Əsas Səhifə > Redaktor seçimi > ANAM İTLƏRİ NECƏ BOĞUB?..

ANAM İTLƏRİ NECƏ BOĞUB?..


18-02-2024, 22:22

     Deyirlər tərəkəmə ya it üstündə, ya da ot üstündə dalaşar. Anam mənə bu barədə öz başına gələn bir neçə əhvalat danışmışdı. Bunlardan biri Neftçala rayonunun ərazisində olub.
50-ci illərin sonlarında Hadrut rayonunun rəhbərliyi sürülərin qışda saxlanılması üçün Neftçala rayonundan dövlət fonduna daxil olan müəyyən ərazini otlaq kimi alır. Bu ərazilərin qışda sürülərin bəslənməsində əlverişli olub-olmaması haqqında rayon rəhbərliyi tərəfindən atamın da fikiri soruşulur. Təbii, atamında daxil olduğu bir dəstə kolxoz nümayəndəsi qabaqcadan əraziyə baxmış, sürülərin otlaq və suvarma sahələri nəzərdən keçirilmiş, sonda isə müsbət qərar verilmişdi. 
Binədərəsi kolxozunun sürülərinin qışda saxlanılması üçün nəzərdə tutulan ərazi Neftçala rayonunda Xəzər dənizinin sahilinə lap yaxın yerdə yerləşirmiş. Neftçalada sürülərin saxlanıldığı həmin qışla bağlı anam həmişə maraqla danışardı. Bir sözlə, heç vaxt dəniz görməyən, həmişə dağlarda yaşayan bu insanlar üçün dəniz, dənizdə tufanın yaratdığı böyük dalğalar, dalğaların vahiməli səsi unudulmaz olmuşdu.
Uşaqların bəzilərinin dəniz kənarında onlar üçün qəribə olan heyvanların - su itilərinin – görməsi əbədi yaddaşlarına yazılmışdı. Anam danışırdı ki, uşaqlardan biri dəniz sahilindən qaça-qaça gəlib necə həycanla “orada bir şey gördüm dişləri ximir-ximirdi” deməsi bizə maraqlı gəlmişdi. Sonradan biliblər ki, səndemə uşağın gördüyü “ximir dişli” “əcaib varlıq” su iti imiş.
Dəniz hər gün sahilə müxtəlif əşyalar gətirib çıxarırmış. Mən uşaq olanda evimizdə çəhrayı rəngəd taxtadan çox səlqəli düzəlmiş, tam simmetiryalı uzun bir nərdivan var idi. Bir dəfə anamdan onu haradan aldıqlarını soruşdum. Məlum olmuşdu ki, dəniz dalğaları onu gətirib sahilə çıxarıbmış.  
Həmin ildə yaz vaxtı Vilayət Partiya Komitəsindən təsərrüfata baxmaq üçün nümayəndələr gəlibmiş. Gələn qonaqlara yaşıl çəmənlikdə açıq havada süfrə açılıbmış. Həmişə anam uşaqları təmiz, səlqəli saxlayırmış. Bu dəfə də uşaqlar tər-təmiz geyinib ortaya çıxıbmış. Anamın ciddi cəhdinə baxmayaraq həmişə üst başı pinti olan oğlanlardan biri bu dəfə də görünmür, nəticədə qonaqlar gələndən sonra göydən düşmüş kimi pırtayıb ortaya çıxır. Bayaqdan uşaqlarla maraqlı söhbətlər edən qonaqlara üst başı pinti, səliqəsiz, toz torpaq içində olan bir uşağın qəflətən ortaya çıxıb və digər uşaqlardan daha da irəli gəlməsi qəribə görünür. Bu marağı gizlədə bilməyən qonaqlardan biri:
-Zal, bu uşaq kimindir?
Anam uşağın bu görkəm də ortaya çıxmasından narahat olur, fikirləşir ki, atam yəqin onun bu halından qonaqların yanında utanacaq. Ona görə də atamdan qabaq suala cəld cavab verir:
-Bu uşaq bizim deyil, qonşu uşağıdı.
Pinti oğlanı tanıyanlar arasında anamın belə hazırcavab olmasına heyran olanlar qəribə təbəssümlə gülümsəyirlər. Ancaq qonaqlar heç nə başa düşmür, pinti uşağ elə qonşu bilirlər. Sonralar həmin adamlar pinti oğlana zarafatla “qonşu uşağı” deyərdilər.
Qonşu fermada bir nəfərin çox təhlükəli, həm də çox iri gövdəli bir iti var imiş. Tanımadığı insanlara qarşı çox təhlükəli olan bu iti, sahibi daim gözdən uzaq, dalda bir yerdə zəncirə bağlanmış saxlayırmış. Bir dəfə anam yanında da balaca uşaqları haradansa gəlirmiş. Zəncirdən necə açıldığı məlum olmayan həmin it fermadan xeyli aralı məsafədən anamın üstünə cumur. Fermadan bunu görənlər olur. Ancaq gec imiş. Artıq it anamgilə çatıbmış. Anam özünü itirmir. Təhlükəli zamanlarda insan təbiətinin mahiyyəti daha parlaq şəkildə təcəssüm edir. Qorxaqlar yazıq görkəmə düşür, cəsur adam isə qəhrəmana çevrilir. Görünür bu analıq hissinidən irəli gəlib – qranitdən yonulmuş heykək kimi dayanan anam körpə övladları qarşısında polad sipərə çevrilmişdi. Anam yanındakı körpə uşaqlarını qorumaq üçün özündə qəribə, bu gün izahat edilməsi çətin olan güç, qüvvət hiss edir. Pələng görkəmli köpək ona çatanda iki əli ilə kəlbətin kimi heyvanın boğazından yapışır. İki arxa ayağı üstündə dik qalxan köpək az qala anam boyda imiş. İt müqavimət göstərir, ağzında çıxıb sallanan dilindən qopan nəfəsi adamı vahimələndiridi. Anam itin boğazında şah damarlarını elə bir qüvvətlə sıxır ki, bir neçə dəqiqədən sonra xırıltı səsi kəsilir, itin bədəni əlində boşalır. Artıq onun öldüyünə əmin olduğundan anam əllərini buraxır. Heyvan daş kimi gumbultuyla yerə sərilir. Elə bu dəmdə də itin sahibi çatır. Ay aman yaxşı qurtadın deyir. Sonra da yerdə cansız uzanan heyvana baxıb:
-Atlını atdan salan bu iti sən necə öldürdün. Bu güc, bu qüvvət səndə haradan idi?
Sonra sahibi itin üstünə əyilib diqqətlə baxır, yox ölməyib. Sən onu boğmusan, bir azdan ayılacaq. Həqiqətən də it bir azdan ayıldı. Sahibi onu götürüb apardı, həmin yerin də də bağladı. Ancaq o it məni görənə  bir daha hürmürdü. Sakitcə quyruğunu qısaraq maddım-maddım üzümə baxırdı.
 
Əli Zalov,
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri
Geri qayıt