Əsas Səhifə > Redaktor seçimi > 1911-ci ildə kimya sahəsində Nobel mükafatçısı…

1911-ci ildə kimya sahəsində Nobel mükafatçısı…


13-01-2025, 15:21
MARİYA SKLODOVSKAYA-KÜRİ (1867-1934)
 
Mariya Sklodovskaya –Küri Varşavada anadan olmuşdu (1867-ci ilin noyabrın 7-də). Mariyanın böyük bacısı ailə qurduqdan sonra onu da Parisə dəvət edir (1890). Mariya 24 yaşındaolarkən olan Sorbon Universitetinə  daxil olur və fizika cəmiyyətinin iclaslarına getməyə başlayır. Mariya, o qədər az vəsait ilə yaşayırdı ki, bir çox hallarda aclıqdan huşunu itirirdi.Polşalı gənc qız böyük bacarıq və olduqca əməksevərlik göstərərək təhsilində olan boşluqları doldurmaq üçün çox çalışırdı. Mariya universiteti 26 yaşında qurtararaq (1893) iki diplom alır – fizika (1893) və riyaziyyat üzrə (1894). Elə həmin ildə də təsadüfən gənc, istedadlı fransız fiziki Pyer Küri ilə tanış olur və bu  onun bütün həyatını dəyişdirir. Bir il sonra Pyer və Mariyanın toyu olur (1895-ci ilin iyulun 25-də). Elə bu ildən də Mariya Sklodovskaya-Küri Paris Sənaye fizika və kimya məktəbinin laboratoriyasında işləməyə başlayır. Bu məktəbdə Pyer Küri professor idi (1895).Fransız fiziki Anri Bekkerel həmin vaxtlarda uran birləşmələrinin “görünməyən şüalar” buraxmaq kimi qəribə xassəsini və bu şüaların havanı ionlaşdırdığını və fotolövhələri işıqlandırmağını müşahidə etmişdir (1896). Onun kəşfi ilə maraqlanan Mariya Sklodovskaya-Küri uranın duzlarının radioaktiv şüalanmasını öyrənərək belə nəticəyə gəlir ki, bu, uran atomunun özünün xassəsidir. Özünün ilk elmi işində Mariya Sklodovskaya-Küri “radioaktivlik” terminini işlədir. O, müəyyən edir ki, toriumda radioaktivlik var (1898) və Paris Elmlər Akademiyasında bu haqda məlumat verir (1898-ci ilin aprelin 12-də). Bu vaxtdan radioaktiv elementlərin axtarışı və  onların xassələrinin öyrənilməsinə Pyer Küri də qoşulur. Birgə, gərgin  və böyük  əmək sayəsində uran birləşmələrini emal etmək nəticəsində belə bir nəticəyə gəlirlər ki, iki məlum olmayan radioaktiv element mövcuddur ki, uran oksidinin qeyri adi fəallığı onların olaması ilə izah edilir.
Mariya həyat yoldaşı Pyer Küri ilə birlikdə bu elementlərdən biri olan poloniumu, (1898-ci ilin iyulunda), həmin ilin dekabrında isə onlar radiumu kəşf edirlər. Polonium elementi Mariyanın vətəni Polşanın şərəfinə “polonium” adlandırılmışdı. Bu elementlərin kəşfi fizikada yeni eranın başlanğıcını qoydu. Amma bir neçə dessiqram təmiz radium duzu almaq üçün Mariya həyat yoldaşı Pyer Küri ilə birlikdədörd il fasiləsiz, yorucu və sonralar müəyyən edildiyi kimi sağlamlıq üçün olduqca təhlükəli olan işi icra etdilər. İşə başlayan gündən hər şey çətin idi - xammal, otaqlar və vasitələr yox idi. Fizika Məktəbinin direktoru onlar üçün bu işləri aparmaq məqsədi ilə həyətdə, döşəməsiz, şüşə tavanı axıdan və qızdırıcı sistemi olmayan ambarı ayırmışdı. Əvvəllər bu ambarda tibb fakultəsinin əməkdaşları meyidləri yarırdılar. Heç bir dövlət köməyi olmadan, özlərinin çox az olan vəsaitlərini avadanlıq, xammal, reaktivlər almağa sərf edərək Kürilər yükdaşıyan, sobaçı, laborant, kimyaçı-analitik  və  tədqiqatçı-fizik işlərini icra edirdilər. Bütün bu illər ərzində Mariya Sklodovskaya-Küri əmək haqqı almadan işləyirdi. Hətta, Sənaye  fizika və kimya məktəbinin ştatında da onun adı yox idi.Aparılan tədqiqatların yekunu olaraq Mariya doktorluq dissertasiyası müdafiə edir (1903-cü ilin iyunun 25-də). Həmin ilin noyabrında Kral cəmiyyəti onu və Pyer Kürini İngiltərənin ən ali elmi mükafatlarından biri - Devi medalı ilə təltif etmişdir. Həmin ilin dekabrında isə Mariya və Pyer Küriyə, həmçinin Anri Bekkerelə radioaktivliyin təqiqinə görə fizika üzrə Nobel  mükafatı verilmişdir. Sağlamlığı yaxşı olmadığı səbəbindən Mariya Küri mükafatı almaq üçün Stokholma gedə  bilmir və İsveçin kralı onların Nobel diplomlarını fransız nazirə verir.Mariya və Pyer Kürilər bu böyük kəşfin nəticəsində dünya şöhrəti qazandılar. Ancaq Mariya, həm də Pyer şöhrəti sonrakı tədqiqatlar üçün maniə kimi görürdülər. Hətta bir dəfə Mariya Fransanın ali mükafatı olan Fəxri Legion ordenindən imtina etmişdi.
