Əsas Səhifə > Redaktor seçimi > GÜLƏBƏYİM ANANIN MÜDRİKLİYİ...
GÜLƏBƏYİM ANANIN MÜDRİKLİYİ...23-01-2024, 18:54 |
Təsərrüfatları maldarlıqdan ibarət olan Xudayarlı camaatı payızın yarısından yazın qırxbeşinə qədər Diridağında, qalan vaxtlarını isə Zəngəzur dağlarında keçirərmişlər. Xudayarlıların Zəngəzur dağlarında çox vaxt düşərgəyerləri Qırxlar dağının ətəkləri Ərəfsə kəndinə yaxın ərazilər olarmış. Anam, uşaqlıq illərindən başlayaraq, ta atamla ailə qurduqdan sonra 1986-cı ilə qədər həmin yaylaqlara gedib gələrdi. Mən axırıncı dəfə iyirmi yaşımda Qırxlar yaylağında oldum. Yayda həmin yerlərə daim getdiyimdən indi də əlimiz çatmayan, ünümiz yetməyən o dağları gözlərim qarşısında bir kino lenti kimi canlandıra bilirəm. Bəzən az qala çiçəklərin rəngi, görkəmi gözlərimdə canlanır, dərələrdən axan suların pıçıltısı da qulağıma gəlir. Yağışdan qabaq şimşəyin çaxması, dərələrə, dağlara tökülən ağ yağışdan sonra bir dağın zirvəsindən o biri dağın zirvəsinə uzanan göy qurşağı, dərələrdən dağın zirvəsinə tərəf oğrun-oğrun sürünən qatı boz duman, qayalardakı boz dağ keçiləri, yamaclardakı dağ qoyunları, ən yaxın məsafəyə qədər özünü sezdirməyən, ayağının altından bir addımlıqda pırr eləyib uçan dağlar gözəli – Qafqaz uları sən, bizi unuda bilərsənmi? -deyir. Yox, unuda bilmərəm. Siz atamın, anamın vaxtı ilə mənə bəxş etdiyi ən gözəl hədiyyəm olmusunuz. Siz mənim yaddaşımda beynimin qüvvəsi çatana qədər yaşayacaqsınız.Ey gözəl mənzərələr, gen dərələr, zirvəsi əbədi qarlı uca sıra dağlar, dərələrdən şaqqıltı ilə axan çaylar, buz bulaqlar, dünyaya ehtibar yoxdur deyirsiniz. Sizinlə razıyam, dünya ehtibarsız dünyadır. Ona görə də nə qədər yaddaşım sözümə baxır atamdan, anamdan gələn sizinlə bağlı şirin xatirələri yazacağam ki, məndən sonra dünyaya gələcək övladlarımız ulu babalarının gəzdiyi, sevdiyi, canı-qanı ilə bağlı olduğu təbiəti, torpağı tanıya bilsin. Bəlkə nə vaxtsa kimsə buna görə bizə rəhmət oxudu. Necə ki, bu gün biz bizdən qabaqkılara həmin günləri bizə yaşatdıqlarına görə rəhmət oxuyuruq. Dəqiq xatırlayıram, təxminən 100 evli Ərəfsə kəndi Qara kilisə rayonundan bir xeyli cənub-qərbdə, Salvartıçay çayının sol sahilində, dağ ətəyində yerləşirdi. Ərəfsə kəndi Zəngəzurdağlarının – Salvartının, Qırxların, Mərcanlı düzünün arasındavə həmin istiqamətlərdən gələn dərələrin birləşdiyi ərazidəhündür yerdə salınıb. Üç böyük dağ çayının qovşağında yerləşən Ərəfsə kəndi yaşayış ücün tam uygun idi. Qırxlar dağından Dəliçay, Mərcanlı düzündən Taxtakörpüçay çayı və Salvartı dağının ətəyindən gələn Salvartıçay Ərəfsə kəndində qovuşaraq bir qədər aşağıda Bazarçaya tökülürdü. Qarabağ camaatının yayda getdikləri Salvartı, Qırxlar, Xaşxaşlı, Təvərə, Topurqulu, Çiçəkli, Sarıyataq, Hortüyüz, Gədik, Camışölən, Çitandaşı yaylaqları Ərəfsə kəndinin ətrafında yerləşirdi. Əkin sahələri, geniş otlaqları olan bu dağların əhatəsində yerləşən Ərəfsədə içməli sərin suyu olan çoxlu bulaqlarla yanaşı yerdən qazla birlikdə çıxan çox iştahgətirən Turşsu bulağı da var idi. Bir bulaq da var idi ki, ona Qotursu deyirdilər. Ondan içmirdilər, amma deyildiyinə görə suyunun çox dərdlərə faydası var idi. Anam danışırdı ki, müharibə təzə başlamışdı.Kəndimizdən ilk davaya gedənlərdən biri atam oldu. Davadan