Əsas Səhifə > Redaktor seçimi > İnsan və zaman; dünyanı kimlər şəkilləndirir...

İnsan və zaman; dünyanı kimlər şəkilləndirir...


16-05-2025, 20:29

III kursda oxuyurduq. Tələbə üçün yaxşı sayıla biləcək ssenarilər yazırdım. Ədalət müəllim dərsdə əsas korpusdan bir müəllimə zəng vurdu. Dedi bir tələbəm var, göndərirəm sizin dərsə, rejissor tələbələrinə tapşır, bu qızın yazdıqlarından yaxşı kino çəksinlər. 

Onda tanıdım mən dünyanın ən şirin, ən istedadlı, ən tanınmış rejissorunu. 

... yəni bu gün də adını hər çəkəndə qürurlandığım Tariyel Vəliyevi. 

O necə insan idi, o necə insanlıq idi, İlahi. Bir insan necə elə təmiz, saf, uşaq ola bilərdisə 67 yaşındakı bu kişi də o qədər uşaq, o qədər saf, təmiz idi... Elə ona görə də Tanrı Tariyel Vəliyevi tələbələrinə də, incəsənətə də, teatra, kinoya da çox gördü...

Həmin dərsdəki tələbələrdən biri, bəlkə də birincisi Elçin idi ki, mən onu həmin rejissorluq dərslərində tanıdım.  O qrupda qızlı oğlanlı nə qədər tələbə var idi, amma Elçin sanki başqa dünyanın adamı idi, ilk baxışdan deyərdin Elçin özü də qonaqdı öz yerində... Elçin qrupdakılardan fərqləndirən o idi ki, onlar rejissor olmaq üçün əlindən gələni edir, ola bilmirdi, Elçin isə rejissor olmaq üçün xüsusi bir səy göstərmirdi, amma rejissor idi... Hər qrupdan bir istedad çıxırdısa, bu istedad Elçinin payına düşmüş, başqalarına şans qalmamışdı sanki...

Rejissorluq dərsləri, rejissor yanaşması, rejissor zarafatları... bir başqa aləm idi o dərslər, o bapbalaca boyu, dam dolusu toyu olan auditoriya...

Elçinin dünən Rusiyadan gələn səsi, təbriki xatırlatdı bunları mənə. Deyir, ay Təranə, hər dəfə fikirləşəndə ki mayın 16-sı ad günümdü, imkan vermirsən, o dəqiqə yadıma düşür ki, 14-dü də sənin ad günündü. 

Kurs rəhbərim Ədalət Ziyadxanov o vaxt ən yaxın dostu, səninsə kurs rəhbərin Tariyel Vəliyevə necə ərklə zəng vururdusa bu gün mən də sənin yadına elə ərklə düşəməliyəm də, başqa necə olmalıdı ki? 

Arada istəyirəm sənə yazıb soruşam ki, ay Elçin, sən rejissorsan da, bilərsən, niyə hayat teatr kimidi və ən pis insanlar həmişə ən yaxşı yerlərdə oturur?  Adamların yerini dəyişə bilməzsən?

Ay Elçin, sən rejissorsan da, adamlar indi şəkillərinə “effekt” verib üzlərini gözəlləşdirirlər ha, bəzilərinin üzündəki effekti içinə verib onlardan adam düzəldə bilməzsən?

Ay Elçin, niyə yaxşıların dəyərini bir gün pislər öyrədir ki bizə, yaxşılar özü öyrədə bilməz?

Niyə yatsaq yuxular aldadır bizi, ayılsaq xəyallar, inansaq adamlar? Başqa cür montaj edə bilməzsən bu filmin sonunu?

Ay Elçin, sən rejissorsan da, bilərsən, niyə hava limanları şadlıq saraylarından daha səmimi öpüşlər görür, xəstəxana divarları məscid divarlarından daha çox dua eşidir. Başqa cür ola bilməz bu filmin sonu?

Niyə heç bir istilik sistemi kənddəki odun peçini, isti çayı, şirin söhbəti əvəz eliyə bilmir? Sən başqa cür çəkə bilməzsən bu filmi?

Niyə min illərdi hər sevginin sonu bu bircə beytlə bitir ki, qiblə olsan, sən tərəfə boylanmaram bu gündən? Bu filmin sonunu sən başqa cür çəkə bilməzsən?

Niyə insanlar bir şeyi deyir, başqa şey edir, həyatın bizə göstərdiyi bu ən qəribə tamaşanın sonunu dəyişə bilməzsən? 

Niyə yüz kitabın öyrədə bilmədiyini bir hadisə öyrədir bizə? Sən o hadisəni başqa cür çəkə bilməzsən ki, heç nə öyrətməsin bizə? 

Həə, ay Elçin, o bapbalaca toyu, dam dolusu boyu olan auditoriya var idi ha, bir film çəkib hər kəsi öz yerində əyləşdirə bilməzsən? Bircə o auditoruyada hər kəs öz yerində otururdu, həyatda heç kəs öz yerində deyil... Ona görə tələbəlik elə şirin, həyat belə acıymış? Sən həyatı da tələbəlik kimi şirin montaj edə bilməzsən? Axı dünyanı həm də rejissorlar şəkilləndirir…

İnanıram ki, bir gün onu da edəcəksən... Sənə ən yaxşı kanalında rejissorluq təklif etməsiylə bildim ki, Rusiya düşündüyümüzdən də təhlükəlidi. Olsun, onsuz da səsini həmişə yüksəklərdən eşitməyə alışmışıq...  Dünyanın ən uzaq ölkəsində də yaşasan uzaq ola bilməyəcək qədər doğma, təmiz, müəllimin kimi saf adamsan sən. Tariyel Vəliyev deyəndə Elçini, Elçin deyəndə Tariyel Vəliyevi xatırlamağım da yəqin elə buna görədi... 

Mübarəksən, rejissor oğlan. Harda olursan ol, Azərbaycan adını ən layiqli şəkildə təmsil edəcəyinə zərrə şübhəmiz yoxdu. Dünyanın ən tanınmış, ən məşhur rejissoru da olsan bir gün, mən səni yenə də Tariyel Vəliyevin yetişdirdiyi son tələbəsi kimi xatırlayacam. Başqaları bilməsə də mən yaxşı bilirəm ki, Tariyel Vəliyevin tələbəsi olmağından böyük titul yoxdu sənin üçün...


Təranə Əıizadə
Geri qayıt