Əsas Səhifə > Redaktor seçimi > YAXŞI VƏ PIS INSAN… (davamı)
YAXŞI VƏ PIS INSAN… (davamı)8-02-2024, 19:05 |
Bir dəfə Oğuz rayonunda yaşayan, orta məktəbdə müəllim çalışan tələbə yoldaşım Əsmər xanım Soltanova mənə yaxşı və pis insan haqqında düşüncələrini bildirdi. Həmin fikirlər düşünürəm ki, daha çox bəşəri əhəmiyyət kəsb edir: “Bu dünya yaxşılıqlar, xətir -hörmət, sevgi üzərində bərqərardır. Yoxsa dünya çoxdan kin-nifrət, hərbə -zorbalıq, mənəm-mənəmlikdən dağılardı. Dünyaya elə insanlar gəlib ki, onlar nəinki yaşadığı dövrdə öz gözəl əməlləri, öyüd-nəsihələriylə, həm də insanlara hörmət, sevgi dolu övladları onlardan sonra da bu dünyanı öz tarazlığını saxlamasına xidmət edib”. *** Zaman su kimi axıb gedir. Bahar yayla, payız qışla əvəz olunacaq, illər bir-birini qovacaq, nəsillər bir-birini əvəz edəcək. Fəqət insanın əməlləri bu dünyada qalacaq. Ya yxşı, ya da pis əməlləri. İnsanları yaşadan, yaddaşlara yazan əməlləri olacaq – ya yaxşı, ya da pis. Bizim ailəmiz çox böyük idi, lap nağıllarda deyildiyi kimi – yeddi oğul, iki qız. Bacılarım Safurə və Mahirə kəndimizin sayılıb, seçilən, ağır otur batman gəl kişiləri hesab edilə insanların oğlu ilə ailə qurub. Hüseyn İsfəndiyar oğlu Safurə xanımın, Mürvət Məhəmməd oğlu isə Mahirə xanımın həyat yoldaşıdı. Atamın, anamın nəzərində kürəkənləri – Hüseyn də, Mürvət də bizim ailənin ən əziz övladları sırasında dayanırdılar. Xələfli kəndində indi çoxlu sayda müxtəlif şərəfli peşə sahibləri – polis, hərbiçi, alim, həkim, müəllim, mühəndis, bənna, dülgər var. Hüseyn bu kəndin ilk polis işçisi olub. O, həyatının qocaman bir hissəsini, nə az, nə çox, düz 42 ilini bu şərəfli peşəyə - cəmiyyətdə asayişin qorunmasına həsr edib. Bu yolda sıravi işçidən polis mayoru rütbəsinə qədər yüksəlib. Hüseyn hələ Birinci Qarabağ savaşı zamanı - ordu quruculuğu zəif olduğu dövürdə qarlı, yağışlı soyuq səngərlərdə havadarlarının köməyi ilə Azərbaycanın üzərinə əsən dəhşətli səmum küləyinin – erməni işğalçılarının qarşısını almaq üçün qəhrəman Azərbaycan oğulları ilə birlikdə əlində sillah düşmən qarşısında canlı polad sipərə çevrilib. Döyüş əməliyyatlarını praktik olaraq düzgün və kifayət qədər yaxşı bacardığınızdan daim düşmənə ciddi tələfatlar verib. Hər an həyatının təhlükədə olmasına baxmayaraq doğma torpaqları təlükədən xilas etməyə çalışıb. Daxili qoşunların nəzdində Füzuli rayonunun 22 kəndinin və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin işğaldan azad olunmasında iştirak edib (1994, yanvar). Qüsursuz xidmətə görə polis “Usta”sı və müxtəlif medallarla təltif edilib. Hüseyn İsbəndiyar oğlu ləyaqətli Vətən övladı olduğu kimi, həm də çox şərəfli atadır. Onun atası İsbəndiyar kişi Xələfli kəndinin sayılıb-seçilən ağsaqqallarından olub. Bu gün o də atansının younu şərəf və ləyaqətlə davam etdirir. Onun ailəsində boya-başa çatmış beş övladlı - bir oğlu, dörd qızı hər biri ali təhsil alıb və öz sahəsində cəmiyyətin layiqli üzvüləridir. Ətrafının, onu sevənlərin onun haqqında etdikləri xeyr-duaların dəfələrlə şahidi olmuşam... Dəfələrlə şahidi olmuşam anam ona dua edən də – “çox yaşa... çox yaşa ki, ay oğul, insanlıq ölməsin...”, -deyirdi. Çox dəqiq müşahidədir... istəsə də yaxşı ola bilməyənə ən üstün görkdür... bu milli düşüncəli, ətrafını sevən, daim qohum-əqrabasının yanında olmağı bacaran insanın həyatına verilən dəyərdir... Hər kəs inanır ki, halal adamların haqqı bir gün güzgü kimi üzünə tutulur... Açdığın insanlıq yolu ilə övladları inamla, atalırı ilə fəxr edərək gedə bilərlər. Bacım Mahirənin ömür-gün yoldaşı Mürvətin anası Gözəl xanım Zülüfü nənəmin kiçik bacısı, atamın xalası idi. Möhkəm iradəli, şair təbiətli Gözəl xala görkəmcə də