Əsas Səhifə > Redaktor seçimi > GÜLƏBƏYİM ANANIN MÜDRİKLİYİ... (davamı)
GÜLƏBƏYİM ANANIN MÜDRİKLİYİ... (davamı)23-01-2024, 18:56 |
(Davamı) Atam səhər tezdən rayona yola düşdü. Bibilərim, nənəm ağlayır, atam isə onlara təskinlik verməyə çalışırdı. Narahat olmayın hər şey yaxşı olacaq. Sağ-salamat geri dönəcəyəm.Siz Tatıdan muğayat olun. Qoymayın onu ata-anasızlığın nə olduğunu hiss eləyə. Atam gözdən itənə qədər onun arxasınca dayanıb baxdım. O, sonuncu aşırımı aşanda daynıb mənə əl elədi. Hündürdən – Tatı, darıxma gələcəyəm – dedi. Mən bir də atamı 6-7 ildən sonra gördüm. Anamın anası Xudayarlı obasında anadan olmuş (1910) Səlbi İsrafil qızıdı. Anamın bir neçə yaşı olanda Səlbi nənəm babam Rəhimdən boşanıb. Səlbi nənəm bir neçə il sonra Xələfli kəndində Məmmədhəsən oğlu Əbillə ailə qurub. Bu nigahdan beş övladı – iki oğlu – Əlövsət, Ələsgər və üç qızı – Gülayə, Filayə, Minayə dünyaya gəlmişdi. Səlbi nənə ipək kimi ağbirçək, nurani bir el anası idi.Kənddə bir ocaq gəlin gətirmək, qız köçürmək istədikdə hökmən Səlbi nənəmlə məsləhətləşərdilər. Təmiz mənəviyyatı, ağıllı mühakimə qabiliyyəti, həyata nikbin baxışı onu bütün elin ağbirçəyi, məsləhət yeri eləmişdi. Yadımdadır ki, Səlbi nənəm dağlardan yığdığı gül-çiçəklə, müxtəlif məlhəmlərlə kənddə hər bir dərdə çarə tapırdı. O dostluq, sədaqət, halal duz-çörək, inam, öz şəxsiyyətini tanımaq, nəzakətli olmaq, böyüklərə hörmət, özünün və başqasının sirrini saxlamaq, yersiz danışmamaq, şirin dillə başqalarının qəlbinə girmək kimi gözəl xüsusiyyətlər öyrədirdi insanlara. Səlbi nənəm 1992-ci ildə Xələfli kəndində vəfat etdi. Atam gedəndən bir neçə gün sonra həmişəki kimi yaylağa biz gözləyən Zəngəzur dağlarına yola düşdük. Artıq bir həftə idi yol gedirdik. Mən bizim ailəyə təzə gəlmiş Münəvvər xanımın atının tərkində oturmuşdum. İki əlimi qabağa uzadıb gəlinin belindən yapışmışdım. Münəvvər xanım hərdən əlini mənim əlimin üstünə qoyub Tatı, sən çox mehriban, qayğıkeş qızsan. Səni çox istəyirəm. Məndə səni çox istəyirəm. Hələ bilmək istəsən Əşrəf qağamda səni çox istəyir, -dedim. Münəvvər xanım yavaşca əlimi sıxıb: -Tatı, bunu sənə kim dedi? Hardan bildin? Mən bir dəfə Əşrəf qağama sən Münəvvər xanımı çox istə, onların evi uzaqdadı demişdim. Əşrəf qağamda mənə -sənin xətrinə çox isyərəm – dedi. Ondan bilirəm ki, o səni çox istəyir. Münəvvər xanım yavaşca əlimi sıxıb: -Tatı, bunu heç kimə demə yaxşı. Mənə söz verirsən ki, heç kimə deməyəcəksən. -Hə söz verirəm. Demərəm. Biz belə söhbət edikcə atın yerişi, Münəvvər xanımın asta məlahətli səsi elə bil mənə layla çalırdı. Bir də Minəvvər xanımın səsinə ayıldım. -Xala, Tatı yxuluyur, qorxuram atdan yıxılar, -dedi. Güləbəyim bibim də – Onu düşür yerə öküzə mindirəcəyəm – deyəndə canıma qorxu düşüdü. Öküzdən çox qorxurdum. Bir dəfə öküz məni başı ilə yavaşca itələyib qapıda yığılmış odun topasının içərisinə salmışdı. Onda barmağıma odunun içində olan qaramux kolunun tikan batmışdı. Həmin yaranın yeri bir iki gün ağrıdığından, daha öküz görəndə kənara qaçırdım. Münəvvər xanım məni atdan düşürdü. Mən öküzə minməyəcəyimi deyəndə Bibim ordakılara: -Qoyun Tatı qalsın burda, -dedi. Cammat irəliləyən köçlə yavaş-yavaş məndən aralandılar. Bu dəm ətrafa Boylandım.Gördüm yol qırağındakı çəpərin üstünə köhnə, bəzilərinin dabanı, bəzilərinin də uc hissəsi deşilmiş ala-bəzək corablar təmiz halda yuyulub sərilibdi. Mən uzun uzadı bu corablara baxdım. Ona görə yox ki, corablardan xoşum gəldi, ona görə ki, belə dəlmə deşik corablar kimin nəyinə lazımdır? Kim onları belə həvəslə tər təmiz yuyub qurudur. Bizim kəndə yundan paltar, corab toxuyanlar çox idi. Bunun üçün əvvəlcə qoyunun yunun təmiz yuyurdular, qurudurdular, didib çör-çöpdən təmizləyirdilər. Sonra dik yuxarıya dəmirləri olan bir daraqla darayırdılar. Bir tərəfinə yumuru təkər bərkidilmiş, digər tərəfinə iy deyilən nisbətən qalın, cod, bir ucu şiş olan dəmir bərkidilmiş və binlar da bir-birinə kiriş adlanan qırlanmış iplə əlaqləndirilmiş, təkər fırlandıqca iyi hərəkətə gətirən cəhrədə əyirərək ip eləyirdilər.Sonra o ipi qoca nənələr çalın-çarpaz dizlərinə sarıyıb kələf düzəldirdilər. Daha sonra, yamacdan müxtəlif otlar, ağac, kol qabığı yığıb isti suyun içərisinə töküb ipləri müxtəlif rənglərə boyayırdılar. Boyanmış ip quruduqdan sonra onu yumuru top kimi yumağa sarıyırdılar. Bundan sonra əllərinə mil dedikləri hər iki ucu şiş olan sərt məftillərlə müxtəlif paltarlar, corablar toxuyurdular. Belə dağılmlş corabları bizdə heç kim geymirdi. Mən də elə bu fikirlərlə həmin corablara baxırdım ki, bayaqdan kənarda dayanıb mənə tamaşa edən qoca erməni qadın qəflətən üstümə qışqırdı: -Ay qız, orda niyə durmusan? Çulkiləri oğurlamaq istəyirsən? Görmürsən köçünüz odur, gedir? Tərpən get! –dedi. Qoca erməni qadının mənimlə belə hündürdən, hədələyici tərzdə danışması canıma vahimə saldı. Gördüm, bu qorxu öküzün qorxusundan da pisdir. Yerimdən tərpənib bibimi çağıra-çağıra köçün dalınca qaçdım. Bibim çoxlu qotazları olan iri ala-bəzək farmaşlar yüklənmiş çox böyük boz dəvənin üstündə oturmuşdu. Səsimi eşidən kimi dəvəni saxlayıb: -Tez gəl, yoxsa səni burda qoyub gedəcəkdik, -dedi. Bibimin yanına çatanda Əşrəf qağam atını yanımıza sürüb yerdən məni qaldırıb dəvənin üstünə mindirdi. Bəzəkli farmaşların arasında bibimlə yanaşı oturmuşduq. Ağır-ləngərli yeriyən dəvə mənə ləzzət eləyirdi. Burada daha rahat, həm də təhlükəsiz oturmaq olurdu. Artıq Qara kilisə geridə qalmışdı, erməni və müsəlmanların birgə yaşadığı Dəstəyird kəndinin içərisindən keçirdik. Kəndin yaxınlığından axan çayın sahilinə yığılmış camaat – qoca, cavan insanlar bizə maraqla tamaşa edirdilər.Bir erməni qadını marağını saxlaya bilməyib: -Hələ bunun dəvəsinə bax, dəvəsinin üstündə gözəl farmaşlarına bax, hələ bir farmaşın qotazlarına bax, hələ sən gəl bu farmaşın arasında outran bu gözəl qıza bir bax. Bəh, bəh… Başdan ayağa elə bil yaraşıqdı, sankı qədim nağıllarda olduğu kimi. -Bibi, nağıllarda balaca qızlar dəvələrin üstündə gedirdilər, -dedim. -Əlbəttə, bax elə bizim kim. Onlar da yayda yalağa gedirlər, -bibim dedi. -Ay bibi, insanlar istiyə görə yayda aranda qalmırlar eləmi? Bibim bir qədər ləng cavab verdi: -Hə. -İndi atamda getdi, nənəm Diridağında qaldı. Bəs