini, dəsgah və təsnifləri bir-birindən ayırmağı, birini doğma, o birisini yad gözündə görməyi heç xoşlamır. Deyir, hər bir muğamın öz yeri, öz oxuna biləcəyi məqamları var, iştirak etdiyin tədbirin, şənliyin ovqatına baxır. Xalq və bəstəkar mahnılarının hər birinin öhdəsindən uğurla gəlir. “Şuşanın dağları”, “Qaragilə”, “Səni qəmli görəndə”, “Nar ağacı, nar çiçəyi” mahnılarını həzin-həzin oxuyur. Necə deyərlər, insanın arzuladığı, fəqət əlinin çatmadığı yerlərə, məkanlara qovuşdurmaq missiyasının öhdəsindən gələnlərdən biri də Ehtiramdır. Bir var, yaddaşın xatirələri, bir var yaddaşın, ömrün yaşadığı illər, bir də var insanın doğulduğu, dünyaya gəldiyi yerlər. Ömrün elə anı, elə fəsili olur ki, insan yaşadığı həmin illərə dönmək istəyir. Amma necə dönsün? O illərə dönmək mümkünmü? Bəs yaşanmış xatirələr necə? İnsanın öz əlindədirmi? Xatirələri bir kitab kimi vərəq-vərəq çevirmək olurmu?. İnsan doğulduğu yerlərə də qayıda bilər. Amma indiki anda, məsələn, mən doğulduğum yerə dönə bilmirəm. Muğam əfsanəvi, sehrli bir sənət olduğundan, bu saydıqlarımla insanı ruhi- mənəvi bağlantılarla qovuşdura bilir. Ehtiramın səsində 20-30 il geriyə qayıdıb o illərin təəssüratına yenidən dalmaq olur. Ehtiramın səsində xatirələr gözümdə yarpaq-yarpaq, fəsil-fəsil canlanır. Doğma yerlərə dönmək mümkün olmasa da, gözlərim önündə bir Laçın, bir Şuşa, bir Kəlbəcər obrazı canlanır. Səs Vətənin qərib düşmüş yerlərilə sənin aranda az qala bir bağlantı, canlı ünsiyyət yaradır. Belə səslər nadir səslərdir, Allahın insana bəxş etdiyi çox nadir sərvətlərdən biridir. Və bu sərvət, bu səs Ehtirama da qismət olub. Qismət olub ki, muğam sənətinə, muğam kitabına, dünyanın dinləmək istədiyi Muğam abidəsinə bir az da hörmət, ehtiram gətirsin. Və mənə elə gəlir ki, Azərbaycan muğamını Ehtiramsız təsəvvür etmək olmaz. Çünki onda muğamın çox dəyərli bir səhifəsi əlimizdən düşüb itmiş olar. Etiraf edim ki, yazının bu yerinə gəlib çatınca bilmədim nəyi dedim, nə qaldı. Təkcə onu bildim ki, gözlərim hələ də yol çəkir. Ehtiram oxuyur. Mən Laçına, Kəlbəcərə, Cəbrayıla gedən yolda hiss edirəm özümü və bu səadət mənim taleyimə yazılsa, elə bilərəm ki, bu səsin qanadında gedib çatmışam doğma, əziz yerlərimə. Çünki Ehtiram oxuyanda gözümün necə yol çəkdiyinə özüm də baxa bilirəm. Baxa bildiyim yerlərə getmək, qovuşmaq arzusu içimdə sarsılmaz bir inama çevrilir. Muğam həm də bir inam məbədi deyilmi?.. Və bu inamın, bu məbədin Xanı, Yaqubu, Məhəbbəti, Səxavəti olduğu kimi Ehtiramı da var... Fariz Çobanoğlu Geri qayıt |