çox gözəl bir qadın idi. Çoxlu nağılar, dastanlar, bayatılar bilirdi. Bədahətən dediyi şeirlərdə dərin məna yükü var idi. Heç kimin xeyir, şər işindən kənarda qalmazdı. Onun ömür gün yoldaşı Məhəmməd kişi də yüksək insani keyfiyyətləri olan, çətinlikdən qorxmayan, hədindən artıq gur səsli mərd bir kişi idi. Bütün ömürü boyu dağda, aranda atamla yoldaşlıq etmişdi. Məhəmməd kişi həmişə çalışdığı təsərrüfatı yüksəltmək, məhsuldarlığı artırmaq üçün birgə çalışdığı adamlarla əl-ələ vermiş, onun işi və fəaliyyəti insanpərvərliyin, insanın insanla dostluğunun gözəl nümunəsi olmuşdur. Bəstəboylu, yoğun biləkli, daim açıq havada olmaqdan yanaqları mis rənginə dönmüş, iti qara çəkik gözləri Məhəmməd kişinin mülayim və mehriban təbiətinə çox yaraşırdı. Heç vaxt kimsənin xətrinə dəyməyən Məhəmməd kişi oğlanlarının ali təhsil, qızlarının gözəl ailə tərbiyəsi almasına, halal zəmiti ilə onların ev-eşik sahibi olmasına nail olmuşdu. Böyük oğlu Fərhad kişi bizim kənddə ilk ali təhsil alanlardan biri idi. Çoxları yazmaq, oxumaq bilmədiyi zamanda Məhəmməd oğlu Fərhad Xarkov Dəmir Yol İnstitutunda ali təhsil almışdı. Məhəmməd kişi və Gözəl xanım bütün ömür boyu halal zəhmətlə Xələfli kəndində tikdirdikləri iki mərtəbəli yaraşıqıl evi ermənilər dağıtdı, talan elədi, özlərini də dədə-baba yurdlarından didərgin saldılar. Hər ikisi doğma yurdlarının həsrətilə bu dünyadan köçdülər, Məhəmməd kişi Beylaqanda Sarı Peyğəmbərdə, Gözəl xanım isə Lökbatan qəsəbəsində dağ döşündə yerləşən qəbirstanlıqda dəfn edildi. Tale onların son mənzillərini də bir-birindən uzaq elədi. Məhəmməd kişi və Gözəl xanım bu dünyadan doğma torpaq həsrəti ilə köçsələr də, nəvələri – Azərbaycan ordusunun zabitləri – xüsusi təyinatlı qoşunların polkovnik-leytinantı Şəmşir Bəxtiyar oğlu, artileriya qoşunlarının mayoru Vilayət Fərhad oğlu, hərbi hava qüvvələrinin kapitanı Toğrul Mürvət oğlu minlərlə igid oğullarımız kimi canı-qanı bahasına doğma Qarabağı azad elədilər. İndi onların baba və nənələrinin ruhu rahat ola bilər. Mürvət valideyinlərində olan ən yaxşı keyfiyyətləri mənimsəyib. Ali təhsilli riyaziyyatçı olmasına baxmayaraq, müxtəlif sahələrdə çalışıb. Çox zəhmətkeşdir, övladlarını, ailəsini ürəkdən sevir. Deyirlər ki, filankəs necə adamdır? Onunla hələ yol yoldaşı olmamışam, -cavab verirlər. Bu məsəl sınaqdan çıxmış, izahata ehtiyacı olmayan bir kəlamdır. Çünki insanın kimliyindən, nəçiliyindən asılı olmayaraq onun daxili aləmini, mənəvi keyfiyyətlərini yoldaşlıq etdikdə dəqiq bilmək olar. Mürvət də əsl ziyalı, əsl insan, əsl qayğıkeş bir ata, hərtərəfli yüksək mənəvi keyfiyyətlərə malik şəxsiyyətdir. Mürvət təpədən dırnağa qədər hər bir cəhətində ədalət meyarıdır. Özü üçün bəyəndiyi nə varsa başqası üçün də bəyənər. Özü üçün istəmədiyini başqası üçün də rəva bilməz. Bütün əməlləri yaxşılıq üzərində qurulan bu insanın düşüncəsi, təfəkkürü, baxışı ibrət üçündür. Mürvətin işıqlı çöhrəsi kimi, əməlləri də pak və təmizdir. Anam Mürvətdən və onun övladlarından axıra qədər razı qaldı. Həmişə onun haqqında – yaxşı insanların çöhrəsi daim işıqlı olur, yaxşılıq Mürvətin dədə-babsından gəlir, qanındadır, canındadır, -deyərdi. Movlana demişkən, ədəb ağılın güzgüsüdür. Hər kəs ədəbi qədər ağıllı, ağılı qədər şərəfli, şərəfi qədər dəyərlidir. Anam həmişə övladlarına məsləhət verərdi: -Ailədə fikirləriniz cəm, ürəkləriniz bir, əlləriniz bir-birinə yardımçı, düşüncələriniz dərin və qərarlarınız birgə verildikdə Allah bu işinizdən razı qalar, nəticədə də ruziniz bol, canınız sağlam, ailədə dayaqlarınız sarsılmaz olar. (ardı var) Əli Zalov, Kimya elmləri doktoru, professor Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının müdiri Geri qayıt |