Əsas Səhifə > Redaktor seçimi > TAR ƏHVALATI...

TAR ƏHVALATI...


2-02-2024, 19:01

Uşaqlıqda anam bizə nağıl danışanda həmişə belə başlardı. Biri varmış, biri yoxmuş.. Allahın qulu çoxmuş. Dağların gülü ağmış. 

Heç ağlıma gəlmədi soruşam – Niyə deyirdi – Allahın qulu çoxumuş, gülü ağımış?

Allahın qulu çoxumuş deyəndə - insanların çoxu Allahın yolunda düz imiş, gülü ağımış deyən də isə - dünyada hər şey qaydasında, səliqə səhmanında imiş, yəni müharibələr, qan-qada yox imiş demək istəyirmiş. Bu mənim gümanımdı, mənim yozumumdu. Bu gümanımı daha dəqiqləşdirə bilməyəcəyə.
Anamın danışdığı bu əhvalatı sizə danışmaq üçün bir qədər uzaqdan başlamalıyam. Bu əhvalatda taleyi keçən insanların bir qismi bizim Xələfli kəndinin yaxınlığında vaxtı ilə olan, sonralar camaatı pərərn-pərən düşən, beləliklə xaraba qalan Hacı Hüsüynli kəndindən olib. Hacı Hüseynli kəndinin evlərinin uçub dağılmış xarabalıqlarını mən görmüşdüm. Bizim kəndən bir qədər aşağıda, günlərlə yağış yağsada bir damcı palçıq olmayan güneydə nisbətən geniş bir dərədə yerləşirdi. 
Uçub dağılmış evlərin aşağısında güney tərəfdən gələn dərənin bizim kənddən gələn böyük dərəyə birləşdiyi böyrütkən kolları ilə örtülmüş yerdən bir qədər yuxarıda cığırın altındakı kəpirli daşın dibindən çox gözəl suyu olan bir bulaq qaynayırdı. Görünür həmin kəndin adamları da o bulaqdan istifadə ediblər. İndi fikirləşirəm onların kəndləri bizim Xələfliyə nisbətən heyvandarlıq üçün daha əlverişli olub. 
Bu kəndin dağılmasına, insanlarının bu yerlərdən qaçaq düşməsinə səbəb Sovet hökumətinin qurulmasından sonra, kolxoz təsərrüfatının yaranması ilə əlaqədar baş verib. Həmin kəndin camatının əsas hissəsi anamgilin kəndinə - Xudayarlıya gedib çıxıblar. 
Hacı Hüseyinlilərin Xudayarlı kəndindən Kəl dərəsinə tərəf Sarı dərə deyilən ərazidə qışlaq yerləri olubdur. Onlar hər il qışda mal-heyvanlarına saxlamaq üçün Sarı dərəyə gələrmişlər. Beləliklə, Hacı Hüseynlilər Xudayarlılarla qonşu olduqca onları daha yaxşı tanıyıblar. Xudayarlıların mərdliyi, igidliyi, çətinə düşən bir kəsə vaxtında yardım əllərini uzatmaları, qonşunun malına kəm baxmamaları, abırlı, həyalı olmaları kəndlərinin dağılması ilə əlaqədar çətin məqamda olan Hacı Hüseyinliləri özlərinə cəlb etmişdir. 

Hacı Hüseynlidən Xudayarlıya pənah aparanlardan da biri Ağakişi oğlu Fərman olmuşdu. Fərmanın Nəriman adında bir qardaşı da var imiş. 
Nərimanın heyvandarlıqla məşğul olmasına baxmayaraq musiqidəndə başı çıxırmış. Deyilən görə tar da, saz da ifa etməyi bacarırmış. Hətta qardaşı Fərmana da musiqinin bəzi sirrlərini də öyrətmişimiş. Nəriman getdikdən sonra, hansısa səbəbdən hələ orduya çağırılmamış  Fərman Xudayarlıda tar çalar, müharibədə olan qardaşını xatırlayarmış.

Xudayarlı camaatının Zəngəzur yaylaqlarına gedə bilməyən hissəsi yayda nisbətən sərin olan yerə - Mazannənə pirinin ətrafına köçərmişlər. Diridağının bu hissəsi hündür olduğundan nisbətən sərin olarmış. 
Hacı Hüseynlidən köçüb gəldikdən sonra Xudayarlı camaatına qaynayıb qarışan Fərmangil də bir yay Mazannənənin ətrafına köçübmüşşlər. Mazannənənin qarşı tərəfində nisbətən hamar olan ərazidə yazda bitib adam boyu qalxan ala qanqal yayda quruyur, günün istisində cəhənnəmə bənzəyən tikanları ilə yaxınına gələn nə varsa hamısını dəlmə-deşik eliyirdi. Qurumuş ala qanqal çöpləri uşaqlara yaxşı tanış olduğundan onun həndəvərinə getməz, yollarını oralardan uzaq salardılar.
Anam danışırdı ki, Əşrəf qağam sətəlcəm olub vəfat etdikdən sonra Güləbəyim bibim yayda Zəngəzur yaylaqlarına getmir, elə Mazannənədə qalırdıq. Bibimgil yazda taxıl əkir, yayda biçirdi. Heyvanlarımız da kəndin heyvaları ilə Diridağının bol bərəkətli dərələrində otlayardı. Elə bir korluğumuz yox idi. Ancaq Güləbəyim bibim Əşrəf qağamı xatırlayıb çox ağlayırdı.

