Əsas Səhifə > Redaktor seçimi > QARABAĞDA TALAN VAR...
QARABAĞDA TALAN VAR...19-02-2024, 13:32 |
İçəri dünyası da çöldəki böyük dünya qədər geniş, əhatəli olan atam iti baxışlı, hündürboylu, yoğun biləkli bir kişi idi. Sevəndə içəridən, daxildən, bir könüldən min könülə sevirdi. Nəyəsə, kiməsə olan bir balaca sevgi toxumu, iç dünyasında, daxili aləmində cücərər, pöhrələyər, boy atardı. O torpağını, suyunu ən vacibi isə insanı çox sevərdi. Xatirələrin izi ilə ötən günlərə, keçmiş aylara, illərə qayıtmaq, olmuş vaqeələri, hadisələri, əhvalatları bir də yaşamaq sevinc, qürur hissi gətirdiyi qədər, qəlb incidir, ürək ağrıdır. Baş vermiş hadisələr, mənzərələr, sözlər, baxışlar, gülüşlər ipə-sapa düzülmüş kimi sıralanaraq yenidən canlanır, heç bir qüvvə, heç bir möcüzə ilə geri dönməyəcək, bir daha qayıtmayacaq dünyaya – keçmişə aparır. Xatirələrlə dolu olan ömür yolunun sevincli, kədərli anları var. Bu yolun sevincli anları, bəxtəvər günləri, keçib getdiyi, geri dönməz olduğu üçün təəssüf doğurur, ağrılı-acılı olanları bir daha qəlbimizi göynədir. Xatirələr bizim keçmişimiz olduğuna görə onları dinlədikcə, xəyalən zaman maşınını geri hərləyib yenidən olanları gözlərin qarşısında seyr etdikcə, haldan-hala düşüb dəyişirsən... Eli-elatı qışda qardan soyuqdan qoruyan – Muğan, yayda al günəşin od vurub yandırdığı istisindən sığındıqları diş göynədən buz bulaqlı suları olan gül-çiçəkli yaylaqlar Zal kişinin qibləgahı idi. Onun xarakteri bu aləmin – böyük Muğanın, başı qarlı, müdrik, qocaman dağların suyu, torpağı ilə yoğrulub qanına, sümüyünə işləyibdir. Dumanlı, çənli, şimşəkli, yağışlı, yağmurlu səma, dağaran köçü, yaylaq-yamac, dəyələr, yaylaqda bulaq başında qurulan məclislər Zal kişinin təbiətini, xarakterini göz önündə canlandırır, onu zamanın, mühitin özü yetişdirdiyinə inanırsan. Burada elin sığındığı, böyük bir elatın arxasınca getdiyi, ağıllagücün vəhdətinə söykənən kamil insan görürük. O, rastlaşdığı haqsızlıqlarda həmişə haqlı tərəf olub, sözün düzünü deyib, haqqı-ədaləti qoruyub. Yoxsa, bütün bu qəzalardan sağ-salamat qurtulmazdı. O, hər çətinlikdən xilas olmuşdu – bütün bunların arxasında ilahi təqdirə tapınan bir səbr, sığınma, əzm, təvəkkül, etiqad və inam gizlənmişdir. Həmişə əməli ilə sözü vəhdət təşkil etdiyindən, artıq gənc yaşlarından onda hərbi-köçəri, feodal-patriarxal dövrün kişisinin, tayfa başçısının iradəsi, polad xarakteri formalaşmışdı. Evimiz düz Şirvan bulağına söykənirdi. Bulağın daşlarını, deyilənə görə, bizdən xeyli uzaqdakı Qalaçıq kəndində yonub, bura öküz arabasında gətiriblər. Daşları hər kim yonubsa, üzərində sənətkar əli işləyibmiş. Bulağın gözündə daşdan təknə var idi – həmin daş təknəni işğal zamanı ermənilər çıxarb aparıblar. Daş təknədən su az qala bir metr hündürlükdən uzun, enli nova tökülürdü. Çox qalın novun daşları ustalıqla yonulmuş, kibrit qutuları formasında idi. Bu daşlar yan-yana düzülərək bir nov qurulmuşdu. Novun sonuncu daşının üstündə qoyulmuş yarıqdan su dolub daşırdı. Vaxtı ilə bu bulağın suyu o qədər gur olub ki, onun səsi kəndin kənarındakı təpənin üstündəki Şirvan qəbiristanlığına qədər gedərmiş. Fərhad oğlu Məhəmməd danışırdı ki, bulağın suyunu böyük Zal – atamın babası – buradan dolayı aparıb Yal zəminin aşağısında darı əkirmiş. Bu yurda atam ailə qurduqdan sonra gəlmişdi. Əvvəllər bura – bizim evimizin yeri atamın babası Zalın xırman yeri olub. Ona görə də, bizim həyət həmişə sərin və küləkli olurdu. Xırman yerinin alt tərəfində atamın babasının əkdiyi yoğun gövdəli çox hündür, məhsuldar, qollu-budaqlı, yetişəndə şirinliyi boğaz göynədən meyvəsi, az qala baş barmaq yoğunluğunda olan ağ tut ağacları vardı. Atam, babası Zalın xırman yerində vaxtı ilə tikdirdiyi kallayı-dolayı evi söküb, yerində çox böyük, eni-uzunu təxminən iyirmi metrdən artıq olan ikimərtəbəli ev tikdirmişdi. Ev tikilib qurtardıqdan sonra qarşısında həyəti kiçik qaldığından atam bulaq tərəfdən uçurumun dibindən həyətin bərabərinə qədər bir divar hördürüb qaldırtmışdı. Sonra onun arxasını torpaqla doldurduqda geniş həyət əmələ gəlmişdi. Evin bayır qapısından bir qədər aralı atamın öz əli ilə əkdiyi yaxşı meyvəsi olan tut ağacları vardı. Bu ağacların birində həm ağ, həm də qara tut olardı. Bu bizə çox qəribə görünərdi. Sonradan bildik ki, bunu kəndimizdəki, çox iri cüssəli bir kişi olan Təhməz oğlu Şərəfxan calayıbmış. Atamın tikdirdiyi bu evdə biz iyirmi üç il yaşadıq. Bu həyətdə toy elədik, şənlik qurduq. Burada bizim çox fərəhli günlərimiz oldu. (ardı var) Əli Zalov, Kimya elmləri doktoru, professor Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının müdiri Geri qayıt |