Əsas Səhifə > Redaktor seçimi > Zəfər hissi xalqımızın Qələbə ruhudur...

Zəfər hissi xalqımızın Qələbə ruhudur...


5-11-2023, 01:07

Hamımıza məlumdur ki, Birinci Qarabağ müharibəsində xalqımız pərakəndə şəkildə olsa da, bütün zərbələri eyni hədəfə vurdu, bununla özünün Vətən məhəbbətini aydın göstərdi. İkinci Vətən müharibəsində də xalq-dövlət birliyi bu prosesi özündə aydın ifadə etdi; Xalq və Ordu birləşdi, Vətən müharibəsi böyük Zəfərlə başa çatdı.
Əlbəttə, bu gün xalqımız haqlı yerə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmən təxribatlarının qarşısını almaq məqsədilə 27 sentyabr 2020-ci il tarixdə başlanan əks-hücum əməliyyatını 30 illik həsrətə son qoyan zəfər hesab edir. 
Hətta atəşkəs dövründə də Mübarizlərin, Fəridlərin, Poladların... göstərdiyi rəşadət torpaqlarımız uğrunda yüksək əzm idi. İstər Aprel savaşında, istər ard-arda baş verən terror hadisələrində, istərsə də Tovuz hadisələri zamanı cəsur oğullarımız erməni separatizminə bir daha sübut etdi ki, Azərbaycan xalqı bir həmləyə düşməni məhv etmək gücündədir, çətinliklər bu xalqın birlik əzmini qıra bilməz... 
Bildiyimiz kimi, təxminən 30 il idi Ermənistan rəhbərliyi ikibaşlı davranışı, təxribat xarakterli çıxışları, düşmən münasibəti ilə diqqət mərkəzində idi. Dünya dövlətləri bunu görür, lakin susurdu. Ölkə rəhbəri İlham Əliyev müharibədən əvvəl məhz bu səbədən mövcud münaqişənin güc variantı barədə fikirlər səsləndirir, lazım gəldikdə torpaqlarımızı müharibə yolu ilə azad edəcəyimizi aşkar ifadə edirdi. İllər sonra bütün dünya anladı ki, erməni şovinizmi, onlara havadarlıq edən ölkələr sülhün tərəfdarı deyil. Bu səbəbdən, sülhü siyasi fəaliyyətinin əsas hədəfi hesab edən Ali Baş Komandanımız müharibəni Qələbəmiz üçün prioritet kimi mənalandırdı və əks-hücum əməliyyatı ilə torpaqlarımız işğaldan azad edildi. Bu, həm də o anlama gəldi ki, zora-zorla, gücə-güclə qalib gələrlər. 
Bir qədər əvvəlki illərə-30 il əvvələ ekskurs etsək, görərik ki, ölkədə sabit vəziyyət ürəkaçan deyildi, erməni təxribatına, ümumiyyətlə düşmənin separatçı siyasətinə qarşı çıxa bilmək üçün Azərbaycanda güclü ordu yox idi. Məhz ümummilli lider Heydər Əliyev hakimiyyəti dövründə bu prosesi vacib istiqamət kimi seçdi, Azərbaycanda güclü – nizami ordunun əsasını qoydu. Sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin başladığı ordu quruculuğu sonradan ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi, dövlətimizin ətrafında sıx birləşmiş ictimai və dövlət birlikləri də bu prosesi özlərinin vacib işi sandılar. Və əsas etibarilə, torpaqlarımız işğaldan azad edildi, hazırda bütün ərazilərimizdə üçrəngli bayrağımız dalğalanır. 
Bilirik ki, 27 sentyabrda başlanan müharibənin Ermənistan rəhbərliyinə diz çökdürməsi, nəticədə 10 noyabrda Azərbaycan, Ermənistan və Rusiya arasında tarixi sənəd imzalanması ölkəmiz üçün olduqca əhəmiyyətli və zamanın çağırışlarına cavab verən mühüm prioritetdir... Azərbaycan bununla bir daha bütün dünyaya öz vahid siyasətini, öz parlaq örnəyini, ordu qurmaq bacarığını nümayiş etdirdi. Bu, həm də müasir dövrdə müstəqil siyasət kimi çox çətin bir işin öhdəsindən layiqincə gələ bilmək əzmidir.