Bir gün qohumumuz, atamın dayısı Qara Məhəmmədin nəvəsi Narın xanımın qızı Səlbinazla Mazannənədən aşağıya Xudayarlıya evimizə baş çəkməyə getmək qərarına gəldik. Səlbinazın atası Şirin kişi də Mazannənədə idi. Şirin kişi də hələ müharibəyə getməmişdi.

Xudayarlıya getmək xəbərini eşidən Fərman dayı bizə tapşırdı ki:
-Kənddən geri qayıdıb gələndə, mənim tarımı da alıb gətirərsiniz. Məbadə tarı yolda çalmayın. Simi qırılar, xarab olar. 
Biz də:
-Bir-birimizə bic-bic baxıb gülmsəyərək Fərman dayı narahat olmayın, sizin tarı gətirəcəyik, özü də sağ salamat.
Səhər tezdən, günəş hələ doğmamış hava sərinkən Səlbinazla obadan çıxıb üstən aşağıya sərt yamaclarla Xudayarlıya yola düşdük. Xudayarlı ilə Mazannənənin arasında məsafə elə də çox deyil. Kənddə adam az idi. Hərə bir iş dalınca getmişdi. Səbinazla bir qədər kənddə gəzdikdən sonra Fərman dayının tarını da götürüb Xudayarlıdan dərə yuxarıya Mazannənəyə qayıtdıq. Gəlib Camış yatağının Tənəkli tərəfinə çatanda arxayın olduq ki, daha bizi buradan heç kəs görməyəcək, cığırın kənarında oturduq. Səlbinaz tarı qara köynəyindən çıxardıb o tərəf bu tərəfinə baxmağa başladı. Tarın üzərinə düzülmüş bəzəklər bizi valeh rləmişdi. Hələ indiyəcən bu qədər yaxından tar görməmişdik. Hərəmiz tarın bir tərəfindən tutub bir-birimizin əlindən almağa çalışırdıq. Səlbinaz heç cür tarı mənə vermək istəmirdi, özü simi dınqıldadır, mənə də qulaq as deyirdi. Getdikcə səbrim tükənir, bayaq mehribancasına danışıb gülə birgə yol getdiyimiz Səlbinaza qəzəbim artırdı. Daha özümü saxlaya bilmədim. Əlimi hirslə tara tərəf uzadanda simlər əlimə keçdi. Dartanda tarın simləri kökündən qırılb dəstəsi əlimdə qaldı. Bundan sonra daha Səlbinazın yanında durmayıb, incimiş halda qabaqda tələsik addımlarla Mazannənəyə obaya gəldim. Elə ki, Fərman dayını aralıdan gördüm həyəcanlı və gur səslə:

-Fərman dayı Səlbinaz sənin tarını yolda çoxlu çaldı. Tarın bütün simləri də qırıldı. 

Bu xəbəri eşidən Fərman dayı daha Səlbinazın yaxınlaşmasını gözləməyib dayandığı yerdən qışqıra-qışqıra hay-həşir qopardı. Bu mənzərədən qorxuya düşüən Səlbinaz tarı yerə atıb, bayaq yuxarıda dediyim quru qanqal çöplərinin arasına qaçıb gizləndi. Yazıq qız Fərman dayının qorxusundan təxminən iki saat qanqal çöplərinin arasında qaldı. Kənardan Səlbinazın düşdüyü bu mənzərəyə baxıb ürəyimdə ona acısamda yolda tarı çalmaq üçün mənə vermdiyinə görə qəzəbim keçmirdi. Artıq gün gunortaya qalxmışdı. İsti adamı yandırırdı. Bir də gördüm Səlbinazın atası Şirin dayı qanqal çöplərinin arasıda qızı ilə hündürdən danışır:
-Ay qızım, sən burada nə axtarırsan?
Səlbinaz:
-Fərman dayıdan qorxuram, evimizə getməyə qoymur. 

Şirin dayı da – Niyə? Sən Fərmana nə eləmisən? – dedi.
Səlbinaz:
-Mən heç nə eləməmişəm, tarın simini Tovuz qırıb, ancaq Fərman dayı elə bilir mən qırmışam. 
Şirin dayı: 

-Tarı sən gətirirdin yoxsa Tovuz, -soruşdu.

-Mən gətiridim, -Səlbinaz dedi.
-Demək sən qırmısan, Tovuz yox – Şirin dayının bu sözü mənə lap ləzzət elədi.  

Sonra Şirin dayı Səlbinazı gizləndiyi yerdən çıxarıb evlərinə ötürdü.
Bir dəfə bu əhvalatdan 65 il sonra Səlbinaz xanımla anam bu xatirəni bir-birinə danışdılar. Xeyli güldükdən sonra Səlbinaz xanım bir qədər incik və zarafatla:

-Sən necə dost idin, mən iki saat isti yay günündə quru qanqal çöplərinin arasında qaldım, amma sən dalımca gəlmədin? –dedi.

Anamda eyni təbəssümlə:
-Bəs sən niyə vermədin Fərman dayının tarını mən də çalım?
Sonra da bir-birinə gəl barışaq deyib, bir daha ürəkdən güldülər.
 
Əli Zalov,
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri
Geri qayıt