Əsas Səhifə > Redaktor seçimi > ZİYARƏT (təəssüratlar, təkliflər)

ZİYARƏT (təəssüratlar, təkliflər)


25-11-2024, 17:23


Öz-özümə düşünürəm; belə düşmənçilikmi olar? Müharibənin də bir qayda-qanunu olmalıdır, ya yox?

İnsan müharibə meydanına da özünün mərdanə siması ilə girsin gərək. Əlbəttə əgər o da varsa..
 
 İllərdir həsrətində olduğumuz Qarabağ səfərimiz nəhayət, 28 avqust 2024-cü ildə baş tutdu. Arzumuz işğaldan azad olunmuş ərazilərimizi ziyarət etmək idi. Ziyarətimizə “Qafqazın Xirosiması” adlandırılan Ağdamdan başladıq. Ağdam rayonu ərazisindəyik. Düşmən, şəhəri və rayonun bütün kəndlərini yerlə-yeksan edib, xarabalığa döndərib. Ən heyrət doğuranı budur ki, onlar bütün yaşıllıqları da məhv ediblər. Vaxtı ilə bu yerlərin barlı-bağatlı, dadlı-tamlı meyvə bağlarından, hər birinin kölgəsində şənlik məclisləri qurulan – yaşı yüz illərlə ölçülən, iri gövdəli o qollu-budaqlı ağaclardan indi bircəciyi də qalmayıb. Kəsilib, doğranıb, daşınıb, talan edilib. Otuz illik işğal dövründə rayon elə hala salınıb ki, hətta vaxtiylə orada doğulub, yaşayanlar belə evlərinin, əzizlərinin dəfn olunduğu qəbirstanlıqların yerini müəyyən edib, tapmaqda çətinlik çəkirlər. Hara baxırsan ürəksıxıcı, ürəkdağıdıcı mənzərə... Öz-özümə düşünürəm. Belə düşmənçilikmi olar? Müharibənin də bir qayda-qanunu olmalıdır, ya yox? Yoxsa, yaşıllıqlara qənim kəsilmək, tarixi abidələri dağıtmaq, qızıl diş axtarmaq məqsədilə qəbirləri goreşən kimi eşib, darmadağın edib sinə və baş daşlarını oğurlamağı qəhrəmanlıq sayırsınız, ay rəzillər? Fikirləşəndə ki, bu miskin, alçaq rəzilliyi insan edib, heyrətlənirsən! Əgər bu vandallığa bir neçə qəbir məruz qalsaydı, düşünərdin ki, bunları edənlər xəstədir. Ancaq kütləsi yüz min tonlarla ölçülən bu qədər mərmərləri və digər sərvətlərimizin sökülüb-daşınmasına nə qədər maşın-texnikanın cəlb olunduğunu hesablayanda, əmin olursan ki, bu vandallıq dövlət səviyyəsində törədilib. Görünür, burada Ermənistan dövlətinin xəstə təxəyyüllü ideoloqları öz “təfəkkürlər”ini işə salıblar. Məqsədləri də Aran Qarabağla dağ Qarabağı birləşdirən bu gözəl məkanı yer üzündən silmək olub... Ancaq vaxtında endirilən “Dəmir yumruq”, o sərsəm ideyanı iflasa uğradıb, məhv etdi! Əndazədən çıxan ədalətsizliyin axırı belə də olmalı idi. Bütün bunlara baxmayaraq,



Ağdamdan ümidlə ayrılırıq. Çünki orada görülən işlər elə sürətli vüsət alıb ki, inanırıq ki, bir neçə ildən sonra Ağdam ən gözəl şəhərlərdən birinə çevriləcək. Yolumuz Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyən 26 fevral 1992-ci ildə – əsrin ən qanlı faciəsi törədilmiş Xocalı şəhərinə daxil oluruq... Maşından düşürük. Beləcə, xeyli dayanıb, susuruq... İndi o qanlı faciədən sağ qalanlar, şəhid olanların əzizləri öz doğma yurdlarına qayıdır.



Xocalıda həyat qaydasına düşür. Səliqə ilə tikilən evlərin ətrafında, yol-irizlərində təmizlik hökm sürür. Xocalıdan da ümidlə ayrılırıq... Yolumuz Xankəndinədir.



