Əsas Səhifə > Redaktor seçimi > 1912-ci ildə kimya sahəsində Nobel mükafatçısı - POL SABATE (1854-1941)

1912-ci ildə kimya sahəsində Nobel mükafatçısı - POL SABATE (1854-1941)


16-01-2025, 11:42

 



Pol Sabate  Fransanın Karkasson şəhərində anadan olmuşdur (1854-cü ilin noyabrın 5-də.   Parisdə Politexnik məktəbdə oxumuşdur (1874-1877). Nimdə liseydə fizika dərsi demiş (1877-1878), sonra Kollec de Fransda məşhur fiziki kimyaçı Marselen Bertlonun yanında asistent işləmişdir. O, kükürdün və sulfatların termokimyasına həsr olunmuş dissertasiyanı müdafiə edərək doktor dərəcəsi almışdır (1880).Pol Sabate Bordo Universitetində fizikanı öyrənmiş (1881-1882) və Tuluza universitetində dərs demişdir (1882-ci ildən). Həmin universitetdə kimya kafedrasının professoru olmuş və elmi karyerasının sonuna qədər kafedraya rəhbərlik etmişdir (1884).Onun elmi tədqiqatlarının əsas istiqaməti termokimya və katalizdir. O, metallar sulfidlərinin, selenidlərinin və hallogenidlərinin termokimyasına həsr olunmuş  seriya tədqiqatlar aparmış (1878-1897) və fosfat turşusunun iştirakı ilə gedən reaksiyaların kinetikasını öyrənmişdir. Öz tələbəsi J. B. Sanderan ilə birlikdə nəcib metalların əvəzinə dəmir, kobalt, nikel və mis kimi metallardan katalizator kimi istifadə etmişdir. Pol Sabate tələbəsi Sanderan ilə birlikdə katalizator - tozvari nikel iştirakı ilə etilenin etana qədər bir mərhələdə hidrogenləşməsi reaksiyasını aparmışdır (1897). Hazırda bu reaksiya  kimya elmində Sabate-Sanderan reaksiyası kimi məhşurdur. O, bəzi  olefinlərin, həmçinin, asetilen sırası və aromatik karbohidrogenlərin katalitik hidrogenləşməsi reaksiyasını aparmış (1899-1901), benzolu hidrogenləşdirməklə tsikloheksan  almışdır (1901). Pol Sabate elə həmin ildə də özünün hidrogenləşdirici katalizə aid nəzəriyyəsini irəli sürür. Bu nəzəriyyəyə görə metal katalizatorların rolu aralıq birləşmələrin - metal hidridlərinin əmələ gəlməsindən ibarətdir. Nikel katalizatoru üzərində karbon monooksiddən və hidrogendən metanı sintez etmiş (1902), azot oksidlərinin və nitrobirləşmələrinin katalitik reduksiya imkanları göstərmiş, xırda doğranmış metallar və onların oksidlərinin iştirakı ilə spirtlərin katalitik çevrələrini öyrənmişdir (1907-1911). Bu zaman katalizator kimi istifadə olunan metal və onların oksidlərinin biri spirtlərin dehidratasiyasına digəri də spirtlərin dehidrogenləşməsinə səbəb olur. O, dispers halında olan metalların davamlılığını artırmaq üçün katalizatorların  bərk daşıyıcılarından istifadə etmişdir. Doymamış karbon turşularının  buxar fazada katalitik hidrogenləşməsini aparmışdır (1909). Sonralar bu proses maye yağların bərk yağlara çevrilməsində - marqarin istehsalında tətbiq olunmuşdur. Sabate “Dispers halında metallar iştirakı ilə  üzvi birləşmələrin hidrogenləşmə üsulunu təklif etdiyinə və bu üsulun üzvi kimyanın inkişafını  yüksək səviyyədə stimullaşdığına görə” ona kimya üzrə Nobel mükafatı verilmişdir (1912). 1912-ci ildə Bu mükafatı  Sabate Qrinyar ilə bölünmüşdür.
Pol Sabate Tuluza şəhərində vəfat etmişdir (1941-ci ilin avqustun 14-də).
 
Əli ZALOV
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri
Geri qayıt