bir iki ay qabaq Xeyrənsə nənəm, atam, Güləbəyim bibim birdə Süleyman dayı toplaşıb nə isə toy haqqında danışırdılar. Ancaq ağılım bir şey kəsmir, məsələnin mahiyyətini bilmirdim. Süleyman dayı toyu biz yazın lap əvvəlində qoyun qırxını qurtaran kimi eliyək, -deyirdi. Bibim isə yox, bəlkə payızda el dağdan arana qayıdandan sonra toy olsa yaxşıdı. Atamda Süleyman dayının sözünü tutdu: -Yox, ay bacı, anam da bu il sizinlə yaylağa gedə bilməyəcək, həm də dünya yaman qarışıb. Qoy Əşrəfin toyunu yazda eləyək. Gəlin gəlsin yaylaqda da tək olmazsan sənə hayan olar. Bibim də zarafata salıb: -Ay qağa tək niyə oluram. Qızlarım Sayad, Zeynəbi demirəm, elə sənin qızın Tatı – anama bibiləri, atası, nənəsi əzizləmək üçün Tatı deyirmişlər – bəsimdir. Maşallah olsun hara, nəyə buyururam qaça-qaça gedib gəlir. Bir qoçaq qızdır gəl görəsən. Hələ gözlə, qoy qızlar bulağından su içsin gör, necə qız olacaq. Deyəcək gəl məni gör, dərdimdən öl.Evdəkilərin hamısı bu sözə güldü. Mən də bu gülüşdən xoşlanıb başımı dizinin üstündə oturduğum Xeyrənsə nənəminsinəsinə qoydum. Nənəm saçımı sığallayıb, hə çox ağıllı, fərasətli qzdır, Allah salamat eləsin, -dedi. Bu söhbətdən bir qədər sonra artıq Diridağına bahar gəlmişdi. Bu il yaz çox erkən gəldiyindən dərələrdə yaşıl otu yarıb yerimək olmurdu. Qayaların üstündə bitən kəklik otu, lalə, süsən ətrafa bir yaraşıq vermişdi ki, gəl görəsən. Səhərlər Xudayarlının dörd bir yanındakı qayalarda oxuyan kəklik səsi adamı valeh edirdi. Təbiət başdan-başa qaynayır, insan bu gözəlliyə baxmaqdan doymurdu. Gülün-çiçəyin ətri yamacda gəzəndə az qalırdı adamı bihuş eləsin. Bir gün Güləbəyim bibim gildə ciddi hazırlıq başladı.Qızlar bir yerə toplaşıb bəzəkli paltarlar geyib saçlarına sığal çəkir, cavan oğlanlar atlarını yəhərləyir, yaşlı arvadlar qazan asır, kişilər heyvan kəsir bir hay-həşir vardı gəl görəsən. Bir də gördüm bibim gil bir dəstə atlı kişilərlə, arvadlarla kənddən çıxıb Kəl dərəsinə tərəf getdilər. Üzümü Xeyrənsə nənəmə tutub: -Ay nənə, bu camaat niyə Kəl dərəsinə tərəf gedirlər, -dedim. Bəyəm, Əşrəf qağama gəlini ordan gətirəcəklər. Axı orda heç kim yoxdu. Bibimlə bir dəfə ora getmişdim. Orda ancaq mal-heyvan otlayır. Heç orda gəlin görməmişəm. Nənəm də mənim bu sözlərimə gülüb, saçımı sığallya-sığallaya – yox qəşəng balam, Əşrəf qağana Xudafərin körpüsünü görmüsən? – Hə, -dedim, - ondan bir qədər yuxarıda Qumlaq kəndi var gəlini bax ordan gətirəcəklər. Bilirsənmi gəlinin adı nədir? -Yox, bilmirəm? –bibim deməyib. Nənəm də sual dolu üzümə baxaraq – sən bibindən soruşmuşdun? -Yox? Nənəm gülümsəyərək: -Bax, bibində onun üçün deməyib. Gəlinin adı Münəvvər xanımdı. Çox yaraşıqlı, boylu-buxunlu bir qızdı. İndi bir azdan gətirəcəklər. Atan da gedib, bibilərin də, Əşrəf qağan da. Bir az keçmişdi bayaq atlılar gedən tərəfdən, Kəl dərəsinin Xudafərin körpüsünə baxan qaşından bir səs-küy qopdu gəl görəsən. Oğlanlar at çapır, qızlar gülüşür, bir nəfər də bəzəkli gəlin outran qırmızı atın yüyənindən tutub gətirir. Mən də özümdən asılı olmadan nənəmin əlində qoparılıb aralıdan gələn bu səs-küylü dəstəyə tərəf qaçdım. Camaatı yararaq gəlin mindirilmiş atın yanına yüyürdüm. Qəflətən nə görsəm yaxşıdı gəlini gətirən atın yüyəni atamın əlindədi.