Əsas Səhifə > Redaktor seçimi > ZƏFƏR GÜNÜ AZƏRBAYCANIN DÖVLƏT QÜDRƏTİNİN RƏMZİDİR

ZƏFƏR GÜNÜ AZƏRBAYCANIN DÖVLƏT QÜDRƏTİNİN RƏMZİDİR


5-11-2023, 00:48

27 sentyabr 2020-ci ildə Ermənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu ordumuzun mövqelərini və yaşayış məntəqələrini atəşə tutdu. Ermənistan ordusunun bu təxribatının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı qoşunların sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verdi. Nəticədə qarşıdurma İkinci Qarabağ müharibəsinə çevrildi.
44 günlük Vətən müharibəsi ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı, 8 noyabrda Şuşa şəhəri, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər və dekabrın 1-də Laçın rayonları işğaldan azad edildi. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır. Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzidir. 
Şuşa azad olunduqdan sonra bəziləri elə fikirləşirdi ki, Beynəlxalq aləm ermənilər yaşayan Azərbaycan ərazisində hər hansı əməliyyat keçirməyə və bu ərazilər üzərində ölkəmizin nəzarətini bərpa etməyə imkan verməyəcək. Nəticədə Azərbaycan 2020-ci il 8 noyabrda üçtərəfli bəyanatla təsbit edilmiş status-kvonu dəyişməyə cürət etməyəcək və Şuşanın azad edilməsi ilə kifayətlənəcək. Həmin dövrdə ABŞ və Qərb ölkələrinin tutduğu mövqe, verilən bəyanatlar belə proqnozlar üçün ciddi əsaslar yaradırdı.
Vətən müharibəsindən ilyarım sonra Azərbaycanvətəndaşları Ermənistan Silahlı Qüvvələrinin qalıqlarının təxribatlarına qarşı Laçın yolu üzərində dinc etiraz aksiyasına başladı. Bu zaman bəzi qonşu və Qərb ölkələrinin verdikləri qərəzli bəyanatlar Azərbaycana qarşı təzyiq cəhdi idi.
ABŞ, Avropa İttifaqı, Fransa kimi ölkələr işğal prosesinin əbədi qalmasında həmişə maraqlı olmuşdur. Bu ölkələr öz ənənələrinə sadiq qalaraq ATƏT-in Minsk qrupunu yenidən diriltmək, uzun-uzadı mənasızdanışıqlar prosesinə start vermək istəyirdilər. Deyilənlər Azərbaycana qarşı təsir və təzyiq mexanizmlərini saxlamağa xidmət edirdi. Vəziyyətin belə qalması “parçala hökm sür” siyasətinin məntiqi davamı olardı. Qərb bununla göstərmək istəyirdi ki, guya ermənilər Azərbaycanda  yaşaya bilməzlər.  Buna görə də onların ayrılmasını və müstəqil dövlət kimi formalaşmasın təmin edən hüquqi prosedur işə salınmalıdır. 
Ona görə də Azərbaycana sanksiyalar tətbiq ediləcəyi ilə bağlı hədələr, şəxsən Prezident İlham Əliyevə qarşı daimtəzyiqlər olurdu. BMT, Avropa Parlamenti, Avropa Şurası kimi beynəlxalq mexanizmlərin potensialından yararlanmaq cəhdləri Qərb dairələrinin öz niyyətlərini praktiki müstəviyə keçirdiklərini aydın göstərirdi. Məqsəd Prezident İlham Əliyevi planlarından çəkindirmək və Azərbaycanın öz ərazisi üzərində tam suverenliyini bərpa etməsinə imkan verməmək idi. Bununla da bizi 2020-ci ilin nəticələri ilə barışmağaməcbur etmək istəyirdilər.
Bütün bunlara baxmayaraq məqsədimizə nail olduq. Başladığı işi yarımçıq qoymayan, “nəyi, nə zaman və necə” etməyi yaxşı bilən Ali Bal Komandanın məntiqli siyasəti nəticəsində suverenliymiz və ərazi bütövlüyümüz tam bərpa olundu. Qələbədən keçən 3 il ərzində həyata keçirilən siyasət və görülən işlər prosesin davamı olmuş və 2023-cü il sentyabrın 20-də öz məntiqi sonluğuna çatmışdır. Bütün təzyiqlərə və hədələrə baxmayaraq, həmişə gələcəyə baxan, onilliklər sonranı düşünən və bütün planlarını strateji məqsədlərə uyğun quran Lider kimi Prezident İlham Əliyev uzaqgörənliklə, barışmaz prinsipiallıq və qəti iradə nümayiş etdirərək Xankəndində Azərbaycanın dövlət bayrağının dalğalanmasına nail oldu.
İlham Əliyevin xalqa güvənərək, ondan güc alaraq bütün dünyanı haqlı olduğumuza inandırdı. Bu məsələdə maneə olan güclərin müqavimətini sındırdı və böyük ustalıqla qurduğu mürəkkəb sxemin hər bir detalını incəliklə, zərgər dəqiqliyi ilə işləyərək tarixi ədaləti bərpa etdi və üzərinə götürdüyü tarixi missiyanı başa çatdırdı. İndi inamla deyə bilərik ki, İlham Əliyev Milli lider xüsusiyyətlərinin və keyfiyyətinin daşıyıcısıdır.
2023-cü il sentyabrın 20-də bir sutka ərzində Ermənistan Silahlı Qüvvələrinin təslim olmağa məcbur edilməsi, oktyabrın 15-də isə Xankəndində Azərbaycan bayrağının ucaldılması öz tarixi əhəmiyyətinə görə 44 günlük müharibə və 8 noyabr Zəfər gününə bərabər növbəti parlaq Qələbə oldu. Bu mənada 2023-cü il sentyabrın 20-də əldə olunan Qələbə əhəmiyyətinə görə Zəfər Gününə bərabər və onu tamamlayan tarixi hadisədir.
İnanıram ki, tariximizin müxtəlif mərhələlərində xalqımızı və dövlətimizi qələbədən qələbəyə aparmış Cavanşir, Eldəniz, Cahan Pəhləvan, Şah İsmayıl  kimi hökmdarların və bütün həyatını Azərbaycan xalqına həsr etmiş və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması ən böyük arzusu olan Ümummilli Lider Heydər Əliyevin ruhu şaddır. 
 
Əli Zalov
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri
Geri qayıt