Mariya Sklodovskaya-Küri heyrətləndirici fədakarlıq, elm və bəşəriyyətin maraqları üçün qurban verməyə hazır olmaq keyfiyyətlərinə malik idi. Dəfələrlə, radioaktiv maddələrlə işləyərkən o, əllərini yandırmışdı və bu maddələrin müxtəlif təsirlərini özündə hiss etmişdi. Radioaktiv maddələrlə belə işlər xərçəng şişlərinin müalicəsinə yol açdı.
Mariya Sklodovskaya-Küri başlanan işi özünə xas olan inadkarlıq və səbrlə davam etdirdi. Paris Universitetinin dəqiq elmlər fakultəsi Mariyaya Pyeri professor vəzifəsində əvəz etməyi təklif edir. Özlərinin ümumi işini davam etdirməyi borcu sayaraq Mariya Sorbonda Pyerin kaferdasının varisi olur. O, ilk qadın Nobel mükafatçısı, Fransada isə ilk qadın professsor olur.
Mariya Sklodovskaya-Küri radioaktivlik problemi ilə məşğul olmaqda davam edir və kimyaçı Andre Deber ilə birlikdə  radium metalını alır (1910). 1903-cü ildə fizika üzrə Nobel mükafatı almasına baxmayaraq, bu böyük uğura görə ona ikinci dəfə kimya üzrə Nobel mükafatı verilir (1911). Mariya Sklodovskaya-Küri yeganə qadın alimdir ki, elmi uğurlara görə iki dəfə Nobel mükafatına layiq görülüb. Elə həmin ildə Brüsseldə radioloji konqresin açılması ərəfəsində Mariya radiumun ilk etalonunu hazırlayır ki, bu da Beynəlxalq ölçülər və çəkilər bürosunda saxlanılır. 1911-ci il onun üçün çox ağır il olur: Pyerin atası Rjen Küri ölür. Mariya ölümlə üzləşir, onun böyrəklərində ciddi əməliyyat aparılır və bundan sonra o, çoxgec sağalır.
Mariya radioaktivlik haqqında elmin inkişaf üçün layiqli laboratoriya yaratmaqdan ötəri olduqca çox böyük əmək sərf etmişdir. Məhz onun təşkilatçılığı və böyük əməyi sayəsində Parisdə radium institutu tikilmişdir (1914) . Amma Birinci Dünya Müharibəsinin başlaması institutun fəaliyyət göstərməsinə imkan verməmişdir. Yalnız müharibə qurtardıqdan  sonra Mariya radium institutunda işini davam etdirə bilir və  1914-cü ildən ömrünün sonuna qədər bu institutun direktoru olur.
Ömrünün son illərində Mariya üçün ən böyük sevinc laboratoriyasının əməkdaşlarının uğurları idi. Belə ki, Rozenblyum radium şüalarının incə strukturunu (1929), qızı İren və onun əri Frederik Jolio – Kürilər isə neytronu (1932)  və süni radioaktivliyi (1934) kəşf edirlər.
Bir qədər sonra Mariya Sklodovskaya-Küri ağır qan xəstəliyindən – kəskin bəd xassəli anemiyadan vəfat edir (1934-cü ilin iyulun 4-də). Qeyd edək ki, bu xəstəlik böyük dozada radioaktiv şüaların uzun müddət təsirindən yaranmışdı. Onun böyük qızı İren Jolio Küri də kimya üzrə Nobel mükafatına layiq görülmüşdü (1935).
Mariya Sklodovskaya-Küri həyatı elm yolunu seçən hər bir alim üçün örnək ola bilər. Amma onun ölümü də faciəli bir dərsdir. Belə ki, o, radioaktiv maddələrlə işləyərək heç bir təhlükəsizlik tədbiri görmür, hətta sinəsində içərisində radium olan ampulanı talisman kimi gəzdirirdi.
İkinci dəfə Nobel mükafatına layiq görülmək müstəsna hallardandır və bu alimin çox böyük  elmi uğurlarının bir dahatəsdiqidir. Onu da qeyd etmək lazımdır ki, Mariya Küridünyanın ən məşhur qadın alimidir. O, dünyada yeganə qadın alimdir ki, iki dəfə bu möhtəbər mükafata layiq görülüb.
 
Əli ZALOV,
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri
Geri qayıt