o, neyniyəcək? -Narahat olma, onlara heç nə olmayacaq. Vaxtı çatanda hamımız bir də görüşəcəyik. Maraq məni götürdü: -Bibi, bilmirsən o nə vaxt olacaq. -Nə? Bibim dedi. -Bizim hamımızın birdə görüşməyimizi deyirəm. -Nağıllardakı kimi. Allahın məsləhət bildiyi vaxtda. Bizim köçümüz Ərəfsə kəndində keçib Qırxlar dağına yaxın yerə, Çiçəkli yaylağına gedirdik. Düşündüm görəsən niyə ora Çiçəkli yaylağı deyirlər? Bibi, niyə biz gedən yaylağa Çiçəkli deyirlər? –dedim. Güləbəyim bibim atamla bağlı söhbətimizdən sonra xeyli fikirli görünürdü. Elə bil danışmaq həvəsi birdən birə yox olmuşdu. Heç danışmaq istəmirdi. Ona görə də yarı xoş, yarı məcbur olaraq: -Mənim ağıllı balam, nə çox sual verirsən. Orada çoxlu çiçəklər olur. Elə sənin kimi. Ona görə də ora Çiçəkli deyirlər.İndi az qalmışıq, çatanda görəcəksən orada nə qədər rəngbə-rəng – yaşıl, qırmızı, ağ, sarı, bənövşəyi çiçəklər var. -Onda nənə, orada yamaclar xalçaya oxşayır. Eləmi? -Hə qızım, özü də çox gözəl xalçaya. İstəyirəm Çiçəkli yaylağına tez çataq. Bibim qarşı tərəfdə ki, iki hündür təpəni göstərib: -Bax görürsən o dağları, onları aşan kimi Çiçəkli yaylağı başlayır. Biz bir azdan orada olacağıq. -Mən ora çatan kimi çoxlu çiçək yığıb gətirib Əşraf qağama verəcəyəm ki, Münəvvər xanıma versin, -dedim. Bibim başımı yavaşca tumarlayıb – Nəyə görə belə eləmək istəyirsən? – deyə soruşdu. Axı, Münəvvər xanım Çiçəkli yaylağına birinci dəfədi gəlir. Qoy bu yerlər onun da xoşna gəlsin. -Yaxşı fikirdi, elə belə də eləyərsən. Görürsən hava soyuyur, sənə soyuq olsa, xəstələnərsən, yaylaqda çiçək yığa bilməzsən. Ona görə də üstünu ört, başını da dizimə söykəyib yat dincəl. Yoxsa ora çatanda yorğun olacaqsan. Mən başımı bibimin dizi üstə söykəyib sakitcə göylərə baxırdım. Getdikcə kirpiklərim ağırlaşır, yuxu gözlərimi qapayırdı. Artıq başqa aləmdəydim. …Atam yollarda yorğun-yorğun gedir. Hərdən dönüb mənə əl eləyir. Tatı, darıxma tezliklə qayıdacağam, -deyir.Xeyrənsə nənəm məni həmişə öz yanında saxlayıb, gözündən bir an da kənara qoymayıb. O məni sinəsinə sıxar, yatanda qucağına alardı. Mən onun sinəsindən ciyərlərimə çəkdiyim xoş ətrindən doymazdım. Bax, odur Xeyrənsə nənəm də Diridağında evimizin qarşısındakı iri daşın üstdə oturub atam gedən yollara baxır. Atamən qayıtmasını gözləyir. Atam ona da dedi axı, darıxmayın sağ salamat qayıdacam. Mən, Çiçəkli yaylaqda bir dəstdə gül dərib Əşrəf qağama uzadıram: -Əşrəf qağa, bu gülləri Münəvvər xanıma verin. O da mənə baxıb ay Tatı, bu gülləri sən haradan yığmısan? –deyir. -Bax ordan, bulaq başından, -deyirəm. Əşrəf qağam gülləri məndən alıb Münəvvər xanıma uzadır: -Münəvvər, bu çiçəkləri sənə Tatı yığıb. İstəyir ki, sənə verəm, -deyir. Münəvvər də məhəbbətlə gülümsəyərək: – Mən səndən çiçəkləri almazdım, ancaq Tatı yığdığına görə götürürəm, -dedi. Sonra da çiçəkləri Əşrəf qağmdan alıb əvvəlcə burununa yaxınlaşdırıb, doyunca qoxuladı, sonrada məhəbbətlə sinəsinə sıxıb məni öpdü. -Çox sağ ol Tatı, mənim dağ çiçəyim, -dedi. Birdən Güləbəyim bibimin səsi məni xoş aləmdə olduğum yuxumdan ayırdı: -Tatı, Çiçəkli yaylağa çatmışıq. Dur, gör buralar nə gözəldir. Ağır