Orada bizi Şuşadan olan dostumuz gözləyir. Şəhəri gəzirik. Burada bir qələbəlik var. Şəhərdə tikilən və tikilməkdə olan xeyli binalar nəzərə çarpırdı, “Qarabağ” universitetinin binasında tikinti və bərpa işləri tamamlanmaq üzrə idi. Ermənilər yaşadığı evləri isə necə qoyub gediblərsə, elə də qalır – içərisindəki əşyaları ilə birlikdə. Toxunulmazdır. Dövlətimiz tərəfindən qorunur. Bax, budur bizim dövlətin humanistliyi, tolerantlığı. “Yeddi dolamadayıq”. Xatırlamağa çalışıram ki, görəsən neçənci dəfədir bu dolamalarla Şuşaya qalxıram? Ancaq sayların yekununu dəqiqləşdirə bilmirəm. Mən Aran Qarabağdan – Ağcabədidən olduğumdan, biz bu yerlərə təkcə yay aylarında yox, ilin bütün fəsillərində gəlirdik. Elə böyük məsafə də deyildi, cəmi səksən kilometrdir. Gənclik illərində ən çox xoşumuza gələn və tez-tez işlədib, yerinə yetirdiyimiz bu ifadə olardı: “Gəlin gedib, Şuşada xəngəl yeyib, gələyin”. Axırıncı dəfə bu dolamalarla Şuşaya qalxıb-düşdüyüm yadımdadır. Bu, otuz beş il bundan qabaq olmuşdu. 1989-cu ildə artıq Şuşanın narahat günləri başlamışdı. Ancaq həmin gün biz Şuşaya xəngəl yemək üçün getməmişdik... Maşınımız axırıncı dolamanı başa vurub, sanki nəfəsini dərir. Neçə illərdir həsrətində olduğumuz Şuşa şəhərinə daxil oluruq. Maşını qala divarının yanında saxlayıb, maşından düşürük. “Natəvan” bulağında əl-üzümüzü yuyub, suyundan içib, rahatlaşırıq. Nəfəsimiz genişlənib, ürəyimiz dağa dönür. Bu qala-şəhər görkəmini xeyli dəyişib və hal-hazırda dəyişməkdədir. Köhnə binalar sökülür, yerində yeniləri inşa edilir. Tarixi binalar isə bərpa olunur.




Cıdır düzünə qalxırıq. Şuşalı dostumuz bizə qırx dörd günlük müharibədə əsgərlərimizin Daşaltı tərəfdən Şuşaya daxil olmaq üçün hansı qayalıqlardan qalxdıqları səmti göstərir. Bu qayalıqlara baxanda adamın gözü qaralır. Yenə göz önünə həmin cəsur əsgərlərimiz gəlir. Onlar bu qayalıqlara çatmaq üçün, hazırda Zəfər yolu adlandırılan, vaxtı ilə isə keçilməz olan bu çətin yolu, özlərinin saldığı palçıqlı cığırlarla, dağlı-dərəli meşələrdən payi-piyada keçib gediblər. Olub ki, islanmış əyin-başlarını vaxtında dəyişə bilməyiblər. Bir az nəfəslərini dərmək, gözlərinin acısını almaq üçün qayaları elə ayaqüstəcə özlərinə yastıq ediblər. Ancaq usanmayıblar, ruhdan düşməyiblər. Çünki onların qəlbində Vətənə məhəbbət, düşmənə nifrət hədsiz olduğundan bu çətin yolu inamla irəliləyiblər. Elə bu inamla da sonda Şuşanı azad ediblər. Bir daha həmin qayalıqları dişiylə-dırnağıyla dırmaşan əsgərlərimizin gücünə, polad iradəsinə, hünərinə heyran olub, mat qalırsan! Afərin! Halal olsun onları doğan analara... Cıdır düzündən Gövhərağa məscidinə gəlirik. Şəhidlərimizin ruhuna dualar oxuyub, qazilərimizə can sağlığı arzulayırıq. Məsciddən çıxıb, şəhəri gəzə-gəzə “İsa bulağı”na enirik. Burada bir qədər dincəlib, Laçın şəhərinə yola düşürük. Laçın şəhərinə hələ bir saatlıq yolumuz var. Deməli, Şuşa haqqında öz-özümlə dialoq qurmağa, düşünməyə vaxtım var... Yol boyu, Şuşada bir neçə saat ərzində gəzib-dolandığımız yerlərin mənzərəsi göz önünə gəlir. Qısa zaman kəsiyində bu qədər möhtəşəm işlərin keyfiyyətlə, zövqlə görülməsi əsl möcüzədir. Ancaq çox təəssüf ki, bəzi yerlərə zibil atıldığı görünür. Baxmayaraq ki, ətrafda zibil yeşikləri var. Lap yoxdursa belə, siz ora niyə zibil atırsınız, ay mənim əzizlərim? Axı, işğaldan azad olunan bu əraziləri əsgərlərimiz yağı düşməndən qarış-qarış, qan bahasına, can bahasına geri qaytarıb, neçə-neçə qazilərimiz orada qolun, qıçın, gözün qurban verib. Bilirsinizmi şəhid qanı tökülən yerlər müqəddəs sayılır! Ora zibil atmaq olmaz! Biz bu torpaqları qorumağa borcluyuq axı. Artıq Laçın şəhərinə çatmışıq. Şəhəri tanımaq olmur. Şəhərin relyefinə uyğun yaraşıqlı binalar, evlər tikilib, asfalt yollar, parklar salınıb, səkilərin qıraqlarındakı gül-çiçəklər göz oxşayır. Adamın ürəyi açılır. Laçın şəhərinə bitişik Sus qəsəbəsinə tələsirik. Orada bizi yaxın dostlar gözləyir. 