Artıq bütün dünya görür: Bu gün Azərbaycanda milli inkişafın bitkin nəzəri konsepsiyası, mütərəqqi irəliləyişin Azərbaycan modeli var. Bu modeli şanlı ordumuz 44 gün çəkən Vətən müharibəsində öz zəfəri ilə isbat etdi. Bu, həm də onu göstərdi ki, dövlət quruculuğu, torpaqlarımızın işğaldan tam azad edilməsi, müzəffər Azərbaycan ordusunun qazandığı nailiyyətlər cənab İlham Əliyevin fəaliyyət strategiyasında son məqsəd deyil. Dövlətin möhkəmləndirilməsi cənab prezident üçün həm də bir nömrəli vəzifədir. Bu vəzifəyə əsasən işğaldan azad edilmiş ərazilərə səfər edən xarici nümayəndələr erməni vəhşiliyini canlı gördü, insanlığa sığmayan faktları öz ölkələrinin mətbuatında açıq şəkildə yayımladılar. Artıq bəşəriyyət yaxşı bilir ki, Azərbaycanı əks-hücum əməliyyatına, torpaqlarımız uğrunda müharibəyə Ermənistan və ona havadarlıq edən ölkələr məcbur edib... 
Azərbaycanın əsl vətəndaş kimi yetişən igid oğulları Milli Orduda təkmilləşən canlı strukturdur. Canlarında, qanlarında Vətən sevdası tüğyan edən bu oğullar düşməni torpaqlarımızdan qovmaqla həm tarix yazdılar–Zəfər tarixi, həm də sübut etdilər ki, Azərbaycan Ordusu hansı gücə və potensiala malikdir. Onların uğrunda canlarından keçdikləri torpaqlar bu gün hər birimizin Vətən duyğuları ilə islanır. Çox sevindirici haldır ki, bu gün Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, Xocavənddə, Laçında, Şuşada, nəhayət, Xankəndində, Xocalıda, Xocavənddə bayrağımız Vətən nəğmələri kimi vücud edir... 
Haqq sözdür, insan bir amal uğrunda mübarizə aparsa, mütləq qalib gəlir. Bu mənada, Azərbaycan xalqı da ötən otuz ildə yalnız bir məqsəd üçün birləşdi, nəticədə, Müzəffər Ordumuz Ali Baş Komandanımızın əmri ilə işğal altındakı torpaqlarımızı, xüsusən də Qarabağın əsas göydələni hesab olunan Şuşanı, ələlxüsus da, Qarabağı erməni faşistlərindən geri aldı. 
Əslində, Şuşa alınmaz qala idi... Məhz 8 noyabr 2020-ci ildə Ordumuz bir daha sübut etdi ki, bu möhtəşəm diyar doğrudan da toxunulmazdır. Elə öklə Prezidenti İlham Əliyev də Zəfər Günü münasibətilə 2022-ci ildə Şuşada təşkil olunmuş tədbirdə məhz bu məsələyə xüsusi olaraq diqqət çəkdi, bir daha vurğuladı ki, Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazıb. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər.
Bu gün gənc nəsil son dərəcə vətənpərvərdir. 44 günlük müharibədə bu gənclər xalqımıza Zəfər sevinci yaşatdı. Bu sevinc hissinin əsas hədəfi isə cənab İlham Əliyevin apardığı sağlam gənclər siyasətidir. İndi hamı ölkə prezidentinin dediyi bu sözləri dilində şüara çevirib: “Bizim vətənpərvərlik məsələləri ilə bağlı çox fəal siyasətimiz olmuşdur. Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Gənclərimiz vətənpərvərdir, Vətənə bağlıdır və İkinci Qarabağ müharibəsi bunu göstərdi...”
Bu mənada Ali Baş Komandanın Vətənə, onun keşiyində durmuş oğullara göstərdiyi qayğı da birmənalı diqqətəlayiqdir. Onun  apardığı siyasət gənc nəslə dəqiq nüfuz etdi və edir! 
Çox xoş haldır ki, Azərbaycan bu gün də ədalətli sülhün tərəfdarıdır. Ölkə başçısının irəli sürdüyü şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır. Üç il əvvəl qazandığımız Zəfərin də kökündə elə bu uğurlu siyasət durur. 
Ölkə Prezidentinin apardığı uğurlu siyasət bizə Zəfər hissi daddırdı. Bu Zəfər xalqımızın ən şərəfl, ən çox qürur duyduğu fərəhli andır...



Elnurə Fizuli qızı İsgəndərova, 

Abşeron Xızı Regional Təhsil idarə Güzdək qəsəbə tam orta məktəbin tədris işləri üzrə direktor müavini
"İlin müəllimi" və "Qızıl Qələm" media mükafatı laureatı
Geri qayıt