yük altında yerə xıxırdılmış dəvənin üstündən Əşrəf qağam məni hop götürüb bir kənara qoydu. Çaşqınlıqla ətrafa baxıb, bu gözəlliyi gözlərimə yığmaq istəyirdim. Bizim dayandığımız yer iri bir yastana idi. Bizdən yuxarıda geniş bir qüzey, onun başında isə bir-birindən aralı topalarla düzülmüş ucları şiş qayalar göyə yüksəlmişdi. İlk baxışdan mənə elə gəldi ki, həmin qayalar müharibəyə yola düşən çox böyük, nəhəng kişilərdi. Bu nəhəng kişilər arasında atamı axtarmaq istədim. Birinciyə baxdım, sonra ikinciyə, burada tapmadım, daha sonra o biri topaya baxdım. Orada da yox idi. Sonra birdən birə qorxdum. Atamın daşa dönməsini istəmədiyimdən daha o biri şiş qayalı topalara baxmadım. Bizdən aşağıda sol tərəfdə, bizim tuşumuzda sağ tərəfdədə bizim düşdüyümüz yastana böydada daha ikisi var idi. Qonşu yastanalar arasındakı dərələrdən axan dağ çaylarının səsi bizim yanımıza gəlirdi. Bizdən dolayıda bir azaralıdan yamacdan paqqıldayıb çıxan gur bulaq elə bil gümüş zəncir kimi yaşıl otların arasından köpüklənə-köpüklənə axıb gedirdi. Dağların sinəsində ki, qar talaları çiçəklərə bürünmüş yaşıl yamaclara xüsusi bir yaraşıq verirdi. Elə bil, hər il qışda qocalan, ağappaq qardan bəm-bəyaz çalma taxan qoca dağlar baharın, yayın gəlməsilə yenidən gəncləşir, ətrafa sevgi, məhəbbət səpələyirdi. Otların arasından yerə səpələnmiş zər kimi boy göstərən al-əlvan çiçəklər gəl mənə bax, gör necə gözələm deyirdi. Çiçəyin birini qoyub o birisinə keçmək olmurdu. Elə bil onlar əl-ələ verib yamaca səpələnmiş balaca qızcığazlar idi. Havada balaca soyuq meh hiss olunurdu. Yavaş-yavaş çən gəlib müharibəyə yola düşən çox böyük, nəhəng kişilərə bənzəyən qayaları bürüdü. Bütün qayalar elə bil düşmənlə döyüşüb yox oldular. Bu mənzərə mənə çox kədərli gəldi.Bayaq onların arasında atamın olmadığına görə əvvəl kədərlənsəmdə indi sevinirdim. Yəqin atam davada hansısa bir xətadan sovuşdu fikiri ilə özümə təskinlik verdim. Əşrəf qağam ətrafa baxmadan, heç nəyə fikir vermədən alaçığın çubuqlarını yerə sancır, onları baş-başa əyib iplə möhkəm bağlayırdı. Güləbəyim bibim Əşrəfə kömək etmək istəsə də onun cəldliyi qarşısında bunu bacara bilmirdi. Bibim ocaq qaladı, Münəvvər xanımla mən dolayıdakı bulaqdan su gətirib yanan ocağın üstünə çaydan da su doldurub qaynamaq üçün qoyduq. Əşrəf tez bir zamanda çubuqları bir-birinə bağlayıb onların da üstünə qalın və ağır bir keçə çəkdi. İndi yenicə tikilmiş alaçığın içərisində ki, yaşıl otların üstünə Münəvvər xanım xalça palaz döşədi. Məni də səsləyib – Tatı, sənə soyuq olacaq gəl burada döşəmənin üstündə otur, -dedi. Baxmayaraq bayırda gəzmək istəyirdim, ancaq Münəvvər xanımın məhəbbət dolu sözləri qarşısında aciz qalıb, keçib yenicə döşənmiş bəzəkli döşəyin üstündə əyləşdim. Axşam yavaş-yavaş bizim düşdüyümüz yurdun üstünü örtdü. Arxaca toplaşan mal-heyvanın səsi, itlərin yalandan çıxardıqları hay-küy, atların kişnəməsi keçən ilin payızından bəri sükuta bürünmüş dağlara bir toy büsat gətirmişdi. (Ardı var) Əli Zalov, Kimya elmləri doktoru, professor Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının müdiri Geri qayıt |