        Dostlar bizi yaraşıqlı, heyran qaldığımız Sus qəsəbəsində, Həkəri çayının sahilindəki kafelərin birində qarşılayır. Və Həkəri çayından özlərinin tutduğu farel balığına qonaq edirlər. Kəlbəcərdən Laçına qayıdan başqa dostlar bizim Susda olduğumuzu eşidib, bir azdan onlar da bura gəlir. Süfrəmiz genişlənir. Gecə yarı olana qədər oturub, Qarabağın inkişafı, gələcəyi barədə təəssüratlarımızı bölüşürük: az müddətdən sonra istismara veriləcək on kilometrlərlə uzanan dağaltı tunellərdən, çoxdandır həsrətlə gözlədiyimiz və min bir dərdin dərmanı olan Kəlbəcər, İstisu zavodun bir neçə həftəyə açılmasından, elə orada, gələn il istifadəyə verilməsi nəzərdə tutulan məşhur “İstisu” sanatoriyasından və s. söhbət açırıq.



Yaşıl yarpaqlar arasından süzülüb gələn Ayın süd işığının Həkərinin üzərinə düşməsi burada romantik bir mənzərə də yaratmışdır – çayın biri, digərini əvəzləyən, lacivərd baxışları ilə bir-birinə göz vurub, öpüşən qırçınlı ləpələrin pıçıltısı sanki ətrafdakılara layla çalırdı. Elə bil yuxuda nağıllı bir dünyadasan. Və bu yuxudan ayılmaq istəmirsən. Ancaq bu yuxu deyil, reallıqdır. Qarabağın bu günkü reallığı. İnanırıq ki, bu ərazilərdə hələ belə real yuxuları çox görəcəyik. Sübh tezdən durmuşuq. Qəsəbəni gəzirik. Susun paralel küçələrində salınan birmərtəbəli kürsülü evlərin sayı əlli doqquzdur. Evlərin damı narıncı rəngli dəmir şiferli, günəş panelli və eyvanlıdır. Zirzəmilərinin hündürlüyü iki metrdən çox olan bu evlərin hamısının on iki sot həyətyanı sahəsi var. Bütün həyətyanı sahələrdə yardımçı otaq və besedka tikilib ki, bunların da damı həmin narıncı şiferlə örtülüb. Qəsəbədə Həkəri çayı sahil boyu salınan istirahət parkında, həmçinin uşaqlar üçün əyləncə qurğuları da quraşdırılıb. Müasir tipli uşaq bağçası və orta məktəb tikilib. Bir sözlə, burada yaşamaq üçün hər bir şərait yaradılıb. Səhər yeməyindən sonra Laçının Zabux qəsəbəsinə gedirik. Həkəri çayının sağ və sol sahilində salınan iki yüz iyirmi üç evdən ibarət olan Zabux qəsəbəsi başqa bir aləmdir. Bu evlər də Susdakı kimi çox yaraşıqlıdır. Hər iki sahili birləşdirən yeni körpü qəsəbəyə xüsusi gözəllik qatır. Burada kökləri Həkəri çayına sürünən, budaqları isə sahilə çətir olan ağacların altında düzülmüş masaların birinin arxasında əyləşib qəlyanaltı edirik. Ürəkaçan bu mənzərədən ayrılmaq istəmirsən. Ancaq səfərimizin ikinci – axırıncı günü olduğundan tez qalxırıq. İstəyirik ki, daha çox yerləri gəzib-görək. Maşınlara əyləşib Minkənd yolunun üstündəki Bozlu şəlaləsinə yollanırıq. Şəlalənin aşağı ətrafında dayanıb, bu mənzərəyə tamaşa edirik. Zümrüd yaşıllıqlarla əhatə olunmuş, sıldırım qayalıqların arasından mərtəbə-mərtəbə şırhaşırla axıb gələn şəlalə özüylə xoş bir sərinlik gətirir. Təbiətin yaratdığı bu möcüzəli mənzərə adamı düşündürməklə yanaşı, ruhən bir dinclik də gətirir...