Əşrəf qağam da başqa bir atın üstündə gəlinlə yanaşı gəlir.Atam mənim əlimdən tutdu, qucağına qaldırıb saçlarımdan öpdü. Bu dəm də Əşrəf qağam atı irəli sürüb məni atamın qucağından götürüb öz atına mindirdi. Bir əli ilə yüyəndən, bir əli ilə ortamdan yapışmışdı. -Tatı, sən bizi hardan gördün? -dedi. Gülümsəyərək cavab verdim: -Bax ordan, evimizin yanındakı təpənin üstünə çıxıb, bayaqdan nənəmlə sizi gözləyirdik. Mən Əşrəf qağamın müxtəlif suallarına həvəslə cavab versəm də bir gözüm başdan ayağa bər-bəzəyin içində olan təzə gəlində qalmışdı. Gəlinin başınıa atılan ağ tül parça yazın sərin mehi dəydikcə tərpənir, onun gözəlliyini bir qədər də artırırdı. Əşrəf qağam başını yavaşca qulağıma tərəf əyib soruşdu: -Tatı, gəlinə niyə çox baxırsan, xoşuna gəlmir? -Yoox, çox xoşuma gəlir. Hələ adını da bilirəm. -Həə, adı nədir? -Adı Münəvvərdi, nənəm dedi. -Düzdü. Toy karvanı səs küylə artıq Xudayarlı kəndinə çatmışdı.Qumlağa gedənlərin arasında ellərin, obaların toy məclislərinin yarı-yaraşığı olan Xudayarlı aşıq Surxay Bəyalı оğlu da var idi. Anam deyirdi Aşıq Surxay ilk təhsilini molla yanında alıb, sonra Təbriz şəhərində mədrəsədə oxuyub. Anası Tüкəzban xanım Hacı Abbasəli bəy qızının fiкri Surxayı mоlla, ruhani еtməк imiş. Surxay isə bir ucu nimçədən, bir ucu çömçədən yapışıb aşıqlıq еdib. Elin xeyr işlərində iştirak edən aşıq çox az yaşayıb, cəmi 43 il. O, 1945 -ci ildə vəfat edib. Stalinin tərifinin şıdırğı getdiyi bir vaxtda. Atam deyirdi Aşıq Surxayın toylarda, el şənliklərində oxuduğu mahnıların sözlərində Stalinin adını çox eşitmişəm.Hələ bir cümləsini də “Ümidimiz, pənahımız sənsən, ay Stalin”, -deyirdi. Ancaq nədənsə yolda aşıq Surxay sazını çalmır, atın üstündə digər kişilərlə söhbət eliyə-eliyə gəlirdi. Kəndin girəcəyində aşıq Surxay sazı köynəyindən çıxarıb simlərə toxundu, sazın simlərindən qırıq-qırıq anlaşılmaz səslər çıxdı.Sonra sazı sinəsinə sıxıb bir qədər çaldıqdan sonra gur səslə oxumağa başladı. Söylədiyim bu söz-söhbət, Aşıqlara çatasıdı. Aşıq еldən dоğulsa da, Öz еlinin atasıdı. Еl şad оlsa aşıq gülər, Еl dərdini aşıq bilər. Məhəbbətin еldən dilər, Еl aşığın butasıdı. Surxay dеyər, еl içində, Yaşa, yarat, öl içində. Nə yazılıb əl içində, Bu açdığın nə tas idi? Aşıq Surxay sazı sinəsinə basıb, Diridağından, Arazdan, Təbrizdən oxuyur, oxuduqca həvəsi artırdı. Aşıq artıq özünü unudub səsi ilə, sazı ilə bu dağların, dərələrin tarixinə qovuşub sanki göylərə qeyb olmuşdu. Bir danə var könlümdə yağmur, hava istəməyən, nə cücərər, nə boy atar. Sən olmasan… Bir sirr var qəlbimdə - nam istəməyən, söz istəməyən, saz istəməyən. Sən olmasan, sən olmasan, sən olmasan… Aşıq Surxay elə şövqlə oxuyurdu ki, səsi Diridağının qayalarından əks səda verib, Qaradağdan adlayıb bəlkə də Təbrizə, Salmasa, Xoya gedib çatırdı. Əslim Diridağlıdır, Sinəm düyün-dağlıdır. İstərəm duram gedəm, Əl-ayağım bağlıdır. Surxayam sirdən desəm, Sədəfdən, dürdən desəm. Dağılar Diridağ, Dərdimi birdən desəm. Aşıq Surxay Əşrəf qağama üç gün, üç gecə toy elədi.Toydan on on beş gün sonra atamı orduya çağırdılar. Artıq mühribə səsi-sədası gəlib bizlərə də çatmışdı. (Ardı var) Əli Zalov, Kimya elmləri doktoru, professor Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının müdiri Geri qayıt |