Yenidən Zabuxa qayıtmışıq. Burada nahar etməyə hazırlaşırıq. Hamının üz-gözündən xoşbəxtlik yağır. Bu xoş günləri bizə yaşadanlar bir daha anılır, xatırlanır. Müharibə ərəfəsindəki günlər də yada düşür. Bizimlə əyləşən bir nəfər enerji işçisi danışır ki, müharibə vaxtı düşmən qoyub-qaçdığı yerlərdəki kommunikasiya xətlərini fürsət tapıb dağıtmışdı. Ona görə əsgərlərimiz irəlilədikcə, biz və bizdən sonra qaz, su təchizatı işçiləri də onların arxasınca gedirdik ki, həmin yerləri işıqla, qazla, suyla təmin edək. Hər an mina təhlükəsi olmasına baxmayaraq, hamı bu işlərə fədakarcasına can atırdı. Bəli, işıqçı qardaş düz buyurur. Kim bu qələbə üçün fədakar olmayıb? Hamı olub! Məlhəm baxışları ilə, kövrələ-kövrələ, bəzən hıçqırığını güclə saxlayıb, əsgər qardaşının yarasını sarıyan tibb bacılarından tutmuş ta axırıncı on beş-iyirmi manatını iki cüt corab, bir neçə qutu siqaret alıb cəbhəyə göndərib, özündə bir rahatlıq tapanlar da fədakarlar sırasındadır. Burada nənələrinin hazırladığı dürməkləri, anaların bişirdiyi meyvə şirələrini götürüb, cəbhəyə gedən əsgərlərə verəndə necə də sevinən uşaqlar, hələ “r” hərfini “y” təki tələffüz edən, ordumuzun hər qələbəsinə sevinib, öz üçrəngi bayrağını yuxarı qaldırıb, “Qayabağ Azərbaycandıy” deyən, gələcəyin fədakarları şəkər dilli fidanlar da yada düşdü. Burada biz, dostlardan ayrılıb, Sus qəsəbəsinə qayıdırıq. Gecəni orada qalıb, səhər erkən dururuq. Laçının bu gününə mübarək deyib, Şuşaya qayıdırıq. Şuşanın havasından doyunca ciyərlərimizə çəkib, “Zəfər yolu” ilə geriyə qayıdırıq. Füzuli rayonun ərazisinə daxil oluruq. Ağdamda gördüyümüz həmin ağrılı mənzərələr... Düşmən, Ağdama tətbiq etmək istədiyi iyrənc siyasəti burada icra etmək istəyib... Artıq füzulililər öz doğma ocaqlarına qayıdır. Burada həyat yenidən qaynamağa başlayıb. Səkkiz aya tikilib, istifadəyə verilən hava limanı və yeni layihələrin icrası rayonun xoş gələcəyindən xəbər verir. Bununla da Qarabağa ziyarət edib, məmnun qaldığımız iki günlük səfərimiz başa çatır. Sonda ordumuza polad əyilməzliyi, ölkəmizə əmin-amanlıq, müdrik xalqımıza əzəmətli “Dəmir yumruq” ətrafında möhtəşəm birlik arzulayırıq. Revanşistlərin baş qaldırdığı indiki dönəmdə bu daha vacibdir. 
Sözardı. Çox keçməz Qarabağımızda dağıdılmış binaların, evlərin yerində daha yaxşılarını görərik. Amma orada məhv edilmiş yaşıllıqları əmələ gətirmək üçün bir neçə il bəs etmir. Ona görə bu yazının imkanından istifadə edib, aşağıdakı təklifi verməyi özümə borc bilirəm: minalardan təmizlənmiş ərazilərdə ağac əkmək üçün müəyyən sahələr ayrılsa, yaxşı olar. Və Qarabağa ziyarət edənlər könüllülük əsnasında həmin yerlərdə imkanı daxilində bir neçə ağac əkməsi daha yaxşı olar. Məsələn, biz səfərdə olduğumuz dörd nəfərin hamısının ürəyindən keçir ki, növbəti dəfə Qarabağa ziyarət edəndə orada on-on beş illik bir neçə çinar ağacı əkək. Onu da deyim ki, bu ağacəkmə kampaniyasına həvəslə qoşulub, qələbəyə öz töhfəsini vermək istəyən soydaşlarımızın sayı kifayət qədərdir. Bunlara indidən başlasaq, həmin ağaclar da yeni tikilən binalarla bahəm boy atıb, parklara çevrilər. 

Nəriman Fərman,
yazıçı-publisisit
Geri qayıt